94. Şərh ('Açma') surəsi
1; Məgər Biz sənin üçün köksünü açmadıqmı?
2; Yükünü səndən götürmədikmi?
3; Onlar belini bükürdü.
4; Biz adını sənə görə ucaltmadıqmı?
5; Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
6; Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir.
7; İşlərini qurtaran kimi Allah yolunda çalış!
8; Ancaq Rəbbinə üz tut!
95. Tin ('Əncir') surəsi
1; And olsun əncirə və zeytuna!
2; And olsun Sinay dağına!
3; And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!
4; Biz insanı ən gözəl surətdə yaratdıq!
5; Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.
6; İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
7; Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
8; Məgər Allah hakimlərin ən üstünü deyilmi?
96. Ələq ('Laxtalanmış qan') surəsi
1; Yaradan Rəbbinin adı ilə oxu!
2; O, insanı qan laxtasından yaratdı.
3; Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
4; O, qələmlə yazmağı öyrətdi.
5; İnsana bilmədiklərini öyrətdi.
6; Xeyr! İnsan, doğrudan da, həddini aşır –
7; özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
8; Axı son dönüşün Rəbbinədir!
9; Gördünmü o kəsi ki, mane olur –
10; bir bəndəyə namaz qıldığı zaman?
11; Söylə görək, əgər o bəndə doğru yoldadırsa,
12; yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?
13; Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?
14; Məgər o bilmir ki, Allah görür?
15; Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
16; yalançı, günahkar kəkilindən.
17; Qoy öz yığnağını çağırsın.
18; Biz də əzab mələklərini çağıracağıq.
19; Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
97. Qədr ('Qədr gecəsi') surəsi
1; Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!
2; Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3; Qədr gecəsi min aydan xeyirlidir.
4; O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
5; O gecə sübh açılanadək əmin-amanlıq olur.
98. Beyyinə ('Açıq-aydın dəlil') surəsi
1; Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər.
2; Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.
3; Onların içində doğru yazılar vardır.
4; Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.
5; Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
6; Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
7; Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.
8; Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!
99. Zəlzələ ('Zəlzələ') surəsi
1; Yer titrəyib lərzəyə gələcəyi zaman;
2; Yer öz yükünü bayıra atacağı
3; və insan: “Ona nə olub?” – deyəcəyi zaman –
4; həmin gün yer öz əhvalatlarını danışacaqdır.
5; Çünki Rəbbin ona vəhy edəcəkdir.
6; O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
7; Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
8; Zərrə qədər pislik edən də əvəzini alacaqdır.
100. Adiyat ('Çapanlar') surəsi
1; And olsun tövşüyə-tövşüyə çapanlara!
2; And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
3; And olsun sübh çağı həmlə edənlərə ki,
4; hücuma keçib tozanaq qaldıraraq
5; qoşunun içərisinə soxulurlar.
6; Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.
7; Özü də bunun şahididir.
8; Həqiqətən, o, var-dövlətə çox hərisdir.
9; Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
10; və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
11; məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?
101. Qariə ('Qorxuya salan') surəsi
1; Qəlbləri Qorxuya salan!
2; Qəlbləri Qorxuya salan nədir?
3; Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
4; O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
5; Dağlar isə didilmiş yun görkəmi alacaqdır.
6; O gün kimin tərəziləri ağır gələrsə
7; xoşbəxt güzəran sürəcək.
8; Kimin tərəziləri yüngül gələrsə,
9; məskəni Haviyə olacaqdır.
10; Sən haradan biləsən ki, o nədir?
11; O, çox qızmar bir oddur!
102. Təkasur ('Çoxluğa hərislik') surəsi
1; Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2; gömülməklə qəbirləri ziyarət etdiniz.
3; Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4; Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5; Xeyr! Kaş ki, yəqin biləydiniz.
6; Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7; Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
8; Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.
103. Əsr ('Axşam çağı') surəsi
1; And olsun axşam çağına!
2; Həqiqətən, insan ziyan içərisindədir.
3; Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.
104. Huməzə ('Qeybətçi') surəsi
1; Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2; O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
3; və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4; Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
5; Sən haradan biləsən ki, Hutəmə nədir?
6; Bu, Allahın qaladığı Oddur.
7; O Od ki, qalxıb ürəklərə çatacaq.
8; Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
9; Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.
105. Fil ('Fil') surəsi
1; Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
2; Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?
3; Onların üzərinə qatar-qatar quşlar göndərdi.
4; O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
5; Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.
106. Qureyş ('Qureyş') surəsi
1; Qureyşin birliyi xatirinə,
2; onların qış və yay səfərlərindəki birliyi xatirinə
3; qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.
4; Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.
107. Maun ('Zəkat') surəsi
1; Dini yalan sayan o kimsəni gördünmü?
2; O elə adamdır ki, yetimi qovar
3; və heç kəsi kasıba əl tutmağa sövq etməz.
4; Vay halına namaz qılanların –
5; o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
6; Onlar riyakardırlar
7; və az bir şey verməkdən belə imtina edirlər.
108. Kovsər ('Bolluq') surəsi
1; Həqiqətən, Biz Kovsəri sənə bağışladıq.
2; Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!
3; Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.
109. Kafirun ('Kafirlər') surəsi
1; De: “Ey kafirlər!
2; Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,
3; siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
4; Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,
5; siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
6; Sizin dininiz sizə, mənim dinim də mənədir!”
110. Nəsr ('Kömək') surəsi
1; Allahın köməyi və qələbə gəldiyi zaman,
2; insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
3; həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
111. Məsəd ('Xurma lifi') surəsi
1; Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
2; Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək.
3; O, alovlanan oda atılacaqdır.
4; Onun odun şələsi daşıyan arvadı da.
5; Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.
112. İxlas ('Səmimi etiqad') surəsi
1; De: “O Allah Təkdir!
2; Allah Möhtac deyildir.
3; O, nə doğub, nə doğulub,
4; Onun bənzəri də yoxdur”.
113. Fələq ('Sübh') surəsi
1; De: “Sığınıram sübhün Rəbbinə!
2; Məxluqatının şərindən,
3; çökən zülmətin şərindən,
4; düyünlərə üfürən cadugər qadınların şərindən
5; və həsəd apardığı zaman paxılın şərindən!”
114. Nas ('İnsanlar') surəsi
1; De: “Sığınıram insanların Rəbbinə,
2; insanların Hökmdarına,
3; insanların məbuduna!
4; Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.
5; O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6; cinlərdən də olur, insanlardan da!”
Dostları ilə paylaş: |