ƏNƏNƏVİ MÖVZULAR
Əli Kərim digər mövzulu şeirlərinə də eyni məsuliyyət hissi ilə yanaşmış, onların güclü, təkrarsız, yüksək səviyyədə çıxmasına nail ola bilmişdir. Bu mənada şairin “Poçtalyon” şeiri xarakterikdir. Akademik T.Hacıyev bu münasibətlə yazır: “Təbii ki, hər mövzu hər kəsin beynində doğulmur, hər sənətkarın “öz” mövzuları olur.
Əli Kərimin isə öz mövzuları çoxdur. Di gəl ki, burada da o “özününkünü” tapa bilir – “ortaq” sənət predmetlərinə məxsus nəzakətlə, emosiya və intellektlə yanaşır, predmeti öz sənət prizmasına köçürmək üçün xüsusi fokus nöqtəsi seçir. Məsələn, S.Rüstəmin ürəklərə yol tapmış, az qala xalq yaradıcılığı nümunəsi kimi kütləviləşmiş “Ana və poçtalyon” şeirindən sonra sanki poçtalyon motivinə qayıtmaq artıq imiş. Nə qədər paradoksal görünsə də, birdən hələ qələmi sümükləşməmiş cavan Əli Kərim belə bir riskə girişdi. Girişdi və alındı” (25, 6-7).
Ədəbiyyatşünas alim Cavanşir Yusifli isə yazır: “Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri bədii emosiyası, poetik enerjisi, hadisənin kiçik epizodlar vasitəsilə ilə geniş panorama üzərində parlaq şəkildə üzə çıxarılması baxımından son dərəcə güclü bir şeirdir.
...Dörd ay vardı ananın gözləri yol çəkirdi. Başqa bir dərqi yoxdu, oğul dərdiydi dərdi... Şeirin ilk misraları söhbətin qəti şəkildə nədən gedəcəyini aydınca göstərir. Hər bir misra “müharibə” deyə qışqırır. Hər bir misra oxucusunun yadına müharibəylə bağlı, ümumiyyətlə, yer üzündə müharibə haqqında mövcud olan sitatları yada salır. “Ana və poçtalyon” şeiri milyon-milyon sitatı bir ovqat üstündə düyünləyir, bir də açılmamaq ümidiylə, ancaq düyün gözlənilmədən açılır, həmin sitatların yerinə konkret obraz yaranır və nəticədə oxucu da məhz bu obrazı yadında saxlayır. Əli Kərimin “Poçtalyon” şeirində isə bu ənənə “konkretləşir”, yalnız meşin çantadan gələn səsə dönür, hadisə müəyyən ovqat yaratmaq üçün “şişirdilmir”, əksinə mümkün olduqca adiləşdirilir (79, 16).
Əli Kərim təsvir və tərənnüm etdiyi predmetlərin həm zahiri xassələrini ətraflı öyrənir, həm də mahiyyətinə nüfuz etməyi bacarır, o, predmetlər və hadisələr arasındakı qarşılıqlı əlaqələri ustalıqla tapır, müəyyən obyekt haqqında, həm həyəcanla, həm də ətraflı danışa bilir. “Poçtalyon” şeirində olduğu kimi, müəllif poçtalyon çantasının mənasını açır.
Ədəbiyyatşünas alim Altay Məmmədovun dediyi kimi: “O adi meşin çantanı sehirli bir xəzinəyə bənzədir” (57, 120).
Sən demə heç kəsin fikir vermədiyi çantanın içi hər cür cəvahiratdan daha qiymətli “el salamı, el məhəbbəti və sevinc ilə” doludur. Çanta doludur, canlıdır. Oradan qulağa neçə-neçə səs gəlir:
Yükü el salamı, el məhəbbəti,
Bir yüngüllük duyur ağırlığından.
Körpə uşağın da gülür niyyəti,
Yüyürüb məktubu alanda ondan...
Məktub gecikməsin – dediyi zaman,
Ona çox həyəcan, çox həvəs gəlir.
Daim qulağına meşin çantadan,
Neçə salam gəlir, neçə səs gəlir.
Çantası səsləyir onu elə bil,
O da çantasını dinləyib gedir. (43, 378-379)
“Poçtalyon” şeirinin misraları arasından öz işini böyük məhəbbətlə sevən, az danışan, təvazökar, namuslu, var-dövləti “ana sağolu” və “gəlin təbəssümü” olan, mahud pencəkli bir insan – az sözlə, lakin müvəffəqiyyətlə yaradılmış bir obraz boylanır.
Həyat faktlarına xüsusi poetik yanaşma üsulu şairin irili-xırdalı əsərlərində öz əksini tapır.
Sadə adamların həyatının mənasını, şeiriyyətini kəşf etmək şairin ən yaxşı xüsusiyyətlərindəndir. Əli Kərimi insanın xarici sifətləri aludə etmir, o zahiri əlamətlərinə görə, gözə tez çarpan xüsusiyyətlərinə görə insan haqqında hökm vermir. İnsanın mənəvi aləminin daha dərin qatlarına enməyə çalışan şair buz bağlamış pəncərə şüşəsindən otağın pəncərəsindəki işığı və hərarəti görür, duyur, əks etdirir. Bir çox başqa şairlər kimi, Əli Kərim də şeirlərində bütün ömür yolunu nəql etmir, atası və atasının sərt kişi məhəbbəti haqqında danışıb” (5).
O, sərt idi. Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə “can” söyləməkdən,
Övlad üçün can verməyi asandı ona. (48, 44)
Əli Kərimin bu şeiri “Atamın xatirəsi” adlanır. Məgər bu sifətlər bütün yaxşı atalara aid deyildirmi? Zahiri soyuq görünən od ürəkli insanın obrazını yaradarkən şair xarakterə tam uyğun gələn, onun simasını bütün parlaqlığı ilə açan bənzətmələr tapmışdır:
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifs eləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə.
Gah deyib ki, mən
Qoy bilməyim.
O utanıb öz ölümündən.
Ah, o niyə belə etdi, bu nə qubardı?
Nə zamansa o nişanda bir atam vardı. (48, 43-44)
Görəsən, ata öz oğlunu niyə çağırtdırmayıb? “Onun dərsinə mane ola bilər”. Oğul kədərlənər, ağlayar, sarsıntı keçirər – ona görəmi? Bütün bunları səbəb kimi göstərmək olardı. Lakin Əli Kərim yeni, daha gözəl keyfiyyət tapmışdır. Məlum olur ki, övladına zahirən soyuq görünən “bu ata hər şeydən əvvəl oğlunu böyüdüb boya-başa çatdırmağa, sənət sahibi, müstəqil insan etməyə çalışır, bunu özünə müqəddəs borc bilir” (57, 221). Atanın bütün amacı, arzu və işi övladlarının xoşbəxtliyidir. O, oğlunu özü oxutdurub başa çatdıra bilmədiyi üçün xəcalətlidir:
Gah istəyib məni görə.
Gah deyib ki, mən
Qoy bilməyim...
O, utanıb öz ölümündən...
Akademik T.Hacıyev isə əsərə münasibətini belə bildirir: “Əslində, “Atamın xatirəsi” şeiri soyuqqanlı məhəbbətin tərənnümünə həsr olunub – şair özünü gözə soxan məhəbbəti gözdən salır. Bu atanın qayğıkeşliyi üzdə deyil, Füzuli dərinliyindədir; üzdən sərt görünür, təbəssüm onun sifətinin bir anlıq qonağıdır, oğluna can demir, ancaq lazım gəlsə, canını tərəddüdsüz ona verər; atanın ağır, cod əlləri oğlunu bağrına basmır, hərdən tale kimi onun çiyninə enir; atanın sevgisində “təzə .... bəladan hifz eləyən qalın qarın” soyuqluğu var. Bu, koloritli, zabitəli, ağır təbiətli bir kişidir, əsl azərbaycanlı atadır” (25, 8).
