Çırağı sönməyən poeziya



Yüklə 1,23 Mb.
səhifə9/13
tarix01.01.2022
ölçüsü1,23 Mb.
#105320
1   ...   5   6   7   8   9   10   11   12   13
POEMALARI
Qısa bir ömür yaşayan, həyata yaradıcılıq imkanlarının zirvəsində göz yuman, "deyə bilmədiklərinin, demək istədik­lərinin az, çox az bir hissəsini deyən" (R.Rza) Əli Kərim yal­­nız lirik şeirləri ilə kifayətlənməmiş, həyat faktlarına xüsusi poetik yanaşma üsuluna görə fərqlənən poemaları ilə də ədəbiyyat tariximizə daxil olmuşdur.

...Dünya şeir-poeziya təcrübəsi onu da təsdiq edib ki, şairin istedadı, qabiliyyəti, ilhamı, savadı, bilgisi, dünya­gö­rü­şü bir şair kimi gücü, qüdrəti, poetik imkanları poemada daha qabarıq, daha çoxtərəfli üzə çıxır" (36, 24).

Əli Kərim poema janrında "İlk simfoniya", "Üçüncü atlı", "Bir santimetr haqqında ballada", "O mənə danışdı ki...", "Heykəl və heykəlin qardaşı" kimi gözəl sənət əsərləri yaratdı.

"Əli Kərim poema yaradıcılığında qanunauyğun bir yolla irəliləyirdi. "İlk simfoniya" (cazibədar süjet, iki oğ­lan, bir qız üçlüyü, musiqinin həyatı); "Üçüncü atlı" (da­ha çox tarixi ictimai-fəlsəfi mövzu, ənənəvilikdən uzaq süjet, bu­ra­da əsas güc şairin üzərinə düşür; bu mövzu daha qüdrətli il­ham və yenilikçilik istedadı tələb edir); "Hey­kəl və heykəlin qardaşı" (daha çətin, daha ağır, yeni, orijinal forma istəyən məzmun) (58, 235).

Əli Kərimin ilk böyük həcmli əsəri olan "İlk simfoni­ya" poeması 1956-cı ildə yazılmışdı. "Bu o zaman idi ki, ar­dınca bütün sovet mənəvi həyatında, eləcə də Azərbaycanın bədii, elmi və ictimai fikir tarixində yeni bir epoxa başla­ya­caqdı. Əli Kərimə düşüncə tariximizin yeni dövrünün diqtə etdiyi yeni bir poetik təlatümün şeirimizdə təməl daşını qoy­maq nəsib oldu".

Poema 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI Ümumdünya Festivalında mükafata layiq gö­rül­dü. "İlk simfoniya" poeması Əli Kərimin yeni yara­dı­cılıq məhsulu kimi oxucuların marağına səbəb oldu. Məlumdur ki, "poema şairin bütün mənəvi qüvvələrini sı­naq­dan keçir­dən bədii imtahandır". Burada sənətkarın bütün könül sər­vət­ləri, həyat təcrübəsi, şairlik qabiliyyəti, ilhamı, cə­sarəti aş­kara çıxır. Bu keyfiyyətlər Əli Kərimdə oldu­ğun­dan o, "İlk simfoniya" poemasında qoyduğu məqsədə nail ola bilmişdir. Bu məqsəd nədən ibarətdir? Şair demək istəyir ki, "böyük dər­yalar kiçik dalğalardan yarandığı kimi, böyük əsərlər də xalq təfəkkürünün çeşmələrindən süzülən büllur damlalar­dan yaranır".

"İlk simfoniya" poeması əsasən sağlam məişət və əsl xalq incəsənəti uğrunda mübarizəyə həsr olunmuşdur. "İlk simfoniya" poemasını yazarkən iyirmi beş yaşı olan Əli Kə­rim öz gənclik ruhunu, təravətini əsərə hopdurmuş, poezi­ya­mıza təmiz ruh, yeni rəng gətirmişdir. Bu poema Əli Kərim yaradıcılığında ilk qələm təcrübəsi olsa da, süjetinə, mövzu­suna, ideyasına, tərbiyəvi əhəmiyyətinə, həqiqi sənətə, həm­çi­nin obrazların dolğun təsvirinə, hiss və duyğuların tərən­nü­münə, ifadə vasitələrinin dolğunluğuna görə diqqəti çəkir və Azərbaycan poeziyasında mühüm yer tutur.

Poema müəllifin ilk irihəcmli əsəri olmasına baxmaya­raq, hadisə və əhvalatlar, professorla İlhamın görüşü, xala ilə profes­so­run söhbəti, qonşuları Nigarla tanışlığı, ailə qurma­ları, İl­ha­mın konservatoriyaya imtahan verib qəbul olması, İlhamın bəstəkar dostu Azadın ailəyə qonaq gəlməsi, nəha­yət, yara­dı­cılıq meydanında ayrılan yollar və bunun acı və sevindirici nəticələri böyük ustalıqla təsvir olunmuşdur.

Ədəbiyyatşünas Altay Məmmədov yazır ki, "İlk simfo­niya" poemasında xalis, sırf məhəbbət teması qoyulmamış­dır, buradakı sevgi mövzusu sənətə sədaqət mövzusu ilə qo­vu­şuq şəkildədir, daha doğrusu, üzvi şəkildə birləşmiş halda­dır, bir bütöv ərinti kimidir" (58, 197).

Bu mövzu yaradıcılıq aləminə yenicə qədəm qoymuş gənclərin həyatından alınmışdır.

Poemada həqiqi sənət yolunun yolçuları olan, mayası xalq sənətinin ruhundan yoğrulmuş sənət adamları ilə şöhrət ar­dın­ca gedən "dayaz sənətkar"ların mübarizəsindən, sağlam ailə, sağlam məişət, əsl məhəbbət və xalq sənətinə vur­ğun­luqdan bəhs olunur.

Şair poemada öz xarakteri, dünyagörüşü etibarilə bir-birindən fərqlənən İlham, Nigar, Azad və professor kimi par­laq xarakterlər yaratmışdır.

"İlk simfoniya" poemasında konflikt eyni sənət adam­ları olan İlham və Azadın xarakterləri arasındakı ziddiy­yət­ləri inkişaf etdirərək ictimai məzmun kəsb edir. Poemada İl­hamla Azad arasındakı ziddiyyətlərin səbəbi məhz onların dünyagörüşünün, sənətə müxtəlif baxışlarının, zidd əxlaqi keyfiyyətlərinin təbliği kimi açılıb göstərilir. Əvvəllər heç bir musiqi təhsili olmayan İlham klassik musiqi sənətinin sirlərini öyrənməklə o dövrün zəngin musiqisi ilə tanış olur, xalq həyatı ilə, günün məsələləri ilə nəfəs alır. Onun yara­dıcı­lığına ilham və qüvvət verən zəngin xalq musiqisidir.

Buna görə də onun bəslədiyi ilk mahnılar tez sevilir. Poemada gənc bəstəkarın həyatı, yaradıcılıq yolun­da­kı tə­rəd­düdləri, mənəvi iztirabları bədii və inandırıcı verilmiş­dir.

Poemanın əsas surətlərindən biri olan İlham təbiətin oğludur. O, təbiətin özü qədər təmiz, saf olub, ilham qay­na­ğını təbiətdən alır. İlhamın mayası yarpaqların xışıltısından, bulaqların, çayların, damcıların, zümzümələrin yaratdığı mu­­si­­qidən, təbiətin rənglərindən yoğrulub. Poemanın əvvə­lin­də təsvir olunan cığır sanki İlhamın həyatda çatacağı zir­vəyə qalxan cığırdır və bu cığır məhz təbiətin, saflığın qoy­nundan dolanıb yüksəklərə qalxır:
Təpələrin başından,

Qayaların qaşından

Keçib gedən bir cığır,

Göylərə sanki çıxır. (47, 187)


Xasiyyətcə sakit olan bu oğlan öz azadlığını təbiətin qoynunda tapır, ağlayarkən onu təskin edən təbiətə sığınır, təbiət də öz övladını bağrına basır, ona həyatın səsini, musi­qini dinlədir. Heyrətlənən balaca İlham təbiəti dinlə­məyi bacarır, arzu etdiyi bütün səsləri eşidə bilir. Bu gənci başqa­larından fərqləndirən də bu xüsusiyyətləridir. Əli Kərim yazır: "Qara gözlü bu uşaq, gedir mızıldayaraq". "Mızıl­da­yaraq" – bu incə ştrix şairin İlhamın sənətkar mənliyindən xə­bər verən kiçik bir mesajdır. İlhamın iç dünyası dibi görünən saf bulaq qədər safdır, təmizdir. Təbiətin özü kimi təbiidir. Təbiət onun təskinlik mənbəyidir, gözəllik mənbəyi, gözəl­lik meyarıdır. Onun yüksəklişə gedən yolu da təbiətin qoy­nundan gedir. İlham təbiəti dinləyir, ancaq o hələ simfo­ni­yanın ilk ünsürləri olan səsləri dinləyir. Sonra bu səslər dam­­cı-damcı yığılıb, "Bir damcı", "Damcılar" kimi sim­foni­yaların yaranmasına səbəb olur. Əli Kərim də, İlham da tə­biə­tin qoynundan gəlmiş təmiz mənəviyyatlı əsl sənət yol­çu­la­rı­dır". "N.Hikmət ceviz ağacına çevrilə bildiyi kimi, Əli də bir gecəlik Kür ola bilirdi, dənizə də dönə bilirdi. Əli Kə­rim özü­nün təbiətə belə sıx bağlılığını yaratdığı bəstəkar obra­zına keçirməyi zəruri saymışdır” (47, 207).

Atadan-anadan yetim qalan İlhamı xalası böyüdür, onu musiqi məktəbində də oxudur. O, bu məktəbi əla bitirir. Hələ ayaqyalın, başı açıq bir uşaq ikən təbiətin əsrarəngiz səslərini həssaslıqla dinləyən, çiləkli dağların zirvəsindən axıb süzülən çay sularının nəğməsinə valeh olan İlham – musiqi aşiqidir. Kənddə olarkən yazdığı "Bir damcı" əsəri kəndə gəlmiş professorun diqqətini cəlb edir. Xala Bakıya köçür. O, böyüdüb ərsəyə çatdırdığı İlhama qohumu profes­so­run yanına getməyi, ondan kömək istəməyi məsləhət görəndə İlham etiraz edərək deyir:


"Getmərəm, and içirəm xalamın da canına,

Heç kimə yalvarmaram, imtahan da verərəm.

Konservatoriyaya öz gücümə girərəm. (47, 192)
Mətinlik sözü bütövlük, öz gücünə inam, vüqarlıq, mərd­­lik, şöhrətə aludə olmamaq, təmizlik, seçdiyi yoldan dön­­məmək, eşqə sədaqət deməkdir və bütün bunlar İlhama xas olan əlamətlərdir. İl­ham tanışlıq vermədən konserva­to­riyaya imtahan verir, pro­fessor bu gəncin istedadına heyran olur və ilk öncə xəyala dalır, gözləri qarşısında balaca İlhamla olan söhbəti yada salır:
Az deyil, xalq içində yaxşı oxuyan, çalan,

Eh kim bilir ki, indi hardadır o oğlan. (47, 193)


Qayaları fikrə salan, dağdan dağa atlanan, nəğmələri dinləyən oğlan: "Əksini çayda gördü, Arzusunu nəğmədə. Çox istədi ucadan bir arzunu nəql edə. Səs verdi o taydakı Əli uzaq, gözəl səsə. Oxuduqca oxudu, Düşdü min bir hə­və­sə. Amma səsi çatmadı Uzaq dağlar başına. Bayaqkı səs bat­madı, Aldı kəndi başına. Uşaq yaman xar oldu. Onun bir sirli dərdi nəğmədə xallar oldu" (47, 189).

"Sirli dərdin nəğmədə xallara çevrilməsi” İlhamda ilahi verginin olduğunu göstərən əlamətdir. Bu ilahi vergini ilk dəfə kəşf edən professor Eyvaz olmuşdur.

Uşaqlıq illəri kəndin qoynunda keçən həssas təbiətli İlham üçün tanış insanların mənəviyyatı, təbiətin gözəllikləri son­radan onun qısa və qanadlı mahnılarında ürəyə yatan ahəng­dar xallar olmuşdur. Heç bir musiqi təhsili görməyən bu istedadlı uşaq şəhər mühitinə düşdükdən sonra onun mə­nəvi inkişafı üçün geniş yollar açılır. İlhamın yaradıcılığı düz və hamar yola bənzəmir, onun qarşısına maneələr, çətin­liklər çıxır, bəzən yad duyğular onun ürəyinə yol tapır, onu əsl yaradıcılıq aləmindən müvəqqəti olaraq uzaqlaşdırır.

Qoca bəstəkar, professor Eyvaz İlhamı əsl yaradıcılıq yoluna səsləyərək, onun əsərlərindəki saxta xalların xalq ruhuna yad olduğunu göstərir və deyir:


O "Bir damcı" yazmışdın ha, əsl yol odur,

O, məhəbbət alovudur, xalqın ruhudur.

Damcı-damcı bu dəryanı yığasan gərək,

Ondan sonra könül dolub, coşar dərya tək. (47, 200)
Artıq İlham konservatoriyanın tələbəsidir, nizamlı-in­ti­zamlı bir tələbə kimi ona dərs deyən müəllimlərin diqqətini cəlb edir, qısa bir müddətdə bir bəstəkar kimi yetişir, gözəl bir qızla – skripkaçı Nigarla tanış olur, ailə qururlar. İlham öz Nigarı ilə xoşbəxtdir. Onlar bir-birini başa düşürlər.

İlhamın məhəbbəti safdır, ülvidir. İlham Nigarı nə qə­dər sevirsə, bir o qədər də inanır. Qətiyyən ağlına gətirə bil­mir ki, nə vaxtsa Nigar ona xəyanət edə bilər. "Çünki onların mə­həb­bəti təbii, səmimi, olduqca təmiz bir zəmində boy ver­mişdir, rəvan bir axarla günü-gündən səmimiləşən, daha da hərarətlənən istiqamətdə bütün şübhə kölgələrinin fövqündə irəli gedir” (58, 204). Lakin bu təbiət oğlu özünün ən sarsı­dı­cı zərbəsini ən çox sevdiyi adamdan alır.



Əli Kərim İlhamla Nigarın ilk görüşünü dəniz sahi­lin­də təsvir edir. Şair maraqlı, rəngarəng təbiət lövhələri yaradır:
"Gəlir dalğa, gəlir qaya,

Gör necə baş-başa dəyir,

Öz dilində nəsə deyir. (47, 193)
Yaxud da:
"Fikirliydi o, bu gün də,

Uzanmışdı qum üstündə.

Çatılmışdı qara qaşı,

Qucaqlayıb bir sal daşı

Seyr edirdi ağ papaqlı,

Göy sinəli, ağ ayaqlı,

Qalxıb-enən dalğaları. (47, 194)
Təbiətin oğlu yenə təbiətin qoynundadır, dalğaların pı­çıl­tısına qulaq asır. Bu zaman Nigar onun üzərinə su çi­ləyir. Ni­ga­rın ən sevimli bir an kimi getməsinə üzülən İlhamın qəl­­bində ilk sevgi qığılcımlarını görürük. Əli Kərim qəl­bin­də sev­gi qığılcımları olan iki gənci təsvir edərkən onların şıl­taq­lığına da yer verir. Şairin səmimiliyi özünü bu misralarda göstərir:
"Onlar evə gələndə

Su içində gəldilər.

Danlandılar bir qədər

Bir-birindən uzaqda,

Hərəsi bir otaqda

Qımışdılar, güldülər

Xəyallar dünyasında!

Nə mənalar gördülər,

Bu günün mənasında. (47, 196)
İlhamın ilham pərisi Nigardır. O musiqinin incə ritm­ləri qəlbində Nigar sevgisi ilə bəstələnirdi.
"Həyatı seyr etdilər,

Bir-birinin yerinə

Dindi ikisi birdən,

– Ya sən baxdın, ya da mən.

Mənası nə, fərqi nə. (47, 197)
İlhamla Nigar iki bədəndə bir ruh olub dünyaya eyni pəncərədən baxırlar. Ancaq onların xoşbəxt həyatına qara bir kölgə düşür. Bu qara kölgə iblis xislətli olan Azaddır.

Pozğun və əyyaş həyat tərzi keçirən, dayaz düşüncəli Azad bu səadətə mane olur. Azadın ucuz yolla qazandığı şöh­rətdən, yüngül musiqidən gözləri xumarlanan Nigar öz ərini, evini tərk edir, səhvini anlayandan sonra peşman olur. Hətta özünü öldürmək fikrinə düşür. Bütün bunlar həyata ye­nicə atılan, musiqiyə, şeirə, sənətə dərindən bağlı olan İl­ha­mı sarsıdır. Azadın yanlış əqidəsinin və yaradıcılıq yolu­nun müvəqqəti təsiri, Nigarın inadı İlhamı həqiqi yaradıcılıq aləmindən ayırır, xüsusilə Nigarın aldanışı və həyatdakı büdrəməsi İlhamın ruhi sarsıntılarını daha da artırır.

Gənc şair qəhrəmanın həyatındakı tərəddüdləri, kədər və çırpıntıları, nəhayət, onları aradan qaldırmaq üçün onun cid­di-cəhdini həyati lövhələrdə, maraqlı süjet xəttinin in­ki­şafında əks etdirir, lirik-psixoloji vəziyyətlərdən, qəhrə­ma­nın daxili monoloqundan müvəffəqiyyətlə istifadə edir.

Oxucu bəstəkarın yaradıcılıq yollarındakı büdrəmə­lə­rinə, onun düşdüyü şəraitin təbiiliyinə inanır, nəhayət, onun əsl sənət aləminə dönməsinə, gözəl, məlahətli ahəngə malik olan "İlk damcılar" simfoniyasının müvəffəqiyyətinə ürək­dən sevinir. Radioda simfoniyanı dinləyən Nigar intihar et­mək fikrindən əl çəkir. Elə bu yerdə yenə İlhamın in­san­ları qurub-yaratmağa, dünyanın maddi və mənəvi ne­mət­lərindən zövq almağa çağıran "İlk simfoniyası" köməyinə çatır.

Dünyagörmüş, xeyirxah bir insan kimi tanıdğımız, İl­ha­ma atalıq qayğısı göstərən professorun məsləhətindən, dan­­lağından nəticə çıxaran İlham "İlk simfoniya" əsəri üzə­rində daha ciddi ça­lı­şır. Əsəri başa çatdırır. Özünə, sənətinə tələbkarlıqla ya­na­şır, artıq o bu qənaətdədir ki, həqiqi bəs­tə­kar sükutdan da səs çıxara bilər:


İlham bala, bu qüvvətlə səsin ucalsın,

Bütün dünya dinləyici salonun olsun,

Budur arzu, budur dilək, budur ideal. (47, 200)
Poemanın əsas surətlərindən biri də gənc bəstəkar Azad­­dır. Biz Azadın uşaqlıq illərindən başlayaraq yetkin ya­radıcılıq dövrünə qədər inkişaf yolunun əsas mərhələləri ilə tanış oluruq. İlhamın təmiz mənəviyyatı qarşısında Aza­dın daxili boşluğu, qara niyyəti bir ləkə kimi ilk baxışda daha qa­barıq nəzərə çarpır.

Şair öz qəhrəmanını təmiz və xeyirxah insanların ara­sında, gözəl təbiətin qoynunda təsvir edir, onun inkişaf yolu­nu inandırıcı göstərir.

Əli Kərim gənc bəstəkar Azaddan onu əhatə edən in­san­lardan danışarkən adi bir müşahidəçi kimi hadisələri na­ğıl etmir. Qəhrəmanın inkişaf yolunu lirik-psixoloji təhki­yə yolu ilə göstərir.

Şöhrətpərəstlik, xudbinlik və dikbaşlıq onun bütün ru­hu­­na hakimdir. O, əsl qaynar yaradıcılıq aləmindən uzaq düş­müşdür, xalq musiqisinə tamamilə biganədir.



Vaxtı ilə tanınmış bir bəstəkar olan Azad indi ancaq uzaqlarda qalmış keçmişi ilə öyünür, yaradıcılıqda yüngül mü­qavimət yolunu seçərək, tamamilə xalqa yad olan musiqi əsərləri yaradır. O, təbii xalq musiqisinin gözəlliyinə xor ba­xır, xalq yaradıcılığını əhəmiyyətsiz hesab edir, onun nəcib ənə­nələrini danır, xəstə ruhlu musiqi parçaları ilə bir para meş­şan dinləyicilərin könlünü almağa çalışır. Mədəni səviy­yə­­ləri aşağı olan ayrı-ayrı oxuyanlar (Nigar) və musiqi bəs­tə­kar­ları bayağı mətnlər əsasında yazılmış, boş gurultulardan iba­rət olan həmin musiqi parçalarını ifa etdikcə şöhrətin pər­də­­ləri onun gözlərini örtür, yad bir aləmin dərinliklərinə çəkib aparır.

İlham sədaqətli bir dost, yaxşı yoldaş kimi, Azadı əyri yoldan çəkib çıxarmaq, həyata səsləmək istəyirsə də, onun inad və müqavimətinə qalib gələ bilmir.

Azad məişətcə pozulmuşdur. O, indi gündə ürəyini bir gözəlin taleyinə bağlayan bir meşşandır.

Poemada şairin Azada qarşı çevrilmiş alovlu qəzəbi sərt, lakin sakit bir dillə verilir. Əli Kərim Azadın fərəhsiz hə­­yatını, onun daxili boşluğunu və kütlülüyünü məntiqi ar­dıcıllıqla verir.

Belə ki, Azadın hərəkətləri getdikcə öz həddini aşır. Azadın insani sifətini itirdiyini, xəyanət və yalan içində necə boğulduğunu müəllif inandırıcı lövhələrlə oxuculara çatdırır. Bununla belə, şair öz tipini müqəssirlər kürsüsündə oturt­mur, ona ittihamnamə vermir. Hadisələrin təbii inkişafında Azadın həyat yolundakı sarsıntıları və əzabı aydınlaşır.

İlhamın Azada qarşı dostluq məsləhətləri, Azadın bun­la­ra etinasız yanaşması, haçalanan fikirləri, bunlara münasi­bətdə Nigarın Azada üstünlük verməsi və ona uyması dina­mik­liyi, dramatizmi gücləndirir. Lakin bununla belə İlham bədbinləşmir. O, çalışır ki, dostu yanlış addımdan – “gözəl­lə­rin” zövqünə, arzusuna müvafiq çılpaq mahnılar bəstələ­mək­dən əl çəksin, özünün “məşhur bəstəkarlığından” sui-is­ti­fadə etməsin, özünə, şəxsiyyətinə aludə olmasın, qeyri-əx­laqi “gözəllər mənim arvadımdır” tezisindən əl çəkib, ailə qur­­sun. Azad isə onu lağa qoyur, onu başa düşmək istəmə­yə­rək acıq edib gedir.



Bəstəkarların müşavirəsində İlham Nigarın yalvarış­la­rına baxmayaraq, qalxıb Azadın əleyhinə danışır. Burada ha­zırda musiqi ictimaiyyətimizi düşündürən mühüm bir mə­sə­lədən bəhs olunur. Azad: “Ay canım, bilirsən nədir mu­ğam,” – deyə İlhama müraciət edir. İlham əvvəl karıxır, sonra fik­ri­ni top­la­yıb bildirir ki, bəstəkar o zaman həqiqi sənət əsəri yaradır ki, o öz nəğmələri üçün xalq muğamlarımızdan rişə çəkmiş olsun:
...Yoldaşlar, dediyim muğamat ki, var,

Göy kimi, yer kimi dərindir, dərin.

Kimi bu dəryanın üzündən keçir,

Kimi də baş vurur, incilər seçir.

Çırpınır illərlə inci seçənlər,

Amma bu dəryanı üzdən keçənlər

Köpüklə doldurub ağzını üzdən,

Deyir ki, ən gözəl sənətkaram mən.

Üzünü Azada çevirdi İlham:

– Bəli, bilməyirik nədir o muğam.

Siz onun kəfini xörək yerinə

Dinləyicilərə yedirirsiniz.

Meydanı çox dardır o nəğmələrin,

Aparmır uzağa onlar insanı,

Dar gündə, bəd gündə tutmur əlindən.

Hanı Üzeyirin dediyi, hanı?



Nələr eşitmişik onun dilindən?! (47, 215-216)
Sənət yolunda haçalanan yollar şəxsi-qərəzliyə bais olmaqla Azadın dostluğu, xəyanəti və qeyri-əxlaqi hərəkətə yol verməsi ilə nəticələnir. Dostlar uzaqlaşır, Azad Nigarın ona təklif etdiyi Qəmər haqqında pis danışır və tezliklə Ni­garı özünə məftun etdirir, onu görüşə çağırır. Nigar düşkün şöhrətin keçici, uğursuz nəğmənin, gözəlliyin, boy-buxunun əsiri olur. Burada həm İlhamın, həm Azadın, xüsusən Niga­rın dərin psixoloji sarsıntı və düşüncələri, ağılla hissin gər­gin mübarizəsi yüksək ustalıqla qələmə alınmışdır. Məsələn, Azad üçün dəniz sahilinə gələn Nigar İlhamı görür. Onun bu anda keçirdiyi sarsıntıları müəllif orijinal, olduqca bənzərsiz ifadə tutumunda özünəməxsus bir səpkidə qələmə almışdır.
İstədi ki, gizlənə

Redikulun dalında,

Əlindəki əzilmiş

Xırda gülün dalında.

İstədi ki, məhv olub

Nə danışa, dinə o,

Dönə daşa, torpağa,

Bir heçliyə dönə o. (47, 228)


Burada dramatizm çox qüvvətlidir. Baxmayaraq ki, o, baş­qası üçün görüşə gedir, amma ismət, həya hissini itir­mə­yib, oxucu onun taleyinə acıyır, təəssüf edir, hiss edir ki, onun tez­liklə gözlənilən peşmançılıq hissi daha təsirli, daha ürək dağ­layıcı olacaqdır. Namuslu, ismətli qadınlar öz qə­ba­hət­lə­rini dərin sarsıntılarla belə özlərinə bağışlaya bilmirlər. Ni­gar be­lələrindəndir. Əxlaqi-məişət məsələləri baxımından poe­mada haqqında bəhs olunan məsələlərin bu şəkildə qo­yu­lu­şu xüsusi əhəmiyyət kəsb edir və böyük tərbiyəvi xarakter daşıyır.

Ziddiyyətli fikirlərdən, dərin psixoloji sarsıntılardan ya­xa qur­tarmaq üçün o, evdən gedir, bir müddət Gürcüstanda ya­­şa­yır. İlham isə Leninqrada gedir. Orada yaşasa da, öz izti­rab­la­rı­na, dərd-qəminə son qoya bilmir. Onun bu hisslərini yal­­­nız yazıb-yaratmaq ehtirası boğa bilir. Coşğun bir həvəs­lə, də­rin düşüncə ilə özünün məşhur “Damcılar” sim­foni­yasını yazır.

Poemada elə cəhətlər var ki, onlar əsərin ideyası ilə qay­­nayıb qarışmışdır. Bu cəhətlər xüsusi maraq doğurur və qüvvətli ideya-estetik əhəmiyyətə malikdir. Əsərdə həyata baxış, sənət və sənətkara münasibət, gözəllik duyğuları lirik səpkidə, yüksək sənətkarlıqla qələmə alınmışdır. Bunlar ha­mısı ümumi bir cəhəti işıqlandırır, bütün bunların arxasında canlı insan düşüncələri, insan xarakteri görünür ki, bu da Əli Kərimə məxsusdur.

Poemada şairin surətlərin xarakteri timsalında həyata baxışı safdır, doğru və dolğundur. Şair poemada təbliğ etdiyi fikirlərinə görə İlhamın mövqeyində durur – hökmünü qətiy­yətlə verməsək də, hər halda İlha­mın amalı, istəyi, düşün­cə­si, məhəbbət və nifrəti Əli Kərim təbiətinə yad da deyildir. Şairin bu mövqeyi İlhamla əks qütbdə dayanan Azada münasibətində də özünü göstərir:
Nəğmə deyirdi: – Durun,

Hey gülüşün, gülüşün,

Durun, atılın-düşün!

Nə sevgi, nə məhəbbət!

Nə desələr yalandır.

Bir öpüşdür səadət,

İnsana bu qalandır (47, 204) –
nəğməsini çalan, eyş-işrətə səsləyən Azadın həm həyata, həm sənətə, həm də gözəlliyə baxışı hansı sim üstün­də köklənib – özlüyündə aydındır.

Poemada Əli Kərimin belə bir məsələyə toxunması ak­tuallığı, no­vatorluğu etibarı ilə poemanın siqlətini daha da artırmışdır. Bu siqlət Azadın məzmunsuz, xəlqisiz, ictimai yüksüz mahnı­la­rına qarşı qoyulmuş İlhamın ictimai-fəlsəfi məzmunlu “Dam­cılar” əsəri daha da gücləndirmişdir. “Dam­cılar”da sənətə çağırış, həyatı qurub yaratmağa meyl, insanın romantika ilə dolu zəkası və onun məhsulunun fəlsəfi şəkil­də kamil ümu­mi­ləşməsi vardır. Bizim gözəl bir atalar sözü­müz var: “Da­ma-dama göl olar”. Əlbəttə, burada söh­bət yal­nız gölün əmələ gəlməsi prosesindən gedir, desək, səhv et­miş olarıq.

İnsan fəaliyyətinin bütöv bəhrəsini bir küll kimi başa düşdükdə bu fəaliyyətin ayrı-ayrı məqamlarındakı cüzvləri (damlaları) bu gölün gerçəkliyini maddiləşdirən varlıq kimi dərk olunmalıdır; insanın nəyə qadir olduğunu, nələr yarada bildiyini şərtləndirən əsas faktor kimi bu dam­la­ların böyük əhəmiyyəti gölün varlığını – insanın nəyə qadir olduğunu təsdiq edir. Bu baxımdan, Əli Kərim in­san fəaliyyətinin zənginliyini dar, kiçik göl çərçivəsinin məh­dudiy­yətindən çıxartdı, ona rəngarənglik çalarlarında coş­ğun, təlatümlü genişlik bəxş etdi – sonsuz zənginlik səviyyəsinə yüksəltdi.

Əli Kərim obrazların xarakterini öz sözləri ilə açmaqda mahir sənətkardır. “İlk simfoniya” poemasında şöhrətpərəst zümrənin nümayəndəsi olan dayaz sənətkar Azadın söhbət­lə­­rin­­dən məlum olur ki, Azadın insanı heyran edən, haldan-hala sala bilən nəğmə yaratmaq iqtidarı yoxdur, onun eyş-iş­rətə səsləyən sənəti saf məhəbbətə yaddır. Dayaz sənət əsəri yaradan insanın iç dünyası da naqis olar. Azad İlhamın “dos­tu” olsa da, Nigara qarşı başqa münasibət bəsləyir:


“Gəzir onun baxışı

Nigarın buxağında,

Belində, ayağında” (47, 201).

Gözəllərin sayı qədər dərdi olduğunu deyən Azad on beş il oxuyub, təhsil alanları axmaq adlandırır. İlham ona vicdanlı bir insan kimi yanaşır, dost kimi məsləhət verir.


“Deməsəm həqiqəti,

Yeyər məni vicdanım,

Yaxşı başa düş, canım,

Əvvəl vardın, Azadcan,

Bəstəkardın, Azadcan.

Azad, mənə inan sən,

Altını çəkəcəksən”. (47, 203)
İlham Azada evlənməyi, yazıb-yaratmağı məsləhət gö­rəndə Azad “Gözəllər hamısı arvadımdır...”, – deyir. Bu mis­radan Azadın həyat fəlsəfəsi açılır. Onun düşüncəsinə görə, evlənəndən sonra daha sevimli, sevgili canan çıxa bi­lər, sonra isə boşanıb, başqa birini almağın mənası yoxdur. Onun bəstələdiyi mahnı da mənəviyyatı qədər cılızdır:
Evlən...

– Evlən!


Gözəllər hamısı arvadımdı,

Mən buna qol qoymaram.

Evlənərəm o yandan

Çıxar daha sevimli,

Başqa sevgili canan.
İlham Azadın sənətinin eyş-işrətə səslədiyini, şirin təriflərin onu yoldan çıxardığını söyləyir. İlham yaradıcılıq baxımından Azadı özünə rəqib hesab etmir. Çünki onun yaradıcılığını ciddi qəbul etmir. “Əli Azad obrazını о dövr üçün məqbul sayılan bir rənglə, yalnız qara rənglə, qara bo­yalarla təqdim etmir. Çünki elə-belə, adi adam deyildir, onun özünün heç də kiçik olmayan dinləyici auditoriyası var­dır. Bu auditoriya heç də sıravi dinləyicilərdən ibarət de­yildir. Onların sırasında konservatoriya təhsilli ifaçılar da vardır” (58). Hansı ki, onlar iclasda Azadın tərəfində durub onu və onun sənətini dəstəkləyirlər. Ancaq İlham sonuna qə­dər mübarizə aparır, əqidəsindən dönmür.
Qaldı ki, könlümüzdən,

Gələn səda, gələn səs.

Sən dediyin səsləri,

Hamı eşidə bilər

Sənətkar üçün isə,

Sükutdan da səs gələr. (47, 205)


“Xalqın nəğməsindən istifadə” adlı müşavirədə xalq ruhu ilə qidalanan yaradıcılıq çeşməsi ilə cılız istəklərin, alçaq ehtirasların zövqünü oxşayaraq bir ahənglə mahnı bəs­tələyən Azad və onun kimilərinin yaradıcılıq yolları qar­şı-qarşıya qoyulur, sənət uğrunda mübahisələr başlanır. Aza­dın “Ay canım, bilirsən heç nədir muğam?” – sualına muğa­mın sirlərinə dərindən bələd olan İlham cavab verir. İlhamın ca­va­bı Əli Kərimin musiqi sənəti haqqında düşüncələridir. Mu­siqi eşqinə bələd olan Əli Kərim “İlk simfoniya” poe­ma­sında müasirlərin xalq nəğməsindən səmərəli istifadə etmə­yə, göy kimi, yer kimi dərin olan bu dəryanın dərinliklərinə baş vurmağa, incilər seçib dünyaya səs salmağa çağırır:
Muğam elə dərin bir dəryadır ki,

Muğamdan min dəfə söz salmaq olar.

Amma muğamdan bəzən bəstəkar

Köçürür sadəcə çox nəğmələrin.

O, elə qəribə bir mənadır ki,

Onunla dünyaya səs salmaq olar” (47, 215)


“ – Qaldı ki, öz səsin bəs,

Qaldı ki, könlümüzdən,

Gələn səda, gələn səs,

Sən dediyin səsləri

Hamı eşidə bilər.

Sənətkar üçün isə

Sükutdan da səs gələr”. (47, 205)
Əli Kərimin musiqi sənəti üçün dedikləri bədii ədə­biyyat üçün də eyni dərəcədə vacibdir. Musiqişünas da, ya­zı­çı, şair də sükutun səsini belə dinləməyi bacarmalıdır.

İlhamın həqiqət oxlarına tuş gələn Azad intiqam hissi ilə alışıb yanır:


“Bir Nigar olarmı heç

Bu gözəl Nigar kimi?

Onu qucaqlar Azad,

İlhamı dağlar Azad,

Onda bilər ki, İlham,

Sevimli bəstəkaram”. (47, 206)


Poemanın ibrətamiz və dramatik süjet xətti vardır. Aza­dın bu qərarından sonra süjet dramatik xətt boyunca hə­rə­kət edir. Azadın Nigarla dialoqundan məlum olur ki, Azad Ni­gar kimi ala gözlü, şirin dilli, ağıllı, kamallı, musiqi du­yum­­lu, uca qamətli bir qız sevmək, məhəbbət yollarında, qəm, iztirab, həsrət çəkmək istəyir. Onun bu sözləri Nigarı həyəcanlandırır:
“Sönmüş arzuların, ehtirasların

Külləri altında qalan bir közü

Közərtdi Azadın alovlu gözü”. (47, 209)
Artıq Nigarın fikri qarışmışdır. İlhamı sədaqətlə sevən Nigara birdən-birə nә oldu? Axı onların sevgisi adi, bir anda yaranan sevgi deyildir. Oxucu qəlbində yaranan bu suallara inandırıcı cavablar vermək əsl sənətkar məharətidir. Əli Kə­ri­min poeziyamıza gətirdiyi yeni tərz, yeni üslub da bun­dan ibarətdir. O, Nigar obrazını tam qara rənglə vermir. Onun İl­hama xəyanətinin səbəblərini aça bilir, qadın psixo­logi­ya­sının dərinliyinə məharətlə enir. Nəticədə Nigar oxucunun qəzə­bi­nə sə­bəb olsa da, nifrətini qazanmır. Çünki Nigar etdiyi səhvi tez dərk edir, Azadla görüşə gedəndə İlhamı gördüyünü zənn etdiyi zaman ruhi sarsıntılar keçirir, İlhamın saf məhəbbətini çirk­lən­dir­məmək üçün onu tərk edir və ömrü boyu peşman­çılıq çəkir. Əli Kərim Nigar obrazını bütün dolğunluğu ilə təs­­vir edir. Sönən arzu və ehtirasları közərən Nigar ilk sözü, ilk idea­lı, hamıdan uca, şöhrətli, gözəl bir oğlanı sevmək xə­ya­­lını, oxu­duğu roman qəhrəmanlarını, onların mənalı təsirini xatırlayır.
“Birisi qüdrətli, о biri təmiz –

İki hiss


Yaşadı qəlbində mübahisəsiz:

Bir gün coşdu amma, tufan

qopardı,

Aldı qucağına Nigarı onlar,

Hərəsi bir yana çəkib apardı.

Çaşdı bu tufanda fırlanan

Nigar”. (47, 210)
Bu misralar Ə.Kərimin “İki sevgi” şeirini xatırladır. Ni­gar Azadın parıltısına, gözəlliyinə, özünün dediyi kimi, “rən­garənglik eşqinə” aldanır.

Əli Kərim üslubunun ən səciyyəvi cəhətlərindən biri də odur ki, şair qəhrəmanların psixologiyasını onların monoloq­la­rı ilə məharətlə açır. Nigar düşünür ki, “Eh, bu gözdə, bu qaş­­da İlham olaydı, İlham. İlhama qurban ollam, Nə deyi­rəm, ay aman. Çıx, ey fikir, bəd fikir, Qara fikir başımdan” (47, 210).

Poemanın əsas obrazları olan İlham və Azad az və ya çox dərəcədə ətrafındakı adamlara bağlıdırlar. Beləliklə, poe­­madakı personajların münasibətlərini küll halında götür­dükdə əsas obrazların xarakteri və əsərin ideya məzmunu da­ha dərindən aydınlaşır. Bu cəhətdən xala, Nigar və profes­sor obrazları maraqlıdır.

Nigar İlhamın həyat yoldaşıdır. O, səmimi, mehriban, həmçinin mürəkkəb xasiyyətli bir qadındır. Onun uşaqlıq və gənclik illəri “kefdə, qonaqlıqda” keçmiş, vaxtının çoxunu “rəqslərin ümmanlarında üzməyə” sərf etmişdir. İndi də o, İlhamla evləndiyi ilk gündən də özünü xoşbəxt hiss edir. “Gün­də bir-birinə yüz kərə vurulan” bu gənclərin həyatı bəx­təvərlik nəğmələri, günləri sevinc qəhqəhələri içərisində əriyir. Lakin sonralar Nigar Azadın ucuz şöhrətindən xumar­lanır, onun bayağı, saxta eşqinin əlində əsir olur.

Nigar ürəyində xırda hisslərə yer verdikcə qəbahətli və nəcib ürəkli İlhamın qarşısında kiçilir və ruhi məyusluğunun ağır pəncəsində əzilir.

Şair zəif iradəli Nigarın hərəkətlərinə nifrət doğursa da, bu nifrətdə dərin bir hüzn də duyulur. O, Nigara, onun əməl­lərinə qəlbən acıyır. Buna görə də sonsuz əzab və peşman­çı­lığın bədii ifadəsi olan məktub oxucunu mütəəssir edir:


…Vəfasızam,

Pis qızam,

Uzaqlarda yalqızam.

Gündüzüm qəm, gecəm qəm,

Yaşayıram hardasa.

Heç özüm də bilmirəm,

Yəqin deyirsən: “ölmüş!…

Ölməmişəm mən ölmüş.

Canımı almaq üçün

Əcəli tap, əmr elə.

Mən bir heçəm, barı sən,

Səadətlə ömr elə. (47, 236-237)


Şair Nigarın ancaq səhv və büdrəmələrini, keçirdiyi peş­mançılığı göstərməklə kifayətlənmir. O, Nigarın hərə­kət­lərini axıra qədər izləməyə çalışır. Poemanın sonundakı löv­hə bu cəhətdən maraqlıdır. Nigar öz yanlış hərəkətləri üçün vicdan məhkəməsi qarşısında titrəyib, iztirab içində boğulur:
Simfoniya susmayır,

Simfoniya çağlayırdı.

Elə bu vaxt uzaqda,

Yerə dikib gözünü,

Qucaqlayıb dizini,

Bir gözəl ağlayırdı. (47, 242)


Poemada üç qadın surəti var: İlhamın xalası, Nigar və Qə­mər. Qəmər Nigarın rəfiqəsidir. Müəllimə olan Qəmər Aza­dı tərifləyən Nigara deyir: “Məncə, belə nəğmə az ya­ran­mışdır. Onu dinləyəndə adam düşünür. Həyat başdan-ba­şa mənaya dönür. Amma Azadınkı birtəhərdir ey… Bir az gurultulu nəğmələrdir…”

Bu həqiqəti görə bilən Qəmər oxucu gözündə ucalır, o, poemada az görünsə də, açıqgözlülüyü, səmimililiyi, utan­caq­lığı, həqiqi sənətə düzgün qiymət verməsi ilə diqqəti cəlb edir.

Poemada xala obrazı da maraqlıdır. Müəllif xalanın təbiətindəki gözəl keyfiyyətləri, qəlbindəki hərarəti, ürəyin­dəki səmimi sözləri, davranışındakı mənanı məhəbbətlə təs­vir et­miş­dir. Xala İlhamı doğma balasından çox sevir, onu bir an belə qüssəli görəndə dözmür. Xala Nigarla canbir qəlbdə yaşayır.

Xalanın həyəcanında bir sakitlik, nifrətində bir hüzn duyulur. Onun bu nifrəti şərəfini, insanlıq sifətini itirməkdə olan Azada qarşı çevrilmişdir.

Filarmoniyada Azadın simfoniyası çalınan gecə xala­nın şadlıq və fərəhi də bir neçə misrada yaxşı və təsirli şə­kildə verilmişdir.

Lakin bununla belə poemada Nigarın və xala obrazının xarakterini daha dəqiq görməyə, təfərrüata bir ehtiyac duyu­lur. Xalanı sevməyə başlayan oxucu onun hərarətli ürə­yin­dəki söz və arzuları eşitmək istəyir. Poemadakı xarakterlərin açılmasında müəyyən dərəcədə rol oynayan, əsas hadisə ilə çox bağlı olan Nigar obrazının xasiyyət və hərəkətlərinin də­yiş­mə prosesi bir qədər də geniş verilməli idi. Belə ki, onun Azaddan üz döndərməsi və birdən-birə “bu evdə gün gör­mə­dim, bu evdə şad olmadım” – deməsi göydəndüşmə olur. Doğrudur, müəllif irəlidə Nigarın “dəbdəbəli günlər keçirən” bir ailədən çıxmasına işarə edir. Lakin bununla belə, Nigarın xarakterinin açılması üçün həmin izahat az və natamamdır.



Əli Kərim poemada quru təbliğ yolu ilə getməmiş, ob­razları və xarakterləri poetik bir tərzdə işləməyə, əsərin mər­kəzində duran xarakterləri bütövlükdə, müfəssəl vermə­yə çalışmışdı. Təsvirdə yığcamlıq, hər cür detalı poeziyaya gə­tir­mək isə müsbət bir xüsusiyyətdir. Şair İlhamdan danı­şar­kən, məhz bu cəhətə daha çox fikir vermişdir. O, İlhamın xa­rak­terini dolğun vermək üçün ən səciyyəvi hadisələri seç­mişdir.

Şair poemada personajların əhvali-ruhiyyəsini, onların ətrafında baş verən hadisələri təsvir edərkən, zahiri effekt­dən qaçmış, laqeyd təsvirçiliyə, soyuqqanlı mühakiməyə uy­ma­­mış, real həyatın bir parçasını vermişdir. O, poemanın əsas süjetini müstəqil xətt üzrə nağıl etməklə kifayətlən­mə­yib, onu lirik-epik bir tərzdə inkişaf etdirmişdir. “Poemada təh­kiyə və lirika, təsvir və tərənnüm bədii vəhdət şəklində mey­dana çıxmışdır” (22, 212).

Poemada insan xarakterlərini, psixologiyalarını açıb gös­tərmək, hadisə və predmetləri, təbiəti bütün əlvanlığı ilə can­­landırmaq cəhətdən maraqlı olan bir sıra epizodlar var­dır. Başqasının köməyi ilə həyatda özünə yol açmağı öz gənc­lik vüqarına sığışdırmayan İlham konservatoriyaya im­ta­han ve­rərəkən qoca professora tanışlıq vermir. Bu, özlü­yün­də insan psixologiyasını açmaq cəhətdən gözəl bir fakt­dır. Bun­dan sonra xəbər tutan professorun düşüncələri daha orijinaldır:
Qoca fikrə getdi: – yamanca tərssən,

Amma təəssüf də eləmirəm mən.

Bunu əzəldən də bilsəydim əgər,

Yaxşılıq edərdim elə bu qədər,

Mənə hər talantlı adam qohumdur,

Mən də bir qocayam əqidəm budur. (47, 239)
Beləliklə, bu sözləri deyən professor hamıya bir gözlə baxan, yalnız istedadı qiymətləndirən obyektiv bir insan ki­mi nəzərimizdə ucalır.

Əsərdə İlhamın Xəzər dənizini seyr etməsi, iclas salo­nunda onun Azadla üz-üzə gəlməsi, Azadın evində Nigarın “sevda zirvələrindən yerə enməsi”, radioda “İlk simfoniya” çalınarkən onun uzaqlarda dizlərini qucaqlayıb ağlaması, ha­belə Azadın qonşudan radionu bağlamağı xahiş etməsi və s. bu kimi lövhələr təbii və qüvvətli verilmişdir.

Əli Kərim üslubunun ən səciyyəvi cəhətlərindən biri də odur ki, şair qəhrəmanların psixologiyasını onların mono­loq­ları ilə məharətlə açır. Nigar düşünür ki, “Eh, bu gözdə, bu canda İlham olaydı. İlhama qurban ollam. Nə deyirəm, ay aman, çıx ey fikir, bəd fikir, qara fikir başımdan” (47, 210).

Poemada təsirli, ürəyəyatan bir şeiriyyət vardır. Şair öz qəhrəmanlarının ürəklərindəki döyüntüləri hərtərəfli sözlərlə verməyə müvəffəq olmuşdur.

Onun şeirlərindəki təsir qüvvəsi və emosional boyalar poemada daha dərindən duyulur:

Nələr deyəcəyini

Oxuyaraq gözündən

Öpdü dodağındakı

deyilməmiş sözündən.

Gözəl Nigar necə şən,

Gözəl Nigar sevincdən,

Göyrələrək ağladı,

Yar-yarı qucaqladı,

İki ürək döyündü,

Onların sinəsində.

İki ürəyi oldu

Bu vaxt ikisinin də. (47, 198)
Poemanın bu kimi parçalarında həyat haqqında müşa­hi­dələr, bədii faktlar ancaq qeyd olunmamışdır, burada hər şeydıən əvvəl şairin sağlam duyğuları, ehtiras və coşğunluğu hiss olunur. Bu da cansız, quru, dolaşıq təsvirlərə qaçmamaq meylindən irəli gəlir.

Poemada təhkiyənin ümumi ruhu ilə əlaqədar olaraq heca vəzninin müxtəlif şəkillərindən yerində istifadə edil­mişdir. Təbiətin bir lövhəsini təsvir edərkən heca vəzninin yed­dilik şəklindən, qəhrəmanın təhsil illərinə, yəni epik təs­virə keçərkən nisbətən bir qədər ağır və təmkinli olan on­dördlük şəklindən istifadə olunmuşdur. Şair bəzi misraları qəs­dən parçalamaq yolu ilə dinamikaya, daxili hərarətə diq­qət yetirmişdir. Dənizin təlatümü, coşğunluğu belə təsvir olunur:
Su gəldikcə üzü bəri,

Dənizdəki yaş qayalar,

Elə bil ki, üzüb gedir.

Gedib, gedib, birdən vurur.

Dalğalara baş qayalar.

Dalğa gedib bir də dönür,

İndi daha gur görünür,

Gəlir dalğa, gəlir qaya,

Gör necə baş-başa dəyir,

Coşur dalğa,

Aşır dalğa.

Uçur dalğa birdən göyə,

Səpələnir parça-parça,

gilə-gilə.

Yenə gedir, yenə gəlir,

gülə-gülə. (47, 193-194)


Bu parçada heca vəzninin müxtəlif bölgülərindən mü­vəf­fəqiyyətlə istifadə olunmuş, aşıb-daşan dalğaların hə­rə­kə­ti səslərin təkrarı yolu ilə çox müvəffəqiyyətli verilmişdir. Poe­­mada belə gözəl, şairanə lövhələr çoxdur. Akademik T.Ha­­cıyevin dediyi kimi, “İlk simfoniya” poemasını oxu­yarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənət bəxtəvərliyini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan (25, 9).

Burada təsirli bir vəziyyəti də xatırlayaq. Bəstəkarlar İt­tifaqında Azada rast gələn Nigar öz doğma evindən uzaq­la­şır. Onun bir daha geri dönməsi təbiət hadisələri ilə çox üzvi şəkildə bağlanmışdır. Burada sanki təbiət qəhrəmanın tale­yində iştirak edir. Əslində isə bədii bir vasitə kimi qəhrəma­nın hərəkətinin yanlış və dürüst olmasını aşkara çıxarmağa kömək edir:


Dolandı həftələr, dolandı günlər,

Ay da başa çatdı, Nigar gəlmədi.

Günəş axşam batıb, göründü səhər,

Hər gedən qayıtdı, Nigar gəlmədi.

İnsafı harda qaldı,

Özü harda, gəlmədi.

Niyə Nigar gəlmədi?

Pəncərəni tutdu toz,

Tutdu qubar, gəlmədi.

Gündüz günəş, axşam ay,

Pəncərə qarşısında

Dayandı, fikrə daldı.

Açılmadı pəncərə.

Bu Nigar harda qaldı? (44, 51-52)


Məlumdur ki, hər hansı bədii əsərin əsas məziyyəti, hər şeydən əvvəl, orada həyat həqiqətinin nə dərəcədə doğru və düzgün əks etdirilməsi və ideyalılığı ilə müəyyənləşir. Məhz buna görə də bədii sənətkarlıq yazıçının həyatı hərtərəfli, də­­rindən görmək və əsərində əks etdirmək bacarığı ilə üzvi su­rətdə bağlıdır. Hər hansı əsərin, xüsusilə şeirin bədii üs­tün­lüklərini, yazıçının sənətkarlığını təkcə ayrı-ayrı müvəf­fə­qiyyətli təşbihlərdə, istiarələrdə, epitetlərdə, mübaliğələrdə deyil, həmçinin əsərin ümumi ruhunda axtarmaq lazımdır.

Əgər yazıçı həyat həqiqətini dərk etmişsə, onu daxilən yaşamışsa, müvafiq bədii təsvir vasitələrini yerli-yerində işlədirsə, o yazıçı sənətkarlıqda daha da kamilləşir və yetkin əsərlər yaratmağa müvəffəq olur. Bu cəhətdən Əli Kərimin işlətdiyi təşbihlər, bədii təyinlər, mübaliğələr və bədii təzad­lar çox maraqlıdır. Şairin təşbihləri təşbiq xatirinə deyil, bə­dii təsvir vasitəsi rolunu oynayır. Məsələn:


O qız getdi, nə tez getdi,

Ən sevimli bir an kimi.

Dalğalandı ağ ətəyi,

Uzaqlarda gözdən itdi

Bir parça ağ duman kimi. (47, 195)
Həmin parçada şair Nigarın İlhamdan tez ayrılıb get­mə­sini “sevimli bir an”a, onun ətəyini “bir parça dumana” bən­zədir. Buradakı təşbihlər obyektin xarakter cəhəti ilə üzvi surətdə bağlanmışdır.

Poemada orijinal mübaliğələr də işlənmişdir. Öz səh­vi nəticəsində Nigarın keçirdiyi xəcalət hissini göstərən şair kiçik, mənalı detallar seçmişdir:


İstədi ki, məhv olub,

Nə danışa, dinə o.

Dönə daşa, torpağa,

Bir heçliyə dönə o! (47, 228)


Poemadakı peyzaj da hadisələrlə, personajların əhval-ruhiyyəsi ilə dərindən bağlanmışdır. Xüsusilə yağışın təsvi­rini verən lövhə canlı və gözəldir. Bu lövhə hadisənin passiv fonu olmayıb, əsərdəki mövzunun açılması və inkişafi üçün xüsusi əhəmiyyətə malikdir.

“İlk simfoniya” poemasında bahar damcılarının təsviri həm təbiəti oxuculara sevdirir, onun gözəlliyi və rənga­rəng­liyi haqqında canlı təsəvvür oyadır, һәm də bəstəkar İlhamın şeiriyyətlə dolu olan təbiətə münasibətini, oradan aldığı təəs­süratı gözəl ifadə edir:


...Yarpaqların ucundan

Damcılar axdı bu an,

Axdı, уеrә tələsdi;

Damcı yarpağa düşdü;

Yarpaq oynadı əsdi,

Damcı torpağa düşdü. (47, 188)


Bu “damcılar” poemanın hadisələri ilə bir məcraya axır, onlar tez-tez bir-birini qovur, buradakı yağışlar ilk ba­xış­da sanki fasiləsiz yağır... Lakin maraqlıdır ki, Əli Kəri­min təsvirləri hər yerdə yeni və orijinaldır. Ədəbiyyatşünas M.Əsgərovun yazdığı kimi, “bunların çoxunda bir şuxluq, nikbin əhval-ruhiyyə duyulur” (22, 156). Nəhayət, əsərdə məhz bu damcıların axışı nikbin bir əhval-ruhiyyə, həyata sev­gi hissi ilə birləşmiş şəkildə ifadə olunmuşdur.

Şairin “İlk simfoniya” poeması lirik ricətlərlə bəzənmiş monumental epik poemalarımızdandır. Burada hadisələr müəy­yən ardıcıllıqla verilmiş, biri digəri üçün səbəb-nəticə olmuş, dramatizm qüvvətlənmiş, qənaətbəxş kompozisiya qu­ruluşuna nail olunmuşdur. Poemada lirik ricətlər epikliyə kö­məkçi vasitə kimi səslənir ki, bu da surətlərin daha canlı çıxmasına, müəllifin özünün münasibətinin aydınlığına də­la­lət edir. Şair poemada maraqlı mövzuya toxunmuş və bunu tutarlı bədii ifadələrin gücü ilə rövnəqləndirmiş, əsərin bədii estetik keyfiyyətlərinə kamillik gətirmişdir.

“İlk simfoniya” poemasında Ə.Kərim ecazkar təbiət löv­­hələri yaratmaqla özünün təbiətə, onun əsrarəngiz gö­zəl­li­yinə məftunluğunu inandırıcı şəkildə ifadə etmişdir.
Damcı qaçdı damcıdan,

Damcı onu haqladı.

Damcı onu bircə an

Sanki göydə saxladı. (47, 188)


Yağış yağarkən yarpaqlardan süzülən damcıları şair necə də gözəl təsvir etmişdir. Şair “şıltaqlıq” edən damcı­la­rın rəqsini təsvir edir. Adi bir damcının dağ döşündə qalan qa­rın əriməsindən yarpağa, nəhayət, torpağa düşməsini bir ömür yolu kimi izləyirik. Bir damcının səyahəti şairin ətirli poeziyasının özünəməxsus tapıntısıdır.

Qayaları fikrə salan, dağdan dağa atlanan nəğmələri dinləyən oğlan: “Əksini çayda gördü, Arzusunu nəğmədə. Çox istədi ucadan bu arzunu nəql edə. Səs verdi o taydakı ən uzaq, gözəl səsə, oxuduqca oxudu, düşdü min bir həvəsə. Amma səsi çatmadı Uzaq dağlar başına, Bayaqkı səs bat­ma­dı, Aldı kəndi başına. Uşaq yaman xar oldu. Onun bu sirli dərdi, Nəğmədə xallar oldu (47, 189).

“Sirli dərdin nəğmədə xallara” çevrilməsi İlhamda ilahi verginin olduğunu göstərən əlamətdir” (58, 203).

Bu ilahi vergini Bakıda qonaq olduqları vaxt onlara qonaq gələn Eyvaz kəşf edir:


– Bacı, oğlun oğuldur,

Musiqi təbi vardır.

Sənətkar olacaq bu,

Oğlunuz bəxtiyardır. (47, 191)

Yeri gəlmişkən, qeyd edək ki, Altay Məmmədovun yaz­dığı kimi, “Əlinin “İlk simfoniya” əsərində Üzeyir bəy məktəbi keçmiş bir professor var: Eyvaz. Təəssüf ki, əsərdə dolğun obraz səviyyəsinə qaldırılmayıb, bəlkə buna heç ehti­yac da olmayıb. Lakin poemanın mərkəzində paytaxt musiqi həyatına donor ola biləcək bir obraz vardır – bu əsərin baş qəhrəmanı İlhamdır” (58, 199).

Poemanın təhlilinə yekun vurarkən sözümüzü tanınmış tənqidçi alim Məti Osmanoğlunun maraqlı bir mülahizəsi ilə bitirmək is­tərdik: “Bu yazı könlümə şeirlərdən düşən rəngli duyğu­la­rın işığında yaranıb. Çoxdan, lap çoxdan bədii sözü hiss et­di­yim vaxtlardan o işıq duyğularımın başı üstündədir. O işığa hər­dən çılğın bir musiqi də qoşulur. Bu poemada musiqinin, me­lo­di­ya­nın söz vasitəsilə ifadəsi, simfoniyanın sözə “tərcü­mə­si” Azər­­baycan şeiri üçün təzə olduğu qədər də bədii fik­ri­mi­zin ye­ni dövr üçün son dərəcə maraqlı bir hadisə oldu. Bu­rada sim­­fonik lövhə böyük sənətkarlıqla poetik tabloya çevrilir” (65).

“Həyat faktlarına xüsusi poetik yanaşma üsulu” nümu­nəsi şairin “İkinci simfoniya”dan sonra böyük rus şairi M.Y.Ler­mon­to­vun Qafqaz səfərindən bəhs edən “Üçüncü atlı” (1958) poe­ma­sıdır. “Poema dilinin rəvanlığı, sadəliyi ilə canlı danışıq dilinə ustalıqla yanaşan, coşğun, dərin hissi ricətlərlə daha poetik olan süjetli poemalardan biri kimi se­çi­lir. Əsərdə bö­yük klassik rus şairi M.Y.Lermontovun Şəki­dən ötüb Şama­xıya gəlişi səfəri bədii dillə səslənir” (19).

“Bu poema şairin yaradıcılığının ilk dövrlərinə aid olsa da, fikir və mülahizələrinin səmimi və səlistliyinə görə oxu­cular tərəfindən rəğbətlə qarşılanmışdır. Əli Kərim “Üç atlı” poeması ilə ədəbi ictimaiyyətdə xoş təəssürat, yaxşı ümidlər yaratdı, öz nəfəsi, öz səsi və istedadı ilə sevildi” (7).

“Üçüncü atlı” poemasında rus şairi Lermontovun həya­tının müəyyən zaman kəsiyindən və Qaf­qa­za sürgün müd­dətində qədim Şamaxı şəhərinə tarixi səfərin­dən bəhs edilir.

“Üçüncü atlı” poemasında “İlk simfoniya”da olan mə­həb­bət macərası yoxdur. “İlk simfoniya” poemasında oxucu Nigar və İlhamın sevgi macərası ilə, ailə-məişət məsələləri ilə rastlaşırsa, “Üçüncü atlı” poemasında klassik rus şairi Ler­­montovun, Axundovun, azadlıq, insanpərvərlik kimi icti­mai məsələlər haqqındakı düşüncələri ilə qarşılaşır.



Poemanın mərkəzində Əli Kərimin etiraf etdiyi kimi, “Sevirəm Qafqazı mən” şeirindəki hiss və duy­ğu­lar əsas yer tutur. Dahi söz ustadının Qafqazın füsunkar tə­biə­ti­nə, qədim mədəniyyətinə, qonaqpərvər ellərinə bəs­lə­diyi mə­həbbət his­si, eyni zamanda görkəmli gürcü şairi Çav­ça­vad­ze­nin Azər­baycanın görkəmli sənətkarı Axundovla tarixi dostluğu, iki uşaqla görüşü, xəyalları, düşün­cə­lə­ri poe­ma­da öz əksini tap­mışdır. Bütün bunları yığ­cam, sadə bir süjetdə verən şair çətin və ağır bir işin öhdəsindən bacarıqla gəlmişdir.

“Qalın, sıx meşədəki bir cığır kimi, bu sujet də poetik ri­cətlərin, obrazların, təsvirlərin, müxtəlif bədii vasitələrin için­dən keçib gedir. Ayrı-ayrı lövhələri, mənzərələri, epi­zod­la­rı, tarixləri, hadisələri bir-biri ilə sıx bağlayan, əsərin bü­töv­lüyünə, möhkəmliyinə xidmət edən məhz bu süjetdir” (54).

Əli Kərim “Üçüncü atlı” poemasında tarixi şəxsiyyət olan Mi­xail Yuryeviç Lermontovun obrazını yaratmışdır.



M.Y.Lermontov (1814-1841) Rusiyanın görkəmli hu­ma­nist şair və mütəfəkkirlərindən olub, XIX əsrin birinci ya­rı­sında yaşayıb-yaratmışdır. Əli Kərimin Lermontovu öz qəh­­rəmanı seçməsinə nələr səbəb olmuşdur? Bu sualın bir ne­çə cavabı ola bilər. Birincisi, Lermontov Şərq mövzusuna müraciət etmiş və Qafqaz xalqlarının həyatını, onların adət-ənənələrini çoxsaylı əsərlərində əks etdirmiş və nəticədə məş­hur rus ədibi Azərbaycan xalqının sevimli şairlərindən birinə çevrilmişdir. İkincisi, “Rus poeziyasının ən yüksək zir­­vələrindən biri sayılan M.Y.Lermontovu tanıdan və sev­di­rən һәm də onun yaradıcılığında rast gəlinən insan və cəmiy­yət, güclü şəxsiyyət problemlərinə yanaşma tərzidir”. Üçün­cü­sü, M.Y.Lermontov da Puşkin, M.Müşfiq və digər ölməz sənət­karlar kimi, namərd gülləsinin qurbanı olmuşdur. Dör­dün­cüsü, Əli Kərim Lermontovun üsyankar şəxsiyyətində, azad­lıq ideyalarında özünü, öz ideyalarını görürdü. Lermon­tov cəmiyyətin ən vacib problemlərini kəskin şəkildə ədə­biy­yata gətirən ən barışmaz şair, yazıçı və dramaturqlardan idi.

Məmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədə­biy­yatı” əsərində yazırdı: “Od gəlini”ni Cəfər “Çeka”dan çıx­dıqdan sonra yazmışdır. Bu əsərdə atəşpərəst Azərbay­ca­nın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparır­lar... Tamaşaçılar üçün ‘‘ərəb’’ və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktual­laş­dır­maq üçün kifayətdir” (67). M.Ə.Rəsulzadənin C.Cabbar­lı­nın “Od gəlini” əsəri haqqında dediyi bü sözləri Əli Kəri­min “Üçüncü atlı” poemasına da şamil etmək olar. Yəni poe­­mada Puşkinlərin, Lermontovların həyat eşqini söndürən Çar Rusiyası tənqid olunursa, həmçinin onun simasında M.Müşfiqlərin, H.Cavidlərin, Ə.Cavadların qətlinə fərman verən Sovet hakimiyyəti də tənqid atəşinə tutulur. “Üçüncü atlı” poemasının müasir ruhu da yaramaz ictimai quruluşun tənqidi ilə bağlıdır. Əli Kərim hakimiyyətə qarşı etirazını açıq şəkildə deyil, sətraltı mənalarda verir. Bununla yanaşı, poemada Azərbaycan xalqının gözəl adət-ənənələri, dilimi­zin gözəlliyi, heyranedici təbiət lövhələri və s. təsvir edilir.

Əkbər Əlioğlu “Əli Kərim dünyalı poeziya” adlı mə­qa­lə­sində yazır ki, “Üçüncü atlı” poeması Azərbaycanın Rusi­ya ilə ədəbi əlaqələrinin tərənnümünə həsr olunmuş gözəl poemalarımızdan biridir. Maraqlıdır ki, son illər bu əlaqələri vəsf etmək gözəl ənənəyə çevrilmişdir. Məsələn, tanın­mış gənc şairimiz Nəriman Həsənzadə “Zümrüd quşu” poema­sın­da böyük rus şairi A.S.Puşkinin canlı obrazını yaratmağa çalışmış, onu A.Bakıxanovla görüşdürmüşdür... Hər iki poe­ma Rusiya ilə mədəni əlaqələrimizin tarixini maddi­ləşdir­mək istəyindən, böyük rus klassiklərinə dərin məhəbbətdən yaranan dolğunluqdur” (18).

Əli Kərim poemasında tarixi şəxsiyyətin Qafqaza səfə­rini, M.F.Axundovla görüşünü, ondan Azərbaycan dilini öy­rən­məsini, “Aşıq Qərib” dastanını yazıya almasını tarixi hə­qi­qətlərə uyğun şəkildə təsvir edir.

Qafqaza vurğun olan rus şairlərindən biri də M.Y.Ler­mon­tov olmuşdur. Qafqaza ilk dəfə hələ uşaqkən gələn Ler­montov bu yerin gözəlliyinə, təbiətinin əzəmətinə, sərtliyinə, məğrur ruhlu camaatına valeh olmuşdur. Qafqaz Lermon­to­vun poeziya vətəni sayılırdı. O, “Qafqaz” şeirində ona uşaq­lı­ğını, anasının obrazını xatırladan bu уеrә sevgisini etriaf edir: “Sevirəm Qafqazı mən”. Əli Kərimin poemaya bu mis­ra­nı epiqraf seçməsi də təsadüfi deyil. Lermontov 14 yaşında Puşkinin “Qafqaz əsiri” poemasını dəyişdirib yazmaqla poe­zi­ya yaradıcılığına başlamışdır. Lermontov Qafqaza həsr et­di­yi ilk əsərlərini uşaqlıq xatirələri əsasında yazmışdır, son­ralar Qafqaza sürgün olunanda “Demon”, “Rahib” kimi poe­malarını yazır. Lermontovun Qafqaz poemalarına “Qaf­qaz əsiri”, “Çərkəzlər”, “Kanlı”, “Bostançı aulu”, “İsmayıl bəy”, “Hacı Abrek”, “Qaçqın”, “Mtsıri”, “İblis” daxildir.

Telman Cəfərov yazır ki, “qayğıkeş nənəsinin (Yeliza­veta Alekseyevna Arsenyeva) himayəsi olmasaydı, Puşkinin ölümünə çox sərt münasibət bildirən və onun qətlində bir­ba­şa çarı və onun əhatəsini günahlandıran və ifşa edən Ler­mon­­tov (“Şairin ölümü”) daha sərt cəza ala və bəlkə də ən azı Sibirə sürgün edilə bilərdi”. Ancaq şairi “isti Sibirə”, yə­ni Qafqaza sürgün edirlər. 1837-ci ildə baş verən bu ha­disə Lermontovu Azərbaycana gətirir (12).



Əli Kərim də poemasını Lermontovun Azərbaycana gə­lişi ilə başlayır. Tiflisdə M.F.Axundovla yaxından tanış olan şair Axundovun sayəsində Qafqaz xalqları, onların adət-ənə­nələri ilə tanış olur. Lermontov Axundovdan Azər­bay­can di­lini də öyrənir. Əli Kərim bunu poemasında əks etdirmişdir:
“Kaş ki sizin dildə danışam aydın,

Kaş ki müəllimim özün olaydın.

– Mənim gözüm üstə. Sevindim düzü.

Başla, ilk sözümüz “öyrənmək” sözü” (47, 251).


Lermontov dilimizi çox bəyənir və poemada da dili­mi­zin ecazkarlığından danışır. Lermontov 1837-ci ildə dostu Ra­yevs­kiyə məktubunda yazırdı: “Tatar dilini (Azərbaycan dili) öyrən­məyə başladım. Burada və ümumiyyətlə Asiyada bu dil Avropada fransız dili zəruri olduğu qədər əhəmiy­yət­lidir” (12).

Lermontovla Axundov çox yaxın ideya, könül dostları olurlar. Əli Kərim də onların dostluğunu çox gözəl verir.

Poemada Lermontovun atlı yoldaşlarından biri, yaxın dostu Çərkəz İsmayıldır. Çox maraqlıdır ki, Lermontovun “Çər­kəz” və “İsmayıl bəy” adlı poemaları vardır. Əli Kərim bu obrazı şairin əsərlərindən təsirlənərək yaratmışdır. Ler­mon­­­to­vun “Qafqaza” şeirində də şairin çərkəzə müraciətini görürük:
“Yenəmi səslənəcək

Şöhrət, qızıl və zəncir?

Çərkəz, qayıtmır gedən –

Şirin olsa da, ətri...”.


Kifayət Haqverdiyev “Mixail Lermontov Qusarda: Ha­cı Məhəmmədin üsyanı, qaragözlü Zöhrə, at belində macə­ra­lar...” adlı məqaləsində yazır ki, Qusarda Lermontov yerli alim Hacı Əli əfəndi ilə tanış olur, elə burada da aşıq Ləzgi Əhmədin dilindən “Aşıq Qərib” dastanını dinləyir və ey­niad­­lı əsərini yazır. Əli Kərim isə poemasında Mirzə Fətəlini Tiflisdə alim Əli adlandırdıqlarını qeyd edir.

Professor Tofiq Hüseynoğlu yazır ki, “tarixçi daha çox kəşfiyyatçıdır... yazıçı isə ixtiraçıdır” (30, 96). Əli Kərim də tarixi faktları dəyişdirib bədii don geyindirə bilər.



Əli poemada Lermontovun alim Əlidən eşitdiyi “Aşıq Qərib və Şahsənəm” dastanını aşıqdan dinlədiyini təsvir edir. Əli Lermontovu xalq sənətini, poeziyanı dərindən anal­yan sənətkar kimi verir və Lermontovun “Aşıq Qərib” das­ta­nını xəyalında yazmasını təsvir etməklə əsərə xüsusi rəng, canlılıq gətirir. Nəticədə, oxucu hadisələrin reallığına inanır, Lermon­tovun eyniadlı əsərinin yaranmasının həmin aylı gecədə baş verməsinə inanır. Bu, Əli Kərim sənətkarlığının qüdrətidir.

K.Haqverdiyev məqaləsində yazır ki, qocaman jur­na­list Faiq Zəkiyev yerli ağsaqqallardan məhz Qusarda Ler­mon­tovun qaragözlü Zöhrə ilə qarşılaşdığını və о qızın “Хәn­­сәr” şeirindəki qəhrəmanın prototipi olduğunu eşidir. Əli Kərim də qəhrəmanın həyat və yaradıcılığını dərindən bildiyi üçün qaragözlü Zöhrə haqqında da məlumatı vardır. Poemada Lermontovun sevgisini də təsvir edir. Məhəbbət haq­qında әn yanıqlı dastanlardan olan “Aşıq Qərib”i din­lərkən şair sevdiyi gözəli düşünür:


Qara gözlərində yaş gülümsəyən,

Təbəssüm ağlayan о aşiqi mən

Sevirəm.

Gözlərim çox ağlamışdır,

Dərdim ürəyimdə daş bağlamışdır.

Tərpənir sinəmdə qəlb əvəzinə

Yerindən oynamış yanar çarpanaq,

Tale etdiyini edibdir mənə,

Olmuşam о qızdan, о yardan uzaq.

Vüsal birimizik, hicran birimiz,

Görüşə bilmirik onlar kimi biz. (47, 264-265)
Poemada Lermontovun qovuşa bilmədiyi məhəbbətin­dən yalnız bircə dəfə söz açılır.

Tarixi mənbələrdən də məlumdur ki, 1837-ci ildə Qu­bada üsyan baş verir. Əli Kərim zabitin sözləri ilə bu üsyana da işarə edir: “Söylədi: – Susmayır Qubadakılar. Özüm də bil­mirəm bu necə işdir, Sinəmə belə dağ çəkilməmişdir”.

Lermontov da Quba üsyanını yatırmaq üçün göndərilir, an­caq о gələndə üsyan artıq yatırılmış olur. Zabit də üsyan­dan sonra dağlara çəkilmiş qaçaqlardan şikayətlənir.

Əli Kə­rim Lermontov kimi dahinin ölümünə heyfislənirdi. “Üçüncü at­lı” poemasını da rus klassikinə dərin məhəbbətindən qələmə alır. Lermontov kimi dahiləri məhv edən zamana qarşı etirazını bu cür bildirir.

M.Y.Lermontov 1841-ci il iyulun 15-də Pyatiqorskda rus ordusu zabiti Martınov tərəfindən dueldə qətlə yetirilir.

“Üçüncü atlı” poemasında Lermontovun ölümünə işa­rə­lər vardır. Məsələn, qəlbinə “Demon”un təzə-təzə sətirləri axan şairin birdən ürəyinə damır:


“Vəfasızdır ömür mənə...

Qanun yaxın, sevinc uzaq –

Başım gora gedərmi sağ?”. (47, 257)
Yaxud da:
“Yenə də duydu ki, az yaşayacaq,

Düşündü: “Taledə namərdliyə bax!”

Onun yazdığını pozmaq istədi,

Qoyub qabağına neçə dəftəri

Birdən hamısında yazmaq istədi

Pyesi, poemanı, romanı, şeiri..” (47, 266)


Bu misralarda həyatdan nakam getmiş, qəlbində neçə arzu, kağıza tökülməmiş neçə əsər aparmış bir sənətkarın səsini, həyata qarşı üsyanını eşidirik. Əli Kərim poemanın sonunda Lermontova qarşı törədilən cinayəti də təsvir edir:

“Getdi yurduna,



Kəsildi səsi.

Atıldı ona

Namərd gülləsi”. (47, 272)
Əli Kərim də qəhrəmanı kimi, az ömür sürür. Ancaq hər iki sənətkar az ömür sürsələr də, özlərindən sonra çox zəngin yaradıcılıq irsi qoyub getmişlər.

Lermontov gözəl şair, yazıçı, dramaturq olmaqla yana­şı, həm də gözəl rəssam olmuşdur. Əli Kərim də poemada ən gözəl təbiət lövhələrinin rəsmini Lermontovun sözləri, dü­şün­cələri ilə çəkir. Lermontov Qafqazda olduğu zaman vur­ğu­nu olduğu yaşıl təbiətin rəsmlərini çəkmişdir, о rəsm əsər­ləri indi də şairin ev muzeyində saxlanır.



Şairin poemaya epiqraf olaraq “Sevirəm Qafqazı mən” yarımmisrasını seçməsi heç də təsadüfi deyildir. Bəlkə də elə Əli Kərimə Lermontovu sevdirən də, bu poemanı yazdı­ran da bu şeirdir və Lermontovun Qafqaza olan sevgisidir. Poe­ma­da təkcə Qafqazın deyil, bütünlükdə Şərqin varlığı hiss olu­nur. Əli Kərim rus şairinin Şərqə vurğunluğunu, adət-ənə­nə­lə­ri­mizə, abidələrimizə, ulu keçmişimizə olan sevgi və mə­həb­bətini göstərir. Ədəbiyyatşünas Əhəd Hüsey­nov yazır: “...Ob­razlı ifadələrlə, sözlə canlı lövhə çəkməyə meyl gös­tə­rən Əli Kərim bu yeni poemasında da bu zəruri tələbi unut­ma­mışdır. İnsanlara və əşyalara verilən müxtəlif xasiyyət və görkəm saysız-hesabsız epitetlərlə bəzədilmiş, ziy­nət­lən­di­ril­mişdir. Şair sadəcə olaraq “Azərbaycan dili gözəldir” de­mir, bəlkə də onun təmizliyini, “uşaq nəfəsi ilə, gözəlliklə, qə­dim­liyini “məcrasında əsrlər axan” Araz çayı ilə müqayisə edir, onu şirinlikdə “xatirə dili”, “sərhəd yuxusu” adlandırır” (29).

Bu nöqteyi-nəzərdən “Üç atlı” poeması öz bəşəri ma­hiyyəti etibarı ilə diqqəti cəlb edir.

Tarixi mövzu üzərində işləmək və tarixilik içində müa­sir­liyi göstərə bilmək bacarığı həmişə məsuliyyətli bir yara­dı­cılıq yolu olmuşdur. Əli Kərim bunun öhdəsindən ba­ca­rıqla gəlmiş, təsvir etdiyi dövrün – XIX əsrin ruhunu, hava­sını, ictimai-siyasi məsələlərini qeyri-adi şəkildə əsərinə hop­­­dura bilmişdir. Bu cəhətlər poemada şair tərəfindən güc­lü işlənmişdir. Çar rejimi, Lermontovun sürgün edilməsi, Puşkinin ölümü, Səbuhi ilə görüşdəki söhbətləri, onların azad­lıq idealları, bir sözlə, o dövrün əhval-ruhiyyəsi poema­da öz əksini inandırıcı şəkildə göstərir. Altay Məmmədov qeyd edir ki, “poemada həmçinin fövqəladə görünə bilən hadisə, qarşı-qarşıya durub mübarizə aparan cəbhələr də gö­rünmür. Əli bu əsərində öz qəhrəmanı Lermontovun mənəvi aləmində əks olunan konflikti göstərmək istəmir və buna görə də daha çətin yolla getmişdir (58, 223).

Əkbər Əlioğlunun da poema haqqındakı fikirləri eyni məzmun daşıyır. “Üçüncü atlı”da gərgin konfliktli keçən dramatizm, dinamika o qədər də qüvvətli deyil, ancaq bitkin süjet xətti vardır (21, 16).

Poema meşədə qonaqları qarşılayan, onlara nar təklif edən azərbaycanlı uşaqların sevinc hissinin təsvirilə başlayır, bu uşaqların qocalıq illərinin təsviri ilə də qurtarır. Əsərin əv­vəlində qonaqların istəyilə yandırılan ocaq poemanın so­nun­da daha da şölələnir. Sanki yanan tonqalda onun kəna­rın­da oturan uşaqlar da böyük rus nəğməkarı haqqında nəyi isə xatırladır, nəyi isə danışır.

Azərbaycan və rus xalqları arasındakı dostluğun, qar­daş­lığın rəmzi olan tonqal müvəffəqiyyətli bir leytmotiv kimi bütün əsər boyu görünür.

Müəllif təbiətin qoynunda sakit görünən, xanəndənin, aşığın səsindən xəyala dalan, musiqinin bütün gözəlliklərinə daxilən məftun olan, azərbaycanlıların açıq ürəkliliyinə, qo­naq­pərəstliliyinə, cəsurluğuna qəribə bir heyranlıqla baxan Lermontovu ancaq müşahidəçi kimi göstərməmişdir. Müəllif bu sakit, bəlkə də müəyyən qədər ətraf mühitə etinasız göz yetirən insanın daxili narahatlığını da göstərməyə çalış­mış­dır. Qafqazın azad təbiəti, sərbəst insanları ona ağalar və qul­­lar ölkəsindəki əsarəti, ictimai bərabərsizliyi bütün dəhşə­tilə xatırlatmışdır. Tiflisdə şair Çavçavadzenin sarayındakı zi­yafət məclisindən yayınaraq Kürün sahilinə enən Mirzə Fə­təlini və Lermontovu ancaq öz xalqlarının taleyi düşündürür.

Müəllif poemanın hər kiçik fəslində, Rusiyanın böyük şairinə ümumxalq məhəbbətini nümayiş etdirməyə çalışır. Həm də bu məhəbbət qarşılıqlıdır. Lermontovu Qafqazın tə­biə­ti, xallarında elin hüznü, kədəri duyulan üç telli sazın təranələri, Aşıq Qəribin məhəbbət və sədaqət dastanı, “Şair­lər məskəni” Şamaxıdakı qonaqpərvərlik, Azərbaycan dili­nin incəliyi, rənagərəngliyi nə qədər məftun edirsə, Mirzə Fətəlini də rus xalqının taleyi, onun Puşkin kimi böyük zə­kaları, Rusiyadakı ədalətsizliklərə son qoyulmaq məsələsi ma­raqlandırır, düşündürür. Lermontovun Azərbaycan dilinə məhəbbəti Mirzə Fətəlinin rus şeirinə, mədəniyyətinə olan sevgisi ilə həmahəngdir, uyğundur.

“Üçüncü atlı” poemasının çox yığcam fəsillərində şair böyük rus sənətkarının həyatının zaman etibarilə müəyyən bir qismini təsvir etsə də, şairin bütün həyatı haqqında aydın təsəvvür yaratmağa çalışmışdır.

Lermontovu zahirən çox fikirli, dalğın, kədərli vəziy­yət­də təsvir edən şair bəzən onun bu görkəminə o qədər alu­qə­çilik göstərir ki, onun Rusiyadakı qanunsuzluğa, özbaşı­na­lığa, hərc-mərcliyə olan sonsuz nifrət və qəzəbini ikinci pla­na keçirir. Sanki bu yerdə Lermontov “Əlvida ey natəmiz Rusiya” deyən, “azadlıq, dahilik və şərəf cəlladlarına” mey­dan oxuyan qəzəbli Lermontov deyildir. “Bir yanvar” şeirin­də başqalarının ağlasığmaz zəhməti, məşəqqəti hesabına zi­ya­fət verən ağalara ikrah hissi ilə lənət oxuyan Lermontov Tif­lisdəki ziyafətdən könülsüz, saymazyana uzaqlaşmaqla kifayətlənir.



Dağlıların ixtişaşlarını yatırtmaq üçün təşkil olunmuş “Vicdanına, paqonlarına qan çilənmiş”, “Ata çarın” dayağı olan Şirvan alayına Lermontovun münasibətində də müəy­yən etinasızlıq, soyuqqanlılıq hiss olunur. Obrazın belə bir­tə­rəfli təsviri oxucunu qane etmir, böyük şairin coşğun, ba­rış­maz təbiəti haqqında natamam təsəvvür oyadır. Şairin ətra­fında cərəyan edən hadisələr haqqında müəllif özü danışır:
Sevinc əvəzinə, sevgi yerinə

Puşkinin qəlbindən bir güllə keçdi,

Dəydi yazılmamış əsərlərinə,

Neçə misrasını doğradı, biçdi.

Döndü, qurşun oldu nifrəti çarın,

Atıldı Dantesin tapançasından

Könlü yasa batdı Lermontovların

Mişel də şeirini yazdı bu zaman. (47, 247)


Bunlar özlüyündə müvəffəqqiyyətli misralar olsa da, Lermontovun daxili aləmi ilə bağlı deyildir. Obrazlı ifadə­lərə, sözlə canlı lövhə çəkməyə meyl gös­tərən Əli Kərim bu poemasında bu zəruri tələbi unutma­mış­dır. İnsanlara və əşyalara verilən müxtəlif xasiyyət və gör­kəm saysız-hesab­sız epitetlərlə bəzədilmiş, ziynətləndiril­miş­dir. Şair sadəcə ola­raq, “Azərbaycan dili gözəldir, zərif­dir” demir, bəlkə onu “məcrasında əsrlər bo­yu axan” Araz çayı ilə müqayisə edir, onu şirinlikdə “xa­tirələr dili”, “səhər yuxusu” adlandırır.

“Üçüncü atlı” poemasında Qafqazın və Azərbaycanın təbiətinin rəngarəngliyinə geniş yer verilmişdir. Bu, çox təbiidir. Heç bir fəsildə şair təbiəti ancaq sırf gözəllik məna­sın­da təsvir etməmiş, bəlkə onu insanın arzuları və sevinci ilə üzvi vəhdətdə götürmüşdür. Şair “Aşıq Qərib” dastanın­dakı kədərin böyüklüyünü təsəvvürə gətirmək üçün ətrafdakı uca dağların musiqi ahəngindən söz açır. Bu musiqi kədərli olsa da, insanda həyat eşqini, taleyə “qəzavü-qədərə” boyun əyməmək, yaşayıb yaratmaq həvəsini coşdurur. Təbiət insa­nın qayğısına möhtacdır. Lermontovun şairanə təbiətlə ün­siyyəti belə təsvir olunmuşdur:


Uzandı gecəylə, Ayla baş-başa,

Bağlarla bir yerdə, çəmənlə qoşa,

Təkliyi qoymadı xiyabanda tək,

Çığıra-çığıra qalmadı külək.

Qoymadı titrəyə, soyuqda tir-tir,

Qoynunda yer verdi soyuğa şair,

Yapıncı altında qızdırdı onu,

Bu qəmli gecəyə vurulduğunu

Açdı ağaclara, ota, yarpağa,

Verdi təbiətlə dodaq-dodağa. (47, 268)


İstər şənlik məclislərində, istərsə də ayrı-ayrı danışıq­larda şair yerli koloritin özünəməxsus cəhətlərini saxlamağa çalışır. Bəzən ayrı ifadələrlə təkcə bir ailənin deyil, bəlkə bütöv bir xalqın münasibətini aşkara çıxarır.

Şamaxıya gələn şair tək deyil. Ona bir rus zabiti, bir də İsmayıl adlı bir çərkəz bələdçilik edir. Yaxın kəndlərdən bi­ri­nin kənarında şairin arzusuna görə onlar ocaq qalayırlar. Şair burada düşüncələrə dalır. Bu düşüncələrdə müəllif onu Tif­lis­də Axundovla, Çavçavadze ilə görüşdürür. Özlərindən əvvəl onların (Axundovla Lermontovun) şərqiləri görüşür, əl-ələ ve­rib böyük Puşkinin faciəli ölümünə ehtiram olaraq dərd­lə­şir­lər. Öz düşüncələrində şair Çar Rusiyasından şika­yət­lə­nir, ona lə­nət­lər yağdırmaqla zəmanənin qanunları çər­çi­və­sinə sığa bilmir:


– Məgər qanununmu quludur insan?

Əynimə gəlməyən bir paltar kimi

Sıxır, a qardaşım, qanunlar məni,

– Çiynimə yük olan paqonlar kimi,

Bir an isitməmiş heç onlar məni. (47, 249-250)
Qeyd edək ki, belə bir fikir M.Qorkinin “Meşşanlar” pyesində Teterevin dilindən də verilir. Orada Teterev həyatı, zəmanəni əyninə dar gələn paltar kimi səciyyələndirir.

Ocaq başında iki uşaq (Əhməd və Məhəmməd) şairə nar verirlər, ona Şamaxı yolunu göstərirlər. Dostlar Şama­xı­ya yollanarkən yenə şairin arzusuna görə ocaq söndürülmür. Əli Kərim poemanın sonunda yanar qalan həmin ocağı mə­nalandırır. Onu həm şairin Azərbaycana gəlişinin nişanəsi kimi səciyyələndirir, həm də şairin arzularının, ide­yalarının qığılcımından doğan şölə kimi rəmzi xarakterə ma­lik oldu­ğunu bildirir: “Şairin qaladığı belə ocaqdan Hər yerdə hər zaman qaladı zamanı”. Bu da o deməkdir ki, Ler­montov ki­mi yüksək amallarla yaşayan, “Azadlıq” odasına səs verən­lər əyninə gəlməyən paltarları-qanunları parçala­dı­lar. “Sibirə məktub”dakı gələcəyə çağırış, inam hissli ide­ya­nı həyata ke­çirdilər – hər yerdə azadlıq ocaqları yandırdılar.

Şair Mixail Lemontovu öz poemasında el məclisinə aparır, qocanın oxuduğu aşıq mahnısına qulaq asdırır, haq­qın­da Əlidən – M.F.Axundovdan eşitdiyi “Aşıq Qərib” və “Şahsənəm” dastanını qocanın səsində, onun sazında din­lə­yir. Azərbaycan gözəlinin lirik, incə, zərif rəqsinə heyran olur. Gözəlliyə heyranlığın əlaməti olaraq “Dustaq olan gö­zəl­liyə dözə bilmir ürək” – deyə şair ani olaraq məc­lisi tərk edir, özünün “Demon”dakı şərq gözəlinin buradakı gözəldən nə qədər qeyri-təbii olması, cansız, sönük çıxması haq­qında düşünür, oradakı rəqsin haqlı olaraq zərifliyi qənaə­ti­nə gəlir. Əli Kərim şairi heyran qoyan rəqsi ustalıqla qələ­mə almış, olduqca təbii və canlı dillə belə təsvir etmişdir:
O nə deyib,

Paltar geyib,

Ürəklərin alovundan

Fırlananda coşan zaman

Görünməyir incə beli

Göydə gəzir bəyin əli.

“A tarçı, tarı asta çal,

A zalım oğlu, tel hanı?

İncitmə yarı, asta çal,

Vallah üzüldü, bel hanı?” (47, 256)


Bundan sonra şair rəqs edən gəlinin həm vəsfini, həm də hüsnünü tərif edir, bizi gözəlliyə məftuniyyət dalğalarının qoynuna atır:

Boy ucadır, əllər uzun –

Sanki ülvi gözəlliyin

Güllərini dərmək üçün,

Heyran baxan gözlər iri –

Sanki bütün kainatı

Birdən-birə görmək üçün.

O gözlərdə neçə baxış,

Qovar biri, çəkər biri.

Könüllərin sarayını,

Yıxar biri, tikər biri.

Kirpiyinin hərəsində

Qalxıb-enir neçə ürək (47, 256-257).
Məclis dağılandan sonra şair çöldə açıq havada şərq gecələrinin (elə gecələrin ki, onun şeirinə Puşkin də, Tolstoy da, Qorki də, Mayakovski də, lirik rübablı Yesenin də məf­tun­luqla qulaq asmışlar) heyranedici seyrinə dalır, “yatan gecəyə keşik çəkir”, “könlünə tökülən cümlələr onu “Aşıq Qərib”i yazdırmağa sövq edir.

Şairin Şamaxıdan getməsini, vida dəmini Əli Kərim heca vəzninin beş bölümlüyünə elə sığışdırmışdır ki, bu ge­diş uzun müddət insanı öz təsirindən ayıra bilmir. Eyni za­man­da bu gediş lirik bir musiqinin son akkordlarını xatırladır.

Lermontovun şair təbiəti, Şamaxının və ümu­miyyətlə Azərbaycanın füsunkar, şairanə təbiəti və bir çox başqa təsvir və xarakterlər poemada xüsusi poetikliklə öz ifadəsini tapır. Şair fərdi yaradıcılıq üslubuna sadiq qalaraq bir-iki günlük səfərin təsviri fonunda Lermontovu bir çox cəhətləri ilə oxu­cunun təsəvvüründə canlandırmağa, onun şair­liyindən gələn incə və həssas olduğu qədər də, dəli-dolu xarakterini, qısa, lakin bir neçə normal insan ömrünü dol­dur­mağa qadir olan hadisə və poeziya ilə zəngin olan həyat yo­lu­nu açıb göstər­mə­­yə müvəffəq olur. Bununla bərabər, əsə­rin əsas qəhrəma­nının – üçüncü atlının xarakterini təqdim fonunda Əli Kərim onunla yol yoldaşı olan daha iki atlının – kinli bir müqəvva olan rus zabitini, igid çərkəz balası İsma­yılı, böyük mütə­fək­kir və poemada daha çox şair kimi təq­dim edilən M.F.Axun­dovu, Azərbaycan aşıqlarının tipik bir nümayəndəsini, Şa­ma­xı bəyləri və hacılarının ümumi­ləş­di­ril­miş obrazlarını da bir-iki epizod və təsvirdə səciyyəvi xa­rak­ter səviyyəsinə yüksəl­dir. Bu da şairin hər şeydən əv­vəl xüsusi ümumiləşdirmə və tipikləşdirmə imkanları ilə əla­qədar şəkildə meydana çıxır. Poemanın əsas qəhrəmanı olan Ler­mon­tov Əli Kərim şeirinin mahiyyətini daha qabarıq şə­kil­də üzə çıxaran bitkin bir obrazdır. Şair onu bir tərəfdən kon­kret bir şəraitdə müəyyən bir milli kökə, zəminə bağlı olan şəx­siy­yət kimi göstərir, di­gər tərəfdən də, ümumiyyətlə, ti­pik­ləş­dirilmiş dünyəvi bir şair, poeziya övladı kimi ümumiləşdirir.

Həm də bu iki səciyyəvi cəhət bu obrazın təsvirində elə “qarışıq” tellərlə bir-birinə bağlanır ki, millilik və bəşəriliyin harda başlayıb-bitdiyini ayırmaq mümkün olmur. Əli Kərim özünün Nəsimiyə həsr etdiyi şeirində böyük Azərbaycan şai­ri­ni ömrü və fəaliyyəti ilə hər şeydən əvvəl öz xalqına xid­mət etdiyinə görə, xalqını əsl insanlıqdan, insanlığı isə xal­qın­dan ayırmadığına görə, nəticədə həm xalqının, həm də bəşəriy­yətin övladı kimi tanınıb sevilməsini ümumiləşdirdiyi kimi:
O, altı yüz il qabaq

Dərisindən çıxaraq

Göylərə baxa-baxa

Dözüb hər məşəqqətə,

Getdi əbədiyyətə,

Al qanı axa-axa,

Yeridi,

gücü artdı,

Tarixləri qızartdı. (43, 92)
Şair “Üçüncü atlı” poemasında Lermontovun milli ol­duğu qədər də bəşəri hiss və duyğularını son dərəcə təbii cizgilərlə təsvir edir. Lermontovun Azərbaycan torpağında rast gəldiyi hər şeyə valeh olduğu zaman eyni zamanda as­so­siativ şəkildə Peterburqu, Puşkinin ölümünü, sevimli nəvə­sini, uşaqlıq çağlarını anması, bu təəssürat və xatirələrdə bir ümu­milik, bir yaxınlıq görməsi, xalqını sevdiyi üçün xalqın­dan ayrı salınması və s. ümumiləşdirmələrdə məhz həmin milli-bəşəri ruh hakimdir. Əli Kərim başqa əsərlərində oldu­ğu kimi, bu poemasında da bir şair kimi öz milli mən­subiy­yə­tini də unutmur, yeri gəldikcə vətənini, doğma dilinin və musiqisinin gözəlliklərini, xalqını “vallah üzüldü, bel hanı” kimi obrazlaşdırdığı incəbel Azərbaycan gözəllərini yeri gəl­dikcə böyük məhəbbətlə təsvir və tərənnüm edir. Ler­mon­tovun dili ilə tərənnüm edilən poetik təsvirlərdə bu yer­lərin öv­ladı olan Əli Kərimin “arxadan gələn səsi” (A.Ab­dul­la­zadə) daha qüvvətlə səslənir:
“Bu şirin dilini yaratmış, güman,

İlahi damağı çağ olan zaman,

Tar üstə, saz üstə bəsləmiş onu,

İlk dəfə avazla səsləmiş onu.

Bu dildə varlığın hər sədası var;

Bir neçə sait də düşməmiş kənar.

Nəniki, hər səsi, hər yarım səsi,

Dinlə sədaların zərrəsini sən.

Bu dil təmizlikdə – uşaq nəfəsi,

Gözəllik utanar bu incə dildən. (47, 261)


Və yaxud:
“Nələr yaratmadı musiqi birdən?”

Boynuna qol saldı əyri budağın,

Qorxdu ki, yer qaçar, təbiət qaçar,

(Hüsnə könül verib aşiq olmağın

Bir sevinci varsa, min kədəri var”.

Düşdü gah soyuğa, gah da ki, oda,

İnandı bircə an “Yaradana” da. (47, 263-264)
Akademik T.Hacıyevin söylədiyi kimi: “...Üçüncü atlı” poeması bu gün – Əli Kərimin ölümündən sonra xüsusilə tə­sir­li görünür, daha yandırıcı səslənir – bir şairin ölümündən doğan həsrət yanğısı ikiləşir...” (27, 7).

Müəllif burada da mətləbi müxtəsər, aydın, tam ifadə etməyə çalışmışdır. Ehtirasla yazılmış poemada müəllif eyni zamanda oxucusuna digər iştirakçıları təqdim edir və onları fərdiləşdirməyə çalışır:


İkisi rus idi, birisi çərkəz,

Onların başçısı bir qaradinməz,

Kürən zabit idi, baxışında kin.

Adı İsmayıldı ikincisinin.

Çöldə ölümlərlə baş-başa yatmış,

Düşməni, qorxunu bir yerə qatmış,

Bu çərkəz oğlunun hünərdi yolu.

Üçüncü gah qəmli, gah dəli-dolu,

Gah da gözlərində küskün bir xəyal,

Gəncdi, yarımkürklü yaxalığı al,

Çiynində bir uzun qara yapıncı,

Belində qotazlı çərkəz qılıncı. (47, 243)


Bütün poema boyu yuxarıda rüşeym halında, ümumi şəkildə olan keyfiyyətlər obrazlarda inkişaf edir. Zabitin yoldaşlarına münasibətindən, hər addımda böyüklük etmək istəməsindən, yerli əhaliyə ağa münasibətindən aydın olur ki, o, padşahpərəst bir ailədə böyüyüb, harınlaşmışdır. Əsl mə­na­sında Vətən, azadlıq, poeziya, şair məfhumları onun üçün anlaşılmazdır. Lermontovun bütün hərəkətləri onda gah təəccüb, gah da kin və qəzəb oyadır. Yeri gəldikcə Əli Kə­rim bu obrazı satirik dillə də sancır. Zabit Lermontovla olan mükalimələrində kəskin, ağıllı, hikmətli cavablar qarşı­sında həmişə axmaq vəziyyətdə qalır.

Poemanın bir yerində Lermontov sıralanmış dağların gözəlliyindən vəcdə gəlib, onları karvana bənzədərək həyə­canla deyir:

– Qardaşlar, ayılın, yeriyir dağlar!

Hər cür gözəllik hissindən, təbiəti duymaq hissindən məhrum olan zabit isə başını yerdən qaldırmır:


Zabit! Üç dəqiqə vaxta var, – dedi,

Qoyun qaydasınca dincəlsin adam,

Yuxum gəlməsə də, uzanacağam. (47, 252)
Zabitin iddiası çox böyükdür. Gecə qaçaqların qorxu­sun­dan rahat yata bilmədiyindən axan buluda da qəzəblənir, qaranlığa da acığı tutur. Ürəyinin lap içindən də belə bir iddia baş qaldırır:
“Bu Günəş nə üçün gecikir yenə?

Günəş də bircə gün soldatım ola”.

– Mən sənə deyirəm, Mixail, sənə,

Geyin paltarını, düzələk yola. (47, 253)


Əli Kərim, zabitin şəxsində eyni zamanda çarizmə xas olan bir sıra mənfur xüsusiyyətləri ümumiləşdirmişdir. Çir­kin “ağalar-qullar aləminin” bu nümayəndəsinin şəxsində şair, çar Rusiyasının azlıqda qalan millətlərin dilinə, adət­lə­ri­nə, ənənələrinə xor baxmasını göstərmiş, xalqların ruhunu, istək və arzularını anlamayanları ifşa etmişdir.

Bütün zəhmətkeşlərə öz xalqının gözü ilə baxan Ler­mon­­tovun obrazı zabitlə müqayisədə daha yüksəklərə qalxır. Məhz bunun üçündür ki, bir neçə yerdə Əli Kərim Lermon­tov­­la zabitin arasında yerlə-göy qədər məsafə olduğuna işarə edir.

Üç atlıdan biri – Lermontovun dostu, pərəstişkarı, onun yolunda özünü ölümə verməyə hazır olan coşğun tə­biətli, az və kəskin danışan Çərkəz İsmayıldır. O, zabit kimi təhsil gör­məsə də, mənən ondan çox-çox yüksəkdə durur. Dağlar qoynunda boy atmış bu adam şairin ürəyindən keçən­ləri da­ha tez duyur, onun kədər və sevinci ilə yaşayır. Ler­mon­­tov da onu “gözəl dostum” deyə çağırır. O da Ler­mon­tov kimi, təbiə­ti duyan, təbiətlə yaşayan insandır, çünki dağ­lar qoy­nun­da böyümüş bu çərkəz balası əxlaqca saf, mənə­viyyatca təmizdir. Çərkəz İsmayıl Lermontovu nə qədər se­virsə, za­bi­tə bir o qədər kin bəsləyir. Əli Kərim istər zabit, is­tərsə də Çərkəz İsmayıl haqqında az danışır, ancaq hər iki­sinin fərdi xüsusiyyətlərə malik, yaddan çıxmayan obraz­ları­nı yarada bilir. Burada da Əli Kərimin sənətkarlığı öz qüdrə­tini gös­tə­rir, şair sərrast fərdiləşdirmə istedadından istifadə edir. Zabit də, Çərkəz İsmayıl da oxucunun yaddaşına həkk olunur:
“Yanır İsmayılın qaynar gözləri,

Yaxşı başa düşür bizim sözləri”. (47, 246)


Şairlə onun ürəyindən bir-birinə yol var. Söz yox ki, Çərkəz İsmayılın Lermontova olan bu münasibəti şairin ona və onun xalqına olan münasibətindən doğmuşdur. Çərkəz İs­ma­yıl bu iki zabit mundirli adamın tamamilə başqa-başqa şəxs­lər olduğunu yaxşı seçmişdir. Onda Lermontova nə qə­dər məhəbbət varsa, zabitə qarşı bir o qədər kin və nifrət vardır:
– Mixail, keyfini açım deyə mən,

Öldürüm bu iti, istəsən əgər.

– Gəl gedək, İsmayıl, qızışma görək,

İtdən ölümü qoruyaq gərək. (44, 108)


Poemada Lermontovgilə rast gələn iki kənd uşağının portretləri də şair tərəfindən aydın çəkilmişdir:
Uşağın birisi dilli-dilavər,

Bütün suallara o, cavab verir,

Amma ikincisi dilsizdir, nədir,

Tutub papağını üzünə gülər.

O, bunun yerinə danışar, coşar,

Bu onun yerinə qızarar, çaşar.

O deyir: “Gedəyin, qonaq olun siz”,

Bu isə göz dikib çarıqlarına,

Xəlvəti baxırdı “qonaqlarına”. (44, 100)
Əli Kərim öz obrazlarının gələcəyini aydın görə bilir. Obrazın inkişafının nəticəsi onun xarakteri ilə möhkəm rabitədə verilir. Məsələn, əsərin finalında aydın olur ki, dilli-dilavər uşaq böyüyüb döyüşlərdə ölür, o utancaq isə “bu gü­nə qədər yaşayıb” bizi də görür.

Əsərdə Lermontovun M.F.Axundovla görüşü, söhbəti də maraqlı təsvir olunmuşdur. Burada Mirzə Fətəli oxucu­nun nəzərlərində azadlıq eşqi ilə alışıb-yanan, puşkinlər, ler­montovlar Rusiyasına dərin məhəbbət bəsləyən bir insan, bir mütəfəkkir kimi canlanır:


Səbuhi danışır, Səbuhi gülür,

Hərbi köynəyinin döşündə əli.

Gah filosof olur, gah şair olur,

Deyərsən danışır neçə Fətəli. (47, 250)


Poemada Lermontov coşğun, ehtiraslı, həssas müşahi­də­çi, ürəyində yüzlərlə şeir bəstələyən hazırcavab, bəzən uşaq kimi sadəlövh, bəzən zamanın bütün keçməkeşlərinin sirrini duyub dərk etməyə çalışan filosof kimi verilir. Poe­mada bütün iştirakçıların xarakterləri Lermontovla bağlı ola­raq açılır. Əsərdə hər şey – təbiət təsvirləri, meşələr, ağaclar, güllər, çiçəklər də Lermontovun xarakterini əks etdirir. Ler­mon­tov Azərbaycanı, onun tar üstə, saz üstə bəslənilmiş di­li­ni, füsunkar meşələrini, təbiəti danış­dı­ran, ürəyin bütün tel­lərini lərzəyə salan musiqisini, qonaq­pər­vər, mərd insanla­rı­nı, gözəl adət və ənənələrini sevib, on­lara böyük ehtiramla ya­naşan gözəl xasiyyətli bir adamdır.

Müəllif Lermontovu təsvir edərkən öz boyalarını, öz məhəbbətini əsirgəmir.


Şair taxtın üstə uzandı səssiz,

Başının altında əlləri çarpaz...

Bir deyin, insafmı, mürvətmi bu da

Çəmən çöldə yata, şair otaqda?! – deyir. (47, 268)
Lermontovun hərarətini, alicənablıq və insanpərvər­li­yini aşağıdakı misralar necə də gözəl ifadə edir:
Qoymadı titrəyə soyuq da tir-tir,

Qoynunda yer verdi soyuğa şair. (47, 268)


Lermontov gözəlliyi, xalq hikmətini duyan, qədir bilən bir insadır. Onun aşıqla mühakiməsi, xalq müdrikliyinə hey­ran qalması xarakterinin bu tərəfini gözəl göstərir.

Əli Kərim bu poemasında da heca vəzninin müxtəlif bölgülərinə müraciət etmişdir. O, istər şeirlərində, istərsə də poemalarında vəznə, bölgüyə, ahəngə çox diqqət yetirmişdir. “Əsl sənət əsərində, əsl şeirdə ahəng təsvir olunan pred­met­lə, obrazın əhval-ruhiyyəsi ilə həmahəng olmalıdır” (58, 229).

Poemanın sonunda ocaq təsvir edilir. Ocaq bir sim­vol­dur. Şairin qaladığı belə ocaqdan “hər yerdə, hər zaman qa­la­dı zaman”. “Bu o deməkdir ki, Lermontov kimi yüksək amal­larla yaşayanlar, “Azadlıq” odasına səs verənlər əyninə gəl­məyən paltarları – qanunları parçaladılar. “Sibirə mək­tub”dakı gələcəyə çağırış ideyasını həyata keçirt­dilər. Hər yerdə azadlıq ocaqları yandırdılar” (21).

Azərbaycanın zəngin şeir formalarından bacardıqca çox işlətdiyinə görə Əli Kərimin şeirləri yeksənəq olmur, poe­ma­larındakı ürəkaçan əlvanlıq da elə buradan irəli gəlir. Əli Kərim beşlikdən də, səkkizlikdən də bacarıqla istifadə edir. Az işlənən beşliklə o, bu poemada həm gözəl xarakter yarat­mağa, həm də şeirə dinamika verməyə nail olmuşdur.

Əsl sənət əsərində, əsl şeirdə ahəng təsvir olunan pred­metlə, obrazın və şairin özünün əhvali-ruhiyyəsi ilə hə­ma­həng olmalıdır. Ahəng şairin tərənnüm etmək istədiyi pred­meti qavramağa, yaşamağa başladığı andan başlayır.

Şair tərənnüm obyektini nə qədər dərindən, nə qədər hərtərəfli, nə qədər dəqiq qavrayırsa, ahəng də bir o qədər təs­vir obyektinin və ya şairin özünün əhval-ruhiyyəsinə uy­ğun gəlir. Məsələn, Lermontovun aşığı dinlərkən aldığı təəs­sü­ratın, ən gərgin, ən həyəcanlı anın – şairin özünün ilhama gəl­məsi prosesinin tərənnümünə diqqət yetirək:
Musiqi doldurdu sinəmi tamam,

Ordakı min şeir, ordakı ilham

Köpürdü, hayqırdı, səda da saldı,

De, şahə qalxmamış duyğumu qaldı?!

Könül uşaq kimi, ver, nə var, dedi.

İndi axşam idi,

səhər istədi.

Gecə də istədi səhərlə birgə,

Sevinc də istədi kədərlə birgə.

O görmək istədi eli, obanı,

Bir meşə qoynunda bütün cahanı,

Ulduzu, günəşi yerdən istədi,

Bütün fəsilləri birdən istədi.

Gecəni gündüzün yerinə qoymaq,

Gündüzü nur kimi gecəyə yaymaq,

Cahana min səda salmaq istədi,

Allahın allahı olmaq istədi. (40, 226)

Buradakı ritm ilham prosesinin daha canlı olmasına kömək etmişdirmi?

Bu, döyünən bir qəlbin ahəngi deyilmi? Hələ bütün poe­ma boyu qığılcım kimi səpələnən təzə bənzətmələr! Bu bənzətmələr utancaq gəlin kimi tül arxasındadır. Əli Kərim­də müstəqim misralara rast gəlmək çətindir. Bütün misralar obrazlıdır. Cansızları canlandırmaq, dilsizləri dilləndirmək yolu ilə şair gözəl istiarələr və lövhələr yaradır:
Yağış ələndikcə ələnir narın,

Yağır qarşısında al şüaların,

Qırmızı bir yağış, yanar bir yağış,

Xeyir! Bircə rəngli deyildir yağış!

O, yaşıl talada yağır gümüşü,

Yağır təbiətin sözü, gülüşü,

Hələ ağacların kölgəsinə bax,

Yağır qara yağış, yağır boz yağış,

Yağır narın-narın, arasıra yağış,

Yağır o yanda da görünməz yağış... (47, 263)
Bu şəkil, bu lövhə Lermontovun aşığı, onun sazının ecaz­kar səsini, ürəklərə od salan “Aşıq Qərib” dastanını din­lərkən aldığı təəssüratın nəticəsidir. Burada həm Azər­bay­can xalq musiqisinin qüdrəti, həm zəngin, rəngarənk Azərbaycan təbiəti, həm də Lermontovun bütün bunları çox həssaslıqla duyması göstərilmişdir. Əli Kərimin təbiət təsvir­ləri ona gö­rə canlıdır ki, bunlar dəqiq, aydın olmaqla bərabər, bilavasitə obrazın daxili aləmi ilə bağlıdır:
Meşələrə bax,

Sanki nağıldı.

Baxanda qonaq

Dərdi dağıldı.

Yaşıl budaqlar.

Qovuşmuş necə,

Qaranlıqda var

Min illik gecə.

Quşlar ürküşür

Dəstəbədəstə,

Yarpaqlar düşür,

Quşların üstə.

Vələs yarpağı,

Çinar könlüm,

Çinar budağı,

Şama bitişmiş. (40, 220-221)


Əli Kərim detalların dürüst təsvirinə çalışır, bunlardan başqa hissləri göstərmək üçün də yaxşı istifadə edir. Ler­mon­­tovla görüşə gəlib, onu qonaq aparmaq istəyən uşaqların su dolmuş ayaq ləpirlərinin təsviri oxucunun diqqətini ha­disə yerinə yaxınlaşdırır.
Yoxdur o uşaqlar,

Sapsarı su dolub ləpirlərinə,

Həmin ləpirlərdə sərçələr çimir,

– Uşaqlar gələrək görüş yerinə,

Peşiman qayıdıb.

Həyata bax bir!

...O baldı qələmə, tənəyə, dağa...

– Neyləyim, ayrılıq namərdir dedi. (47, 271)


Hər şey gözümüzün önünə gəlir. Bu təsvir başqa böyük şeylərin üzərinə işıq saçır. Hər şeyin aydın görünməsinə kö­mək edir. Ləpirin təsviri başqa bir vəzifəni də görür. Uşaq­la­rın həqiqətən görüş yerinə gəlib qayıtmalarını bəs şairə kim deməlidir?

Lakin Əli Kərim poeziyasında gəlişi deyilişi, şəkli və ahəngi gözəl olub, konkret təsəvvürdən uzaq təsvirlərə də az təsadüf edilir. Toyda oynayan gözəlin təsvirində deyilir:


Süzür yenə,

Elə bil ki, görünməyən bir dəryada,

Üzür yenə rəqqasələr rəqqasəsi.

Boy ucadır, əllər uzun –

Sanki ülvi gözəlliyin

Güllərini dərmək üçün.

Heyran baxan gözlər iri.

Sanki bütün kainatı

Birdən-birə görmək üçün. (47, 256)
Buradakı bənzətmə zahirən nə qədər gözəl olsa da, bo­yun ucalılığının təsvirindəki “ülvi gözəlliyin güllərini” heç cür təsəvvür eləmək mümkün deyil.

Poemada bəzən şəkilli ifadələrə aludə olmaq meyli də nəzərə çarpır:


“İlhamı donmuş göy gözlərində

Gözümdə donar

küskün bir xəyal.
Lermontovla söhbət edən uşaqlardan birinin qarğıdan at minməsi də onun yaşına və danışıq tərzinə uyğun deyildir. Tarixi hadisələrdən də ayrılıqda, əsas obrazın taleyi ilə əla­qədar olmadan bəhs etdikdə, lövhə və ya hadisə cansız çıxır.

“Üçüncü atlı” poeması Azərbaycanın Rusiya ilə ədəbi əlaqələrinin tərənnümünə həsr olunmuş gözəl poemalardan biridir. Şairin bu poeması yığcam assomasiyaları, di­linin sa­də­liyi ilə də diqqəti cəlb edir və bu da poemanın oriji­nal­lı­ğı­nı, sənətkarlığını tamamlayan cəhətlərdən biri kimi qiymət­lən­­dirilir. Əlbəttə ki, bütün bunları şairin istedadının, yarat­maq eşqinin bəhrəsi, nəticəsi kimi başa düşmək lazımdır.

Bunlarla belə, oxunaqlı poemada dumanlı, çətin anla­şı­lan, qeyri-müəyyən söz və ifadələr vardır.

“Bu aylı gecəyə qonaqmı?”, “Kür göyə lillənən ayın nurudur” müqayisələri ilə yanaşı, Kürün dalğası “nurlu bir xəyala”, meşə nağıla, Metek qalası gəlinə bənzədilir. Poe­mada:


Sanki gecə deyil vüqarlığı sirr,

Gecənin səhərli yuxusudur: (?)

Aləmi qulcayan sükutdur, nədir?

Sükutun ən böyük arzusudur bu?


Yaxud:

Sonsuz üfüqlərdən üfüqlərəcən

Dünyanı fəth edən dəli bir vüqar?

Müqəddəs dizini qoymuşdu yerə?


Və ya:
Qəm kainatdı

Göy üzərində

Bir göyə bənzər (?)

Göy gözlərində

Ulduzlar gəzər –
kimi ifadələrə rast gəlirik.

Bu qüsurlarına baxmayaraq, “Üçüncü atlı” poeması Əli Kərimin “İlk simfoniya”dan sonra inkişaf etdiyini, söz ehti­ya­cının zənginləşdiyini göstərirdi.

Poemanın yazılma tarixi barədə yazıçı Anar “Əli Kəri­min təbəssümü” adlı məqaləsində yazır: “1968-ci ilin iyu­lun­da Azərbaycan mədəniyyəti günləri ilə əlaqədar Polşaya getmişdik. Biz Polşanın müxtəlif şə­hər­lərini gəzir, müharibə viranələri içindən boy atıb dirçələn məm­ləkətin bu günü ilə tanış olur, yeni evləri, geniş xiya­ban­ları seyr edirdik, dava­nın hələ də sağalmamış xara­ba­lıqları ilə rastlaşırdıq. Müxtə­lif şəhərlərdə biz ikinci dünya savaşının cəbhələrində həlak olmuş polyak və sovet əs­gərlərinin məzarlarına əklillər qoyurduq.

Polşanın azad olması uğrunda vuruşlarda həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun da məzarı bu ölkədəydi. Əli Kərim ona “Heykəl və heykəlin qardaşı” adlı poema həsr edib. Cəmil Əhmədovun vətənində – Cəbrayılda qəhrəmana abidə ucaldılıb. Heykəlin qardaşı – Cəmilin qar­da­şı, bütün həyatını, hərəkətlərini, insanlara münasibətini mə­sum və güzəştsiz ölçülərlə ölçür – Həlak olmuş qəhrə­ma­nın igidlik meyarıyla Əli bu barədə yazıb” (4).

“Əgər Əli “Heykəl və heykəlin qardaşı” mövzusunu seçməyə cəsarətlənirdisə, bu onun daxili poetik gücünə, poetik enerjisinin qüdrətinə inamından doğurdu” (58, 241).

Əli Kərim “Heykəl və heykəlin qardaşı” poemasını 1969-cu ildə yazmışdır. Poema 8 fraqmentdən ibarətdir. Proloq, 1-ci fraqment “Heykəl uzağa baxır”, 2-ci fraqment “Coğrafiyadan “5”, 3-cü fraqment “Analar dünyası”, 4-cü fraqment “Ananın şifahi gündəliyi”, 5-ci fraqment “Qonşu­la­ra təsəlli”, 6-cı fraqment, 7-ci fraqment “Adsız qəhrəman”, 8-ci fraqment kimi adlandırılıb.



Şairin proloqda qeydindən də məlum olur ki, “Heykəl və heykəlin qardaşı” poeması Polşa uğrunda həlak olmuş So­vet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuş­dur. Poe­madakı bütün obrazlar həyatdan götürülmüş pro­to­tip­lərdir.

“Heykəl və heykəlin qardaşı” poemasında müharibə səhnələri ilə sülh dövrünün təsərrüfat – quruculuq mənzə­rə­si­nin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif möv­zu­lar ustalıqla bütövləşir, adamlarımızın psixologiyası, mərd­­liyi, fədakarlığı, əməksevərliyi Ə.Kərimə məxsus cizgi­lərlə poetikləşərək oxucunun hisslərinə aşılanır. Professor Tofiq Hacıyevin qeyd etdiyi kimi, Əli Kərim insanların psi­xo­logiyasını, mübarizəsini, Vətənə olan qayğı və sevgisini incə ştrixlərlə poetikləşdirir (47, 7).

“Əli Kərim poetik detala münasibətdə fərqli, әnәnә ilə üst-üstə düşməyən bir sistem irəli sürürdü və hər bir şeiri ilə bu sistemi yaradırdı. Və məsələ təkcə “qeyri-poetik obyektə estetik, hətta simvolik bir məna” verməklə də bitmirdi, bu, belə deyək, məsələnin yalnız bir tərəfi idi” (80, 55).

Tənqidçi Cavanşir Yusiflinin bu fikirlərindən deyə bi­lə­rik ki, 60-cı illər poeziyasına yeni üslub tərzi ilə daxil olan Əli Kərim әnәnә ilə üst-üstə düşməyən yeni bir sistem yara­dırdı və bu sistemin əsas halqalarından biri də “Heykəl və heykəlin qardaşı” poemasıdır. Əli Kərim bu poemada qeyri-poetik obyektə, yəni tunc heykələ estetik, hətta simvolik mə­na verir. Bu üslub tərzinə onun yaradıcılığında tez-tez rast gəlmək mümkündür. Məsələn, “Babəkin qolları”, “Bomba üstündə ev” və s.

“Əli Kərim poeziyası tapılan detalın simvollaşdırılması ilə bitmir, yaxud başlamır. Babəkin qolları – simvol deyil, bitib-tükənməyən bir metaforadır, elə bir metafora ki, se­man­tik enerjisi etibarilə xalqın, millətin həyatını, taleyini, AZADLIQ uğrunda savaşını... sonsuz şeyləri az qala һәr bir dövrün musiqi yaddaşında һәkk edilən polifonik ladları ilə canlandırır” (80, 185). Bu fıkirləri Əhməd Cəmilin heykə­li­nə də aid edə bilərik. Heykəli əsərin əsas obraz­ların­dan biri səviyyəsinə yüksəldən Əli Kərim onun simasında xalqımızın mərd, igid, vüqarlı, ürəyi bulaqlar qədər təmiz, namuslu oğul­larını, azadlıq uğrunda mübarizəsini, Vətən sevgisini tərənnüm edir.

Cavanşir Yusifli daha sonra qeyd edir ki, “Bu üsulla, əslində, Əli Kərim simvola varmırdı, simvollar üzərində da­ya­nıb, nəfəs dərib, nəsə qurub-yaratmırdı, bütün bunlardan hiss olunmayan bir jestlə vaz keçir, bütün diqqətini MƏTLƏBİ göstərməyə çalışırdı” (80, 185). Deməli, Əli Kərim üçün əsas mətləb idi. Şair heykəlin də, qardaşı Va­qi­fin də simasında qarşıya qoyduğu mətləbi ustalıqla aça bilir.

Altay Məmmədov “Tanıdığım Əli Kərim” adlı kita­bın­da yazır ki, “Əli Kərim, ümumiyyətlə, bu əsərə olduqca güc­lü poetik enerji sərf etmişdir. Axı bu “İlk simfoniya” kimi tanış, işlənmiş, məhrəm mövzu deyildi. Əli Kərim poemanı fraqmentlərə bölərək, özünə sərbəstlik təmin etmiş, hadi­sə­ləri konkret süjet çərçivəsinə salmışdır”.

Poemada tam gözəgələn sintaktik sərbəstlik hiss olu­nur, fikrin söylənmə tərzi xeyli yeniləşmişdir. Əli mütəmadi olaraq işlənmiş deyim tərzlərindən yaxa qurtarmağa çalışır­dı” (58, 268-269).

Poema Əli Kərimin bir payız səhərində Cəbrayıla gəli­şi ilə başlayır. “Poemanın əvvəlindən də məlum olur ki, əsə­rin yazılmasının əsl səbəbkarı Vaqifdi”.
“Soruşurdu yarpaq dilləri ilə:

Kimi axtarırsan, kimi?

Мәn Vaqifı axtarırdım,

Qəhrəman Cəmilin qardaşını –

Rayonun katibini” (47, 301)
Şair öz dili ilə hadisələri təsvir etməyə başlayır. Bəs şairin qəhrəmanı Cəmil kimdir? Cəmil Əhmədov uzaq Pol­şa­nın azadlığı uğrundakı ağır döyüşlərdə qəhrəmancasına hə­lak olmuş, məzarı Polşada qalmış, heykəli isə Vətəninə – Cəbrayıla, lap evlərinin yaxınlığına, ağsaqqal çinarın yanına, doğmalarının əhatəsinə qayıtmışdır. Əli Kərim qüdrətli poe­ti­kası ilə heykələ həyat, nəfəs vermişdir. Rayon mərkəzinə gə­lən Əli Kərimi elə ilk görüşdə heyrət almışdır:
“Gördüm Cəmili

Tunc geyimli,

heykəlliyində də

qayğıkeş,

cəsur,

sadə.


Sinəsini döndərmişdir,

həyatla


ölüm arasındakı səddə”. (47, 301)
Şair on doqquz yaşlı bu qəhrəmanın sifətində igidliyini əks etdirən sərt, ciddi, cəsur cizgilərlə yanaşı, bu yaşda olan yeniyetmələrə yaraşan paklıq, təmizlik, qayğıkeşlik, sadəlik ifadə edən cizgiləri də əks etdirmişdir.

Cəmil böyüdüyü çinarlı Cəbrayıla – kiçik şəhərə tam mənası ilə qovuşmuşdur. Ancaq:


“Kədərliydi bir qədər;

üç addımlıqdakı evlərinə

düşüb gedə bilmirdi

əbədiyyət kürsüsündən...” (47, 302)


Məzarı Polşada, özü isə həyata göz açdığı, həyətində ilk addım atdığı evin yaxınlığında dayanmış Cəmil – onun tunc heykəli doğma anası, atası, qardaşının qəlbində xüsusi əhval-ruhiyyə yaratmışdır. Cəmilin anası ağlayır:
“Oğul, durub burdan-bura

gəlmirsən!

Bu dərdimə sənsən çara,

gəlmirsən?!” (47, 302)


Ananın qəlb çırpıntılarını şair çox gözəl tərənnüm etmişdir. Ata isə susur və oğlu Cəmilə deyir:
“İndi böyük bir kişisən

mən qocayam,

məndən yaxşı

sən bilirsən

һәr işi sən.

Cəmil, xırda uşaqsanmı

qışqıram ki, axşam oldu.

Oynamısan, yorulmusan,

bəsdir, Cəmil” (47, 302).

On doqquz yaşında həyatdan köçsə də, ailə üzvlərinə görə Cəmil ildən-ilə yaşa dolur, onlarla birgə yaşlanır, tunc geyimindən çıxıb canlanır. Şair Cəmilin dilindən ata-anaya, ailə üzvlərinə səslənir:


“Axı, yenə postumdayam,

mən gəlməsəm, siz gəliniz.

Heç bir şey də lazım deyil,

Gətiriniz lalə, nərgiz” (47, 302).


Əli Kərim adi insanların görə bilmədiklərini şeir dili ilə canlandırır:

Bu çinar “Сəmilin vüqarında vuruşaraq, Avropadan müzəffər qayıdıbdır”.

Bu sular “Cəmilin gur səsində vuruşaraq, Avropadan mü­zəffər qayıdıbdır”.

Bu çiçəklər “onun arzularında vuruşaraq, Avropadan mü­zəffər qayıdıb”.

Bu şətəqlər “onun təbəssümündə vuruşaraq, Avropa­dan müzəffər qayıdıb".

Bu saf hava “Cəmilin nəfəsində vuruşaraq, Avropadan müzəffər qayıdıbdır” (47, 303).

Bu, Əli Kərimin tapıntısı idi. Cəmillə kim ünsiyyətdə olursa, qəhrəmandır. “Bənzətmələrin formasına diqqət yeti­rin: üslub təp-təzədir, metaforalar bakirdir, həm də güclüdür, enerjilidir. Cəmildə hər şeyə, bütün predmetlərə təmizlik, saf­lıq paylamaq, bəxş etmək qiidrəti var” (58, 250).
“Alar məni fikirlər:

Çinar qəhrəman!

Sular qəhrəman!

Şəfəqlər qəhrəman!

Çiçəklər qəhrəman!

Hava qəhrəman!

Cəmil qəhrəman!” . (48, 303)
Əli Cəmil haqqında gah özü danışır, gah da qardaşı Va­­qifin və anasının dili ilə danışır. Şair bizi əsərinin digər qəh­­rəmanı Vaqiflə, onun düşüncələri ilə tanış edir. Əvvəlcə Vaqif obrazının prototipi ilə tanış olaq. Altay Məmmədov bu haq­da “Tanıdığım Əli Kərim” adlı kitabında geniş məlumat ve­rir. Müəllif diqqəti əsərin adına çəkir və Əli Kərimin əsər­lə­rinə ad seçməkdəki qeyri-adiliyini Hüseyn Cavidlə müqa­yisə edir.

A.Məmmədov yazır ki, “Desə idilər ki, Əli raykom katibi haqqında poema yazıb və ya yazır, heç kəs inanmazdı, Əli estetik baxışları ilə belə mövzulardan yüz səksən dərəcə uzaq idi” (58, 257). Bəs Əlini bu mövzuya çəkən nə idi? Va­qif Əhmədovun mülayimliyi, açıqsözlülüyü, gözəl mənə­viy­yatı, mərdliyi, vəzifəsindən insanlara ancaq xeyir vermək üçün istifadə eləməsi, vəzifəsini itirmək təhlükəsi olanda be­lə sözü üzə deməsi, daxilən zənginliyi, şairlərə, incəsənət xa­dimlərinə hörməti, əsl həyat məktəbi olması Əlini onu əsər qəhrəmanı seçməyə həvəsləndirmişdir.

Poemada heykələ dönmüş “canlı” Cəmilin qardaşı Va­qif Əhmədovun timsalında müasir rayon işçilərinin xa­rak­terik cəhətləri əks olunmuşdur. Şair yazır ki, onu – katibi ota­ğından çıxanda tuta bildim. Belə bir cümlə iş başında olan, xalqa, camaatla təmasda olan rəhbər işçinin gündəlik işi­­­ni məzmunlu, dolğun göstərə bilir. Vaqif stol başında otur­­maqdan daha çox zəhmətkeşlərin içərisində olmağı, on­ların ar­zu və tələblərinə qulaq asmağı, torpağın səsi­ni, nəfə­sini kabinetlərdə, iclas salonlarında deyil, torpağın özündə, onun geniş qoynunda dinləməyi xoşlayır.

Əli Vaqifdə müşahidə etdiyi bütün müsbət keyfiyyət­lə­ri artıq böyük şöhrət qazanmış, doğma yurda heykəlləşib qa­yıdan Cəmillə əlaqələndirir.

Şair Vaqifin “Cəbrayılın üstünə qəhrəmanlıq şəfəqi ki­mi çilənmiş Cəmil adlı səmaya” susaraq baxdığını görür. Va­qif də tunc heykəl qədər düşüncəlidir. Şair onun gözlə­rindən oxuyur:
“Anam – dərdli qarı

az qala çarşabını açıb

saxlamaq istəyir.

Cəmilin başına yağan

dolunu

yağışı,


qarı.

Elə əli ürəyinin üstədir.

Gah deyir ki, “qaranlıqdır,

Cəmil darıxar”.

Gah da: “ona soyuqdur,

İstidir”(48, 302).


Bu misralardan gecə-gündüz oğlu üçün narahat olan, onu qorumağa çalışan dərdli ananın hıçqırıqlarını eşidirik. Vaqif bilir ki, qəm-qüssənin әn ağırı onu dünyaya gətirən ananın çiyinlərindədir. Vaqif hərdən qardaşının sağ olmadı­ğını unudur, evlərinə qonaq gələndə onu da çağırmaq istəyir, ona layiq bir qız görəndə ürəyində “toy” sözü partlayır. “Toy sözü partlayır” ifadəsi şairin tapıntısı idi. Əlinin bu əsə­ri də yeni ifadə vasitələri ilə zəngindir. Çox halda “ürə­yin­dən toy keçir” şəklində işlənən ifadə psixoloji məqamına görə “toy partlayır” formasını almışdır.

Vəzifədə olmaq məsuliyyətli işdir. Birinci katibin vəzi­fə­sinə canıyananlıqla yanaşmasının səbəblərindən biri Cə­mil­dir, onun şöhrətidir. Vaqifın işinə qayğıyla sarılması qar­da­şının xatirəsinə olan dərin ehtiramdır. О bilir ki, az işləsə, Cəmilin şan-şöhrəti azalacaq. Bu işi düzgün yerinə yetir­mə­yəndə Cəmilin şöhrətinə toxunacaq.


“Bir məsələ yönə düşməyəndə

qır-qıc olub quruyuram.

Axı mən bizi

Rusiya çöllərində,

Avropada qoruyanın

şöhrətini qoruyuram.

Мәn saxlamaq istəyirəm

onun şöhrətini

evdəki paltarı kimi

təmiz,


ləkəsiz,

təzə”. (48, 304-305)


Cəmil də, Vaqif də eyni ailədə, eyni mühitdə böyümüş, tə­miz arzularla yaşamışlar. Cəmil kimi Vaqif də müsbət ideal­­larla kodlaşdırılıb, intəhası Vaqifin ali keyfıyyətlərinin düş­düyü sonrakı mühitdə zədələnə biləcəyi təhlükəsinin qar­şı­­sını Cəmilin şöhrəti almışdır. Cəmil özünün ədaləti, düz­gün­lüyü ilə, bütövlüyü, qorxmazlığı ilə Vagifin varlığına hopmuşdur.

Əli Kərim nə qədər Vaqifi diqqət mərkəzinə çəkməyə çalışsa da, onun gözlərindən də, sözlərindən də, səsindən, nə­fə­sindən də Cəmil görünür, Cəmil boylanır. Öz işlərindən danışmır, onun yerinə Cəmildən söhbət açır: “Asandırmı onun şərəfli, həm də ağır şöhrət yükü altında yaşamaq, ana­ma, atama, qardaşıma, mənə – bizə!” (58, 256).

Vaqif şəxsiyyətinə uyğun gəlməyən belə bir etiraf edir: “İstəyirəm daha çox hörmət qazanım. Ancaq növbəti mis­ra­la­rı oxuduqda Vaqifin məqsədini aydın görürük: “Bu hör­mət, gərək çətinliyin dəmir caynaqlarından alına”. Vaqif bu hörməti Cəmilin pyedestalının altına qoyub, vüqarlı, nurlu in­sanın daha uca olmasına çalışır. Cəmilin şöhrətinin, boyu­nun tuncda donub qalmasına razı olmayan Vaqif deyir: “Cə­milə həsr edəcəyəm Ömrümü ömrüm boyu. Nəyə lazım nə­fəs­siz, həyatsız heykəl?! Qolsuz-qanadsız heykəl. Amma hey­kəl böyüyərmiş nə çətin; bahasına dağdan ağır zəhmətin. O, hər xırda-para raportu, işi, xeyirxahlığı qəbul etməz; dayanıb vüqarlı, Ətrafı əbədiyyət hasarlı”. Cəmil hər an, iclasda da, məclisdə də, evdə də Vaqiflədir. Hər iclasda fəxri bir üzv kimi iştirak edir.

“Əli Vaqifin iç dünyasını tərəf-müqabilini zərrə qədər də şübhəyə salmadan müşahidə edib öyrənmişdir; min il qala Əli öz məqsədini, qarşısındakı barədə poema yazaca­ğı­nı dilinə belə gətirməzdi və min il qala heç Vaqifin də ağ­lına gəlməzdi ki, bu zərif şair onun barəsində nә isə yazmaq xə­ya­lına düşə, o, Əlinin şairlik ampluasına bələd idi” (58, 261). Cəmil Vaqifin daxili aləmində idi. Vaqifə görə, bir söz deyildisə, yerinə yetirilməlidir. Necə ki Cəmil insanların xahişi olmadan, xəbərləri olmadan onları ölümdən qurtarıb, və­zifə başında olan da lap ölüm bahasına olsa da, “Olacaq!, Düzələcək!, Var!, Mütləq!” deməlidir. Vaqifın həyat fəlsə­fə­si belə idi. Əlini də cəzb edən bunlar olmuşdur. Vaqifin sə­mi­miliyi özünü bu misralarda da göstərir: “Gərək biləsən, camaatın süfrəsində bişmişin də, çiyin də”.



Əli Vaqifi oxucularına hörmət və məhəbbətlə təqdim edir. Əlinin xoşuna gələn raykom katibi dünyanın ən xoş­bəx­ti olmalı idi. Çünki Əli müasirləri arasında ən saf, ən pak şair idi; onun ürəyinin güzgüsü də ən təmiz, ən düzgün əks etdirən güzgü idi. Vaqif də həmin aynada əsl siması ilə görünür.

Şair bu poemanı bir jurnalist kimi şərh edir. Üç nurani qocanı qəbul edən Vaqif sədrin baxmadığı məsələyə “Ola­caq suyunuz!”, – deyib onları razılıqla yola salır. Şair Va­qifın һәr hərəkətini, hər düşüncəsini, hətta küləyin həyət­dən katibin otağına gətirdiyi yarpaqları belə Cəmillə bağlayır:


“Pəncərədən tökülür

çiyinlərinə,

qələminin altına

külək əsdikcə

Cəmilin

tunc çiyinlərindən qopan

yarpaqlar, qızılı-sarı”. (48, 307)
Böyük Vətən müharibəsində həlak olmuş igidlərin öl­məz xatirəsinə dərin ehtiram hissi, alman faşizminə sonsuz nif­rət ruhunda yazılmış bu poema müəllifin mövzuya yanaş­maq tərzinə fraqmentin süjet qurma üsuluna görə Azər­bay­can ədəbiyyatında orijinal əsərlərdən biri kimi tanınmaqdadır.

Əli Kərim yaradıcılığına daxil olan “O mənə danışdı ki...”, “Bir santimetr haqqında ballada”, “Ölülər ordusu”, “Göy­lər adamının himni” kimi poemaları da Azərbaycan ədə­biyyatının 60-cı illər poeziyasında özünəməxsus yer tutur.

Əli Kərim “O mənə danışdı ki...” poemasını 1964-cü il­də Kislovodskda yazmışdır. Poema yığcam süjet xəttinə ma­lik olub, “Ayaqlar”, “Ayrılıq”, “Adsız fəsil”, “Açılmamış güllələrin yarası”, “Ana, hardasan?!”, “Ayıldım bir səhər” ki­mi başlıqlardan ibarətdir. Poema müharibədə bir ayağını itir­miş qəhrəmanın həyatından bəhs edir. Əli Kərimin “O mənə danışdı ki...” poemasında hadisələr şairin deyil, qəhrəmanın dilindən verilir.

Əli Kərim yaradıcılıq priyomundan məharətlə istifadə edərək, qəhrəmanına ad da vermir, onu sadəcə “O” çağırır. Bu­nunla da şair, qəhrəmanını ümumiləşdirir, qanlı müha­ri­bə­də başına müsibətlər gələn neçə igidin həyatını bu qəhrə­ma­nın həyatından oxuya bilirik. Bu Əli Kərimin hadisələri və qəhrəmanları tipikləşdirmə bacarığından irəli gəlirdi.

Əli Kərim “O mənə danışdı ki...” poemasını kamillik döv­ründə yazmışdır, ancaq kəşflərlə yaşayan şair уеnә də forma axtarışlarında idi və buna görə də poema şairin digər poemaları kimi, başlıqlar şəklində verilmişdir. Poemanın baş­­lıqlar şəklində verilməsi şairin hadisələri yığcamlaşdır­maq istəyindən irəli gəlirdi. Əsərdə hər başlıqdan sonra ona uy­ğun hadisələr təsvir olunur.

“O mənə danışdı ki...” poemasının başlanğıcında şair danışır ki, kurortda, bağda, göy meşələrdən axan dalğa-dalğa sərinliyin altında bir ortaboy, qarayanız kişi başına gələnləri danışır. Poemanın bu cür başlanması oxucunu ilk andan ha­di­sələrin gerçəkliyinə inandırır.

Əli Kərim haqqında xatirələrdən, oğlu Paşa Əlioğlunun söhbətlərindən məlum olur ki, şair qarşısındakı hər kəsi so­nu­na qədər dinləyən, onların dərdini öz dərdi kimi yaşa­yan sakit təbiətli insan olmuşdur. Paşa Əlioğlu qeyd edir ki, uşaq vaxtı bizi Şimali Qafqaza aparırdı, gürcülərlə söhbət edir­di, onların həyat hekayələrini dinləməyi xoşlayırdı. Də­rin müşa­hi­də qa­bi­liyyətinə malik olan şair bu söhbətlərdən əsərləri üçün möv­zu seçirdi. “O mənə danışdı ki...” poeması da belə yaranmışdır.

Tənqidçi C.Yusflinin Babəkin qolları haqqında dedik­lərini “O mənə danışdı ki..” poemasının qəhrəmanının mü­ha­ribədə itirdiyi ayağına da aid edə bilərik. Belə ki, bu ayaq təkcə simvol deyil, xalqın tarixini, faciəsini göstərən me­ta­fo­ra­dır. Əli Kərim “Bir ayağım burda, bir ayağım orda” adlı pyes də yazmışdır.


“Qəribəydi... Dediyim bu mehriban adam

Söyləyəndə – bu yerlərdən ayrılammaram,

Çox da bura Bakı deyil, xeyli xırdadır,

Ayağımın biri burdadır”. (48, 273)


Qəhrəmanın burda itirdiyi təkcə ayağı deyil, həm də ar­zu­ları, dostları, həyatının әn mənalı illəridir. Poemanın so­nunda da məlum olur ki, qəhrəman hər yay gəlib köhnə dostları ilə görüşür.

Əli Kərim həyatın elə detallarını seçib poeziyaya gəti­rir­di ki, insanı həmişə düşünməyə vadar edir. Şairə görə, poe­ziya intellektual olmalıdır, fikrə üstünlük verilməlidir. Pa­şa Əlioğlu da qeyd edir ki, Əli Kərim poeziyası intellekti xü­susi vurğulayan poeziyadır. Oxucunu düşüncələrə dal­dı­ran mis­ra­lara hər əsərində olduğu kimi, bu poemasmda da rast gəlirik.
“Мәn utandım...

О utandı...

Nə isə andı;

Gəlib keçən bir əsrdi,

yoxsa ki andı.

Baş açmadım...”. (48, 273)


İnsan bəzən bir anın içində az qala bir ömrü xatırlayır. Kimisi üçün bir saniyə, kimisi üçün bir əsrə bərabər olur, ya­xud da əksinə. Şair qəhrəmanın bu vəziyyətinə üzülür və səbəbini göstərir: “Buna bircə səbəb varsa, müharibədir”

“Ayrılıq” başlıqlı hissədə qəhrəmanın müharıbəyə yola salınmasından bəhs edilir. Şairin misralarından övladını odlu, alovlu müharibəyə yola salan ana-atanın keçirdiyi hiss­ləri, davaya qarşı olan nifrətlərini duyuruq.


“O gözlərdə görürdüm

Davaya qarşı dava,

Ölümə qarşı ölüm,

Həsrətə qarşı həsrət.

Dünya boyda, işıqlı,

Böyük, odlu məhəbbət”. (48, 274)


Əli Kərim döyüşün ortasında olan bir əsgərin keçirdiyi hissləri, psixoloji məqamları necə də gözəl vermişdir. İnsti­tut əvəzinə, oda, alova girən gənc təcrübəsizdir. Şair qəhrə­manın dili ilə müharibəni, soyuq səngərləri, atılan bombaları təsvir edir və müqayisə üsulundan sənətkarlıqla istifadə edərək orijinal müqayisələr yaradır.
“Messerşmit səsi gəlir...

Bir az keçir, özü gəlir…

Kölgəsi də ötüb keçir

Başımızın üzərindən

Ölümün öz kölgəsitək.

Sürünür bu qara kölgə

Təyyarənin kölgəsitək”. (48, 275)
Şair düşmən təyyarəsini anaların bağladığı yaylıq qə­dər qara hesab edir. Bu qaralıq təkcə onun rəngi deyil, onun gətirdiyi qara tale, qara ölümdür. Göydən yağan bombalar insanların ümidinə, arzusuna, qəlbinə yağır. Parçalanan, gö­yə qalxan təkcə torpaq deyil, həmçinin ömürdür, ümiddir.

Əli Kərim müharibə səhnəsini təsvir edərkən psixoloji məqamları çox gözəl vermişdir. Düşmən üzərinə hücum çə­kən əsgərlərin ayağı altında qalanları şair belə təsvir edir:


“Yüyürürük... Atlanırıq

Yiyələri görünməyən

İniltilər üzərindən.

Nələr, nələr üzərindən!

Xəyali bir son görüşün,

Məlallı bir son öpüşün,

Min nidanın üzərindən,

“Əlvida”nın üzərindən!” (48, 276).


Hər döyüşçünün öz həyat tarixçəsi var. Kimisi sevgilisi ilə son dəfə görüşüb, kimisi dil açmayan körpəsini qoyub gəlib. Şair müharibənin dəhşətlərini belə təsvir edir:
“Tapdayırıq bəlkə də biz

Son kəlməni, son nidanı,

Bura gələn bir ananı.

Nə yandırır bir gör məni:

Bəlkə elə tapdayırıq

Dil bilməyən bir körpəni”. (48, 277-278)


Neçə son görüşə nöqtə qoyan dabanlar neçə həyatın üzərindən aşıb keçir.

Atılan güllələr şairin qələmində dilə gəlir: “Bil ki, səni yeyəsiyəm”. Qəhrəman da onu izləyən güllə haqqında belə deyir: “Ә1 çəkməyir, Aşiq olub mənə, nədir, Yoxsa onun yiyəsiyəm?!” (48, 277).

Psixologiyanı dərindən bilən şair müharibənin insan həyatına vurduğu zərbələri fərqli şəkildə verir:
“Nədir görən bədənimdə,

Ürəyimdə küt ağrılar?

Sonra bildim hələ sənə

Toxunmamış güllənin də

Yarası var, ağrısı var”. (48, 277)
Toxunmamış güllə ifadəsinin altında müharibənin insa­na vurduğu fıziki və mənəvi zərbələr dayanır, bu zərbələr in­sanı ömrü boyu narahat edir:
“Duyursan о güllələri,

Bədənində

Qalmasa da yeri”. (48, 277)
Əli Kərimin əsərlərinin çoxunda olduğu kimi, bu poe­mada da Kür çayını görürük. Təbiətin oğlu olan şair qəh­rə­manın dostu Vanonu təmkinlikdə dağa, coşğunluqda Kürə bən­zədir. Qəddar müharibə Vanonu da qəhrəmanın əlindən alır. Mühasirədəki dəstəni xilas etmək üçün özünü fəda edən Vano dostunun qollarında son nəfəsini verir. Döyüşün orta­sında ölmüş dostunu qucaqlayan qəhrəmanı təsvir etməklə kədərli səhnə yaradır. Bu səhnəni oxuyanda oxucunun da eyni hissləri keçirməsi şairin sənətkarlığından xəbər verir.

Əli Kərim həyatın hələ isti-soyuğunu dadmamış, insti­tut yerinə oda, alova girən qəhrəmanın ölümlə ilk tanışlığını, keçirdiyi psixoloji vəziyyəti necə də məharətlə vermişdir:


“Мәn ilk dəfə tanış oldum

Qardan soyuq, gözdən odlu,

О öpdüyüm

boz sifətli ölüm ilə”. (48, 280)


Qəhrəman əziz dostunun gözündən baxan ölümü bir an doğma hesab edir. Dostunun kədər rəngli təbəssümünü, “ana” adlı son sözünü, əlindəki son istini yadigar alır. Şair hadi­sə­lərin gedişini daha da dramatikləşdirir. Gözlənilmədən Va­no­nun üzərindən bir teleqram tapan qəhrəman başqa bir faciə ilə qarşılaşır:
“Vano gizli saxlayırmış:

Anam uçub getmiş imiş,

O məni tərk etmiş imiş”

Eh nə fayda, gecə-gündüz,

Səndən deyəm, səni anam.

Səni burda qoruyurdum,

Orda niyə öldüm, anam?! (48, 280)

Qısa vaxtda iki ağır faciə ilə rastlaşan qəhrəmanın dərd-kədərini şair belə təsvır edir.


“İki ölüm hücum etdi,

Bir əsgərin üzərinə,

Eh, ölümlər nə edəcək,

Alovlanıb-közərənə!”. (48, 280)

Qəhrəman bir-birinin ardınca neçə əsgər yoldaşını son mənzilə yollayır. Növbə ona çatanda qəhrəman düşməni al­da­dıb mühasirədən çıxa bilir. Şair onun düşüncələrini, hiss etdiyi məsuliyyəti necə də məharətlə vermişdir:


“Mən dostların ümidiyəm.

Deməyin ki, çiynimdəki bir çantadır.

İndi görün neçə həyat bir candadır.

Çiynimdəki bu ağır yük

Dostlarıma həsrət çəkən,

Böyüklərin, uşaqların həyatıdır,

Neçə evdə gizli yanan,

İşıqların həyatıdır”. (48, 281-282)


Yarasını belə unudan qəhrəman artıq tək özü üçün de­yil, dostlarının həsrətini çəkən doğmaları üçün yüyürür. Sə­nətkar əsəri yaratmazdan əvvəl onun hər bir nöqtəsini hiss edir, qəlbən yaşayır.

Qəhrəmanla şair bir-birinə bənzəyir. Qəhrəmanın daşı­dı­ğı məsuliyyət elə Əli Kərimin həyatı boyu insanlara qarşı hiss etdiyi məsuliyyətdir.

“Ana, hardasan?” başlıqlı hissədə qəhrəmanla gürcü ananın ürək ağrıdan dialoqu verilir. Şəhərin mərd adamları qəhrəmanı yaralı şəkildə tapıb bir gürcü qadının evinə gəti­rir­lər. Qəhrəman gözlərini açanda gürcü qadını anası hesab edir. Gürcü ana da mərhəmət ucundan yalana keçib oğlana ana­sı olduğunu söyləyir. Əsərin bu hissəsini həyəcansız oxu­maq olmur. Oğlan ölümün əbədi sərt qanununa ağ saçlı başı­nı əyməyən qadından səsinin, əlinin başqa cür olmasının sə­bə­bini soruşur. Səsinin dəyişməsini soyuqlaması, əlinin ki­çik­liyini arıqlaması ilə bağlayan ana oğlanı sakitləşdirir. An­caq qəhrəman narahatdır, çünki mühasirədə qalan dostlarına xəbər göndərə bilməyib.
“Mən səni qoymaram bir də öləsən!

Sonra dostlarıma bir sözüm də var:

Məni vurdular!”. (48, 284)
Poemanın “Ayıldım bir səhər” başlıqlı hissəsi əsərin son parçasıdır. Qəhrəman bir səhər ayılır. Qəlbini acı bir xa­tirə əzir, dostu Vano, müharibə yadına düşür. O, sol aya­ğını tapa bilmir. Ancaq tez də başqa düşüncələrə dalır. Öz həya­tını, itirdiyi ayağını unudub dostlarını düşünür:
“Anladım... Dərdiniz yanında, dostlar,

Heç ayaq itirmək dərdi dərdmidir?

İndi təkayaqlı ümidiniz var,

Dörd yanda düşmənsə dərya kimidir”. (48, 285)


Qəhrəman yoldaşlarının vəziyyətini, havanın həsrət ki­mi soyuq olduğunu, bəlkə də çantalarında suyun bitdiyini, bəl­kə də bir-birini qucaqlayıb namərd ölümə ortaq olduqla­rını dü­şünür. Yaddaşına susmağı əmr etsə də, nә fayda. Pən­cə­rə­nin qabağındakı güzgünü götürüb özünə baxan qəh­rə­man özü­nü tanımır və о adamı otaq küncünə atır. Gürcü ana ona öz oğlu kimi baxır. Qəhrəman da onları unuda bilmir, bir aya­ğım burda, bir ayağım orda deyir, hər yay gəlib onları ziyarət edir.

Əli Kərim “Bir santimetr haqqında ballada” poemasını 1967-ci ildə Bakıda yazmışdır. Poema “Proloq”, “Dənizdən gö­­yə”, “Zəfər əbədi deyil”, “Yer enir” kimi hissələrdən ibarətdir.

Cabir Novruz “Əlinin iki cildliyini oxudum” adlı mə­qa­­ləsində yazır ki, “Andrey Voznesenskinin bəzən süni bən­zətmələr, qafiyələr ilə yüklənmiş şeirlərini, poeziyanı bilə-bilə mürəkkəbləşdirmək, bəzən qəsdən şeirin qol-qana­dı­nı sındırmaq, onu nəsr səviyyəsinə endirmək meyllərini xoş­la­mıram. Mən Əliyə deyərdim ki, axı bu şair savadlı, mə­dəni, istedadlı şairdir, yaxşı bilir ki, poeziya sadəlik de­məkdir, yax­şı bilir ki, sadə poeziyaya gedən yollar çətin və mürək­kəb yollardır. Deyərdim ki, Əli, sən də hərdən belə edirsən. Şeirlərindən misal çəkərdim. Deyərdim ki, “Babə­kin qolları” şeiri һаrа, tutaq ki, “Fraqmentlər” hara? Birinci şeir nə qədər şairanədirsə, ikinci şeir о qədər nasiranədir” (64, 46). Cabir Novruz daha sonra Əli Kərimin “Fraq­ment­lər” və “Bir santimetr haqqında ballada” əsərlərindən nümunələr verir. Deməli, C.Novruz şairin “Bir santimetr haqqında ballada” poemasını da quru və nasiranə hesab etmişdir.

C.Novruz bu cür əsərlər haqqında belə yazır: “De­yər­dim ki, bu və buna oxşar yazılar əsl Əli deyil, gəlmə Əlidir, yad Əlidir, kənar Əlidir. Əsl Əli “İlk simfoniya”dır, “Üçün­cü atlı”dır, “Qaytar ana borcunu”, “Habil”, “Daş”, “Aut”, “Analar ağlar” və başqalarını yazandır” (64, 46).

Əli Kərim “Bir santimetr haqqında ballada” poemasını iki formada yazmışdır. Poemanın son hissəsi nəsr formasın­dadır. C.Novruz da məqaləsində şeirin qol-qanadını sındıra­raq, onu qəsdən nəsr səviyyəsinə endirmək, şeiri mürəkkəb­ləş­­dirmək meyillərini tənqid edir. Ancaq Əli Kərim poema­ya nəsr hissəni qəsdən, boş yerə əlavə etməmişdir. Əli Kə-rim poeziyası XX əsr poeziyasıdır və yaratdığı əsərlər də ye­ni formada idi.

Poeziyasını kəşf üzərində quran şair daim yeni, təra­vətli janr, forma axtarışlarında olmuşdur. Əli Kərimin yazdı­ğı nəsr qafiyəli nəsrdir, şeirə yaxındır. Poemanın nəsr hissə­si­ni misralar şəklində alt-alta yazsaq, nəzmdən çox da fərqlənməz.

“İdman mövzusunda yazdığı “Bir santimetr haqqında ballada” poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şai­ra­nə ekrana çevrilir; müəllif şairliklə kommentatorluğu elə bir­ləşdirir ki, bu ekrana tamaşadan əl çəkmək istəmirsən” (47, 7).



Poemada Əjdər adlı idmançının həyatından, yarışa ha­zırlığından, verdiyi sözə qarşı məsuliyyətindən bəhs olunur. “Proloq” adlı hissədən məlum olur ki, Əjdər iki yüz iyir­mi səkkiz santimetrdən, rekord adlı yerdən yıxılır. Əjdər rekordu qırmaq üçün söz versə də, məqsədinə nail ola bilmir.
“Rekordun ən uca zirvəsində

qərar tutmuşdu о söz;

həmin sözdən yıxıldı...

Yandı, yandı, yaxıldı,

Özü torpağa düşdü,

sözü göylərdə qaldı” (48, 287-288).


Əli Kərim bu əsərində də yeni, qeyri-adi ifadələr işlət­mişdir. “Sözdən yıxılmaq”, “sözü göylərdə qalmaq”, “dalğa-la­­rın yalına döş vurmaq”, “dalğalarla işləmək”, “gecənin dənizdə əriməsi” kimi ifadələr yeni idi.

Göylər kürəyinə yük, özü yerə qısılı olan yarışçının kö­nüllər açmaq üçün, zirvələr aşmaq üçün bir santimetri çat­mır. Şair təzad yaradaraq yazır ki, göyə baş-başa ucalmış ma­vi kilometrlər içində bir santimetr nədir, ancaq insan fəth olun­muş kilometrlər içində bir santimetri tapmayanda xar olur.

Şair çox maraqlı, bir о qədər də fərqli bir mövzu seç­mişdir. Həyatda fərqinə varmadığımız detallar bəzən həyatı­mızda әn önəmli yer qazanır. Yüz kilometrlər içində bircə san­timetr Əjdərin ən böyük arzusuna çatmağa imkan vermir. Şair həyata başqa pəncərədən baxaraq, orijinal bir əsər yaratmışdır.

Əli Kərimin Əjdərin məşqçisinin səsini əfsanəyə görə şər qüvvə, iblis olan Mefistofelin səsinə bənzətməsi də çox maraqlıdır. Poema Əjdərin dostunun dilindən verilir. Dostu ona baş çəkmək üçün işlədiyi yerə, neft daşlarına gedir. Şair “dördayaqlı otaq”, “zürafə qarnı” ifadələrini işlətməklə ma­raqlı bənzətmələr yaradır:


“Dördayaqlı bir otaq,

Əsir dörd ayağı da.

Narahatdır dostumun

Özü tək otağı da”. (48, 289)


Yaxud da:
“Neft daşlarında olmur

hətta dincəlmək asan.

Sanki soyuqdan əsən

Zürafə qarnındasan”. (48, 289)


Müəllif yadda qalan məşqçi obrazı yaratmışdır. Məşqçi bir insan kimi nəfsinə məğlub olur, şagirdinin keçirdiyi hiss­ləri anlamır, ondan nəyin bahasına olur-olsun qələbə göz­ləyir, ad-san, şöhrət üçün yaşayır. Şairin məşqçiyə olan ilk münasibətini onu Mefistofel səsli adlandırmasında görürük.
Məşqçi yaşlı idi,

“Qlobustək dazdı o;

Göylərlə gah dostlaşıb,

Gah inciyib dalaşmış,

Göylərlə nəfəs almış,

Göylər axmış qanına”. (48, 290)


Şair göylər deyəndə zirvəni nəzərdə tutur. Zirvə də şan-şöhrət deməkdir. Bu şöhrət hissi də məşqçinin qanına ax­mışdır. Əjdər qalib gələndə də məşqçi əvvəlcə “Udmalıydım mən, – deyir”, sonra “Udmalıydıq biz, – deyir” (48, 299). Ancaq poemanın qəhrəmanı Əjdər şan-şöhrət həvəs­ka­rı deyil. Qalib gəlsə də, yarışa gəlməyən rəqib haqqında düşünür:
“Bəs rəqib?

Xəstədir!

Əjdərin ürəyi söyləyir: düz deyil,

Axı,


bu rekordu

o vurdu


keçən il”. (48, 298)
Əli Kərim təbiət hadisələrini obrazlaşdıraraq, maraqlı səhnələr yaradır:
“Əriyir dənizdə gecə.

Göyərir pəncərələr;

Sanki dəniz qalxıb,

istəyir “zürafə”nin

başı üstündən keçə”. (48, 290)
Müəllif “zürafə” deyəndə neft daşlarını nəzərədə tut­muşdur.

“Mən Əjdərlə hər səhər, aşırıram suların göy yalından qayığı”, “Üzünü küləklər, dalğalar, qorxular hələ yaxşı ha­mar­lamamış”, “ürəyini lövbər atır baxışının ucunda o”, “Asıl­mışdır baxışıyla asimandan”, “onu göydə gözləyir ürək”, “söz havadan asılı; Onu döyüb yağış, qar” və başqa mis­ralar poe­ziyamıza nə qədər təravət, nə qədər yenilik gətir­mişdir. Əli Kərim yenilik şairi idi.

Əli Kərim özünə qədər olan poeziyadan fərqli poeziya yaratdı. Əsərlərində həyatın tam fərqli cəhətlərini göstərdi. Mə­sələn, poemada cavan trest müdiri idmançı haqqında deyir:
“Kim fəxrimizin

xətrinə dəyibsə,

ağır bir söz deyibsə,

Dostumuzun beynindəki milyard neyrondan,

Neyrondan

alsın о kəlməni”. (48, 292)


Trest müdirinin söhbət zamanı sinir sisteminə toxun­ma­sı maraqlı təsəvvür yaradır. “Yoxsa yüksəklik düşməni kədər, О kəlmənin yerində hökm edər”, – deyən trest müdiri qəlbə toxunan sözün zəfər yolunda mane olacağı qənaətinə gə­lir. Eyni fikri məşqçi də deyir: “Hətta kədərə ilişib qalmış bir qayğı zərrəsi, Kəmfürsətin qadağan zərbəsi, Orda başqa cür dinir, orda tonlara dönür”.

Əli Kərim həyatda çətin və asan yol seçən insanlardan bəhs edir. Şairə görə, bəziləri şümşad kimi parıltılı yol sevər, həyat onlara 70 il ayırıbsa, 70 ili 70 il kimi keçirər, boyları ba­la­ca olanda dabanlarına bir-iki santimetr qoyub arzuya yetər. Poemanın ideyası da buradan qaynaqlanır. Əli Kəri­min bəhs etdiyi bir santimetr təkcə rekord qırmaq üçün Əj­də­rə lazım olan bir santimetr deyil, bu bir santimetr həyatın hər addımında insanların qarşısına çıxan növbəti maneədir.



“Bir santimetr haqqında ballada” poemasını fəlsəfı poema adlandıra bilərik. Bir santimetrdə üst-üstə qalanmış metr­lər, verstlər preslənib. Santimetrdə havası, boşluğu, xə­fə­si sıxılmış, cövhəri sağılmış verstlər yığılıb. Hansı ki, bu verst­lər insanın arzusundan keçirilmiş, əsəblərindən süzül­müş, sevincindən şəffaflanmış, əzabından yanmışdır. De­mə­li, Əli Kərimin təsvir etdiyi bir santimetr elə həyatın pillə­lə­ridir. Şair yazır:
“Çatanda antisantimetrə,

Нәr şey dəyişir.

İlk məna son mənayla dəyişir”. (48, 293-294)
Bu misraları şərh etsək, görərik ki, santimetr həyatın baş­lanğıcı, antisantimetr həyatın sonudur. İlk mənanın son mə­nayla dəyişməsi isə doğuluşla ölümün yerini dəyiş­məsi­dir. Sanki santimetr xeyiri, antisantimetr şəri təbliğ edir, ara­larında təzad mövcuddur.

Cabir Novruz məqaləsində yazır ki, “Deyərdim ki, mən­cə nә qədər poetikdir, bax bu misraların?!


Az deyil һәm gənclikdə,

həm də dolduqca yaşa, yananlar,

Nəbz hesabı,

70 il


100 il və daha çox yaşayanlar.

Çatanda altı santimetrə,

Hər şey dəyişir.

İlk mәnа, son mənayla dəyişir.

Bir santimetrdə

üst-üstə

qalanmış

metrlər,

verstlər

preslənir.

(İnsanların

biri dözür,

biri bezir,

biri hirslənir) (48, 294-295)


C.Novruz poemadan bu misraları nümunə gətirərək, poetik olmadığı fikrinə gəlir. Əli Kərim poeziyası yeniliklər, kəşflər poeziyasıdır. Buna görə də bu misraları poetiklikdən kәnаr hesab etmək düzgün deyil. Bu misralarda insanların ar­zu­sundan keçirilmiş, əsəblərindən süzülmüş, əzabından yanmış həyat var.

C.Novruzun nümunə çəkdiyi misralarla poemanın son­ra­kı nəşrlərində fərqlər mövcuddur. Məsələn, “Əlinin iki cild­liyini oxudum” məqaləsində “Dolduqca yaşa yaşa­yan­lar”, “Çatanda santimetrə”, “İlk məna son məna ilə döyüşür” mis­raları Əli Kərimin “Seçilmiş əsərləri”ndə “һәm də dol­duq­ca yaşa, yananlar”, “Çatanda antisantimetrə”, “ilk məna son məna ilə dəyişir” şəklindədir.

Poemada gənc idmançının həyəcanını oxucu da hiss edir, onunla birgə addımlayır, onunla birgə uçur. Əjdər baxı­şıyla asimandan asılmışdır. Bir il qabaq verdiyi söz hələ də ha­vadadır. Şair verilmiş sözü, vədi elə təsvir edir ki, onlar sanki gözümüzdə canlanıb bir varlığa çevrilir. Məsələn, Əj­dər havada dikələrək sanki ayaqlarını bir il sərasər göydə qalmış ürəyə, havadakı sözünə, havadakı vədinə basır, sanki azadlıqdan savayı bir şey görməmiş ayğırın şümşad belinə yatır və qələbəyə çatır.

Poemanın sonundakı nəsr hissə də fəlsəfiliyi ilə seçilir. Könül verdiyi qızı qucaqlayan Əjdərin əli, ayağı barmaq­la­rı­nın ucunda qurtarmır. Əsəblərə, əzələlərə yığılmış kilo­metr­lər ayaqları, əlləri ucundan süzülüb ekvator, meridian bo­yun­ca hərəkət edir. Əli Kərimin yaratdığı bu səhnə ilkin ba­xışda anlaşılmır. Qələbədən sonra rahatlaşmış oğlan sevdiyi qı­zı qucaqlayır və bir anlıq da olsa, həyatın sıxıntısından, əzab-əziyyətindən, məsuliyyətindən uzaqlaşır, rahatlığa qo­vu­şur. Ancaq məşqçinin səsini eşidən kimi dincə qoyulmuş kilometrlər, yollar, yoxuşlar, tanqolar, valslar yenidən yığı­lıb əzələlərə, əsəblərə dolur. Bu santimetrlər, kilometrlər elə həyatın özüdür, yaşanmışlardır.

Əli Kərimin poema yaradıcılığında özünəməxsus poe­tik­liyi ilə seçilən əsərlərdən biri də “Ölülər ordusu” poe­masıdır. Poemanm adında mətnaltı mənа vardır:
“Bütün bədəni ölü,

İki ayağı sağdır.

Ölüləri gəzdirən

İki diri ayaqdır”. (48, 333)


Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında “canlı ölü­lər” ifadəsi işlədilir. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məm­mədquluzadə də ən məşhur əsərlərindən birini “Ölülər” adlandırmışdır.

Əli Kərim “Ölülər ordusu” poemasında Hitlerin “məğ­lubolmaz” ordusunu, zabit və əsgərlərin sönən həyat eşqini, bədənləri canlı, ruhları ölmüş əsgərləri təsvir etmişdir. Əli Kə­rim maraqlı yaradıcılıq üsulundan istifadə edərək, alman əsgərlərini ümumi şəkildə əsərin qəhrəmanı seçmişdir. Buna görə də poemanın konkret qəhrəmanı, süjet xətti yoxdur.

“Ölülər ordusu” poemasında müqayisələr poetikliyi daha da artırır:
“Müharibə qurtarıb

Hitlerin ömrü kimi,

Üzüqara çıxıbdır

Rurun daş kömrü kimi”. (48, 328)


Dünyaya fürer deyil, “məğlubedilməz” ordusu səs sal­mış­dır. Şair almanların əlində olan səması tutqun Qərbi Ber­lini təsvir edir. Əli Kərimin poemada təsvir etdiyi Ver­maxt 1935-1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələri­nə rəsmi olaraq verilən addır:
“Vermaxt qərargahının

Rəngi solmuş binası

Görkəmində dərd, məlal,

Dayanmış fikirli, lal –

Şəhərin başdaşı tək” (48, 329).
Frazeoloji ifadələrdən yerli-yerində istifadə edən sə­nət­kar Rusiya çöllərindən “dabanına tüpürüb” qaçan məğ­lub əsgərlərin yeni müharibəyə sürükləndiyini təsvir edir. Poe­manı oxuduqca sanki əsgərlərin halsız, istəksiz, ağır addım­larını hiss edirik. Harın zabitin oxşatmalı, təzadlı sö­yü­şünə, zərbəsinə dözən, səadət, arzu, sevinc, nә də idealları olma­yan əsgərlər istəmədən toz-torpaq içində “son döyüşə” yol­lanırlar. Bu ordu canlı ölülərdir:
“Birinin gözlərində

Bütün cahana sual,

Birinin gözlərində

Hər şeyə biganəlik,

Yaşamağa, gülməyə,

Ölməyə biganəlik”. (48, 329)


Əli Kərim epitet kimi “qartımış” əsgər ifadəsini işlədir. Bütünlüklə, poemada yorğun, ruhu qocalmış insanları görü­rük, bu, şairin yaradıcılıq qüdrətindən irəli gəlirdi. “Əfsər” sö­zü almanca “offizier” sözündən götürülmüşdür, mənası zabit de­məkdir. Əli Kərim də poemasında əfsər sözünü tez-tez işlədir:
“Bir də ki ürəyində fürerə

Bəslədiyi “sevgini”

Bir yerdə qoyub qaçan

Qocalmış əfsər keçir,

Qartımış əsgər keçir”. (48, 329-330)
Şair ağır-ağır addımlayan qoşunu, ötüb-keçən һәг kəsi təsvir edir. Belə ki, ağır vuruşlarda qulağını və şöhrətini itir­miş, amma biabırçılığını toxunulmaz saxlayıb sağ-salamat gə­tirmiş qoca, kürən general da, paqonlarını cırıb, zəif çiyin­lərində hərbin ağırlığını əziyyətlə daşıyan, özünə öldü de­yən, başqasını öldürən, əvəzinə yaşayan əfsərlər də, cərrahın əlilə üzü dəyişmiş, məhkəmədən qaçanda tarixə düşən yaşlı kapitan da, ürəyində hələ də süngümüzün yarası, bir də biz­lə­rə nifrət olan ober-leytenant da, ayağının birini haradansa gətirtmiş, çox yeyib, çox yedirtmiş, dava üçün hər zaman da­va­ya həris köhnə hərbi mühəndis də, qaşlarının üstündə əsrimizin ləkəsi olan yorulmuş əsgər də, nəfəsi də əmrlə alıb-verən bir əfsər də eyni yolu keçir, müharibəyə yollanır. Müharibə iştirakçılarının hər birini özünəməxsus cizgilərlə vermək şairin sənətkarlıq qüdrətindən irəli gəlir.

Artıq bir dəfə müharibədə məğlub olmuş alman gene­ra­lın arzuları da maraqlıdır:


“Əmr verir dünənə –

Dadına yetsin deyə.

Əmr verir bu günə –

Keçmişə getsin deyə”. (48, 330)


General da hamı kimi şübhədədir. Tutduğu qorxulu, yo­lu ölümlər yolu olan cəbhəyə də, hətta şübhəyə də şübhəsi var.

Şair yaşlı kapitan haqqında dediyi bu sözlərlə һәm də onun qəddarlığını açıqlayır: “Gözlərinə sağılmış Elə bil tök-düyü qan”.

Əli Kərimin təsvir etdiyi cəlladlar ordusu ömrü, gülüş­ləri, sözləri, baxışları, gözləri, hətta yerişləri oğurluq olan, ar­zusunu, adını bir-birindən gizləyib, gecə-gündüz yatma­yıb, bir-birini izləyən bir ordudur.

Yenilikçi poeziyasi ilə Əli Kərim “novatorluğu şəkil-forma və texnika sahəsində yox, məzmun-mündəricə və poe­tika sahəsində etmişdir”. Simvollardan istifadə zamanı bütün diqqətini mətləbi göstərməyə sərf etmişdir. “Ölülər ordusu” poemasında da bu üsuldan istifadə edən şair əsgərlərin ayaq­la­rını simvol seçir. Əsgərin sürüdüyü ağır ayaq əslində onun ağır həyatı, mənəviyyatıdır, arxada qoyduğu ailəsidir:


“Hər əsgərin ayağı

Taleyindən ağırdır.

Generalın nəzəri

Ayaqdan da ağır yük.

Ailə dərdi-səri

Onlardan on qat böyük”. (48, 332)


Ağır yükü altında əzilən, dünən ölümdən qaçan əsgər­lər indi bu dəhşətli həyatdan ölümə doğru qaçmaq istəyirlər. Ayaqlar da başı ömrünün axırına aparır. Şair “ayaqlar” sö­zündən cinas yaradır:
“Ağır-ağır ayaqlar.

Həyatını, vaxtını

Taleyini, baxtını

Onlar özü ayaqlar”. (48, 333)


Şairin təsvir etdiyi dünənini itirən, bu gününü tapma­yan, sabahını görməyən əsgərlər oxucuda mərhəmət hissi oyadır. Ancaq sonra şair tüfəngi bir oyuncaq hesab edən, gü­lüm­səyən uşaqlara güllə atan, ürəkdəki arzunu qımışaraq ni­şan alan əsgərləri təsvir edir və oxucuda orduya qarşı nifrət yaranır, çünki həmin adamlar arzu, gülüş, məhəbbət, vəfa, sə­daqət, həsrət, könül qəbiristanlığı salan əsgərlərdir.

“Ölülər ordusu” poemasının sonunda da hadisələr bit­mir, hadisələrin davam etdiyi göstərilir:


“Elə bil məzarından

Dartılıb çıxarılmış

Qədim ölülər keçir”. (48, 335)
Əli Kərimin “Göylər adamının himni” poeması kos­mosa uçan ilk insan Yuri Qaqarinə həsr olunmuşdur. Poema qəhrəmanın dilindən nəql edilir. Qəhrəman səmaya ucalmaq arzusuyla yaşayır və öz arzusunu hər an göylərə bildirir, an­caq göylər səssiz-səmirsiz onu başından aşağı basır, ulu göy­lərin ölümdən qorxulu, heçlikdən dərin, sevincsiz, kədərsiz səl­tənətindən xəbər gəlmir. Zaman gəlir, gün çatır, qəhrə­man Göy üstündə Göy olmaq, Ay üstündə Ay olmaq, Gün üs­tündə Gün olmaq, ana torpağın layiqli övladı olmaq üçün uçur.

Əli Kərim hadisələri poetikləşdirərək, Y.Qaqarinlə tə­biəti qarşı-qarşıya gətirir, təbiəti obrazlaşdırır. Qəhrəmanın sözlərinə, çağırışına cavab verməyən göy gecəli-gündüzlü elə yatır, başını hərdən qaldırıb onun üstünə odlu bir daş da atır. Səmaya ucalan qəhrəman deyir:


“Göy qapını mənəm döyən.

– Aç qapını! Mənəm! – deyən.

Mən insanam!

Bu ünvansız sonsuzluğa

Yol açanam!”. (48, 336)
Milyon illik ağalığı, tənhalığı, xəyalıyla yatan göylər birdən oyanır. Qəhrəmandan kimliyini soruşur. “Hardan sə­nə bəlli idi mənim dilim? Gəl toxunma Milyon illik, Əbə­di­lik Bir qanuna”, – deyən göylər qəhrəmanın geri qayıtmağını tələb edir. Göyləri narahat edən nə idi?
“Mən bilirdim pozulacaq.

Fəzaların ilk qaydası”.


Poemadan göründüyü kimi, müəllif 1961-ci ildə ilk də­fə səmaları fəth edən Yuri Qaqarinin xidmətlərini, fəzalara ucalaraq göyləri fəth etməsini, cəsarətini, insanın böyük qüd­rətə malik olmasını poetik dillə təsvir etmişdir.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin