7-ci şəkil
Sol tərəfdən dərinlikdən Pina başında su bardağı ilə gəlir,
qarşısına Nanni çıxır.
N a n n i . Pina, bu sizsiniz? Məni yaman qorxutdunuz.
P i n a . (qaşqabaqlıdır, bardağı daxmanın qarşısında yerə qoymaq üçün yaxınlaşır). Siz də ömrü boyu şit zarafatlar edirsiniz.Adamı ələ salmaqdan həzz alırsınız elə bil.
N a n n i . Hələ də acıqlısınız? Çayda çimdiniz də hirsiniz soyumadı yəni?
P i n a (sanki cürətlənir, bir anlıq tərəddüddən sonra ona yaxınlaşıb qətiyyəttlə, ancaq kədərli və ümidsiz halda deyir) . Sizin niyə məndən acığınız gəlir, Nanni, mən sizə neyləmişəm?
N a n n i . Mənim? Niyə, o hardan çıxdı? Mən nə dedim ki?
P i n a (üzgün halda dərzin üstündə əyləşir, sanki öz-özünə danışırış kimi, şikayətlənir). Əgər mənim kiməsə pisliyim dəyibsə, o da yalnız özümə... Sizə isə - qətiyyən. Hətta o heyvan Malerbaya da heç nə eləməmişəm. Amma o niyə məni hamının yanında söyüb təhqir edir anlamıram.
N a n n i . Malerba təlxəkdi də. Onu ürəyinizə salmayın. Yaxşı, gecəniz xeyirə.
P i n a . Gecəniz xeyirə, siz yatın.
N a n n i (eyni istehzalı tərzdə). Bəs siz?
P i n a . Mən heç vaxt yatmıram, kirvə. Siz ki bunu yaxşı bilirsiniz!
N a n n i . Onda kimdənsə başqa birindən xahiş edin sizə layla çalsın, çünki mənim yuxum gəlir, mən yatacam, mane olmayın!
P i n a . Allahınıza şükr edin ki, O sizi belə yaradıb!
N a n n i . Necə?
P i n a . Özünüzü bilməməzliyə vurmayın, siz özünüz hər şeyi gözəl görürsünüz.
N a n n i . Hanı, qaranlıqdır, görmürəm, Pina.
P i n a . Yaxşıdı ki qaranlıqdır! Qaranlıqda nə itsə də, söz itmir. Əksinə qaranlıqda söz bəzək-düzəksiz, ürəkdən necə gəlirsə elə olur. Nanni kirvə, sizin sözləriniz adamı bıçaq kimi kəsir.
N a n n i . İnan mən sənin danışdığın rəvayəti başa düşmürəm, Pina.
P i n a (acı-acı). Başın yaxşı baş deyil demək. Heç ürəyin də bir şey deyil... qabadır, daşdandır!
N a n n i . İnan ki başa düşmürəm! Öldür anlamıram!
P i n a . Anlamırsınız! Gözünüzün qarşısında adam can verir... Sizsə üzünüzü çevirib başqa yana baxırsınız!
N a n n i . Vay, vay, indi də söhbət yaralılardan və ölülərdən düşdü?
P i n a (bir qədər susduqdan sonra, dirsəklərini dizinə dayayıb çənəsi ovcunda, ehtirasdan qovrula-qovrula oxuyur).
Şəbbi çiçəyim mənim, şirin şəkər çiçəyim!
Öyrət məni, mən necə səni sevim, göyçəyim!
N a n n i . Bu nədir, Pina, başqa mahnı bilmirsiniz?
P i n a (göz yaşlarını silərək həyəcanla). Neynim, yadıma həmişə bu düşür, çünki o bütün qəlbimi sarmışdır! Amma inanmıram ki siz bunu bilməyəsiniz. İnanmıram bilməyəsiniz ki mən od üstündə asta-asta qovrulan bir qadınam. Mənə dişi canavar deyirlər... amma əsil canavar sizsiniz. Sizin gözünüzün qarşısında insan məhv olur, sizsə...
N a n n i . Siz Allah, açıq deyin görüm nə istəyirsiniz, Pina?
P i n a (onun üstünə tərəf əyilib, sifətini onun sifətinə lap yaxınlaşdırır; xırıltılı, vəhşiyana səslə, anlaşılmaz tərzdə deyir). Səni istəyirəm!!!
N a n n i (qəh-qəhə çəkir) Siz?! Siz məni?! Amma ondansa siz qızınızı mənə versəydiniz daha yaxşı olardı! Heç olmasa o günahsız bir qızdır...
P i n a . Ay səni, Nanni kirvə! Səni görüm ağlar günə qalasan! Kaş görəydim o günü...
N a n n i . Bağışlayın, zarafat elədim də. Mahnıda deyildiyi kimi:
Məktəbdə müəllimənə qulaq as gör nə deyir:
“Anası ilə gəzsən də, qızına evlən deyir”.
P i n a . Siz bu vəziyyətdə necə zarafat edə bilirsiniz? Sifətimi ayaq altında əzməkdən, məni tapdalamaqdan həzz alırsiz elə bil. Həqiqətən mən dişi canavaram... Nifrətə layiqəm... Sizinlə danışanda düşdüyüm halı görmürsünüzmü? Bəli, mən həqiqətən nifrətə layiqəm. Siz məni istifadə edib ata da bilərsiniz cındır əski kimi... doyandan sonra...
N a n n i . Yox, yox!.. “Əvvəl düşün, sonra addım at”.
P i n a (acı-acı). Bah, nə yaman ağıllısınız! Siz yüz ölçüb bir biçənlərdənsiniz.
N a n n i . Hə, mən o cür də edirəm. Mən müvəqqəti ömür sürən bədbəxt kasıb adamam. Bu cür qarış-quruş işlər mənim yemim deyil... başımı cəncələ salaram.
P i n a . Mənə görə nə narahatlığınız ola bilər ki! Axı bilirsiniz ki, mən...
N a n n i . Elə bunu bildiyim üçün deyirəm! İlişərəm – bir də qurtulamaram. Amma mən gərək evlənmək barədə düşünəm, anlayırsınız? Mənim bircə təmiz adım və sağlam əllərim var. Mən fərli cehizi olan qız axtaram gərək. Özünüz bir fikirləşin... Məgər siz öz qızınızı bu cür şübhəli əlaqəsi olan oğlana ərə verərdiniz? Məsələn sizin kimi birisi ilə... Amma inciməyin, xətrinizə dəyməsin...
P i n a (qüssə içində). Mən incimirəm, Nanni kirvə, mən sizə acıq edə bilmərəm...
N a n n i . Yaxşı, gəlin çərənçiliyi bitirək, daha gecdir. Mən yatım. Gecəniz xeyirə qalsın. (Yenə samanın üstünə uzanıb kürəyini Pinaya çevirir.)
P i n a (başını əllərinin arasına alıb bir neçə dəqiqə dinməzcə oturur, sonra sanki özü-özünə şikayət edirmiş kimi) ...Və mən bu əzaba dözməliyəm! Siz bıçağı mənim öz doğma qızımın əlinə vermək istəyirsiniz.
N a n n i (hirsli). Mən sizə heç nə eləməmişəm. Mane olmayın, qoyun yatım, lənət şeytana!
P i n a (sanki özündə deyilmiş kimi anlaşılmaz danışır). Yaxşı... Demək mənim qızımla evlənmək istəyirsiniz? Olsun!
N a n n i (təəccüblə geri çevrilir) Lənət şeytana, lənət şeytana! Siz ciddisiniz?
P i n a (əvvəlki əhvalla). Hə, zarafatsız.
N a n n i (hələ qulaqlarına inanmır, başını qaldırıb dördgözlə baxır). Siz doğrudan onu mənə vermək istərdiniz?
P i n a (sanki boğulur; başını aşağı salıb bir neçə dəfə udqunur, cəhd etsə də danışa bilmir). Hə... Məgər mən sizə nədəsə etiraz etmək iqtidarındayam? Evlənin mənim qızımla əgər belə istəyirsinizsə. Mənsə çıxıb gedərəm... uzağa... ki bir də sizi görməyim.
N a n n i (şübhəli və sınayıcı nəzərlərlə ona baxır, yenə o biri yanı üstə çevrilir, sanki Pinanın onu ələ salacağından ehtiyatlanır). Yaxşı da, əgər məsələ belədirsə, onda biz bir arxayın vaxt danışarıq.
P i n a (əvvəlki kimi). Niyə ki, lap elə indi, bir halda ki siz bunu istəyirsiniz. Yaxşısı budur elə indi danışaq.
N a n n i (cəld qalxıb saman küləşinin üstündə oturur). Pina, siz həqiqətənmi ciddi deyirsiniz?
P i n a (kədərli). Yəni siz doğurdanmı güman edirsiniz ki, mən belə bir məqamda zarafat edə bilərəm?
N a n n i (məmnun halda ayağa qalxır). Bir halda ki elədir, onda dilinizdən tuturam. Kim sözünü dansa ona lənət olsun!
P i n a (qəmli-qəmli). Olsun... olsun.
N a n n i . Bazar günü notariusa gedib tez-bazar məsələni həll edərik... Amma unutmayın ki, mən kasıb oğlanam ha.
P i n a . Axı mən bundan sonra sizdən nə istəyə bilərəm?
N a n n i . Mənim ancaq təmiz adım və sağlam əllərim var. Bəli, yalnız bunlar. Amma siz qızınıza bir az cehiz verərsiniz yəqin.
P i n a . Ürəyiniz nə istəsə verərəm. Onsuz da mənim üçün daha fərqi yoxdur! Mən sizlərdən çox uzaqlara gedib özümə bir bucaq taparam ki, ayaqlarımı rahat uzadıb ölə bilim.
N a n n i . Yox-yox, siz öz evinizdə həmişə ev sahibəsi kimi qalacaqsınız.
P i n a . İndi mənim üçün heç fərqi yoxdur. Əlbəttə... əlbəttə həmişəlik!
N a n n i . Bəs bu işə qızınız nə deyəcək? Axı onun da razılığı lazımdır.
P i n a (gözləri yaşarır). Mənim qızım axı mənim qanımdandır. O da razı olacaq, şübhə etməyin. Mən özüm indi onu bura çağırıb deyərəm. (Daxmadan Maranı çağırır.) Mara!
N a n n i . İndi? Siz elə bir dəqiqənin içində hər şeyi həll etmək istəyirsiniz?
P i n a . Ağrıyan dişi dərhal çəkib çıxartmaq lazımdır. Siz axı sözünüzü geri götürməyəcəksiniz?
N a n n i . Yox, götürməyəcəm. Amma vaxt var hələ... Sabah...
P i n a . Yox, xəstə dişi dərhal çıxartmaq məsləhətdir! Əgər beynimizə giribsə, nə sizin gözünüzə yuxu gedəcək, nə mənim!
N a n n i . Yaxşı, yaxşı, nə istəyirsiniz edin.
P i n a (kobudcasına onu itələyir). Gedin, indi itilin burdan! Ana-bala söhbətini sizin eşitməyiniz lazım deyil. (Çağırır.) Mara, Mara! Odur gəlir. Gördünüz, dərhal gəldi. Rədd olun!
N a n n i sola çıxır.
8-ci şəkil
M a r a v ə P i n a
M a r a (əyin-başını düzəldə-düzəldə yuxulu halda komadan çıxır). Çağırdın, ana?
P i n a (özünü güclə titrəməkdən saxlayaraq). Mən... Nanni kirvə... dili açıldı axır ki... Səninlə evlənmək istəyir... özü dedi...
M a r a (heyrət içində əlini sol döşünün üstünə qoyur, sanki onu düz ürəyindən vurdular). Mənimlə?
P i n a . Səninlə! Özünü axmaqlığa vurma! Mən razılıq verdim... İndi sən də öz sözünü deməlisən.
M a r a . Mən, ana?
P i n a (acıqlı). Bəli, sən – gəlin xanım... İndi söz sənindir.... Özün həll elə.
M a r a (daha da özünü itirir). Mən nə deyə bilərəm?.. Belə qəfildən!.. Mən heç onu əməlli tanımıram.
P i n a . Tanımırsan? Bir aydır ki, burda bizimlə işləyir.
M a r a (özünü itirib qarmaqarışıq danışır). Mən heç vaxt ona fikir verməmişəm... And içirəm! And içirəm, ana!
P i n a . Yaxşı, qoy sən deyən olsun... İndi o ürəyini açıb... Və odur orda dayanıb sənin cavabını gözləyir.
M a r a (tez). Deyin ki, razı deyiləm.
P i n a (kəskin). Niyə?
M a r a . Çünki mən ona getməyəcəm. Mən ərə getmək istəmirəm...
P i n a (sarkazmla). Bəs neyləmək istəyirsən? Rahibə olmaq istəyirsən?
M a r a (əvvəlki kimi). Mən ərə getmək istəmirəm! Mən ona ərə getmək istəmirəm!
P i n a (qəzəbli, bir qədər hədə-qorxu ilə). İstəmirsən? Niyə istəmirsən ki?!
M a r a (həyəcandan özünü itirir, bütün bədəni əsir). Çünki bu mümkün deyil... (Diqqətlə anasının gözlərinin içinə baxır; onun qəlbinə dəhşətli şübhələr dolur.) Axı siz özünüz bilirsiniz ki, bu mümkün deyil!
P i n a (hirslə qızına hücuma keçir). Sən nə demək istəyirsən bununla? Açıq de!
M a r a (ağlayır) Ana, siz niyə mənə əzab verirsiniz? Mən sizə neyləmişəm axı?
P i n a . Yoxsa sənə yalvarmaq lazımdır? İstəyirsən ki sənə yalvarım? Bircə bu çatmırdı!
M a r a . Yalvarıram, buraxın gedim. Siz özünüz ona deyərsiniz ki, bu toy mümkün olan iş deyil...
P i n a . Mən öz razılığımı bildirmişəm ona. Sən də ona etiraz etməyəcəksən, çünki mən belə istəyirəm!
M a r a . Siz, ana?
P i n a . Bəli, mən, sənin anan. Mənim borcumdur sənə ər tapmaq!
M a r a . Ana, siz?
P i n a (təkidlə, vüqarla və qətiyyətlə). Bəli, mən! Onu mən seçmişəm sənin üçün! Və o sənin ərin olacaq – çünki mən onu sənə verirəm... ərliyə.
M a r a (əllərini sinəsinə sıxaraq yalvarır). Ana! Eləmə bunu!
P i n a . Neynim indi, səni saçından tutub gərdəyə sürüyüm?
M a r a . Ana, etməyin belə, yalvarıram! Etməyin! Allah cəza verər sizə!
P i n a (qəzəblə onun hörüyündən yapışıb düz gözlərinin içinə baxır). Sən nə demək istəyirsən? De! Sözünü de!
M a r a (qışqırır). Ana, ana!...
9-cu şəkil
N a n n i v ə h ə m i n k i l ə r .
N a n n i . Belə yox, Pina, gərək özü razı olsun.
P i n a (Maraya müraciətlə; sifəti hələ də qorxunc vəziyyətdədir). İndi isə get! İtil! (qəflətən Nanniyə). Siz bizim işimizə qarışmayın. (Maraya) Rədd ol! Məni hövsələdən çıxartma daha!
M a r a ağlaya-ağlaya daxmaya qayıdır.
N a n n i . Nolub? Niyə? Razı deyil?
P i n a (tədricən özünə gəlir, ancaq hələ də bədəni əsir; acı-acı gülümsəyərək). Yox, narahat olma... Mən bu işin bütün ağırlığını öz üzərimə götürmüşəm... öz çiyinlərimə!
N a n n i . Sizə nə olub? Deyin! Siz özünüzdə deyilsiniz.
P i n a . Yoxsa elə bilirsən mən gördüyüm iş elə asan işdir?
N a n n i . Üzr istəyirəm. Buna görə qanınızı qaraltmayın. Əgər baş tutar – lap yaxşı, alınmaz – eybi yox, nolar, mən bütün hallarda xeyirxahlığınıza görə sizə minnətdaram.
P i n a . Yaxşı, əl çək! Sən də get, məni tərk elə! (Əlləri ilə üzünü tutub ağlayır.)
N a n n i . Siz ağlayırsınız... Nolub, deyin görüm...
P i n a . Heç nə. Qoyun ürəyimi boşaldım. Bir bilsəydiniz indi orda nələr var!
N a n n i (sıxılır). Qulaq asın! Mən özümü pis hiss edirəm ki, mənə görə... ya da dediyim hansısa sözə görə... yəni zarafatla dediyim bir sözə görə... (daha çox sıxılır, həyəcanlanır.) Yaxşı, bəsdirin də, lənət şeytana!
P i n a . İndi siz də timsah kimi göz yaşları axıdırsınız?
N a n n i . Yox, vallah! Amma siz ağlamayın, allah xatirinə.
P i n a (süst halda). Bacarmıram. Daha dözə bilmirəm. Mən sizin istədiyiniz hər şeyi etdim, indi artıq gücüm qalmadı... Oy, Nanni, siz məni nələrə məcbur etdiniz, nələrə!..
N a n n i . Mən bilmədim. Mən istəmərəm siz istəmədiyiniz bir işi görəsiniz!
P i n a (alışıb-yanan, yaşla dolu gözlərini ona dikir). Heç olmasa indi anlayarsınız ki mən sizi sevirdim!
N a n n i . Mən bunu qiymətləndirməsəm, nankor olaram. Siz mənə həm qızınızı verirsiniz, həm cehiz verirsiniz! Daha bundan artıq nə etməliydiniz ki!
P i n a (əlləri ilə üzünü tutaraq). Heç nə! Heç nə!
N a n n i . Siz o qədər xeyirxahsınız ki! Əyninizdəki son paltarı da çıxarıb qızınıza verməyə hazırsınız!
P i n a (başını yelləyərək önlüyünün ətəyi ilə göz yaşlarını silir). Boş verin! Bu mənasızdır!
N a n n i . Hər halda! Həyatda sağ ikən hər şeyini başqasına vermək... Axı siz özünüz də cavan və gözəl qadınsınız! Qızınızdan da yaxşısınız! Malerba da deyirdi bunu! (qadını sakitləşdirmək üçün zarafata keçir.) Çox xoşbəxtəm ki qohum oluruq. Hə, noldu, sakit olun! (Sıxılır.) Ağlamayın da... Heç bilmirəm sizə nə demək lazımdır. Özünüz də görürsünüz ki, mən iki sözü dalbadal qoşa bilmirəm. Mən hər axmaqlıq edə bilərəm (sıxıla-sıxıla gülümsəyir). Qoy hamı cəhənnəm olsun. Müqəddəs Covanni də, qohum-əqrabalar da!
P i n a . Sizinçün heç bir müqəddəs şey yoxdur!
N a n n i (Gülməyini saxlayır, daha çox sıxılır və həyəcanlanır). Əşi ciddi sözümdür e! Siz əsil şeytansınız. Bəsdir ağladınız, gözlərinizi silin... əgər həqiqətən məni sevirsinizsə...
P i n a . Heç bilirsinizmi məni nəyə məcbur etdiniz? Ovcuma bıçağı qoyub... sonra da dediniz: indi özün öz ürəyini kəs çıxart!
N a n n i (özünü itirir). Bəsdir, bəsdirin də. Siz ağlayanda mən pis oluram. Başımı itirirəm... Ağlamayın, sakit olun, əgər məni sevirsinizsə. (Qucaqlayır.)
P i n a (Onu kənara itələyir. Bütün bədəni əsir, sifəti tamam dəyişib). Yox! Əl çəkin məndən! Nə timsah kimi yalandan göz yaşları axıdırsınız?!
Bir-birlərinə baxırlar, hər ikisinin bənizi ağarıb.
N a n n i (özünü itirib, qarmaqarışıq danışır). Niyə, niyə, Pina?
P i n a (kal, batmış səslə, hirsli halda hücum çəkir). İndi nə timsah göz yaşı axıdırsınız! Məni lap dəli etmək istəyirsiniz?!
N a n n i (sanki qaçmaq istəyirmiş kimi geri çəkilir). Pina. Siz nə istəyirsiniz?
P i n a (batmış səslə, onun əlindən yapışaraq vüqarla və qətiyyətlə). Sus! Bizi eşidən olar!..
N a n n i (əlini çəkmək istəyir). Yox, Pina! (əsən əlləri ilə yaxasından asılan duanı çıxarır). Baxın sizə and verirəm.
P i n a . Gizlət o duanı. Xeyri yoxdur. Mən çox dua etmişəm, kömək etmir!
N a n n i . Yox, Pina! Biz birbaşa cəhənnəmə gedirik.
Hardansa yuxarılardan bayquş səsi gəlir.
Eşidirsən, bayquş... (Yuxarıya doğru qəzəblə yumruğunu göstərir.) Səni görüm gəbərəsən, lənətlənmiş quş!
P i n a . Məni lənətləyiblər! İndi mənimçün fərqi yoxdur. Cəhənnəmi burda gördüm artıq. Mən törətdiyim şər əməlin əvəzini öncədən verdim.
N a n n i (dizləri qatlanır, sifəti əyilib, daha gücü qalmayıb). Ah səni lənətə gəlmiş İuda!
P i n a . (əlindən tutub arxasınca çəkir, başını azacıq yana əyib, baxışları qorxuncdur, - indi o əsil dişi canavara oxşayır). Kəs! Bəsdir ələ saldın!
Onlar səhnənin dərinliyində gözdən itirlər. Sakitlik çökür.
Çayın şırıltısı, sünbüllərin xışıltısı eşidilir; cırcırama cırıldayır,
arabir uzaqdan itlərin hürməsi eşidilir.
Bayquş ulaya-ulaya uçub keçir.
***
Ciovanni VERQA
DİŞİ CANAVAR
İKİNCİ HİSSƏ
Kənd evinin həyəti. Sağ tərəfdə - evin qapısı və meynəyə bürünmüş pəncərə. Solda – quyu və odun anbarı var. Evin qapısı ilə pəncərəsi arasında daş skamya qoyulub. Həyətin o başında küçə qapısı görünür. Hər tərəfdə sınıq şüşələr var, həyəti alaq otları basıb. Həyət qapısından kəndin mənzərəsi, uzaqdakı Kapusino dağları görünür; sol yanda monastır binasının bir küncü və kilsənin qarşısında qoyulmuş iri daş xaç görünür. Evlərin pəncərə və balkonları bayramsayağı rəngbərəng kağızlarla və rəngli pərdələrlə bəzədilib.
1-ci şəkil
M a r a, sonra N a n n i gəlir.
M a r a evi rəngbərəng kağızlarla və budaqlarla bəzəyir.
Həyət qapısından N a n n i daxil olur; o bikef halda qızı qucaqlayır.
M a r a (heyrətlənir və sevinir). Ah, ah, necə də xoş oldu! (Utancaq hərəkətlə.) Nə edirsiniz, qonşular görür axı!
N a n n i . Get oğlumu gətir bura: onu da öpmək istəyirəm.
M a r a . Kilsəyə tövbə eləməyə getmişdin?
N a n n i . Hə. Məgər görmürsən?
M a r a (gülümsər). Budur mənəvi atanın sənə təlqin etdiyi tövbə əlaməti?
N a n n i . Yox, bu tövbə deyil... Mən sevinirəm... Get gətir uşağı.
M a r a . Sən etiraf zamanı orada nələr dedin?
N a n n i . İndi təzədən durum sənin qarşında da təkrar tövbə eləyim?
M a r a (əvvəlki kimi). Nolar, mənə də danış da?
N a n n i (yenə onu qucaqlayır). Bəsdir, mən axı səni çox sevirəm və sən buna layiqsən.
M a r a (sevincdən gözləri parlayır). Hə? Doğurdan məni çox istəyirsiniz?
N a n n i . Səfeh, ay mənim səfeh quzum, məgər and içməyimə ehtiyac var?
M a r a (sevincindən az qalır ağlasın). Yox, mən artıq sizə inanıram! İnanıram! Mən sizin üzünüzə baxan kimi inanıram! (Əyilib onun əlini öpür. ) Şükr Allaha! Mənim üçün nə xoş bayramdır bu gün, ilahi!
N a n n i (o da mütəəssir olur). Bəsdir, ay axmaq, ay yazıq qızcığaz, bəsdir, səfehləmə!
M a r a (qəlbi doludur). Mən hər şeyi sizə danışmaq istəyirəm... Mən o qədər əzab çəkmişəm ki! Siz heç bilmirsiniz mən sizə görə nələrə dözmüşəm...
N a n n i (sıxılır). Mənə görə?
Mara (əli ilə onun ağzını tutur). Hə, amma susun, məni danışmağa məcbur etməyin... (Məhəbbətlə ona baxıb başını yellədir.) Ancaq indi siz düzünü dediniz eləmi? Siz indi ancaq məni sevirsiniz, yalnız məni, hə?
Nanni . Görürsən ki!
Mara . Acığınız tutmasın (gülümsəyir.) Görürsünüz ki, mən özüm indi sizin qarşınızda etiraf edirəm... Mən əvvəllər sizi istəmirdim... Bilirsiniz, o vaxt beynimə başqa fikir hakim idi... (Zərif duyğular onu kövrəldir.) İndi amma yox. İndi siz artıq mənim övladlarımın atasısınız! Siz mənim üçün dünyada hər şeysiniz. Bəsdir, daha bu barədə danışmayaq. İndi Yaradanın mənə yazığı gəldi!
Nanni (təsirlənib və sıxılır). Yaxşı, yaxşı...
Mara (arada onun əlini öpür). İndi mən sizə minnətdaram. (Dua edirmiş kimi əllərini sinəsində cütləyib gözlərini göyə dikir.) Sənə minnətdaram, İlahi! (Kövrəlib ağlayır, önlüyünün ətəyi ilə gözlərini silir.)
Nanni . Bay, bay! Sən sevinmək əvəzinə ağlayırsan? Niyə?
Mara (gözlərini silə-silə,alovlu tərzdə). Yox-yox, mən şadam! İndi gedib müqəddəs ikona qarşısında şam da yandıracam. Mən oranı xəlvət-xəlvət axıtdığım göz yaşlarımla isladacam. (Pəncərəyə bəzək asır.)
Nanni (Çox təsirlənib, dini amilin təsiri altında lampaların asılmasına kömək edir). Allahımız var olsun! Allah köməyimiz olsun ki, məhsulumuz bol, əkin-biçinimiz uğurlu olsun! Çağır uşağı, qoy gəlib bizimlə birgə şənlənsin. Xahiş edirəm.
Mara . (həyəcandan əsə-əsə pəncərəyə gül düzür). Bir dəqiqə... gözləyin... Əlimdə işimi bitirim sonra... Mən uşağı qəsdən qonşuya qoymuşam... Onu orda ibadət mərasiminə hazırlayacaqlar... tamam ağ paltarda olacaq! Əlində gül səbəti və balaca mələklər tutacaq! İndi gedib gətirərəm. O pak bir uşaqdır! Mənim bu sevincim də ona görədir! İndi onu çağıracam. (Üzünü uzaqdakı həyət qapısına tərəf tutub qışqırır.) Aqrippino!
2-ci şəkil
L i y a, Q r a s i y a, N e l i və ə v v ə l k i l ə r .
L i y a (Həyət qapısından içəri girir.) Gəlir, gəlir, əynini geyindirirlər... (Ətrafa göz gəzdirir.) Aaa, buralar nə gözəl olub! Əsil istirahət bağıdır! (Qapıya tərəf qışqırır.) Bura gəlin, görün Nanni kirvə nələr düzəldib burda!
Q r a s i y a (Ətrafa baxa-baxa). Qəşəngdir, çox qəşəngdir! Başçının evini görmüsünüz? Hələ yuxarıdakı meydanı demirəm, bütün yaşıllığa bürünüb! Nə qədər xaricilər gəlib baxıb gedib!
N a n n i . Xalq çox razıdır. Allah qoysa bu il yaxşı məhsulumuz olacaq.
Küçədən qızlar nəğmə oxuya-oxuya keçirlər.
L i y a (qaçıb ora-bura baxır). Bu Mariyanın qızlarıdır. Onlar mərasimə gedirlər.
Q r a s i y a (Qapıda dayanır). Gör e, Karlina da onlarladır. Sırtıq!
M a r a . O da tövbə edib! Madonna onun da gözünü açdı!
N a n n i . Tövbə edibsə... Lap yaxşı...
N e l i (Küçə qapısından içəri girir). Məni Yanu kirvə göndərdi. Dedi sizə çatdırım ki... (Yerində donub ətrafa baxır.) Ay, ay! Siz buraları necə də bəzəmisiniz!
N a n n i . Bacardığımız qədər... Amma ürəklə çalışdıq!
N e l i . Yanu kirvə məni göndərdi sizə deyim ki... Hə, dedi... Qardaşlıq bayrağını siz tutacaqsınız, - o dedi.
M a r a . Hə, gördünüz!
N a n n i (sevinir, həm də sıxılır). Mən? Amma bir halda ki o deyib, o başçımızdır... deyibsə, mən hazır! Mən o bayrağı ən ucalara qaldıraram!
Q r a s i y a . Bah-bah, baxın, baxın necə qürurlandı, özünü dartdı!
N a n n i . Yox e, sevinirəm, bu mənimçün şərəfdir!
M a r a (Rəfiqələrinə tərəf dönüb zarafatla deyir). Gördünüz necə ərim var! Mənim ərimdir e!
N e l i . O öz danışığı ilə hamıya nümunə göstərir. Kilsədə etiraf edəndə öyrədiblər ona.
N a n n i . Mən beləyəm də! Harda kiməsə nümunə göstərmək lazımdır – mən dərhal orda varam! Əlimlə, ayağımla – qulluq göstərməyə hazıram!
M a r a . Mən də o müqəddəs adamın qarşısında etirafda bulunmaq istərdim. Günü sabah gedəcəm!
N a n n i (mütəəssir halda gülümsəyir). Sən? Mən özüm sənə günahlarını yumaqda yardımçı olaram!
L i y a . Yaxşı... Bura baxın, bu gün nə qədər pul xərclənəcək! Bir il günahlara bata-bata yaşayırıq. Və bir gün gəlir ki... indiki kimi...
N e l i . Siz özünüz bu kağız bər-bəzəyə nə qədər pul xərcləmisiniz? Nə qədər yağ almaq lazımdır çıraqlara?!
M a r a . Mən yerin deşiyindən də olsa taparam o pulu, təki ürəyim istəyən kimi olsun. Allah mənə o qədər pay verib ki! Nanni ölüm ayağında olanda mən and içmişdim, yadınızdadı? Evim onda necə qaranlıq idi! Mən çox şeyə dözmüşəm, çox əziyyət görmüşəm, çox!
N a n n i . Bax ha, müqəddəslərə söz verəndə gərək yerinə yetirəsən. Mütləq!
M a r a . İndi şükr, pis günlər arxada qaldı. Onun uşağımıza yazığı gəldi. Mən o qədər dua eləmişəm ki!
N a n n i . Mən ona baxmaq istəyirəm, mələk kimi bəzədilmiş balama...
M a r a . Hə, onda gedək, yoxsa bir azdan mərasim başlanacaq. (Qrasiya və Liya ilə birgə sevincək tələm-tələsik çıxırlar.)
N e l i . Onda mən deyərəm ki razısınız.
N a n n i . Hə, hə... Neçə dəfə deyim sənə?
N e l i . Yaxşı. (Getmək istəyir.)
N a n n i . Hə, bir də Yanu kirvəyə de ki... Tikanlı çələng də qoymaq istəyirəm başıma, özü də əsil tikanlar olsun. Bir halda ki bu İsa peyğəmbərin xətrinədir, demək zarafat yeri deyil.
N e l i . Lap yaxşı, əgər belə istəyirsinizsə...
N a n n i . Mən ona görə belə istəyirəm ki, bu daha ədalətli olar. Məgər biz günahlarımıza görə tövbə etmirik?
N e l i . Yaxşı, mən hamısını ona çatdıraram. (Çıxarkən qapıda Pina ilə toqquşur.) Pina – qaynananız gəldi!
N a n n i (təəcüb və təəssüflə). Eh!
Dostları ilə paylaş: |