Çoxdan idi gözləyirdim bu günü, Mən bilirdim bunu belə olacaq



Yüklə 72,12 Kb.
tarix17.11.2018
ölçüsü72,12 Kb.
#83159


85
Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu - belə olacaq...
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq...

Mən bilirdim qorxuludur böyük eşq,


Bunu sənə dönə-dönə demişdim...
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim...

Çoxdur onun tərəddüdü, gümanı,


Qısqanclıqdır bərabəri, ekizi...
Bəzən olur qara rəngə boyanır,
Tutulanda qəzəbindən gün özü...

Mən görmüşdüm, mən bilirdim, bilirdim,


Bədbəxt olur insan qəlbən sevəndə...
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən, de indi...


Cabir Novruz

(Metodiki Vəsait)

Daşkəsən rayon MKS

Metodika və biblioqrafiya şöbəsi

2018

Tərtibçidən

Poeziya ən çətin sənətlərdən biridir. Bəlkə də yeganəsidir. Yalnız ona görə yox ki, o söz sənətidir. Onun xüsusi qanunları vardır, insandan peşəkarlıq və bacarıqdan başqa bir də ilahi vergi, istedad istəyir. Həm də ona görə ki, onu seçən, özünü ona həsr edən şəxsdən bu sənətin məsuliyyətini, nəcib məqsəd və ideallarını, fəlsəfəsini dərin və geniş dərk etməyi tələb edir. Poeziya şairdən poeziyanı tale yolu, sənət və əqidə yolu kimi etiraf edən insandan onun bütün varlığını, bütün həyatını tələb edir, bütün qəlbini və idrakını istəyir, bütün mənəvi qüvvəsini ancaq və ancaq ona həsr etməyi əsas şərt olaraq irəli sürür, şairin qarşısına ali məqsəd olaraq qoyur. Əgər insanda bu keyfiyyətlər yoxdursa, o, şair deyildir. Cabir Novruz tanrının ona verdiyi ömür payını bütövlükdə yazıb-yaratmış, müasir poeziyada çalışmış, fəaliyyət göstərmiş, mürəkkəb, narahat çağdaş milli poetik prosesdə fasiləsiz iştirak etmiş, onun vəzifələrini həyata keçirmək istiqamətində yaradıcılıq qüvvəsini əsirgəməmişdir. Onun şeirləri hər kəsi məftun edir. Ümumiyyətlə, Cabir Novruz haqqında cəsarətlə demək olar ki, o, Azərbaycanın ən böyük vurğun şairlərindən biridir. Şair yaşasaydı onun 85 yaşını salon dolusu pərəstişkarları ilə qeyd edəcəkdik. İndi bu ad gününü təəssüflər olsun ki, onsuz qeyd edirik... Cabir Novruzun 85 illik yubileyi münasibətilə bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən ibarətdir. I hissə “Ömürdən bir gün də keçdi, beləcə” adlanır və C.Novruzun həyatından bəhs edir. II hissədə isə onun yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır. Təqdim etdiyimiz bu vəsaitdən uşaqların intellektual səviyyələrinin artmasında böyük rol oynayan kitabxanaçılar, müəllimlər və s. istifadə edə bilərlər.



Həyat və yaradıcılığı

Tək yaşamaq istəmirəm özüm üçün,

Anam üçün, oğlum üçün, qızım üçün.

Qoyun məndən inciməsin əzizlərim,

Qəlblərinə toxunmasın bu sözlərim.

İstəmirəm bir onlara gərək olum,

İstəyirəm milyonlara gərək olum.

Gərək olum mən yada da, yaxına da,

Adamların qarasına, ağına da.

Lazım olum insanların bu gününə, xoş vaxtına,

Xəstəsinə, sağlamına, bədbaxtına, xoşbaxtına

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın Xalq şairi, Azərbaycan Əməkdar incəsənət xadimi Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır. Həmin mahnılara aşağdakıları nümunə göstərmək olar: “Məhəbbət”, “Bakının qızları”, “Mənim duyğularım”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Dünya düzələn deyil”, “Böyüməyə tələsmə”, “Bu nə cür məhəbbətdir”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Məhəbbət ölməyəcək”, “Gəlin gələndə”, “Sən oldun”, “Gecikmiş məhəbbət”, “Tənhalıq”, “Təki sənin səsin gəlsin” və s. Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün 6 qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir. Cabir Novruz poeziyaya, sənətə bütün varlığı, ruhu ilə, məhəbbət və nifrəti ilə bağlıdır.

O, kitablarına yazdığı ön sözdə özünü poeziya vurğunu, poeziya dəlisi adlandırır. Cabir Novruzun şeirlərinin pərəstişkarları, onu yaxından tanıyanlar, yaradıcılıq yolunu müntəzəm izləyənlər çox gözəl bilirlər ki, bu belədir; özü haqqında belə söylərkən şair qətiyyən qeyri-təvazökarlıq etməmişdir. Təsadüfi deyil ki, qırx illik poetik fəaliyyəti ərzində o, ancaq şair olaraq, özü də əsasən lirik şair olaraq qalmışdır. Ədəbi yaradıcılığın başqa formalarına və janrlarına müraciət etməmişdir. O yalnız şeir yazır, yalnız sehrli, ilahi poeziya pərisinə xidmət edir. Bu, pisdirmi, yaradıcılıq məhdudiyyətidirmi? Məncə yox, bu sözün geniş mənasında özünə poeziyaya sədaqətin yüksək və eyni zamanda ən adi təzahürlərindəndir. Bununla əlaqədar olaraq, mən başqa bir həqiqəti də xatırlamaq istəyirəm. O da budur ki, şair əgər doğurdanda şairdisə, adi nəzm ustası deyilsə, başqa sözlə, şair istedad və fikir sahibidirsə, onun böyük sənətə, böyük poeziyaya yolu həmişə fərdi və təkrarsızdır. C.Novruz da belə şairdir, müasir poeziyamızın belə görkəmli nümayəndələrindən biridir. Baxmayaraq ki, o, çox istedadlı, böyük yaradıcılıq imkanlarına malik şairlərlə bir vaxtda, bir tarixi şəraitdə yazmağa və çap olunmağa başlamışdır. Onun poeziya yolu, yaradıcılıq taleyi və xüsusiyyətləri demək olar ki, heç kimə bənzəmir. C.Novruz poetik fərdiyyəti tapmaq və güclü olmaqla bərabər, həm də mənsub olduğu, içərisində təşəkkül tapdığı yaradıcılıq mühitinin, yaradıcılıq prosesinin bir çox əsas, mahiyyətli xüsusiyyətlərini meyillərini də özündə ehtiva edir. Cabir şeir üslubu onun özünəməxsus quruluşu, xarakteri vardır, bənzərsiz təhkiyə, lirik özünüifadə tərzi və səciyyəsi vardır. Bu belə də olmalıdır. Çünki Cabir Novruz poeziyada həmişə, hətta öz imkanlarından bir qədər aşağı şeirlərində də özünə sədaqətlidir, kimsə yox, məhz özüdür. C. Novruz böyük və coşqun yaradıcılıq həvəsi və ilhamı ilə, öz əsərləri və bu əsərlərin ifadə etdiyi tamam yeni məzmunlu, yeni keyfiyyətli, yeni tərzli, əhvali-ruhiyyə və meyili ilə həmişə diqqət mərkəzində olubdur.

İstedadlı şairimiz Cabir Novruzun anadan olmasının 85 illik yubileyi ilə əlaqədar olaraq, bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecə keçirilə bilər. Şairi sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq məqsədilə kitabxanada ilk növbədə müxtəlif başlıqlar altında kitab sərgisi təşkil olunmalıdır. “Şeirlərindən boylanan şair”, “Sənət köhlənindən enməyən şair”, “Hələ külçə idim, şeir külçəsi, Misramın dan yeri sökülməmişdi”, “Poeziya vurğunu, poeziya dəlisi”, “Elin, xalqın şairi – Cabir Novruz”, “Üzü dan üzünə bənzəyən şair”, “Unudulmayan Cabir Novruz”, “Həqiqət, təbiilik və səmimiyyət şairi”, “İnsana himn yazan şair”, “Poeziyamızın Cabir Novruz yüksəkliyi”, “Təpədən dırnağacan poeziya adamı Cabir Novruz”, “Xalq ruhunda köklənən şair”, “Düşündürən poeziya sahibi Cabir Novruz”, “Şəxsiyyət ömrünün anları”, “Səsim ünvan axtarır”, “Şeirləri mahnıya çevrilən şair” və s.







Görkəmli şəxslərin Cabir Novruz haqqında söylədikləri fikirlər:

Cabir Novruzun yüksək bədii həqiqəti onun şəffaf, təmiz, daxili səmimiyyətindən irəli gəlir.



Ağamusa Axundov, professor

Cabir Novruz təkcə bir sənətkar, bir şair kimi yadda qalmır. O həm də yüksək insani xüsusiyyətlərə malik olan, mənəvi saflığı ilə seçilən sadə, səmimi bir şəxs kimi, bütün varlığı ilə vətəninə, xalqın, el-obasına bağlı bir vətəndaş kimi yadda qalır.



Yusif Seyidov, professor

Cabir Novruzun sözlərinə yazılmış “Vətən əbədi qoruqdur” mahnısı vətənpərvərlik mövzusunda yaradılmış ən mükəmməl əsərlərdən biridir. Bu mahnı xalqımızı istiqlal mübarizəsinə ruhlandıran bir himndir.



Yusif Həsənbəy, Əməkdar incəsənət xadimi

Cabir Novruz yaradıcılığının məğzini, əsas qayəsini, bu cür ifadə etmək olar: səmimiyyət və cəsarət.



Aslan Kəmərli, şair

Yubileylə bağlı keçirilən tədbirlər

Nəğməkar şairin yubileyi ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən biri də, “Bir dünyam var” adlı şeir müsabiqəsidir. Kitabxanaçı ilk olaraq şairin bir neçə şeir kitabını məktəblilərə təqdim edir. Məktəblilər müəyyən etdikləri şeiri əzbərləyərək təyin edilmiş tarixdə kitabxanaya gəlirlər. Qonaqlar və münsiflər öz yerini aldıqdan sonra kitabxanaçı hər kəsi salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq Cabir Novruzun həyat və yaradıcılığından, onun ömür yolundan, əsərlərindən və kitablarından söhbət açır. Nəfis şəkildə nəşr olunmuş kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanır. Kitabxanaçı səhnəyə yaxınlaşaraq qonaqları salamlayır və şair haqqında qısa məlumat verir. Kitabxanaçı: C. Novruzun poeziyaya gəlişi səssiz, haraysız olmayıb. Bu şair xoşbəxtliyidir ki, daim diqqət mərkəzində olasan, həmişə oxucuların sevimlisinə çevriləsən, şeirlərin özünə geniş auditoriya qazana, səni hamı tanıya. Stendalın bir fikrini xatırlayıram: “Əgər mən təkəmsə, bir heçəm, əgər mənim arxamca heç kəs gəlmirsə, mən bir heçəm. Əgər oxucu desə ki, bu adam fikir aləmini irəli aparmışdır, onda mən hər şeyəm”.

Məncə, C. Novruz da müasir səviyyəli, onu sevən, duyan həqiqi oxucular əhatəsində idi. O, gəncliyin sevgi və məhəbbət duyğularını, analara, atalara sonsuz ehtiramını, tələbəlik həyatını, vətənpərvərlik eşqini böyük bir ilhamla qələmə alırdı. Sənətkar-oxucu problemi həmişə ciddi sosial-estetik məna daşıyır. Elə sənətkarlar da var ki, illər keçdikcə onun oxucularının sayı daha da artır, çünki o, hər dəfə nəsə yeni söz deməyə çalışır və çox vaxt buna müvəffəq olur. Cabir Novruz məhz belə şairlərdən idi. Şeir kitablarının birinə yazdığı ön sözdə C.Novruz deyirdi: “Neçə-neçə şeir kitabım çap olunsa da, 11 yenə həyəcan içindəyəm. Mən bu imtahandan necə çıxacağam, deyə bilmərəm. Lakin ürək çırpıntıları ilə sətirlərimi, necə deyərlər, doğma balalarımı oxucu imtahanına verirəm. İstərdim ki, həyat, insanlar, dünya, bu gün, sabah, doğma Azərbaycan haqda qoşduğum təzə nəğmələr onların ürəyincə olsun”.

Cabir Novruz yaradıcılığı dövründə həmişə oxucu tələbkarlığına inana-inana, onu məyus etməyərək, bir-birinin ardınca gözəl şeirlər və poemalar yaratmışdır. Bəs bu şairin fərdiliyi və özünəməxsusluğu nədədir?

Cabir Novruz haqqında yazılan məqalələrdə, onun kitablarına həsr edilən resenziyalarda tez-tez belə bir ifadə ilə rastlaşırsan: “Cabir Novruz təbiiliyi tərənnüm edir, o, sadə yazır”. Qeyd edək ki, bu fikirlə razılaşmamaq qeyri-mümkündür, lakin həmin mülahizə izah olunmadığı üçün natamam təsir bağışlayır. C. Novruz təbii şairdir, bu onun bütün şeirlərində duyulur

Bu robotlar, süni əllər, süni gözlər

dövründə mən.

İstəyirəm şeirimdə mən,

Təbiiliyi vəsf eləyim. ...

Üz tuturam uşaqlara,böyüklərə,

nəsillərə,

Üz tuturam hələ sabah göz açacaq

əsrlərə,

Söyləyirəm təbii olun, təbii olun,

Alimlərin fikri olun,

şairlərin təbii olun.

Ey ilhamlar, istedadlar,

təbii olun.

Ey fəhlələr, ey nazirlər,

təbii olun.

Üzü yeni, içi köhnə müasirlər,

təbii olun.

Vəzifədə əyləşənlər,

adamların taleyinə qol çəkənlər,

Raketçilər, aya-günə

yol çəkənlər,

Təbii olun, insan odur

Təbii ola, təbii ola

Təbiiliyə çağırış Cabir Novruz poeziyasının başlıca mahiyyətini ifadə edir. Biz bunu iki mənada yoza bilərik. Birinci halda şair-gördüyümüz kimi, təbiilik anlayışının öz mənasına, məğzinə, cövhərinə üz tutur. Lakin onu da qeyd edək ki, təbiilik C.Novruz poeziyasında həm də məhəbbət, həqiqət, bütövlük, ilkinlik və inam çalarları qazanır. “İnsan himnləri” adlı lirik-fəlsəfi poemada C.Novruz təbiiliyin bədii-estetik hüdudlarını daha da genişləndirir, milyon illər dəyişməyən duyğuları vəsf edir. Çünki “onlar daim təzə qalan duyğulardır. Ən müasir kəşflərə bəzək olan duyğulardır”. Bu duyğuları özündə yaşadan hər bir insan isə ayrıca bir dünyadır.

Cabir Novruzun 85 illik yubileyi ilə bağlı kitabxanada keçirilən tədbirlərdən biri də “Söz satıram, alan yox...” adlı biblioqrafik icmaldır. Kitabxanaçı biblioqrafik icmal keçirərkən oxuculara ədibin kitabları haqqında məlumat verir. Kitabxanaçı: Cabir Novruzun poeziyası haqqında düşünəndə həmişə gözlərimiz qabağına Xızının zümrüd meşələrə bürünmüş sıldırımlı dağlarının döşündən qopan şəlalə gəlir. Bu şəlalə hündürlükdən qopub gümüş qollarını torpaq səadətinə uzatdığı kimi Cabir Novruz da uşaqlıq və gənclik həyatının şirin və romantik çağlarının xoşbəxt, qayğısız zirvəsindən xalqın böyük həyatına can atır və bu səadətlə birləşməyi şair üçün ən yüksək zirvə sanır. Şəlalə sərt qayalarla ana torpaq arasındakı ani məsafəni sevinclə, həsrətlə enib torpağa qovuşduqdan sonra mavi çaya dönərək öz şəlalə uşaqlığından ayrıldığı kimi Cabir Novruz da yaradıcılığının romantik aşırımlarından və bu dövrə məxsus mövzulardan təbəssümlə ayrılmışdır. O, yaradıcılığının təbiət qədər gözəl və rəngarəng, yaşıl təbəssümlərlə dolu olan bu mərhələsindən bədii təfəkkürün kamillik hökmüylə ayrılıb, həyatın dərinliklərinə baş vurmağı bacardı. Nəhayət, şəlalələr dənizə çevrildiyi kimi bu yaradıcılıq mərhələlərini təbii olaraq cəsarətlə addımlayan Cabir Novruzu da Xəzər kimi dəniz olmaq səadətinə yüksəltdi. Şair ilk dəfə poeziyamıza ana mövzusunda yazdığı məşhur şeiri ilə gəlmişdir. Hələ çox gənc olan Cabir həmin şeirini tribunadan oxuyarkən Xalq yazıçısı Mirzə İbrahimov üzünü məclisdəkilərə tutub demişdi: “Görürsünüz, yoldaşlar, şeirimizin gələcəyi də parlaqdır”.

Ömrün gözəl çağı, cavanlıq dəmi

Çox arvad güvəndi evdə ərinə,

Sənsə külüng çaldın kişilər kimi,

Odun da doğradın kişilər kimi.

Bir əlində oxlov, bir əlində çin,

Dərz də bağladın, yayma da yaydın,

Buğda xaralları duranda çin-çin,

Özünü dünyanın xoşbəxti saydın.

İstedadlı şair Cabir Novruzun “İllərin ömrü” adlı kitabı bir neçə şeir toplusundan ibarətdir. Müxtəlif, rəngarəng mövzulara həsr olunmuş bu əsərləri birləşdirən ümumi bir ideya vardır: insana məhəbbət, şair təkcə özü üçün, ailəsi üçün deyil, bütün cəmiyyət üçün, bəşəri hisslərlə yaşamağa çağırır. Bu fikir kitabdakı şeirlərin əas leytmotividir.

Cabir Novruzun növbəti kitabı “Bir dünyam var” adlanır. Bu kitab şairin doqquzuncu kitabıdır. Buraya toplanmmış əsərlərin əsas hissəsini müəllifin 1970-ci ildə xüsusi mükafata layiq görülmüş “Adi həqiqətlər” kitabı öz silsilə şeirləri təşkil edir.

Kitabda eyni zamanda şairin yeni lirik şeirləri, uşaqlar üçün yazdığı əsərləri və bir sıra mahnıları da daxil edilmişdir.

1983-cü ildə nəşr edilmiş “Seçilmiş əsərləri” adlı iki cildli kitabına Cabir Novruzun şeirləri ilə yanaşı poemaları toplanmışdır. Bu poemaların hər biri oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. “İnsan məhəbbəti” poeması tələbə-gənclərin həyatına, “Cəfərlə görüş” poeması görkəmli sovet dramaturqu Cəfər Cabbarlıya həsr edilmiş, “Zaman”, “Kəndimizin antik heykəli”, “Elegiya” və “İnsan himnləri” poemalarında müasirlərimizi narahat edən məsələlər dərin əksini tapmış, sadə adamların, adi insanların sevincləri, kədər və qəmləri obrazlı şəkildə qələmə alınmışdır. “İtmiş kəndin nağılları”, “Son gülləni özü üçün saxlar igidlər” və “Qərbi Berlin” poemaları müharibənin törətdiyi dəhşətləri, ağrıları, acıları, xalqımızın qələbəsini, igidliyini, mərdliyini, qorxuların, cılızların iç üzünü açıb göstərən əsərləridir.

Cabir Novruzun növbəti kitablarından biri 2004-cü ildə nəşr olunan “Seçilmiş əsərləri” kitabında lirik şairin yarım əsrlik yaradıcılığı müddətində qələmə aldığı seçilmiş şeirləri , “İnsan hünəri” və “Azərbaycan” poemaları daxil edilmişdir. Şeirlərdə şairin həm incə, həm kövrək lirik duyğuları, həm də ümumbəşəri və milli ağrılardan doğan vətəndaş-şair narahatlığı əks olunmuşdur.

Tədbirin sonunda məktəblilər Cabir Novruzun yaradıcılığından səhnələr nümayiş etdirə bilər.

Cabir Novruzun 85 illik yubileyi ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən biri də, “Xalqın şairi” adlı oxucularla söhbət adlanır. Tədbir yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilir. Tədbirə şair və yazıçıları, tədqiqatçıları, ədəbiyyat müəllimlərini və bütövlükdə sözə, şeirə vurğun gənc nəsil nümayəndələrini dəvət etmək məqsədə uyğundur. Tədbir kitabxananın oxu zalında keçirilə bilər. Kitabxanaçı ilk olaraq gələn qonaqları salamlayır və istedadlı şair Cabir Novruz haqqında məlumata keçid alır.

O bu boyda bir cahanı yaradıb,

Yeri-göyü, asimanı yaradıb,

İnsan onu, o insanı yaradıb,

Bu dünyanın əlifbası-məhəbbət,

Ən ilk nəğmə, ən ilk yazı məhəbbət.

Öz poeziya sələflərinin geniş səmasının ənginliklərində cəsarətlə qanad çalan xələflər içərisində görkəmli şairimiz Cabir Novruz özünəməxsus yer tutur. Bu şairin ədəbi simalarımız içərisində öz dəst-xətti və yaradıcılıq yolu vardır. Onun yaradıcılıq aləminə daldıqda qəribə bir mənzərənin şahidi olursan. Sanki göy guruldayır, şimşək çaxır, leysan tökür, ancaq bir azdan elə bil hava yox olur, səma aydınlaşır, günəş şəfəqləri bərq vurur, təbiətdən bahar təravəti, bahar ətri gəlir. Şairin hər bir misrası ürəyə məlhəm qoyur, insanı həyata yenidən möhkəmcə bağlayır. Həyatın rəngarəngliyi, coşqun bulaqların, yamyaşıl dağların, ömrə rövnəq verən meşələrin, dosta hörmətin, düşmənə nifrətin, müqəddəs analara sönməz məhəbbətin nə demək olduğunu yaxşı bilmək istəyirsinizsə, Cabir Novruzun əsərlərini diqqətlə oxuyun. Şairin yaradıcılığı xalqımızın həyat tərzi, məişəti, əməyi, hünəri ilə möhkəm bağlıdır. Məlumdur ki, öz kökü, rişəsi ilə möhkəm bağlananda daha çox tanınır və sevilir. Bu baxımdan şairin yaradıcılığı həm doğma respublikamızda həm də, ümumiyyətlə, insanların həyatı ilə ayrılmaz şəkildə bağlıdır. Şair sənətin qüdrətinə, onun əbədiliyinə inanır. “Siz qalsanız bəsimdir” adlı şeirindən bir parçaya diqqət yetirək:

...Damarıma, qanıma,

canıma hopmusunuz,

İlhamımla qurduğum

evimsiniz siz mənim!

Şənliyimsiniz mənim,

eynimsiniz siz mənim!

Sənətə məsuliyyət hissi ilə yanaşmağı, onun fədaisi olmağı bu misralar parlaq şəkildə əks etdirir.

Cabir Novruz yaradıcılığındakı realizm, xəlqilik onun tükənməz istedadının əbədi mehmanıdır. Şairin yaradıcılığı ilə yaxından tanışlıq göstərir ki, o heç vaxt mövzu üçün darıxmamış, “nə yazım”, “nədən yazım” barədə çətinliyə düşməmişdir. Çünki həqiqi sənətkar üçün qələm çalmağa mövzu məhdudiyyəti yoxdur. Onun fitri istedadı ilə müşahidəsinin nəticəsi idrakda birləşir, ürəyinin qaynar kürəsində sətirlər bişir, qanadlı nəğmətək ünvandan-ünvana uçurlar. Şairin poeziya çələnginin ən rayihəli, ən ətirli çiçəkləri anamız Azərbaycandır. Cabir Novruz poeziyasının da bütün məğzini, ulu diyarımız Azərbaycanın vəsfi təşkil edir:

Hər çiçəyin, hər yarpağın əsillidir, nəsillidir.

Hər işığın, hər çırağın bir səadət vüsalıdır.

Hər doğulan təzə balan bir mənə böyük təsəllidir,

Şeirim, sözüm, toy-düyünüm, nəğməm mənim,

Azərbaycan xalqım mənim

Şairin yaradıcılığının mayası orijinallıq, qayəsi humanizmdir: ...

Mənə oğul deməyinlə ölməzəm,

Bircə tikə çörəyinlə ölməzəm,

Bircə solmuş çiçəyinlə ölməzəm,

Bircə əsim küləyində səsim var...

Bu misralar hissə, duyğuya yalçın qayalar arxasından qıjıltı ilə axıb yerə tökülən şəlalənin səsindən daha təsirlidir.

Sənətkarın böyüklüyü ondadır ki, o, seyrci deyil, canlı müşahidəçi olsun. Həmin müşahidələri sonradan gerçəkliklə möhkəm bağlaya bilsin. Cabir Novruzda bu cəhət qüvvətlidir. “Anam Qızılgülə” şeiri bu baxımdan xarakterikdir. Sanki şair anbaan, günbəgün doğma anasının bütün cizgilərinin dəyişdiyini, qocaldığını, nuraniləşdiyini diqqətindən yayındırmayıb. Əlbəttə, bu mənzərəni şairin təkcə gözləri deyil, kövrək qəlbinin bəsirəti də görmüş, duymuşdur:

...Sənin üzündəki saysız qırışlar,

Mənim qəmlərimdir, kədərlərimdir.

Səndə o mənalı baxışlar ki, var,

Mənim qızıl saçlı səhərlərimdir.

C.Novruzun şeir və poemaları, bütövlükdə əsrləri sənətkarın bədii düşüncəsinin, yaradıcılq yolunun təkrarolunmaz mənzərəsi, düşündürücü güzgüsüdür. Cabir Novruz elə bir şairdir ki, onun yaradıcılığına müraciət etmək, şəxsiyyətindən söhbət açmaq çox çətindir. Cabir Novruz dünyasını çox tez dəyişdi. Hələ də inanmaq olmur ki, şair bu həyatda yoxdur. Cabir Novruz həm ruh etibarilə, həm fiziki, həm də mənəvi cəhətdən çox sağlam adam idi. Bu Azərbaycan ədəbiyyatı üçün çox ağır oldu. Cabir Novruz dərin düşüncəli müdrik, dinamik, poetik, coşqun tribun şairidir. Məhz belə şairlər öz dövrünün xüsusiyyətlərini, faciələrini, müvəffəqiyyətlərini açıq şəkildə boğa bilir və bu mənada tarixə çevrilirlər. C. Novruzun şeirləri başdan-ayağa, öz keçmişinə ricətdir. Cabir Novruz bir şeirdə, demək olar ki, on-on beş problemə toxunub və onların həllinin yolunu da göstərib.

Vətənpərvər şair Cabir Novruzun 85 illik yubileyi ilə əlaqədar olaraq, keçirilən maraqlı tədbirlərdən biri də “Mən şairəm, mənim kimi bir varlı doğulmayıb” adlı ədəbi-bədii gecə keçirtmək olar.

Ədəbiyyat siyahısı

Əsərləri

Kitablar

Latın qrafikası ilə

Seçilmiş əsərləri : şeirlər, poemalar. - Bakı : Lider nəşriyyatı, 2004. - 288 s. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub.



Kiril qrafikası ilə

Seçilmiş əsərləri. İki ciliddə, 1-ci cild : şeirlər. - Bakı : Yazıçı, 1982. - 340 s.

Bir dünyam var : şeirlər və poemalar. - Bakı : Gənclik, 1974. - 170 s.

Bizim əsr : şeirlər və poema. - Bakı : Azərnəşr, 1968. - 60 s.

Həyat, sən nə qəribəsən : şeirlər. - Bakı : Azərnəşr, 1971. - 154 s.

İllərin ömrü : şeirlər. - Bakı : Azərnəşr, 1965. - 112 s.

İnsan himnləri : şeirlər və poemalar. - Bakı : Yazıçı, 1978. - 202 s.

Nə qədər ki, sağam : şeirlər. - Bakı : Gənclik, 1980. - 185 s.

Nənələr, babalar, nəvələr : şeirlər və poemalar. - Bakı : Gənclik, 1985. - 52 s.

Poemalar. - Bakı : Yazıçı, 1983. - 246 s.

Taleyin töhfələri : şeirlər və poemalar. - Bakı : Gənclik, 1972. - 143 s.

Haqqında

Kitablarda

Xəyal S. Cabir Novruzun itmiş əlyazmaları // Dünən-bugün o tay- bu tay. – Bakı : MBM, 2010. – S.65-76.

Xəyal S. Cabir Novruz yaradıcılığında musiqiyə qiymət // Mədəniyyəti incəsənəti yaşadanlar. - Bakı : MBM, 2010. – S. 57-59.

Şair Cabir Novruz // Müasir Azərbaycan ədəbiyyatı : dərslik. - Bakı : Bakı Universiteti nəşriyyatı, 2007. - C. I. - S. 363-365.



Tərtib edən:

Metodika və biblioqrafiya şöbəsinin müdiri: Rəna Hüseynova.

Kompüter dizayneri:

Metodika və biblioqrafiya şöbəsinin metodisti: Aygün İbrahimova.
Yüklə 72,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin