Çoxmetodlu azərbaycan əDƏbiyyati (MÜSTƏqillik döVRÜ)



Yüklə 55,48 Kb.
tarix17.11.2018
ölçüsü55,48 Kb.
#82696
növüYazı

ÇOXMETODLU AZƏRBAYCAN ƏDƏBIYYATI (MÜSTƏQILLIK DÖVRÜ)

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı milli ədəbiyyatımızın inkişafı tarixində mühüm tarixi hadisə və xüsusi ədəbi mərhələdir. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında müstəqil dövlətçilik ideyaları XX əsrin əvvəllərindən etibarən formalaşmağa başlamışdır. Mollanəsrəddinçilər və cümhuriyyətçi yazıçılar Azərbaycan ədəbiyyatında dövlət müstəqilliyi ideyalarının möhkəm təməllərini formalaşdırmışlar. Xüsusi çətinliklərə baxmayaraq, sovet rejimi çərçivəsində Azərbaycan yazıçı və şairlərinin yaratdıqları zəngin vətənpərvərlik poeziyası mahiyyət etibarilə milli müstəqilik düşüncəsinin möhkəmlənməsinə xidmət etmişdir. Ona görə də yeni tarixi epoxada «Molla Nəsrəddin» ədəbi məktəbinin açıq-aydın şəkildə meydana qoyduğu azərbaycançılıq ideyaları, ölkənin coğrafi sərhədlərinin real olaraq təsəvvür edilməsi və qorunub möhkəmləndirilməsi, ana dili, milli oyanışı ilə bağlı böyük ideallar müstəqil dövlətçiliyə nail olmağın və bu dövrün özünəməxsus ədəbiyyatını yaratmağın həlli zəruri olan problemlərə çevirmişdir. Vaxtilə böyük demokrat yazıçı, milli istiqlal ədəbiyyatının sərkərdəsi Cəlil Məmmədquluzadənin azərbaycançılıq ideyalarına və istiqlal uğrunda mübarizəyə həsr edilmiş əsərləri və mollanəsrəddinçilik hərəkatının – azərbaycançı milli-mənəvi birliyi və müstəqil dövlət ideyasını özündə birləşdirən çağırışları yeni şəkildə böyük ədəbiyyatı düşündürməyə başlamışdır. Sovet hakimiyyəti illərində ədəbiyyatda canlandırılan vətənpərvərlik ideyalarının dərin mahiyyətindəki müstəqillik düşüncəsinə də yaradıcılıqla nəzər salınmışdır. Xüsusən, XX əsrin yetmişinci və səksəninci illərinin əvvəllərində Azərbaycanda dövlət səviyyəsində dəstəklənən və uğurla həyata keçirilən ümummilli ideyaların Azərbaycan ədəbiyyatı və ictimai fikrindəki böyük əks-sədası və xalqı gələcək dövlət müstəqilliyinə hazırlamaqda mühüm əhəmiyyət kəsb etmiş ədəbiyyatın enerjisi müasir ədəbi prosesi idarə etmək üçün daha da canlandırılmışdır. Dövlət müstəqilliyi ərəfəsində, xüsusən Dağlıq Qarabağ probleminin meydana çıxdığı 1988-1990-cı illərdə Azərbaycan ədəbiyyatının ölkənin ərazi bütövlüyü və xalqın milli azadlığı uğrunda apardığı mübarizə, bu ruhda yaranmış bədii əsərlər dağılmaqda olan sovet imperiyasına ağır zərbə vurmuş, dövlət müstəqilliyinin qaçılmazlığını meydana qoymuşdur.

Müstəqil Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixdə imzaladığı İstiqlal Bəyannaməsi cəmiyyət həyatında və ədəbiyyatda bütün cəbhə boyu milli, azad, demokratik düşüncənin inkişafına start vermişdir. Bu, həm də milli-demokratik məfkurə əsasında yaranan yeni tipli ədəbiyyatın və ictimai fikrinin də bəyannaməsi demək idi. Ölkədə müstəqil dövlətin yaranmasının həyəcanını ifadə edən poetik nümunələrin və publisistikanın nikbin reaksiyası müstəqillik dövrü ədəbiyyatının ilk şəfəqləridir. Ədəbiyyatın hadisələrə və insana münasibət də yanaşmaların dəyişməsi, bədii fikirdə müstəqil dövlətçiliyin maraqları və məsuliyyətinin nəzərə alınması tədricən hiss olunmağa başlanmışdır. Lakin yeni dövlət quruculuğunun başlanğıc dövrünün xaosu, iqtisadi böhranı, qeyri-sabit həyat tərzi, cəbhə xəttindəki uğursuzluqlar ədəbiyyatda dövlət müstəqilliyi hadisəsindən bəhs edən geniş həcmə malik, dərin və əhatəli əsərlərin yaranmasını gecikdirmişdir.

Dağlıq Qarabağda ərazilərin işğalı, qaçqın və köçkün axınlarının yaratdığı böyük çətinliklər, şəhidlərin qapıları döyməsindən doğan fəryadlar cəmiyyətdə təbii olaraq birmənalı qarşılanmamışdır. Baş verən hərbi-siyasi və iqtisadi-mənəvi çətinliklərin bəzən hətta ümidsizlik doğurması ədəbiyyatda bir çox hallarda durğunluğa və məyusluğa şərait yaratmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 21 sentyabr 1993-cü ildə Azərbaycan ziyalıları ilə Elmlər Akademiyasında görüşündə irəli sürdüyü fikirlər, oyatdığı böyük ümid, qarşıya qoyduğu məsul vəzifələr müstəqilliyin inkişaf edib möhkəmləndiriləcəyinə inamı qüvvətləndirmişdir: «İndii respublikamız ağır vəziyyətdədir. Təsəvvür edin ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin…

…Azərbaycan indi təxminən belə vəziyyətdədir. …Ancaq əgər mən bu vəzifəni öz ürəyimə götürmüşəmsə, deməli, Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını (əlbəttə, xalqla, onun ağıllı, düşünən adamları ilə birliklə) arayıb-axtarmağı bacararam».1

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin cəmiyyət həyatının digər sahələri kimi, ədəbiyyat və incəsənətin, elmin və mədəniyyətin inkişafına göstərdiyi böyük diqqət və qayğı, həyata keçirdiyi məqsədyönlü islahatlar keçid dövrü kimi məsuliyyətli bir mərhələnin adlanmasına şərait yaratmışdır. Azərbaycan Elmlər Akademiyasının, Yazıçılar İttifaqının dağılmaqdan və onun mətbu ədəbi orqanlarının bağlanmaqdan xilas edilməsi, dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsinin təmin olunması, ağsaqqal nəsl yazıçılar üçün Prezident təqaüdünün, istedadlı gənc ədəbi nəsl üçün isə Prezident mükafatının təsis edilməsi, yubileylərin keçirilməsi ölkədə beyin axınının qarşısını almış, yaradıcı insanlara yenidən qol-qanad vermişdir. Ədəbiyyat özünə gəlmiş, müstəqillik ab-havası ilə nəfəs almağa başlamışdır. Bu zəmində XXI əsrin əvvəllərindən etibarən ölkədə və dünyada gedən proseslərin dərkindən doğan və irəliyə baxan ədəbiyyatın cürətli addım səsləri artıq eşidilməyə başlamışdır.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı aşağıda qeyd olunan iki mərhələdə inkişaf etmişdir:



