Cinayət hüququnun mənbələri



Yüklə 18,31 Kb.
tarix09.12.2023
ölçüsü18,31 Kb.
#138602
davud davud


Cinayət hüququnun mənbələri

Cinayət hüququ, hüququn müstəqil bir sahəsi olub, xüsusiyyətləri özünün predmet və metodu ilə müəyyən edilir. Cinayət hüququnun tənzim edilməsinin predmetini yalnız cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər təşkil edir. Cinayət hüquq pozuntusunun subyekti kimi cinayət törətmiş şəxslər və hüquq tətbiqedici orqanlar şəxsində dövlət çıxış edir.


Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir.
Çezare Bekkariya hələ 1764-ci ildə özünün “Cinayətlər və cəzalar” adlı məşhur əsərində yazırdı: “Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir”. Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə”güclünün hüququ” kimi baxış yaradır
Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir.
İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur. Mübahisə öncə cinayətə maddi, yaxud formal, ya da qarışıq, yəni maddi və formal anlayışları ehtiva edən anlayışın verilməsi ilə bağlı olmuşdur. Müəlliflər belə yekdil fikrə gəlmişlər ki, cinayətə, cinayət qanununda maddi tərif verilməlidir.
Xeyli dərəcədə ideologiya ilə bağlı olsa da, cinayətin daha uğurlu maddi tərifi sovet cinayət hüququnda verilmişdir.
RSFSR Cinayət hüququ üzrə 1919-cu ildə qəbul edilən rəhbər başlanğıcların 6-cı maddəsidə yeridilir ki, cinayət hakim ictimai münasibətlər sistemi üçün sosial təhlükəli olan əməldir. Bu ideya sonradan Azərbaycan Respublikasının 1922-ci ildə qəbul edilən Cinayət Məcəlləsində cinayətə verilən maddi tərif tam siyasi məzmuna malik idi. Məcəllənin 6-cı maddəsində deyilirdi: “Kommunizmə keçid dövründə fəhlə-kəndli hakimiyyəti tərəfindən müəyyən edilən Sovet quruluşunun əsaslarını və hüquq qaydalarını təhlükə altına alan hər hansı ictimai təhlükəli hərəkət və ya hərəkətsizlik cinayət sayılır”.
Burada cinayətin sosial təbiətini açmaq, onun ictimai münasibətlər üçün, mövcud ictimai qaydalar üçün təhlükəli olmasını göstərmək tərifin müsbət cəhəti kimi qeyd edilməlidir. Tərifdə cinayətin sosial mahiyyətinin qeyd edilməsi cinayətin yeni maddi anlayışını yaradırdı.
Lakin qeyd olunan müsbət cəhətlərlə yanaşı, cinayətin tərifindən tənqidi mülahizə doğuran cəhətlər də var idi. Bunlara aşağıdakılar qeyd edilə bilər:

  1. Anlayışa cinayətin qeyri-hüquqilik əlaməti daxil edilmirdi; cinayət sayılan əməllərin qanunda qəti olaraq göstərilməsi məsələsi açıq qalırdı;

  2. Cinayət qanunda hüquq mühafizə orqanlarına qanunu öz mülahizəsinə uyğun tətbiq etməkdə sərbəstlik verən analogiya institutu müəyyən edilmişdi;

  3. Cinayətdən ziyan çəkən ictimai münasibətlərin dairəsi konkretləşdirilmirdi;

  4. O zaman, kommunizmə keçid dövründə yalnız fəhlə-kəndli hakimiyyətinin mənafeyinə uyğun münasibətlərin qorunduğunun tərifə daxil edilməsi elmi təfəkkürdən daha çox siyasi mülahizələrlə bağlı idi.

Cinayət hüququnun ictimai münasibətlərin nizama salınması metodu qanunla cinayət hesab edilən əməllər və onların törədilməsi ilə tətbiq edilən cəzaların müəyyən edilməsindən ibarətdir. Cinayət hüququnun xüsusiyyətləri həmçinin onun vəzifə və funksiyalarında özünü göstərir. Cinayət hüququnun əsas vəzifəsi-cəmiyyəti ən təhlükəli hüquq pozuntularından (cinayətlərdən) müdafiə (mühafizə) etməkdir. Buna görə də cinayət hüququnun əsas funksiyası - mühafizəedici funksiyadır. Bununla belə, cinayət hüququ ümumi və xüsusi xəbərdaredici, həmçinin, tərbiyəvi funksiyaları da həyata keçirir. Cinayət hüququ hüququn bir sahəsi kimi mövcud ictimai münasibətlər sistemi üçün təhlükəli əməllərin cinayət olmasını və cəzalandırılmasını, həmçinin cinayət məsuliyyəti və ondan azad etməni müəyyən edən, ali hakimiyyət orqanları tərəfindən təsbit edilən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikasının qüvvədə olan yeni Cinayət Məcəlləsi qəbul edilərkən ictimai həyatın son illərdə siyasi, iqtisadi və sosial sahələrində baş verən keyfiyyət dəyişiklikləri nəzərə alındı. Bu, xüsusilə, cinayət hüququnun mühafizə etdiyi sahələrdən hansının daha çox üstünlük təşkil etməsində özünü göstərdi. Şəxsiyyətin, onun hüquq və azadlıqlarının cinayət-hüquqi vasitələrlə müdafiəsi birinci yerdə durdu. Bundan başqa, mülkiyyətin, formalarından asılı olmayaraq bərabər qaydada mühafizə edilməsinə göstəriş verildi. Təbii mühit, ictimai və dövlət mənafeləri, hüquq qaydaları, bəşəriyyətin təhlükəsizliyi və sülhün təmini cinayət-hüquqi mühafizənin əsas obyektləri sırasına daxil edildi.
Cinayət hüququ cinayətkarlıqla mübarizədə strateji və taktiki cəhətləri müəyyən edən cinayət üzrə siyasətin həyata keçirilməsi vasitəsidir. Müasir mərhələdə bu siyasət iki əsas tendensiya ilə xarakterizə olunur. Birincisi, ağır cinayətlər törədən, yaxud cinayət qanununu dəfələrlə pozan şəxslərə (xüsusilə residivistlərə, peşəkar cinayətkarlara-mafiya strukturlarının, yaxşı təşkil olunmuş cinayət qruplarının rəhbərlərinə) sərt cəza tədbirlərinin tətbiqi. İkincisi, böyük ictimai təhlükə hesab edilməyən cinayətlərə görə cinayət məsuliyyətinin sferalarının məhdudlaşdırılması. Belə ki, cinayət qanununu ilk dəfə pozan şəxsə cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu, şərti məhkum etmə, hökmün icrasını təxirə salma, habelə cəzanı əvəz edən digər inzibati, tərbiyəvi və ictimai xarakterli tədbirlərlə həyata keçirilə bilər.
Azərbaycan Respublikasında cinayət hüququnun əsas mənbələri Azərbaycan Respublikası Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Konstitutsiyası və digər hüquqi aktlardır.


İstifadə edilmiş ədəbiyyatlar:
1. Azərbaycan Respublikasının Konstitusiyası.


2. V. Həşimov “Cinayət hüququ”


3. Azərbaycan Respublikasının cinayət məcəlləsi.
Yüklə 18,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin