49. Hucurat ('Otaqlar') surəsi
1; Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir.
2; Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.
3; Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.
4; Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar.
5; Sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı. Allah Bağışlayandır, Rəhmlidir.
6; Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.
7; Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.
8; Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah Biləndir, Müdrikdir.
9; Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.
10; Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.
11; Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
12; Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
13; Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
14; Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
15; Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır.
16; De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.
17; Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə mərhəmət göstərmişdir!”
18; Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir. Allah sizin nə etdiklərinizi görür.
50. Qaf ('Qaf') surəsi
1; Qaf. Şərəfli Qurana and olsun!
2; Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.
3; Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”
4; Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.
5; Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.
6; Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.
7; Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.
8; Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.
9; Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.
10; Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik.
11; Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir.
12; Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı.
13; Ad qövmü, Firon xalqı, Lut tayfası,
14; Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.
15; Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.
16; İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
17; Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.
18; Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.
19; Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.
20; Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.
21; Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.
22; Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
23; Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”
24; Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
25; xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,
26; başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”
27; Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
28; Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
29; Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
30; O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcəyik. O isə: “Yenə varmı?” – deyəcəkdir.
31; Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.
32; Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,
33; Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.
34; Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.
35; Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır.
36; Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”
37; Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.
38; Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.
39; Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!
40; Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!
41; Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır.
42; O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.
43; Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.
44; O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
45; Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!
51. Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi
1; And olsun toz-torpağı ətrafa səpələyənlərə!
2; And olsun yağmur yükü daşıyanlara!
3; And olsun asanlıqla üzüb gedənlərə!
4; And olsun işləri paylaşdıranlara!
5; Sizə vəd olunanlar həqiqətdir.
6; Haqq-hesab da mütləq çəkiləcəkdir.
7; And olsun gözəl görünüşü olan səmaya!
8; Sizin sözləriniz ziddiyyətlidir.
9; Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
10; Məhv olsun yalançılar!
11; O kəslər ki, cəhalət içində olan qafillərdir.
12; Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
13; O gün onlara odda əzab veriləcəkdir.
14; Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
15; Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
16; öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
17; Onlar gecələr ibadət edib az yatırdılar.
18; Sübh çağı isə bağışlanma diləyirdilər.
19; Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
20; Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
21; Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
22; Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
23; Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
24; İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
25; Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi.
26; O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
27; Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi.
28; O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
29; Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
30; Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
31; İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
32; Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
33; onların üstünə gildən daşlar yağdıraq –
34; həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
35; Biz orada olan möminləri o kənddən çıxartdıq.
36; Amma orada bir evdən başqa müsəlman tapmadıq.
37; Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
38; Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
39; O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi.
40; Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
41; Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
42; O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
43; Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!” – deyilmişdi.
44; Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
45; Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
46; Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
47; Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
48; Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
49; Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
50; De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
51; Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
52; Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.
53; Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
54; Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
55; Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
56; Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
57; Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
58; Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
59; Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
60; Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
52. Tur ('Dağ') surəsi
1; And olsun dağa!
2; And olsun yazılmış Kitaba –
3; nazik dəri üzərində olan Kitaba!
4; And olsun Beytulməmura!
5; And olsun yüksək tavana!
6; And olsun alovlanan dənizə!
7; Rəbbinin əzabı hökmən vaqe olacaqdır.
8; Heç nə onun qarşısını ala bilməz.
9; O gün göy şiddətlə sarsılacaq,
10; dağlar da hərəkətə gələcəkdir.
11; O gün vay halına haqqı yalan sayanların!
12; O kəslər ki, yalan bataqlığında əylənirlər.
13; O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.
14; Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!
15; Bəlkə bu da sehrdir, siz görmürsünüz?
16; Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
17; Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.
18; Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.
19; Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
20; Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.
21; Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
22; Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.
23; Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.
24; Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.
25; Onlar bir-birinə üz tutub soruşacaqlar.
26; Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.
27; Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
28; Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
29; Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!
30; Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər.
31; De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
32; Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?
33; Yoxsa onlar: “Bunu özündən uydurdun!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər.
34; Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
35; Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
36; Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.
37; Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?
38; Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
39; Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
40; Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
41; Yoxsa onlar qeybi bilir və onu yazırlar?
42; Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
43; Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
44; Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər.
45; Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!
46; O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
47; Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.
48; Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
49; Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!
53. Nəcm ('Ulduz') surəsi
1; And olsun batmaqda olan ulduza!
2; Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır.
3; O, öz istəyi ilə danışmır.
4; Bu, ona təlqin edilən bir vəhydir.
5; Bunu ona çox qüvvətli olan öyrətdi –
6; gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü.
7; O, ən uca üfüqdə idi.
8; Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.
9; O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
10; Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.
11; Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.
12; İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
13; Onu bir daha öz sürətində enərkən gördü –
14; son həddəki Sidr ağacının yanında.
15; Məva bağı da onun yanındadır.
16; O zaman Sidr ağacını bürüyən bürümüşdü.
17; Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.
18; O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.
19; Siz tapındığınız Lat və Uzzanı gördünüzmü?
20; Həmçinin üçüncü olan Mənatı da?
21; Məgər oğlanlar sizin, qızlar Onundurmu?
22; Onda bu ədalətsiz bölgü olardı!
23; Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
24; Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?
25; Axirət də, dünya da Allahındır.
26; Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.
27; Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər.
28; Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.
29; Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!
30; Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.
31; Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.
32; Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir.
33; Gördünmü üz çevirəni,
34; malından azacıq verib sonra heç verməyəni?
35; Məgər o, qeybi bilirmi ki, bunu görsün?
36; Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi?
37; Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?
38; Heç bir günahkar başqasının günah yükünü daşımaz.
39; İnsan can atdığı şeyə nail olar.
40; Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır.
41; Sonra da ona bunun əvəzi tam veriləcəkdir!”
42; Son dönüş sənin Rəbbinədir.
43; Güldürən də, ağladan da Odur!
44; Öldürən də, dirildən də Odur!
45; O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –
46; axıdılan bir nütfədən.
47; Təkrar diriltmək də Ona aiddir.
48; Dövlətli edən də, kasıb edən də Odur.
49; Şiranın da Rəbbi Odur.
50; O, əvvəlki Ad tayfasını məhv etdi.
51; Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı.
52; Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi.
53; Alt-üst olmuş kəndləri də O viran qoydu.
54; Onların başına gətirdiyini gətirdi.
55; Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
56; Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır.
57; Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.
58; Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.
59; Siz bu Sözə təəccüblənirsiniz,
60; gülürsünüz, heç ağlamırsınız,
61; və oynayıb əylənirsiniz?
62; Siz Allaha səcdə qılın və Ona ibadət edin!
54. Qamər ('Ay') surəsi
1; O Saat yaxınlaşdı və ay bölündü.
2; Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.
3; Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
4; Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
5; Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!
6; Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
7; onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
8; Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
9; Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.
10; O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!” – dedi.
11; Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
12; Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
13; Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
14; İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
15; Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
16; Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
17; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
18; Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
19; Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
20; O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
21; Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
22; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
23; Səmud qövmü də xəbərdarlıqları yalan saydı.
24; Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
25; Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
26; Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
27; Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!
28; Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
29; Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
30; Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
31; Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
32; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
33; Lut qövmü də xəbərdarlıqları yalan saydı.
34; Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
35; Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
36; Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
37; Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
38; Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
39; Elə isə əzabımı və təhdidlərimi dadın!
40; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
41; Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
42; Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
43; Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
44; Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!” – deyirlər?
45; Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
46; Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
47; Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
48; O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!” – deyiləcəkdir.
49; Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
50; Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
51; Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
52; Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.
53; Hər bir kiçik və böyük əməl yazılmışdır.
54; Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
55; qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!
Dostları ilə paylaş: |