29. Ənkəbut ('Hörümçək') surəsi
1; Əlif. Ləm. Mim.
2; İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?
3; Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.
4; Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.
5; Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir.
6; Cihad edən məhz öz xeyri naminə cihad edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.
7; İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
8; Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.
9; İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qovuşduracağıq.
10; İnsanlar arasında: “Allaha iman gətirdik!” – deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!” – deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?
11; Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir.
12; Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək” – deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.
13; Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.
14; Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.
15; Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.
16; İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir?
17; Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”.
18; Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir.
19; Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlərmi? Həqiqətən də, bu, Allah üçün asandır.
20; De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.
21; O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız Ona qaytarılacaqsınız.
22; Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.
23; Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.
24; Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!” – demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır.
25; İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”.
26; Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”.
27; Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!
28; Lutu da xatırla! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdən heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.
29; Həqiqətən, siz kişilərin yanına şəhvətlə gedir, yol kəsir və məclislərinizdə bir-birinizlə murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – demələri oldu.
30; Lut dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!”
31; Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman dedilər: “Biz bu şəhərin sakinlərini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”.
32; İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.
33; Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.
34; Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”.
35; Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq.
36; Mədyən əhalisinə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
37; Onlar isə onu yalançı saydılar. Buna görə də onları qorxunc səsli bir zəlzələ yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
38; Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər.
39; Qarunu, Fironu və Hamanı da məhv etdik. Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və axırda əzabımızdan qaça bilmədilər.
40; Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə qasırğa ilə birgə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər.
41; Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!
42; Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir.
43; Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar.
44; Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır.
45; Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.
46; İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”.
47; Beləcə, bu Kitabı sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Onların arasında ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.
48; Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
49; Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalımlar inkar edirlər.
50; Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.
51; Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır.
52; De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”.
53; Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.
54; Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.
55; O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. Allah deyəcəkdir: “Etdiyiniz əməllərin cəzasını dadın!”
56; Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin.
57; Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız.
58; İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!
59; O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər.
60; Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.
61; Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!
62; Allah Öz qullarından istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir.
63; Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu başa düşmür.
64; Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!
65; Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar.
66; Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və hələlik əylənsinlər. Amma tezliklə biləcəklər.
67; Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?
68; Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?
69; Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir.
30. Rum ('Rumlular') surəsi
1; Əlif. Ləm. Mim.
2; Rumlular məğlub edildilər;
3; ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;
4; bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;
5; Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir.
6; Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir.
7; Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.
8; Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.
9; Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər.
10; Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu.
11; Allah məxluqatı əvvəlcə heçdən yaradır, öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız.
12; O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.
13; Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər.
14; Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar.
15; İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar.
16; Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər.
17; Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin.
18; Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şərəfinə təriflər deyin!
19; O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız.
20; Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız.
21; Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.
22; Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!
23; Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır.
24; Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır.
25; Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
26; Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir.
27; Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
28; O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik.
29; Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.
30; Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.
31; Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!
32; O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir.
33; İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur.
34; Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz.
35; Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik?
36; İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
37; Məgər onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.
38; Qohum-əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır.
39; İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək verdiyiniz zəkata gəlincə, bilin ki, bunu edənlər mallarının bərəkətini qat-qat artıranlardır.
40; Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı? O, pakdır və müşriklərin Ona şərik qoşduqlarından ucadır.
41; İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar.
42; De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi”.
43; Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bölünəcəklər.
44; Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar.
45; Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir.
46; Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.
47; Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.
48; Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər.
49; Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər.
50; Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.
51; Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
52; Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.
53; Sən korları da düşdükləri zəlalətdən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.
54; Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
55; O Saatın gəldiyi gün günahkarlar dünyada bircə saat qaldıqlarına and içəcəklər. Onlar dünyada da haqdan belə üz döndərirdilər.
56; Bilik və iman nəsib edilmiş kimsələr isə deyəcəklər: “Siz orada Allahın yazısı ilə Dirilmə gününə qədər qaldınız. Bu gün, məhz Dirilmə günüdür, lakin siz bunu bilmirdiniz”.
57; Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır.
58; Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!” – deyəcəklər.
59; Allah haqqı bilməyənlərin qəlbini belə möhürləyir.
60; Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.
31. Loğman ('Loğman') surəsi
1; Əlif. Ləm. Mim.
2; Bu, hikmətli Kitabın ayələridir.
3; Xeyirxah əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.
4; O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.
5; Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
6; İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.
7; Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.
8; İman gətirib yaxşı işlər görənlər üçün Nəim bağları hazırlanmışdır.
9; Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrətlidir, Müdrikdir.
10; O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.
11; Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər.
12; Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir”.
13; Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”
14; Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.
15; Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.
16; Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.
17; Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir.
18; İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.
19; Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”.
20; Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir.
21; Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun?
22; Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.
23; Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir.
24; Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik.
25; Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar hökmən: “Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu bilmir.
26; Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.
27; Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
28; Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.
29; Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına ram etdiyini, üstəlik Allahın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?
30; Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür.
31; Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir.
32; Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.
33; Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.
34; Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.
Dostları ilə paylaş: |