  1. Müstəqillik axtarışları və yeni epoxanın ədəbiyyatının formalaşması

  2. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf edib möhkəmlənməsi

Müstəqillik uğrunda mübarizənin mövcud gerçəklikləri Azərbaycan ədəbiyyatına öz mövzularını gətirmişdir. Azərbaycan ədəbiyyatında mövcud ənənəvi janrların intonasiyası dəyişmişdir. Ədəbiyyatda milli ruh, vətəndaşlıq mövqeyi, həyəcan, çağırış, birlik və vətənpərvərlik duyğusu qüvvətlənmişdir. 20 yanvar, şəhidlik və milli istiqlal mövzusu Azərbaycan ədəbiyyatının tarixi salnaməsinə yeni motivlər, fərqli obrazlar, təsirli səhifələr əlavə etmişdir. Bəxtiyar Vahabzadənin «Şəhidlər» poeması elegiya yox, milli istiqlal marşının nidaları kimi səslənmişdir. Xəlil Rza Ulutürkün «Davam edir 37» şeirində hələ ayaqda olan sovet imperiyasına milli istiqlala köklənmiş xalqımızın hərbə-zorbası əks-səda tapmışdır. Məmməd Arazın, Sabir Rüstəmxanlının, Hidayətin, Zəlimxan Yaqubun, Rüstəm Behrudinin və başqalarının şeirlərindəki imperiya mifini dağıdan düşüncələr, kəsərli fikirlər Azərbaycan ədəbiyyatında müstəqil dövlətçilik qayəsinin dərinləşməsinə və möhkəmlənməsinə xidmət etmişdir.

Məmməd Aslanın «Ağla, qərənfil, ağla» şeiri 20 yanvar faciəsinin ümummilli elegiyası kimi yaranmışdır. Hidayətin hazırlayıb nəşr etdirdiyi «Qara yanvar», «Didərginlər» kitablarında toplanmış əsərlər bütünlüklə müharibə və qaçqınlıq mövzusuna həsr olunmuşdur. Qarabağ – müharibə mövzusu olmaqdan çox, milli istiqlal mövzusuna çevrilmişdir. Xocalı faciəsi Azərbaycanda ölkənin ərazi bütövlüyü uğrunda aparılan mübarizənin faciəli səhnələrini ədəbiyyata gətirmişdir. Nürəngiz Günün «Xocalı simfoniyası» əsəri anaların fəryadı üstündə köklənmişdir. Azərbaycan ədəbiyyatında çağırış poeziyası qüvvətlənmiş, publisistikanın vətəndaşlıq kəsəri artmışdır.

Azərbaycan ədəbiyyatında dövlət müstəqilliyinin başlanğıc illərinin nəsrinin ilk addımları atılmışdır. Anarın «Otel otağı» romanında Qarabağ müharibəsinin fonunda ölkəni tərk edib getmiş ziyalının faciəsi təqdim olunmuşdur. Sabir Əhmədovlinin «20 yanvar hekayələri», İsi Məlikzadənin «Məndən nigaran qalmayın», Əliabbasın «Halal qan», Xalidə Hasilovanın «Yollara yağan qanlı qərənfillər», «Kəşfiyyatçı» və sair hekayələrində artıq müharibə mövzusunun ayrı-ayrı məqamları təsvir edilmişdir. Yeni tarixi mərhələdə qaçqınlıq da öz ədəbiyyatını yaratmışdır. Elçin Hüseynbəylinin «Qumru quşu», «Kəndə gün çıxanda qayıdacığıq», Əli Səmədlinin «Gəlin gəlir», Kamran Nəsirlinin «Qoca uşaq» hekayələrində qaçqın həyatının məşəqqətli tabloları canlandırılır. Sabir Rüstəmxanlının “Meydan” romanı müstəqillik uğrunda mübarizənin bütün mahiyyəti ilə real şəkildə dərk olunmasına xidmət edir.

Yeni mərhələnin dramaturgiyası əsas diqqəti yaxın keçmişdən miras qalan baxışlarla yeni həyat tərzinin, müasir yanaşmaların toqquşmasından doğan proseslərə yönəltmiş, nəticə etibarilə irəliyə doğru hərəkata təkan vermək funksiyasını həyata keçirmişdir. Xalq yazıçısı Elçinin dram əsərlərinin səhnəyə çıxarılması ilə Azərbaycanda absurd teatr yaranmışdır. Kamal Abdulla posmodernist dramın da əsas yarıcısı kimi çıxış etmişdir. Azərbaycan səhnəsinin mövzuları da, obrazları da, səs temberi də dəyişmişdir. Beləliklə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı bütün istiqamətlərdə formalaşma prosesi keçirmişdir.

XXI əsr həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatının özünütəsdiq mərhələsidir. Bu dövrdə artıq müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğunun inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin dərinləşməsi və sabitləşməsi ədəbiyyatın da həyatı və insanı daha dərindən, əsaslı şəkildə, milli meyarlara və dövlətçilik maraqlarına həmahəng surətdə inkişafını təmin etmişdir. Azərbaycan ədəbiyyatşünaslıq elminin haqlı qənaətinə görə «son on, on beş ildə Azərbaycan ədəbiyyatı inkişaf edərək yeni bir keyfiyyət göstərmişdir. Bu, dünya xalqları içərisində öz səsi, öz yeri olan bir xalqın, millətin ədəbiyyatıdır. Post-sovet respublikaları üzrə ən sürətlə inkişaf edən, …göstəricilərinə görə heyrət doğuran bir ölkənin ədəbiyyatıdır.

… Azərbaycan ədəbiyyatı bütövlükdə Azərbaycançılıq ideologiyası zəminində inkişaf edir.

…Müasir Azərbaycan ədəbiyyatı çoxvektorlu, çoxsəsli ədəbiyyatdır. …Bu gün Azərbaycan ədəbiyyatı müxtəlif bədii-estetik təmayüllərin təmsil olunduğu rəngarəng bir mənzərə yaradır. Milli ədəbiyyatın dünya ədəbi prosesinə inteqrasiyası güclənir».1

Bütövlükdə müstəqillik dövrünün ədəbiyyatı yeni Azərbaycanın və onun qurucuları olan müasir insanın bədii obrazını təqdim edir.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında altmışıncılar və yetmişincilər ədəbi nəsilləri ilə yanaşı, yeni tarixi epoxanın meydana çıxardığı müasir yazıçılar nəsli də yaxından və fəal iştirak edir. Daha doğrusu, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı öz yaradıcılarını da yetirib formalaşdırmışdır. Afaq Məsud, Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Aqil Abbas, Rəşad Məcid, Rüstəm Behrudi, Əjdər Ol, Elxan Zal, Sona Vəliyeva, Seyran Səxavət, İlqar Fəhmi, Səyyad Aran, Nəriman Əbdürrəhmanlı, Sara Oğuz, Adil Cəmil, Rafiq Yusifoğlu, Yunis Oğuz, Vaqif Məmmədov, Xanəli Kərimli, Muxtar Qasımzadə, Elçin Hüseynbəyli, Əliabbas, Asim Yadigar və başqaları müstəqillik dövrü ədəbiyyatının əsas aparıcı arsenalını təmsil edirlər. Eyni zamanda, bilavasitə müstəqilliyin yetirməsi olub, bu dövr ədəbiyyatını yaradanların sıralarında özlərini təsdiq edən Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu, Qanturalı, Şəmil Sadiq, Əkbər Qoşalı, Şərif Ağayar, Aqşin Yenisey, Seymur Baycan, Müşfiq Xan, Elxan Qaraqan, Murad Köhnəqala, Rasim Qaraca, Elxan Yurdoğlu və başqaları artıq böyük ədəbiyyat yollarında çalışmaqda davam edirlər.

Dövlət müstəqilliyinin 25 ili ərzində Azərbaycanda müxtəlif ədəbi baxışları və fərqli üslubları əhatə edən çoxmetodlu ədəbiyyat formalaşmışdır. Başlanğıc mərhələdə əvvəlcə ədəbi qruplar və birliklər meydana gəlmiş və ədəbiyyatın hər hansı bir yeni istiqamətdə inkişafında maraqlı olduqlarını bəyan etmişlər. Bu zəmində XX əsrin doxsanıncı illərində yaranmış “Baca” (Rasim Qaraca), “Ağ yol”, “Avanqard” (Dəyanət Osmanlı), “Dəniz” (İbrahim İlyaslı), “Ay işığı” (Ramiz Qusarçaylı), “Yeni Yazarlar və Sənətçilər Qurumu” (Aydın Xan), “Dünya Gənc Türk Yazarlar Birliyi” (Əkbər Qoşalı), “Ədəbi klub” (Əjdər Ol), “Sözün davamı” (Elçin Mirzəbəyli), “Şəms” (Simuzər Baxışlı), “Xatun” (F.Hacıyeva), “Pərvanə ədəbi məclisi” (Qəşəm Nəcəfzadə), “Nöqtələr” (Bilal Alarlı), “Eqo Yaradıcılıq ordeni” (Elçin Hüseynbəyli) və sair ədəbi qruplar, birliklər və əclislər müxtəlif niyyətlərin daşıyıcıları olsalar da geniş mənada yeni tarixi şəraitdə ölkədə demokratik ədəbi mühit formalaşdırılmasına şərait yaratmış, çoxsəsli ədəbiyyatın yaranmasının hərəkətverici qüvvəsinə çevrilmişdir. Bir çox hallarda bu ədəbi qruplar arasında gedən yaradıcılıq mübahisələri, hətta onlardan bəzilərinin Azərbaycan Yazıçılar Birliyi ilə üz-üzə gəlmələri nəticə etibarilə ədəbiyyatda fikir müxtəlifliyinin, metodların və üslubların mübarizəsinə meydan açmışdır. Ədəbi tənqidin qeyd edildiyi kimi, “ötən əsrin təcrübəsi də bir məramı təsdiqləyir: qruplar, dərnəklər, birliklər, manifestlər gərəkli hava, mühit, zəmin yaradır, istedadlara ədəbiyyat gəlmək, özünü ədəbiyyatda tapmaq üçün yalnız vəsilə olur. Bugünün ədəbiyyatını yaradanların sırasında 1990-cı illərin mürəkkəb ictimai-tarixi və ədəbi-mədəni mühitini dəf edib, imza qazananlar, imzasını təsdiqləyənlər çoxdur”.1

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı belə çətin, ağrılı, lakin zəruri prisesləri keçərək çoxmetodlu ədəbiyyat kimi formalaşmışdır. Fikrimizcə, müstəqillik epoxasında ədəbi cərəyanların yaranmasında adı çəkilən ədəbi qrup və birlikləri mühüm rolu olmuşdur. Daha doğrusu, yeni epoxanın ədəbi cərəyanları ədəbi qrupların və birliklərin yaratdığı demokratik yaradıcılıq mühitinin əsasında formalaşmışdır. Əvvəlcə ayrı-ayrı ədəbi qruplarda və birliklərdə təmsil olunan yeni və orta nəsil yazıçı və şairlər XXI əsrdə meydana çıxmış ədəbi cərəyanlarda özlərin tapmışlar.

XXI əsrin doxsanıncı illərində eksperimentlər şəkilndə meydana çıxan yaradıcılıq axtarışları zamanın süzgəcindən keçərək Mirzə Ələkbər Sabirin sözləri ilə desək, «yağı yağ üstə düşür, ayranı – ayranlıq olur». Artıq müstəqillik dövrünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar: postmodernizm, dekadentizm, magik realizm ədəbiyyat meydanındadır. Kamal Abdullanın ətrafında formalaşan postmodernizm ədəbi cərəyanı tərəfdarlarının artmaqda davam etməsi və müxtəlif janrlarda yeni əsərləri meydana gətirməsi ilə inkişaf etməkdə davam edir. Postmodernizmin çoxgedişli imkanları ilə müasir cəmiyyətdəki fərqli inkişaf və baxış istiqamətləri bu ədəbi cərəyanın müəyyən perspektivlərə malik olduğunu göstərir. Bundan başqa xalq yazıçısı İsa Hüseynovun yaradıcılığındakı dönüş əsasında formalaşmış magik realizm də dini təmayülçülüyə meyl edən mistik realizmdən tədricən uzaqlaşaraq özündə inanclarla yanaşı mifoloji baxışı, folklor motivlərini, cəmiyyət hadisələrində ideal axtarmaq meyllərini də birləşdirdiyi üçün yeni nəfəs qazana bilmişdir. Keçən əsrin doxsanıncı illərinin ümidsizlik, çaşqınlıq, çöküş, böhran əhval-ruhiyyəsi üstündə köklənmiş dekadentizm Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi, Qulu Ağsəs, Rasim Qaraca və başqaları kimi müxtəlif ədəbi nəsilləri təmsil edən yazıçıların timsalında ədəbi cərəyan səviyyəsinə qalxmışdır. Ialik Azərbaycan cəmiyyətində çöküş dövrü, böhran halları artıq arxada qaldığı, ölkədə böyük inkişaf prosesləri getdiyi üçün ədəbiyyatda dekadentizmin meydanı daralmışdır. Dekadans şairlərin indi mənəviyyatdakı çöküşdən bəhs edən əsərlər yazmaları da uzun müddətli perspektiv vəd etmir. Tədricən hiss olunur ki, dekadentizm cərəyanı yeni romantizmi doğurmaq üzrə inkişaf edir.



Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında ən davamlı ədəbi cərəyan kimi tənqidi realizm çıxış edir. XX əsrin altmışıncı illərindən yeni ədəbi nəsil keçən yüzilliyin əvvəllərində meydana çıxıb, böyük ədəbiyyat şedevrləri yaratmış tənqidi realizm ədəbi cərəyanı və həm də bu axının böyük yaradıcı Cəlil Məmmədquluzadənin adı ilə bağlı olan ənənələri müasir şəraitə uyğun olaraq yenidən yaradıcılıqla “bərpa” etmişdir. Əsrin əvvəllərinin “kiçik adam”ının yeni zamandakı davamçıları olan Məmmədnəsirlər və Balaqədeşlər “altmışıncıların” ədəbiyyatında zühur etmişdir. İnsan ideoloji statusu ilə yox, gerçək adi həyatı və dərin mənəviyyatı ilə ədəbiyyatda canlandırılmışdır. Cəmiyyətin vəsfi tərənnümü deyil, tənqidi dərki ədəbiyyatda öz əksini tapmışdır. Əslində bu xüsusiyytələrin heç biri sosialist realizmi ilə tam səsləşmirdi. Bu, həqiqətən tənqidi realizm ədəbiyyatı nümunəsi idi. Lakin XX əsrin altmışıncı illərində bunu tənqidi realizm adlandırmaq odla oynamaq demək olardı. Ona görə də Azərbaycan ədəbiyyatının yeni dövr tnqidi realizmini təmsil edən “altmışıncılar” sosialist realizmini inkar etmədən, yaxud yeni bir ədəbi cərəyan yaratdıqlarını bəyan etməyərək, tutduqları gerçəkçi ədəbiyyat yolunu davam etdirmişlər. Bu proses 70-90-ci illərdə Azərbaycanda Heydər Əliyev epoxası dövründə ölkədə yaranmış münbit şəraitlə əlaqədar olaraq daha da dərinləşmiş və yeni bir keyfiyyət halına gəlmişdir. Müstəqillik dövründə də yaradıcılıqlarını uğurla davam etdirən “altmışıncılar” və artıq onlarla birlikdə addımlayan yeni ədəbi nəsil Azərbaycan tənqidi realizminin cəbhəsini genişləndirmişlər. Hazırda müstəqillik dövrü Azərbaycan ədəbiyyatında klassik “altmışıncılar” ədəbi nəslinin görkəmli nümayəndələri olan xalq yazıçıları Anar və Elçin, xalq şairi Fikrət Qoca ilə, yetmişincilər ədəbi nəslini təmsil edən xalq şairi Sabir Rüstəmxanlı, Fərman Kərimzadə, Hidayət, Aqil Abbas, Seyran Səxavət, Məmməd Oruc, müstəqilliyin yetirmələri olan Əjdər Ol, Əlabbas, Sara Oğuz, Elçin Hüseynbəyli, Aslan Quliyev, Ağayar Şərif, Azad Qaradərəli.......................................................................... və başqaları ilə birlikdə yeni dövr Azərbaycan tənqidi realizmini inkişaf etdirir, həmin istiqamətdə yazdıqları ciddi bədii əsərlərlə bu ədəbi cərəyanı forma və məzmunca daha da zənginləşdirirlər. Konkret tarixi şəraitdə eyni bədii metod mövqeyindən çıxış edən ədəbi cəbhənin genişlənməsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni tipli tənqidi realizm cərəyanını formalaşdırmışdır. Klassik tənqidi realizmdən fərqli olaraq, müasir dövrün tənqidi realizm ədəbi cərəyanı ifşa yolu ilə getməyərək müasirlik mövqeyindən cəmiyyətin dərin və əsaslı bədii dərkini meydana qoyur, yeni insanın gerçək obrazlarını yaradır, insan mənəviyyatına zərər gətirən, milli-mənəvi dəyərlərə zərbə vuran hallara qarşı şıxış edirlər. Bu mənada yeni mərhələ üçün “tənqidi realizm” anlayışındakı “tənqid” sözü tənqidi realizmin klassik təyinatındakı eyni ifadənin daşıdığı mənanı tam əks etdirmir. Ona görə də müstəqillik dövrünün tənqidi realizmini yeni adla – “gerçəkçi realizm” kimi ifadə etmək daha məqsədəuyğundur. Doğrudur, realizm anlayışının özü də gerçəklik deməkdir. Lakin buradakı “izm” ifadəsi artıq gerçəkliyi deyil, reallığı əks etdirən ədəbi cərəyanı bildirir. Gerçəkçi realizm – həyatı, insanı, cəmiyyəti obyektiv meyarlarla əks etdirən, dərindən qavranmağa kömək edən, irəliyə doğru hərəkata təkan verən ədəbi cərəyandır. Bu isə öz növbəsində tənqidi realis ədəbiyyatın ölkədə müstəqil dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilib möhkəmləndirilməsində müasir tənqidi realist ədəbiyyatın yaxından iştirak etdiyini nümayiş etdirir.

Hələ ki, ədəbi cərəyan səviyyəsinə qalxmasa da, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında sürrealizm, postromantizm, sentimentalizm meylləri də müşahidə olunur. Bu inkişaf meyllərindən hansının müstəqil ədəbi cərəyana çevrilməsini Zaman və ədəbi prosesin gedişatı həll edəcəkdir.

Göründüyü kimi, müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatı azərbaycançı mövqeyi, forma və məzmun yeniliyi, cəmiyyətə, insana gerçək münasibəti ifadə etməsi və fərqli bədii metodların və üslubların meydanının genişlənməsi ilə çoxəsrlik milli ədəbi fikrin tarixində yeni mərhələdir.

Ədəbi prosesin təbii axarı cərəyanlardan və üslublardan hansıların ölkə ədəbiyyatında yaşamaq, sabitləşmək haqqına malik olduğunu üzə çıxarır. Bir-birini tamamlayan və yanaşı addımlayan ədəbi cərəyanların və üslubların təkamülü ədəbi mühitin və yaradıcılıq proseslərinin inkişafının demokratik xarakterini nümayiş etdirir. Bu, müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatının gerçək simasıdır. Qeyd edilən ədəbi cərəyanları təmsil edən yazıçılar bədii forma və üslub müxtəlifliyi cəhətdən bir-birlərindən fərqlənsələr də, onları ölkə maraqları və milli mənafelər, insanı dərk və kəşf etmək qayəsi birləşdirir. Beləliklə, ölkəmizdə müstəqilliyin doğurduğu böyük idealları təsvir və tərənnüm edən çoxsəsli Azərbaycan ədəbiyyatı yaranıb inkişaf edir.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı milli ədəbiyyatın böyük örnəklərini meydana qoyur, dünya təcrübəsinə və ölkə reallıqlarına əsaslanmaqla çoxəsrlik Azərbaycan ədəbiyyatını yeni mövzular, cəlbedici bədii formalar, fərqli obrazlarla daha da zənginləşdirməyə uğurla xidmət edir.

Göründüyü kimi, Azərbaycan ədəbiyyatı çoxəsrlik şərəfli yol keçmiş, böyük dühalar, qüdrətli yaradıcı simalar, yeni nəsillər yetirmişdir. Müxtəlif janrlarda yaradılmış ədəbi əsərlər Azərbaycan xalqının milli-mənəvi zənginliyinin güzgüsü, millətimizin ağıl və idrakının möhtəşəm xəzinəsidir. Humanizm, ədalət, azadlıq, yüksək əxlaqi dəyərlər, mənəvi zənginlik və kamillik, birlik və həmrəylik çoxəsrlik Azərbaycan ədəbiyyatının əsas çağırışları və aşıladığı ən mühüm dəyərlərdir. Azərbaycan xalqının təkamülü və inkişafında, dünyaya tanıdılmasında, müasirləşməsində milli ədəbiyyatın mühüm rolu vardır.

Ölkəmizdə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xidmət göstərmək, müasir dünyanı və yeni cəmiyyət quruculuğunu, XXI əsr insanını yüksək bədii səviyyədə təqdim etmək Azərbaycan ədəbiyyatının böyük amalı və müqəddəs borcudur.

Nəticə. Azərbaycan ədəbiyyatı çoxəsrlik inkişaf tarixinə malik böyük ənənələri və görkəmli yaradıcıları olan böyük ədəbiyyatdır.

Azərbaycan ədəbiyyatı köklü milli-mənəvi dəyərlər və ədəbi-tarixi proseslərin reallıqları əsasında formalaşmış və inkişaf etmişdir.

Azərbaycançılıq – çoxəsrlik Azərbaycan ədəbiyyatının məzmunu, ruhu və əsas hərəkətverici qüvvəsidir.

Dünya ədəbi prosesinin və ortaq mədəniyyətlərin də Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus yeri və rolu vardır.

Azərbaycan ölkəsi bir çox ümumdünya sivilizasiyalarının qovşağıda yerləşdiyi üçün bu xalqın ədəbiyyatının da taleyində və təkamülündə sivilizasiya faktorunun əhəmiyyətli dərəcədə payı vardır. Türk sivilizasiyası ilə birlikdə antik sivilizasiya və islam sivilizasiyasının sintezi və vəhdəti intibah dövrü Azərbaycan ədəbiyyatını yaratmış və klassik romantik poeziyanı bütün orta əsrlər dövrü ərzində müşayiət etmiş, onu qodalandırmış, ona qol-qanad vermişdir.

XVIII əsrdən etibarən XX əsrin axırlarına qədərki yaradıcılıq metodları və ədəbi cərəyanlar: erkən realizm. Tənqidi realizm, romantizm Azərbaycan ədəbiyyatının ideya-bədii cəhətdən inkişaf etdirilməsinə və sənətkarlıq baxımından zənginləşdirilməsinə geniş meydan açmışdır. Sosialist realizmi yaradıxılıq metodu müəyyən tarixi dövr ərzində bəlli bir çərçivəyə salsa da onun milli və bəşəri mövqeyini tam qıra bilməmişdir. Bütün çətinliklərə baxmayaraq sovet dövründə də Azərbaycan ədəbiyyatının böyük əsərləri yaradılmışdır.

Müstəqillik epoxasının çometodlu ədəbiyyatı Azəbaycanda bərqərar olmuş demokratik ədəbi mühitin çoxsəsli ədəbiyyatıdır. Gerçəkçi realizm, magik realizm, postmodernizm, dekatantizm ədəbi cərəyanları ətrafında birləşən ən yeni dövr Azərbaycan yazıçı və şairləri ölkə ədəbiyayatının milli dəyərlərə və bəşəri meyllərə uyğun şəkildə ikişaf etdirilməsinə böyük üfüqlər açır. Ölkəmizdə dövlət müstəqilliyi şüurunun oyatdığı milli-mənəvi özünüdərketmə ruhundan doğan Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyası geniş mənada xalqın və ədəbiyyatın qanunauyğun təkamül və inkişaf proseslərini əks etdirməyə xidmət edir. Azərbaycan ədəbiyyatı zamandan-zamana, dövrdən-dövrə daim irəliyə doğru inkişaf edərək təkmilləşmiş, zənginləşmiş və müasirləşmişdir.

Azərbaycan ədəbiyyatı geniş yaradıcılıq imkanları və böyük potensialı ilə özünün yeni inkişaf dövrünü yaşayır.



Dünya ədəbi prosesində özünəməxsus şərəfli yeri olan Azərbaycan ədəbiyyatını xalqın daha böyük gələcəyə doğru inkişafına böyük yol açır.

11 Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Bakı, «Turxan», 2013, səh.36

11 Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. 2 cilddə, II cild. Bakı, «Elm və təhsil», 2016, səh.15-16.

1 Tehran Əlişanoğlu. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı. Bakı, “Qanun”, 2013, səh.195

Yüklə 55,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin