ƏLİ KƏRİM LİRİKASININ ƏSAS MOTİVLƏRİ
Lirika anlayışının fəlsəfi-estetik şərhinə bir çox tədqiqatçıların, o cümlədən də Azərbaycanın mütəfəkkir ədəbiyyatşünaslarının əsərlərində təsadüf edilsə də, bu barədə Hegel tərifi əsas olaraq qalır – dahi filosof göstərirdi ki, lirikanın qəhrəmanı, mərkəzi “personajı” həmin lirikanı yaradanın özü, hər şeydən əvvəl onun daxili aləmidir (52, 501).
B.Q.Belinski də həmin fikri, demək olar ki, davam etdirir: lirikada "predment öz-özlüyündə heç bir dəyərə malik deyil, hər şey subyektin ona göstərdiyi diqqətdən asılıdır" (10, 46).
Azərbaycan ədəbiyyatında lirika həmişə aparıcı janr olmuş, əsrlər boyu xalqın ictimai-mədəni həyatında, mənəvi inkişafında əvəzsiz rol oynamışdır. Buna səbəb, ilk növbədə, lirik şeirin tez bir zamanda oxucu auditoriyasına yol tapması, sinfi və ictimai mənsubiyyətindən asılı olmayaraq, hamının eyni dərəcədə şeiri sevməsidirsə, digər tərəfdən bu janrın insan hisslərini, düşüncələrini dərki ruhi və mənəvi halların ifadəsini daha emosional və təsirli halda təqdim etməsidir. Vaxtilə Səməd Vurğun lirikanın bu xüsusiyyətini nəzərə alaraq yazırdı: "İdeya və emosional dolğunluq lirik poeziyanın mahiyyətini təşkil edir. Lirik poeziyanın zənginliyi və müxtəlifliyi şair qəlbinin çoxtərəfli və zəngin olmasından asılıdır" (76, 326). Puşkin yazmışdır: "Şairi onun canlı və yaradıcı qəlbinin bütün vəziyyətlərində və dəyişmələrində həm kədər, həm də nəşə içində, həm məftun olub göylərə yüksələrkən, həm də hissləri istirahət edərkən, həm Yuvenal qəzəbi ilə coşarkən, həm də onu darıxdıran qonşuya azacıq təəccüb edərkən görmək bizim üçün xoşdur".
Akademik M.Arif isə Azərbaycan lirikasından danışarkən yazır ki: “Ədəbiyyatın bəzi növlərində ədəbi ənənəmiz zəif olsa da, lirika sahəsində biz elə zəngin ədəbi irsə malikik ki, bir çox xalqlar bizə ancaq qibtə edə bilərlər” (55, 5).
Azərbaycan sovet lirikasından danışan böyük tənqidçi xeyli şeir nümunələrini nəzərdən keçirdikdən sonra belə qənaətə gəlir ki: "Nə qədər təəccüblü olsa da, etiraf etməliyik ki, lirik şeirlərimizin çoxunda səmimiyyət, sadəlik və təbiilik çatmır. Bu üç sifət isə həqiqi ilhamın əlamətlərindəndir. Heç bir bədii əsərin süniliyini lirik şeirdə olduğu qədər tez hiss etmək olmaz. Lirika süniliyə daha çox düşməndir. Lirik şeirdə, hər şeydən əvvəl, zəngin fikir və hiss olmalıdır. İdeyalılıqla emosional dolğunluğun vəhdəti lirikaya qüvvət gətirir, onun əldə etdiyi və bundan sonra qazanacağı nailiyyətlərin, onun gözəl sabahının əsasını təşkil edir. Ürəkdən bir zərurət olaraq coşmayan hisslərin bayağılılığı, yaxşı bir tarın simlərində səslənən yanlış pərdələr kimi ən naşı bir qulağa belə xoş gəlməz" (56,167).
Müasir dövrdə lirika daha çox sosial problematika ilə yüklənmiş, şeirin daxili, bir növ, ictimailəşmişdir ki, bunu yalnız sosial-siyasi mövzularda deyil, eyni zamanda məhəbbət, ailə-məişət kimi kifayət qədər fərdi intim mövzularda da müşahidə etmək mümkündür. Odur ki, L.Ginzburqun belə bir fikri ilə razılaşmağa gəlirik. "Qəhrəman (şairin lirikasındakı obrazı) konkret tarixi məzmuna malikdir. O, tarixən sentimental romantik, realist və s. ola bilər" (53, 35).
"Ədəbi proses-78"də poeziya haqqındakı oçerkin müəllifi, tənqidçi Ş.Salmanov doğru olaraq göstərir ki, "Müasir Azərbaycan lirikası bir küll halında götürüldükdə dövrün mənəvi axtarışlarını qavraması, incədən-incəyə mənalandırması səyləri cəhətdən müxtəlif və zəngindir. N.Xəzri, B.Vahabzadə, Qabil, C.Novruz, Q.Qasımzadə, N.Gəncəli, A.Zeynallı, N.Həsənzadə, X.Rza, F.Mehdi, F.Qoca, Ə.Kürçaylı, Ə.Kərim və başqa istedadlı, poetik özünəməxsusluğu olan şairlərin yaradıcılığı bu istiqamətdə inkişaf edir" (13, 77).
Tənqidçi davam edərək yazır ki, epikliyin onlara tamamilə yad olduğunu iddia etmirik, bununla belə, bu şairlər son illərdə daha çox lirika sahəsində çalışırlar.
Poeziyamızın keçdiyi çoxəsirlik inkişaf yolunu izləyərkən lirik şeirin həm forma, həm də ictimai duyğuları ifadə etdiyinin, bəzən bunların bir-birinə qovuşduğunun şahidi oluruq. Uzun müddət lirik şeirə qiymət verərkən məhz mövzunu əsas götürüb “intim lirika”, “ictimai lirika” deyə onu sərhədlərə ayırmış, beləliklə, süni bir bölgü yaranmışdır. Əslində, hər bir lirik şeir müəyyən bir əhval-ruhiyyənin, psixoloji ruhi ovqatın inikasıdır. Burada məhəbbət duyğusu, intim aləmin həyəcanları əks olunduğu kimi, təbiətin gözəllikləri, həyatın, gerçəkliyin təzadları da öz əksini tapa bilər. Lirik şeirdə sırf insani duyğuları, hiss və həyəcanları əks etdirərkən ictimai-fəlsəfi motivlərin, çalarların olması nə qədər təbiidirsə, ictimai-fəlsəfi ruhlu şeirlərdə də şəxsi, subyektiv hisslərin, duyğuların əks olunması bir o qədər təəccüb doğurmur. Yəni lirik şeirdə əsas odur ki, şair öz fikir və duyğularını poetik şəkildə ifadə etsin.
Məşhur Argentina şairi Armando Texado Qomes müxbirlərinə müsahibə zamanı "Siz poeziyaya hansı tələblərlə yanaşırsınız?” sualına cavab verərkən demişdir: "Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun. Mən zarafat etmirəm, düz sözümdür: şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir, şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir” (3, 210).
Deməli, lirik şeiri ənənəvi şəkildə "ictimai-siyasi", "intim-subyektiv" lirika deyə süni şəkildə qruplaşdırmaq yanlış yoldur. Görkəmli tənqidçi Məmməd Arif hələ 60 il bundan öncə yazmışdı: "Biz onu da unutmuruq ki, uzun zaman fərdi və ictimai motivlərin "ziddiyətini ifadə edən lirika bizim dövrümüzdə yeni bir keyfiyyət almışdır. Hər iki motiv arasındakı uçurum aradan qaldırılmışdır. Bugünkü sovet lirikasında artıq fərdi, subyektiv, başqa sözlə desək, intim hisslər eyni zamanda ictimai hisslərdir, əksinə, ictimai hisslər eyni zamanda hər bir sovet vətəndaşı üçün tamamilə şəxsi hisslərdir” (56, 159).
Burada bir məsələni də nəzərdən qaçırmaq olmaz: digər janrlar kimi, lirika da yazıldığı əhval-ruhiyyəni, həmin dövrdə cəmiyyətdə baş verən ictimai-siyasi, mənəvi-psixoloji prosesləri bu və ya digər dərəcədə özündə əks etdirir. Əlbəttə, həqiqi yüksək poetik sənətkarlıqla qələmə alınmış elə lirik şeirlər var ki, həmin şeirlər yazıldığı dövrün əhval-ruhiyyəsini əks etdirməklə yanaşı, gələcək illərdə, hətta sonrakı əsrlərdə belə öz müasirliyini hifz edir. O şeirlər ki, yalnız müəyyən bir dövrün hiss və həyəcanlarını əks etdirir, yalnız həmin dövrün şeiri kimi xatırlanır. Azərbaycan sovet şeirinin keçdiyi yol bunu bir daha sübut edir. Öncə adını xatırlatdığımız akademik M.Arif də həmin məqaləsində doğru olaraq yazmışdır: "İnqilabın ilk illərində gənc sovet şeirinin mövzusu məhdud idi. Çəkic və oraq, azad qadın, Şərq, Aprel və Oktyabr, al bayraq motivlərini təkrar edən lirikanın tərənnüm etdiyi aləm, əlbəttə, geniş deyildi. Lirikada "inqilabi-ictimai" adlanan məhdud mövzu çərçivəsindən kənara çıxmaq, fərdi hiss və duyğuları tərənnüm etmək o zaman, bir növ, əsas siyasi xətdən uzaqlaşmaq kimi hesab olunurdu. Şairin təbiətə, qadına, gözəlliyə qarşı münasibətinə qeyri-zəruri və hətta zərərli bir meyl kimi baxılırdı” (56, 158).
Hərçənd həmin məqalədə ustad tənqidçi yazır ki, sovet məfkurəsi şüurlarda möhkəm yer tutduqdan sonra sovet lirikası öz məzmununu genişləndirir, sovet adamlarının zəngin mənəviyyatı əks olunmağa başlayır. Və bu sovet lirikasının böyük bir qələbəsi idi. Doğrudur, bu fikirdə müəyyən həqiqət var, 30-cu illərdən başlayaraq lirikanın mövzu dairəsi genişlənməyə başlayır. Lakin bu genişlənmə yenə də əsasən, ictimai-siyasi mövzular hesabına olur, lirikada bu dəfə əmək adamlarının və sosializm quruculuğunun tərənnümü ön plana keçir.
Ümumiyyətlə, sovet şeiri – konkret olaraq Azərbaycan sovet şeiri 60-cı illərə qədər daha çox sosialist ideologiyasının təsir cazibəsində olmuş, bu da lirikada birtərəfliliyə gətirib çıxarmışdır. Əlbəttə, müharibə illərində, müharibədən sonrakı dinc quruculuq illərində Azərbaycan şeirində istər mövzu, istərsə də sənətkarlıq baxımından müəyyən irəliləyiş və uğurlar olmuşdur. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəllinin, Əhməd Cəmilin, Mirvari Dilbazinin, Nigar Rəfibəylinin və bunlardan sonra ədəbiyyata gələn nəslin yaradıcılığında lirik şeir əvvəlki illərlə müqayisədə daha zəngin olmuşdur. Bu şairlərin yaradıcılığı iki hissəyə bölünürdü: bir tərəfdən məlum ictimai-siyasi mövzular (Leninin, Stalinin, Oktyabrın, Aprel inqilabının, sosializm quruculuğunun tərənnümü), digər tərəfdən isə heç bir ideologiyaya sığmayan şeirlər (məhəbbətin tərənnümü, təbiətin vəsfi, dünyaya fəlsəfi-idrakı baxış və s.). Ancaq bununla yanaşı, qeyd edilməlidir ki, sosialist ideologiya, sosialist realizmi metodu bəzən adi insani duyğuların, gözəlliklərin tərənnümunə də öz təsirini göstərirdi. Dövr, zəmanə özü də bu şəraiti yaratmışdı. Sovet yazıçılarının II qurultayında S.Vurğunun poeziya haqqındakı məruzəsindəki fikir və mülahizələrinə diqqət yetirsək, bunun əyani şahidi olarıq. S.Vurğun deyirdi: "Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub gedən, gəldi-gedər quşlara bənzəməməlidir. Lirik şeir, mahnı insanın qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizədə kədərli və nəşəli dəqiqələrdə insana yoldaş olmalı, onda nəcib hisslər oyatmalı və beləliklə də, insanı yüksəltməli, onu daha güclü, daha ağıllı və mənəvi cəhətdən zəngin etməlidir" (76, 345).
Bu fikirlər öz-özlüyündə doğrudur, istər həmin dövr, istərsə də sonrakı dövrlər üçün səciyyəvi hesab oluna bilər. Lakin bundan sonra S.Vurğun Sovet poeziyasının tələbləri nöqteyi-nəzərindən çıxış edərək "biz sosializmin əzəmətli poeziyasını yaratmalıyıq" fikrini əsas tezis kimi irəli sürür. Bu da təbiidir və dövrün öz məramını əks etdirirdi. Böyük şair özü də hiss edirdi ki, "lirikanın qarşısında heç bir sədd yoxdur" desə də, əslində çoxlu sədlər, maneələr var... Bir az artıq yaşasaydı, S.Vurğun yeni, novator ruhlu poeziyanın önündə gedəcəkdi.
Əli Kərimin ədəbiyyata məhz belə bir dövrdə – 50-ci illərdə gəldi. Bu, elə bir dövr idi ki, Azərbaycan sovet poeziyasının yaradıcıları ədəbiyyatda böyük təsir gücünə malik idilər, onlar 30-cu illərdə və müharibə dövründə xalq arasında kifayət qədər tanınmışdılar. S.Vurğun, R.Rza, S.Rüstəm öz poetik nümunələri ilə xalqın ürəyinə daha çox yol tapmışdılar. Xüsusilə S.Vurğun öz poeziyası ilə Ümumittifaq miqyasında müasir Azərbaycan poeziyasının göstəricisi (örnəyi) səviyyəsində qəbul və etiraf olunurdu. S.Vurğunun əsərləri xarici ölkələrdə də nəşr və təbliğ olunurdu. Buna səbəb təkcə onun dünyanın müxtəlif ölkələrində SSRİ-ni və Azərbaycanı təmsil etməsində deyildi, əsas səbəb S.Vurğun poeziyasının sənətkarlıq gücündə və qüdrətində idi. O dövr poeziyasının başlıca xüsusiyyətlərinə çevrilən romantik pafos, fəlsəfi mətləblər, xəlqilik, vətənpərvərlik S.Vurğun poeziyasında daha bariz nəzərə çarpırdı. Ona görə heç də təəccüblü deyil ki, istər müharibə illərində, istərsə də müharibədən sonra ədəbiyyata gələnlər yaradıcılığının ilk dövrlərində S.Vurğun poeziyasından təsirlənmişlər.
Tənqidçi-filosof Asif Əfəndiyev S.Vurğun poeziyasının şöhrətini, bir poetik məktəb səviyyəsinə yüksəlməsini çox doğru olaraq belə izah etmişdir: "S.Vurğun qanadlı fəlsəfi poeziya ustası idi. Onun estetik aləmindəki genişlik heyrət doğurur. Məhəbbət, fəlsəfi düşüncələr, dramatik kolliziyalar, həzin, incə musiqi, adi və qeyri-adi qəhrəmanlar, dövrün dialektik ziddiyətləri S.Vurğunun möhtəşəm poetik aləminə sığırdı. Təbii və yetkin novatorluq, ilham narahatlığı, qüdrətli təb, coşğunluq, adi həyat hadisələrinə fəlsəfi yüksəklikdən baxmaq bacarığı, romantik genişlik, milli müəyyənlik və başqa bu kimi keyfiyyətlər S.Vurğunu Azərbaycan sovet şeirinin böyük ustadına çevirdi. Bu xüsusiyyətlər S.Vurğun yaradıcılığına ümumbəşəri bir məna gətirdi. Bugünkü poeziyamızda elə bir güclü meyl yoxdur ki, o, bu və ya başqa dərəcədə S.Vurğun ənənələrinə bağlanmasın (15, 60-61).
Elə bu keyfiyyətlərinə görə S.Vurğun poeziyada canlı klassikə çerilmişdi. Əli Kərimin poeziyaya gəlməsi də məhz S.Vurğun kimi ustad bir şairin şöhrətli illərinə düşür. O dövrdə Xalq şairi Rəsul Rzanın da Əli Kərimin həyatında mühüm rolu olmuşdur. Lakin demək lazımdır ki, bu sənətkarlar Əli Kərim kimi gənc istedadların yaradıcılığında daha çox poetik təsir baxımından izlər buraxmışdır. Bu təsir, əlbəttə, təqlid səviyyəsində olmamışdır, görüb-götürmək, öyrənmək, poetik məziyyətlərinə – poetik ruhunu şeirlərində özünəməxsus şəkildə yaşatmaq səviyyəsində olmuşdur.
Əlbəttə, Əli Kərim yaradıcılığının ilk dövrü (1948-1960) axtarışlar dövrü idi və bu illərdə o, təkcə bu ustadlardan deyil, ümumən Azərbaycan sovet ədəbiyyatının – poeziyasının nailiyyətlərindən də bəhrələnirdi. Lakin bu illərin poeziyasındakı kəm-kəsirlər, zəif nöqtələr onun həmin dövr şeirlərində də əks olunmuşdur.
Qırxıncı illərin sonları və əllinci illər Azərbaycan poeziyasında hələ sovet ədəbiyyatı ənənələri güclü şəkildə davam edirdi. Doğrudur, poeziyada müəyyən bir irəliləyiş hiss olunurdu, ancaq poeziya hələ sosializm realizminin sxemlərindən o qədər də kənara çıxa bilmirdi. Yenə də dəbdə olan mövzular şairlərin yaradıcılığında təkrar-təkrar səslənirdi, dövr, zaman dəyişsə də (nisbi mənada), poeziyada keyfiyyət dəyişikliyi zəif hiss olunurdu. Yalnız fitri poetik istedadla onlarla oxşarlar və bənzərlər arasında seçilmək mümkün idi.
Əli Kərimin bir şair olaraq məhşurlaşmağa başladığı 50-ci illərdə Azərbaycan ədəbiyyatında sosialist realizmi artıq "qərarlaşmış", "sovet adamlarını kommunizm ruhunda tərbiyə edən yüksək məfkurəli" (M.Arif) ədəbiyyatın prinsipləri, normaları müəyyənləşmişdi. Sovet dövrünün ədəbiyyat ideoloqları belə bir fikri qətiyyətlə müdafiə edirdilər ki, "sovet yazıçıları xoşbəxt yazıçılardır. Yalnız ona görə yox ki, onlar dünyada və tarixdə ən yüksək bir cəmiyyəti, tarixdə misli görünməmiş yeni adamları təsvir edirlər. Bir də başlıca olaraq, ona görə ki, onlar dünyada və tarixdə ən qabaqcıl məfkurə olan marksizm-leninizm məfkurəsi ilə silahlanmışlar” (2, 216).
Sovet dövlətinin dağılması ərəfəsində nəşr olunmuş "Azərbaycan sovet ədəbiyyatı" dərsliyində məsələ demokratikləşdirilir, burada daha çox "yeni insan uğrunda mübarizə"dən danışılaraq göstərilir ki, müharibədən sonrakı dövrdə lirik şeirin gözəl, hər cəhətdən mükəmməl nümunələrində yeni ruh, yeni fikir, məna və məzmun, forma yeniliyi, bədii tamlıq, emosionallıq müşahidə olunur, müasir insanın istək və arzuları: onları düşündürən ictimai-fəlsəfi, etik-əxlaqi məsələlər ön plana çəkilərək məhəlli, məhdud tərzdə deyil, ümumiləşdirici, bəşəri bir əhatə və vüsətlə birləşdirilib” (2, 333).
Əlavə edilir ki, "müharibədən sonrakı dövrdə yaranan bütün bədii əsərlərin, o cümlədən lirik şeirin də əsas pafosu, baş problemi insan qəlbinin daxili dialektikası, ruhi, mənəvi dinamizmidir. Bu, bizim idealımızdan doğur, yer üzündə xalqların qardaşlığını, sülhü, əmin-amanlığı bərqərar etməyə çağıran sosialist cəmiyyətinin təbiətindən, mahiyyətindən nəşət edir (2, 334).
Əli Kərim lirikası Azərbaycan poeziyasının bu cür təbəddülatlı bir dövründə yarandığına, müxtəlif siyasi-ideoloji, mənəvi “təzyiq”lərə məruz qaldığına görə, heç şübhəsiz, mürəkkəb təbiətə, ideya-estetik tipologiyaya malikdir. Lakin bu zahiri mürəkkəblik deyil, lirik qəhrəmanın gərgin ideya axtarışlarının, zamanın tələbinə, "sosial sifariş"in məntiqinə uyğun reaksiya qabiliyyətinin, həssaslığının təzahüründən irəli gələn bir mürəkkəblikdir ki, böyük sənəti həmişə müşayiət edir. Əli Kərimin lirikası, ümumən yaradıcılığı kifayət qədər geniş fəlsəfi əsaslara malikdir, ona görə də şairin nəinki yaradıcılıq təkamülü, hətta bu və ya digər ideya tərəddüdləri barədə danışanda da təsadüflərdən deyil, mükəmməl "ideya axtarışları"nın sosial-tarixi məntiqindən çıxış etmək lazım gəlir; burada ətrafımıza necə gəldi "səpələnən" emosiyalar, fərdi ehtiraslar, "hiss intriqaları"ndan söhbət getmir. Əli Kərim zəmanəmizin insanını poetik-fəlsəfi standartlarla, modellərlə araşdırır.
Dünyanın böyük filosofları qədim dövrdən başlayaraq fəlsəfəni, hər şeydən əvvəl, poeziya ilə müqayisə etmişlər, çünki poeziya ilə fəlsəfə arasında ümumi cəhətlər var ki, məsələn, elmdə yoxdur – bunlardan birincisi həm fəlsəfənin, həm də poeziyanın öz hərəkətinə insandan, insan hisslərindən, duyğularından, həyəcanlarından başlamışdır" (61, 114).
İkincisi vəhydir.... Ona görə də qədim dövrdə, orta əsrlərdə olduğu kimi, yeni dövrdə də böyük filosoflarda şairlikdən, böyük şairlərdə filosofluqdan nə isə vardır. Təsadüfi deyil ki, M.Cəfər Füzuli lirikasında hisslə fikrin vəhdətindən xüsusi bəhs edərək yazır: "Lirik qəhrəmanın fikirləri, ideyaları da hissiyatı qədər şairanə olub, hər cür süni pafosa və ritorikaya yabançıdır... Böyük şairi başa düşməyə çalışın. Onu təkcə bir qəzəl ustadı, nəzm ustadı kimi deyil, bir filosof, mütəfəkkir kimi başa düşməyə, dərk etməyə çalışın...” (59, 129-130).
Müasir dövrün şairini, o nə qədər böyük olursa-olsun, orta əsrlərin poeziya dahisi ilə birbaşa müqayisə etmək fikrində deyilik, bununla belə, Əli Kərimin lirik qəhrəmanı da öz həyəcanları, emosiyası, həyatın müxtəlif problemləri qarşısındakı tərəddüdləri ilə yalnız lirik düşüncənin predmeti olmaqdan cəsarətlə çıxır, fəlsəfəyə, geniş miqyaslı ümumiləşdirmələrə çəkir; Bu, bir tərəfdən, şairin "çoxaspektli" mükəmməl istedadının, digər tərəfdən onun mənsub olduğu Azərbaycan poeziyasının tarixən məhz fəlsəfi poeziya kimi formalaşmasının nəticəsidir. Müşahidələr göstərir ki, müxtəlif dövrlərin, mərhələlərin Azərbaycan şeiri formal-poetik, bədii-struktur, poltexnoloji kamilliyi ilə yanaşı, ideyalılığı, fikir mübarizliyi ilə fərqlənmişdir ki, həmin xüsusiyyətlər müasir şeirimizin, demək olar ki, bütün böyük nümayəndələrinin, o cümlədən Əli Kərimin yaradıcılığı üçün də səciyyəvidir. Şübhəsiz, o ədəbiyyat böyük ədəbiyyatdır ki, mənsub olduğu xalqın dünyagörüşünü, təfəkkür imkanlarını harmonik bir şəkildə əks etdirsin; o sənətkar böyük sənətkardır ki, mənsub olduğu milli ədəbiyyatın bütün əsas ideyalarını öz yaradıcılığında özünəməxsus bir şəkildə təzahür etdirsin.
Əli Kərimin təbii, böyük istedadı mənsub olduğu xalqın ümumi istedadının ən dərin qatlarından gəldiyinə görə böyük şairin bir sıra şeirləri ustadnamə gücündədir.
Söz dedim,
sözümü yerə saldı,
Özümü itirdim,
kitabı qaldı.
Oxudum,
Xoşuma gəldi:
Əvvəlki kimi
Alqışladın.
Həyatdakını yox,
Kitabdakı həmdəm. (45, 65)
Əli Kərimin lirikası həm mövzu, həm də mündəricə etibarilə zəngin və dolğundur. Ülvi və pak hissləri tərənnüm edən şair həmişə insandan, onun kamalından qüvvət və ilham alır. Əli Kərim lirikasının tükənməz həyat qüvvəsi xalq həyatı ilə sıx təmasda, xalq arzularına, diləklərinə, düşüncələrinə qırılmaz tellərlə bağlı olmasındadır.
Bəllidir ki, Azərbaycan lirik şeirinin inkişafında iki mühüm amil – şifahi xalq şeiri ənənələri və xalq musiqisi də həlledici rol oynamışdır. Əli Kərim bir şair kimi klassik ədəbi irsin və folklorun ölməz ənənələrindən qüvvət almış, inkişaf etmişdir. Onun əsərlərinin geniş yayılmasının bir səbəbi də məhz xalq həyatı və xalq şeiri ənənələri ilə möhkəm bağlı olmasıdır.
Əli Kərimin öz yaradıcılığında lirikanın qədim janrı olan qəzələ (az da olsa) yer verməsi heç də təsadüfi deyil. Qəzəl klassik ənənələri və xalq musiqisi ilə üzvi surətdə bağlıdır.
Əli Kərim poeziyasının sənətkarlıq cəhətdən kamilləşməsində tükənməz yaradıcılıq, ilham mənbəyi olan xalq ədəbiyyatının böyük rolu olmuşdur. Xalq ədəbiyyatındakı qəhrəmanlıq, həyata nikbin baxış, azadlıq uğrunda mübarizə kimi nəcib xüsusiyyətlər və keyfiyyətlər onun lirikasında qüvvətlə səslənməkdədir.
Müasir Azərbaycan poeziyasında lirik bir şair kimi tanınan Əli Kərimin şeirləri öz məzmunu, həyatiliyi, fikir dərinliyi, ictimai əhəmiyyəti və sənətkarlığı etibarı ilə diqqəti cəlb edir. Qısa ömründə zəngin və əhatəli fəaliyyət yolu keçən Əli Kərim şeirdən-şeirə inkişaf edən yaradıcılığı ilə yüksək mənəvi-siyasi və bədii keyfiyyətlərə malik olan istedadlı şair kimi tanınmışdır. Əlinə qələm aldığı gündən hələ sənətkarlığı yetkinləşmədiyi dövrdə belə Əli Kərim mövzu məhdudluğu bilməyib, özünü çağırılmış bayatıların çərçivəsinə salmayıb. Onun şair ilhamı doğuluşundan buxov üzü görməyib, siftədən gözəlliklə yanaşı, həm də əlvanlığı ilə seçib (27, 4). Elə buna görə də onun lirikası poeziyamızda həyati, emosional təsir gücünə malik bir hadisədir. Vətənə, xalqa məhəbbət Əli Kərim şeirlərində canlı duyğularla, oxucunu mübarizəyə və fəaliyyətə sövq edən hisslərlə bağlıdır. Onun bir çox şeirlərində məhəbbətlə qəzəb yanaşı yaşayır. O, müsbət adamları və hadisələri, xalqın qəhrəman və humanist təbiətindən doğan nəcib mənəvi-əxlaqi keyfiyyətləri məhəbbətlə tərənnüm edərkən, mənfi təzahürləri – ikiüzlülüyü, saxtakarlığı, yabançı təsirlərlə bağlı digər mənfi duyğuları lənətləyir. Bu cəhətdən, onun şeirləri yaxşı mənada güclü, tendensiyalı şeirlərdir, onlarda müəllifin estetik idealı açıq hiss olunur.
Əli Kərim yaradıcılığı boyu orijinallığa meyl edən bir sənətkar olmuşdur. Bəlkə də "meyl edən" ifadəsi fikrimizi tam aydınlaşdırmır. Çünki orijinallıq şairin istəyindən yox, həyata və hadisələrə poetik münasibətindən doğan təbii bir keyfiyyətdir. Ənənəvi mövzuları qələmə alanda da Əli Kərimin öz səsi, öz nəfəsi, öz münasibəti dərhal gözə çarpır. O, məlum hadisələri şeir dilinə çevirərkən başqalarının işlətdiyi naxışları təkrar etmir, bu hadisələrin yeni cəhətlərini, yeni keyfiyyətlərini açır”.
Təsadüfən yolda bu gün
üzərində ünvanı yox
məktub gördüm.
Açdım.
Baxdım.
Sətirləri bir gənc qızın
Təbəssümü işığında yazılmışdı.
Orda arzu ətri vardı –
çiçək açıb, yaz olmuşdu.
Xətt – ürəyin xətti idi;
Sevgi yolu.
Dəli-dolu,
Bəzən əyri duyğuların
sərt dönüşü.
Bəzənsə düz – fikrin, hissin
söz birliyi,
xoş görüşü.
Bəzən isə seçilmirdi.
Belə məktub
Bircə dəfə sevən
Qəlbə qonaq gəlir.
Bircə dəfə!
Gənclik kimi!
Ömür kimi! (47, 88-89)
Əli Kərim bütün yaradıcılığı boyu hadisəyə, mövzuya prinsipiallıqla, məsuliyyət hissi ilə yanaşmışdır, şair B.Vahabzadənin bir şeirində deyildiyi kimi, “Orta yolum yoxdur, dərindir mənim sonsuz nifrətim də, məhəbbətim də” ifadəsi Əli Kərim şeirlərində olduqca güclüdür.
Odur ki, şairin müsbət qəhrəmanlarına, doğma Vətənin rifahı naminə xariqələr yaradan əməkçilərə, sənət bahadırlarına, şirin laylalarında xalqın qüdrətini, dilini, ruhunu yaşadan analara nə qədər dərin məhəbbət bəsləyirsə, həyata barmaqarası baxan, ancaq öz mənafeyini güdən, öz əməyi ilə insanlar üçün birgə ağac da əkməyən xudpəsəndlərə, milli mədəniyyətə xor baxan jurnalistlərə bir o qədər nifrət edir. Bu cəhət Əli Kərim lirikasını səciyyələndirən keyfiyyətlərdən biridir.
Əli Kərim çox sadə mətləbləri mənalandırmağı, oxucusuna aşılamaq istədiyi fikri poetik hiss və duyğularla yoğurmağı, əsl sənət dililə ifadə etməyi bacarır. Belə şeirlərin gücü insanı həyata çağıran, qurub-yaratmağa ruhlandıran, ona nəcib mənəvi və əxlaqi keyfiyyətlər aşılayan yeni fikir, poetik hisslər ifadə etməsindədir. İlk baxışda düşünürsən ki, əlləri, adicə daşı lirik şeirin obyekti kimi necə mənalandırmaq olar?
Ən maraqlısı odur ki, Əli Kərim adi predmentlərdən yazanda belə mühüm ictimai fikirlər söyləyir ki, bu da istedad və cəsarətin vəhdətindən doğur. O, hansı mövzuda yazır-yazsın, fikrini yaşadığı zamanla bağlayır. Bu çətin bədii niyyət gerçəkləşdiyi təqdirdə şairin yaradıcılığının fəlsəfi mündəricəsi artır, təsir və qavrama dairəsi genişlənir. Ancaq əksər hallarda şair bu günün adamlarından yazır. Onun qəhrəmanları konkret işi, əməli fəaliyyəti ilə hər gün bizimlə qarşılaşan insanlardır.
Fəal, yüksək mənəvi dəyərə malik duyğuların təsdiqi, poetik mündəricə Əli Kərim lirikasının müvəfəqiyyətini təmin edən başlıca cəhətlərdir. "Muğamı dinləyirəm", "Fəhlələr", "Mənim həyatım", "Uşaq" və s. şeirlər müəllifin oxucuya yeni hiss, yeni fikir aşılamağa, oxucu üçün yeni bir həqiqət açmağa, onu yüksək ideallara ruhlandırmağa, onda estetik zövq tərbiyə etməyə çalışdığını göstərir. Şairin öz xalqının taleyinə bağlılığı, dövrümüzün ideallarına fəal münasibəti, müasir həyatın, vətənimizin ən səciyyəvi cəhətlərini əks etdirməyə çalışmağı onun şeirlərində aydın hiss olunmaqdadır. "Kürə baxdım", "Heykəl və insan", "Bir gecəlik Kür olmuşam", "Bakı küləyi", "Füzuli" və s. şeirləri buna misal ola bilər. Şair məzmuna müvafiq gözəl formalar tapır. Forma və məzmun vəhdəti əsl sənətin tələbi, həm də məziyyətidir.
Qız baxır uzağa,
uzaq yerlərə.
Nura qərq olunmuş
gur şəhərlərə.
İşığı açılı pəncərəsindən,
Şırrantək tökülən
ağ salonlara.
Sübhədək rəqs edən
şux cavanlara.
Axtarır,
arayır səadətini,
Dünyada
yeganə məhəbbətini.
Qız baxır,
kövrəlir
boynunu burub.
Amma o bilmir ki, bilmir ki, qəti
Onun səadəti
yanında durub. (47, 333)
Dostları ilə paylaş: |