Dəhşətli xatirələrdən son dərəcə
fövqəladə lütf yoluna keçən insanın
həqiqi həyat hekayəsi
SARSILMAZ
Coş Makdauell
Kristobal Kruzenin müəllifliyi ilə
“Taym”
NƏŞRİYYATI
2015
Originally published in English under the title:
UNDAUNTED
by Josh McDowell
First printed by Tyndale House Publishers, Inc.
All rights reserved.
Makdauell, Coş
Sarsılmaz/ rus dilindən tərcümə: Taym, 2015. — 198 səh.
Bu kitabda Coş Makdauell özü haqqında açıq və səmimi danışır. Coş hələ gənc yaşlarından, İsa Məsihin İlahiliyi barədə təlimin uydurma olduğunu sübut etməyə çalışmışdı. Bu məqsədlə də o, qədim dövrlərdə bu hadisələr barədə yazılmış bir çox tarixi sənədləri araşdırmağa başlamış və bu mövzudan başı çıxan adamlarla uzun-uzadı söhbətlər etmişdi. Nəticədə isə İsa Məsihin sadiq ardıcılına çevrilmişdi.
Bu kitabı böyük sevgilərlə
övladlarım – Kelliyə, Şona, Kiterə və Xizerə,
eləcə də onların həyat yoldaşları – Maykla, Stefaniyə,
Cerriyə və Devidə ithaf edirəm.
Eyni zamanda bu səhifələri nəvələrim
– Skotti, Şone, Kvin, Bekket və Brennenin
əziz xatirələrinə və onlardan sonra bu dünyaya gələn
nəvə-nəticələrimə həsr edirəm
(biz səbirsizliklə sizin gəlişinizi gözləyirik!).
Mən dua edirəm ki, mənim həyat tarixçəm
sizin hər birinizi istənilən vizyyətlərdə Rəbbimizə
iman etməyə ruhlandırsın. Hər zaman Müqəddəs ayəni
Romalılara 1:16 xatırlayıb ona əsasən yaşayın.
Müəllifdən
Mən öz uşaqlığım və gəncliyim barədə xatirələrimi başqa insanlarla dəfələrlə bölüşmüşəm. Xüsusilə də bu barədə çıxışlarım zamanı böyük kütlələr qarşısında danışmışam. Lakin indi, pərdəni qaldırıb bütün mənzərəni hər kəsə göstərə bilmək imkanı yaranıb.
Artıq uzun illərdir ki həm müəlliflər, həm də mənim uşaqlığım və gəncliyim barədə film çəkmək istəyən rejissorlar öz təklifləri ilə mənə müraciət edirlər. Lakin filmləri bir çox mükafatlara layıq görülmüş məşhur rejissor Kristoball Kruzenlə beş il öncə tanış olana qədər bu təklifləri qəbul etməyə qərar verə bilmirdim. Məhz onunla tanışlıqdan sonra mənim hekayəmi canlandırmaq barədə çətin işi ona həvalə etdim.
Bəli, bu kitab — böyük hərflərlə yazılmış mənim hekayəmdir, mənim tarixçəmdir. Mən bu hekayəm vasitəsilə həyat yolunun başlanğıcında olarkən keçdiyim enişləri və yoxuşları açıq şəkildə sizə göstərmək istəyirəm. Bu kitab həqiqi hadisələrə əsasən yazılıb. Lakin onun səhifələrində rastlaşacağınız bəzi personajlar, xatirəmdə qalan real insanların ümumiləşdirilmiş surətlərdir. Söhbətləri isə yaddaşım icazə verdiyi qədər dəqiqliklə yazmağa çalışmışam. «Sarsılmaz» adına gəlincə isə, kim olduğumu özüm də dərk etmədən kimliyimi bir sözdə cəmləşdirərək bu adı seçmişəm. Uşaq vaxtı çətin imtahanlarla üzləşdiyim anlar az olmamışdı və mənim buna instinktiv münasibətim nəyin bahasına olursa-olsun sağ qalmaq və heç bir şeyin qarşısında dayanmamaq olmuşdu. Mənə elə gəlirdi ki, Nitşenin dediyi: «Məni nə öldürmürsə, o məni daha da güclü edir» sözləri tamamilə mənə aid idi (yeri gəlmişkən, o vaxt bu adamın kim olduğunu bilmirdim). Çətinliklər həqiqətən də məni güclü və qərarlı insana çevirmişdi. Lakin bu səthi güc idi. Bu güc — qaranlıq dərinlikləri gizlədən maska və müdafiə mexanizmi idi. Əslində isə mən, heç bir şeyə baxmayaraq, məni olduğum kimi qəbul edən bir insanın sevgisinə (biz hamımız buna can atırıq) və əsil səmimi yaxınlığa can atırdım.
Özümü on bir yaşım olduğu vaxtlarda, Tanrı və insanlar tərəfindən unudulmuş, dünyanın ən tənha insanı hesab edirdim. Məni, ailənin — stabillik, atanın — müdafiə olduğu fikrini, insanlara etibar etmək olar və etibar etmək lazımdır düşüncəsini inkar etməyə məcbur edən səbəbləri siz bu kitabdan öyrənəcəksiniz. Mən Tanrıya da arxamı çevirmişdim. Qəzəb partlayışlarım zamanı, hətta Onu söyməyi və təhqir etməyi də bacarırdım. Öz səhvlərimi və zəifliklərimi heç vaxt boynuma almaq istəmirdim. Bədbəxtlikdən, həqiqəti bu qədər inkar etməyin nə qədər öldürücü olduğu heç ağlıma da gəlmirdi.
Həyatımda baş verən hadisələr nəticəsində yaranan dərin qorxularımın, özümə əminsizliyimin sona qədər hər kəsdən gizli qalması üçün bütün gücümlə çalışırdım. Mən öz fırıldaqçılığı ilə ətrafında olan hər kəsi yazıb-oxumağı bacardığına inandıran savadsız hiyləgərə bənzəyirdim.
Bəlkə də mənim hekayəmdəki hansısa anlar və vəziyyətlər, sizin bəzilərinizə öz tarixçənizi xatırladacaq, bəziləriniz isə (xoşbəxtlikdən) mənim hekayəmin yalnız bir hissəsi olacaqsınız. Lakin mənim yaşadığım və keçdiyim bütün ağrılara baxmayaraq, məndən daha ağır və əzablı uşaqlıq illəri yaşamış milyonlarla insanın olduğunu da çox yaxşı bilirəm.
Müqəddəs Kitabda, Əyyubun Kitabında belə yazılır: «Sanki havaya atılan qığılcımdır, insan əzab çəkmək üçün doğulur» (5:7). Mənim həyatımda da qığılcımlar az olmayıb və onların içərisində həyatımı tamamilə dəyişərək mənə ümid gətirən qığılcımlar da var. Sizi bu kitabı oxumağa dəvət edərkən, Diri və Qüdrətli Olanın köməyi ilə sizin də bu həyat yollarında əminliklə addımla biləcəyinizi düşünməyinizi istəyirəm.
Coş Makdauell
Aprel 2012
Birinci fəsil
Dostları ilə paylaş: |