“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur.
Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir.
Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2008-ci il
№ 3043
Dostları ilə paylaş: |