Əli Kərimin poetik nümunələrində sənətə, sənət ustadlarına, orta məktəbdə dərs demiş müəllimlərinə həsr etdiyi şeir nümunələri də diqqətəlayiqdir. Şeirə, sənətə hörmət bütün şairlərin yaradıcılığında öz əksini tapıb.
Hərə öz sevgisini, hüsn-rəğbətini bir cür bildirib. Hərə öz istiqamətini bir mənbədən götürür.
“Kimin yolu həqiqətin uzun yolu olub, kimin yolu nadanlığın kəsə yolu. Uzun yol keçənlər həqiqətə yoldaş olub və uzunömürlü sənət əsərləri yaradıblar” (32).
Əli Kərimin vətəndaşlıq qürurunu əks etdirən şeirlərində onun ülvi və müqəddəs saydığı orta məktəbə, dünyada ən incə peşə sahibi olan müəllimlərə dərin minnətdarlıq duyğuları ifadə olunmuşdur. Şairi yaratmağa ruhlandıran sağlam ruhda böyüyən gənclər, onların müəllimləri və dostlarıdır. Məktəb həyatı daim onu düşündürmüş, qəlbini riqqətə gətirmişdir.
Əli Kərimin bu mövzuda yazdığı hər bir şeirində onu boya-başa çatdıran xalq müəlliminin şərəfli əməyini ilhamla, məhəbbətlə tərənnüm edir.
Şairin vaxtı ilə ona da dərs demiş orta məktəb müəllimi Akif Süleymanova həsr etdiyi maraqlı bir şeiri var. Bu şeiri oxuyarkən, bir oxucu kimi, sən də Əli Kərimlə bərabər özünü əziz müəllimlərinin ətrafında hiss edir, qayğısız uşaqlıq illərini xatırlayırsan. Müəllifin bu şeirdə söylədiyi kimi, həyatda az-çox nə qazanmışıqsa, bizlərdən hər birimiz ömrümüz boyu onlara borcluyuq:
Sən dedin könlümün sənət eşqini,
Arzu aləmində diqqətlə yoxla.
Sən onu min hissin içində ara,
Qoyma küsüb gedə, uça, yox ola.
Getsə, çağırsan da, qayıtmaz geri,
Deyək, lap qayıtdı, harda qalacaq?
Geri qayıdanda sənin o arzun,
Yerini başqası tutmuş olacaq.
Arzular hamısı əzizdir bizə,
Amma onların da bir şahı olur.
O, sənin könlünün ən uca səsi,
Ömrünün bu günü, sabahı olur.
Sən onu tapmasan, bütün nəğmələr
Eyni bir hüsndə, ahəngdə olar.
Təbiət itirir rəngarəngliyi,
Bütün yer kürəsi bir rəngdə olar. (45, 52)
Şair bu şeir parçasında sənət yollarının düzgün seçilməsində, həyatda mövqeyini müəyyənləşdirməsində əsl müəllimin məsləhətlərini alqışlayır, “arzu aləmində büdrəməməyə səsləyən orta məktəb müəllimlərini alqışlayır, sinif müəlliminin ona olan qayğısından, gələcəyinə böyük ümid bəsləməsindən, əlinə yenicə qələm alan Əliylə şeirin, sənətin böyüklüyündən və ona müraciətlə.... “Möhkəm ol Əli, səninki şeirdir, səninki sənət!” – deyir. Şair bu sözləri əsas tutaraq, Füzulinin qapısını döydüyünü bildirir. Etiraf edir ki, əgər müəlliminin o sözləri olmasaydı, bəlkə də hardasa sərgərdan idi və başqa bir sənətin hücrələrində bir qərib kimi qısılıb qalmışdı. Amma indi o, şeir dünyasında qərib deyildir. Hər şeir yazanda da müəlliminin o sözlərini xatırlayır.
Şair digər bir şeirində isə həyata yenicə atılmış, ilk övladının məktəbə getməsindən bəhs edir, ona “Ana”, “Vətən” kəlmələrini öyrədən müəllimə sonsuz məhəbbətini ifadə edir, lakin bu yerdə yenə də öz ilk müəllimini, ötən günləri xatırlayır:
Məktəbə gedirdi oğlum ilk dəfə,
Doldurdu könlümü qəriblik odu,
Düşdüm birdən-birə
uzaq ellərə,
Qışqırdım oradan
səsim çatmadı.
Durdu gözlərimdə ilk müəllimim,
Oğlumdan ayırıb apardı məni,
Mən Göyçayda qaldım, oğlum Bakıda,
Onu da çağırdı ilk müəllimim. (47, 56)
Əli Kərimin incəsənət gülzarında öz dəsti-xəttini imzalamış sənətkar haqqında da maraqlı əsərləri vardır.
Füzulinin şeir dünyasından bəhrələnən şair ondan xeyir-dua istəyir, onun yaradıcılığını sanki bir daha kəşf edir, qəlb çırpıntılarını “Füzuli” adlı şeirində “Dünya səni qocaltdı, yaşıdın olsun deyə” deyərək, sözə hökmran olan Füzuli zəmanəsinə səyahət edir. “Yanana od verən, donana buz verən, batana dərya bəxş edən, zəmanənin övladı olan Füzulinin od tutub yandığını, bu odun Şərqin hər yerindən göründüyünü bildirir”.
Şeirin epiqrafında “Fələklər yandı ahimdən” yazan şair şeiri belə bitirir:
Dedilər ki, fələklər
yaratmışdır bu odu,
Fəqət bu oda yanan
fələklər özü oldu.
Baxıram ucalardan
gəlir Füzuli səsi,
görünür ucalarda
onun nurlu izləri.
O ulduzlar
Füzuli yanğısının közləri,
O günəş də
Füzuli odunun nişanəsi. (48, 49)
Əli Kərimin Xətaiyə həsr olunmuş bir poeması vardır. Şairin kitabına o poemadan kiçik bir hissə salınmışdır. Burada Xətainin sənətkarlığından deyil, cəngavər qüdrətindən, vuruş meydanında qılınc çalıb, at oynatmasından, şairin xalqına, Vətəninə olan atəşin məhəbbətindən danışılır.
Xətai at belində,
At qəzəbin belində,
At az qalıb uçuna –
Qurumuş boğazını
Yaş eləmək üçün bir az
Xətai hərdən sorur
Dodaqdakı qanından.
Ona elə gəlir ki,
Qılıncını heç zaman
Çıxarmamış qınından.
Ürəyindən çıxarır,
Saplamışdı düşmənin
Ürəyinin başına...
Zəfər olub dost ona
Nizəylə nöqtə qoymuş,
Düşmənin sinəsində
Başladığı dastana. (47, 34-35)
Əli Kərimin şairlərlə bağlı şeirləri o qədər də çox deyildir. Bəlkə də çox yaşasaydı, bu əsərlərin sayı da çoxalacaqdı. Bu qəbildən olan poetik nümunələrdə şairin sözə, sənətə, şeirə nə dərəcədə məsuliyyətlə yanaşdığı, onu Allahın insanlara bəxş etdiyi ülvi bir nemət kimi qiymətləndirdiyi hiss olunur. Bunu həm də bizim şair xalqımızın şeirə – musiqiyə münasibəti, zövqü, duyğu və düşüncələri ilə də əlaqələndirir, çünki xalq, cəmiyyət, oxucular şeiri sevməsələr, onu dinləməsələr, şair sözünü kimə söyləyə bilər? Bu məram və məqamlar öz bədii ifadəsini şairin bir sıra şeirlərində tapmışdır. “Şair” adlanan şeirində demək olar ki, bütün şairlərdən söz açılır. Şeir xalq şairi “Rəsul Rzanın anadan olmasının 50 illiyinə həsr olunub. Şeir parçası həm məzmunca, həm də sənətkarlıq baxımından diqqəti çəkir. Əli Kərim burada bütün şairləri bir neçə qrupda təqdim edir və sonra Rəsul Rza ilə fikrini yekunlaşdırır:
Dünyada çoxdur şair,
Necə sayım onların
hamısını birbəbir?
Şair var ki, ömrünü
başlamamış bitirir,
Cansız əsəriylə bir,
ömrünü də itirir.
Şair var ki, ümüdü
qafiyəyə,
vəznədir,
Şair var ki, özünü
başqasına bənzədir.
Amma şair də var ki,
Zamanın doğma oğlu;
İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şeirinin yolu.
Əsrin ahəngi-vəzni,
Müqəyyəd qafiyəsi.
Gah qovuşan cüt ürək...
Gah da ki, orkestrin
Toqquşub şaqqıldayan
Qoşa zərb aləti tək.. (48, 67-68)
Əli Kərimin bu şeiri elə bu günün özündə də bütün yazıçıları əhatə edə bilər. Bəlkə də bu, nə dünənçün, nə bu günçün deyil, bütün zamanlarçündür. Hər dövrdə ömrünü başlamamış bitirən, cansız qafiyəyə, vəznə bağlayan, özünü başqasına bənzədən şairlər olub, indi də var. Amma, bunlarla yanaşı, Əli Kərimin yüksək qiymətləndirdiyi həqiqi sənətkarlar da həmişə olub, həmişə də olacaq. Bu dəyərli sənətkarlardan biri də Mikayıl Müşfiqdir. Şairin “Müşfiqə” şeirində dediyi kimi, hərəkəti, məhəbbəti, həqiqəti şeir olan, hər kəlməsi gəncliyinin vüqarına bir yaraşıq, şeir ilə, sənət ilə dolu bir ürək sahibi olan Müşfiq...
Yadımdadır, deyərdilər,
Bu dünyada,
Müşfiq adlı
çox gözəl bir şair olub.
Hərəkəti,
məhəbbəti,
həqiqəti
şeir olub.
Şeir olub
göylər kimi,
yerlər kimi
aydın,
açıq.
Hər kəlməsi
gəncliyinin
vüqarına bir yaraşıq,
o ləbaləb dolu idi
şeir ilə,
sənət ilə;
Ölümdən də qorxmaz olan
qüdrət ilə;
Bu gün onun həyatında
Bir bahardır.
Bu dünyada Müşfiq vardı,
Bü dünyada yenə vardır. (47, 132)
“Əli Kərimin Səməd Vurğuna həsr etdiyi “Ölüm sevinmə çox”... adlı şeirində də həqiqi sənətkar itkisindən doğan yanğını, ağrı-acısını görürük. Şair ölümü qınayır, deyir ki, onsuz da adın cahana tanışdı. “Sənə nə olardı, nə olardı de, belə bir insana əl vurmasaydın?” O, həyat naminə yazıb-yaratdı, onun hər bir şeiri sənə bir ölümdür:
Gedir, şair gedir, sənətkar gedir,
Bu gedən hər gedib-gələndən deyil.
Ölüm, sevinmə çox, bu sevinc nədir?
Bu ölən sənə hər öləndən deyil.
O yazdı, yaratdı həyat naminə,
Onun hər bir şeiri ölümdür sənə. (43, 71)
“Ənvər Əlibəyliyə” şeirində də ölümə qarşı üsyan səsi eşidilir.
“Nə səni dindirdi Ölüm, Nə bizi... Gəldi...” şikayəti ilə başlayan şair gəlişiylə bir insan nəbzini söndürən ölümdən aman istəməyən, insan dəryasında qayığı olan, rəngi bir qədər dəyişmiş, ağarmış şair dostuna müraciət edir.
“İstedadı adından böyük olan “Əhməd Cəmilə” şeirində şair çap olunmuş hər sətri toya gedən adam adlandırır və hay-harayın, atəşfəşanlığın Əhməd Cəmilə yad olduğunu vurğulayır. Burada müqayisə olunan tərəfləri “Toyda məst olub, qoçaqlıq da göstərir. Səninki tufan dolu, sükutlu qəhrəmanlıq” kimi verən şair evdə dəftər-dəftər əsərləri olan, lakin çapa gələndə “xeyr” deyən Əhməd Cəmili alqışlayır. Künc-bucaqdan yığılan tozlu şeirləri oxucuların gözünə dürtənlərlə müqayisədə evi kainatın bir güşəsi, hər sətri şeir meridianının bir parçası olan Əhməd Cəmil istedadını Əli Kərim bu cür qiymətləndirir.
Əli Kərimin şairlərə həsr olunmuş şeirlər içərisində rus poeziyasında özünəməxsus dəst-xətti olan Lermontova həsr etdiyi poetik nümunəsində şairin Qafqaza gəlişini, burada onun hər izini axtardığını söyləyir. Müəllif şairin baxışıyla oxşadığı güllərə baxır, sanki hər tərəfdə onun əsərinə, səsinə rast gəlir. Onun adını gah bir sal qayaya, gah aydın suya, gah ağaca, gah ətir saçan gülə, gah da təmiz dağ havasına verir. Bu adı həm torpaq, həm də göy işıq saçan yer-göy hesab edir, sonda “Şair bütün bu yerlər həsr olunubdur sənə” – deyə fikrini yekunlaşdırır.
Şekspirə təqdim olunduğu şeirdə isə insanları axtarışa səsləyən şair yazır:
Barışma kədərlə,
Hər şeyə biganə olarsan.
Barışma sevinclə,
Sərməst qalarsan.
Mübarizəylə barış,
Axtarış lazımdır,
Axtarış!
Fikirləş bir,
Şekspir var,
Şekspir! (45, 95)
Şair burada Şekspir yaradıcılığından söz açıb, onu tərif etmir. Nə də başqaları ilə müqayisə edib, təşbehlərə bürümür. Bircə sözlə Şekspir dühasının əzəmətini göstərir. Şair ifrat kədəri də, ifrani sevinci də rədd edir, həyatı sevincdə, kədərdə deyil, mübarizədə tapmağı vacib bilir. Sənətdəsə bircə yol var: axtarış! Bu isə Şekspiri yüksəklərə aparan yoldur. Təkcə Şekspirimi? İlk yaradıcı insandan başlayaraq, bu günümüzün sənətkarlarına kimi ancaq bu yolla gedənlər sənətdə öz yerlərini tapa bildilər. Bir gün sevincə, bir gün kədərə baş əyənlər, mübarizədən yayınanlarsa, elə yaşadıqları günlərdə qaldılar.
Əli Kərimin “M.Hadiyə” adlı kiçicik şeirində daha fərqli bir təqdimat görürük:
Həqiqət it şəklindəsə,
yalan
ceyran şəklində.
Olma iti
madonnatək
sevəcəyim şəkkində. (40, 126)
Əli Kərimin “Üçüncü atlı” poemasında da şairlərin həyat yolunu, səciyyəvi cəhətlərini işıqlandıran məqamlar vardır.
Əli Kərim yaradıcılığında incəsənətə münasibət sənət adamlarına hörmət və məhəbbət də diqqəti cəlb edir. Bu şeirlər az olsa da, hərarəti, bədii siqləti ilə diqqəti çəkir. Ən gözəl şeirlərdən biri “Muğamı dinləyirəm”dir. Şair sevinclə qəmin vəhdətində muğamı dinləyir. Əllərini başının altında çarpazlayan şairin dodağında təbəssüm var, alnında qırış. Həm istidən, həm soyuqdan, həm kölgədən, həm işıqdan yaranmış xoş bir aləmə səyahət edən şairin ürəyinə tarın simlərindən qopan sevincli, qəmli sözlər axır, könlünün simi titrəyir, inildəyir.
Tarın kövrək səsinin ardınca, titrək, gah ucalan, gah kəsilən, gah da coşub-daşan kaman səsi gəlir. Şair xəyala daldıqca bu səslər içində ilin dörd fəslini də duyur. Bir anda həm üşüyür, həm yanır. Könlünün bir yanı isti, bir yanı qar, bir yanı çiçək, bir yanı gülşən. Səslər dağlara ucalır, yenidən yerə enir və Füzuli qəzəli arzuları oyadır. “Ürəyimdə sevinc-qəm, Muğamı dinləyirəm” – deyən şair ürəyinə müraciət edir:
Ürəyim, nə var yenə!
Ürək, döyünmə belə!
Duyan sən, səs salan sən,
Qoy eşidim, nə olar,
Bir az yavaş döyünsən.
Ürəyimdə sevinc-qəm,
Muğamı dinləyirəm. (47, 48)
Şairin “Habilə” şeirində muğama olan hüsn-rəğbəti görürük. Damcılı bulaqda bütün könüllərin sifarişilə kaman çalan Habilin vəziyyətini poetik obrazlarla təsvir edən şair özünün də muğama vurğunluğunu bizə çatdırır. Habilin sanki ətrafdakıları unutduğunu, dərin bir yuxuya yuvarlandığını, hansı əsrdəsə ilişib qalıbmış kimi xumarlandığını qeyd edən şair, burada çox incə bir mətləbi diqqətə çatdırır.
Əli kəmanədir
kəmanə əli,
Çalır kamançanı
kəmanə özü.
Gözümdə ilk məna dəyişir,
dönür.
Dünya düşəcəkmi
sahmana özü? (40, 58)
Bu şeirdə gözəl obrazlar var. Habil Damcılı bulaqda çalır. Tarix zaman, məkan... dünya sıxılaraq bir nöqtədə qərar tutub. Hər şey bu nöqtədən açılır – yumaq kimi. Hər şey o qədim səsin, qədimlərdən damcılayan səsin hökmüylə hərəkətə gəlir, obrazlaşır, obraz qəlbində duruş gətirməyib, fəzaya yayılır, fəzadakı ulduzları istədiyi formada düzür, onların arasında elə bir münasibət tipi yaradır ki, dünya arakəsilməz hərəkətə çevrilir, hərəkət dinamizm şəklində ifadə olunur. Fələklərə qalxıb yerə qayıdan nalələrin təsiri ilə zaman-məkan əzəli düzümünü itirir, “vaxt qoşuvur”.
O zaman deyəsən vaxt qovuşanda
Şeirlə musiqi bir ucalırdı.
Bütün könüllərin sifarişiylə
Damcılı bulaqda Habil çalırdı. (43, 84)
Hərəkətin arasıkəsilməzliyi, obrazların bir-birinə keçməsi birləşib vahid, bölünməz bir metafora yaratmaq ehtirası nəticədə, demək olar ki, şərhə gəlməyən, təsəvvür edilməyən mənzərələrlə müşayiət edilir.
Düşüb Yer kürəsi gah bir guşəyə,
Gah sakit fırlanır, gah yana-yana və s. (43, 85)
Bu şeirdə gözəl obrazlar var: “Habil ilan dili çıxarır, nədir. Arzu qızmarında ilan tutan tək”, “Ürəyi çırpınır barmaqlarında, Onlardan tökülür simlərə nəbzi”, “Segah gah uzanır bir ağrı kimi, Onu üfüqlərə sancır kəmanə”.
Həsrəti, nisgili bu mərtəbədə, belə bir çıxılmazlıq effekti yaradan formada təsvir etmək dünyada bütün barışmaz şeyləri baş-başa gətirib. Əli Kərimin özü demişkən, “istiylə soyuğu birləşdirib”.
“Bülbülün xatirəsinə” adlı şeirdə şair tamam başqa bir mənzərə yaratmışdır. Bülbülün tabutu insan dəryasında dalğalanır, bu zaman onun səsi eşidilir. Şair yazır ki, sanki bu nəğmə deyirdi ki, qəmi unudun və bu zaman hamı fikrə gedir, o səsi dinləyir. Şair fikrini belə yekunlaşdırır:
Nə səni dindirdi ölüm,
nə bizi,
Söndürdü nəğməylə,
yaşayan nəbzi.
Hamı fikrə getdi,
səni dinlədi.
Coşub bir-birinə dedi min könül.
Hamıtək ölümə məruz Bülbülü
Oxuyub dəfn edir ölümsüz Bülbül. (47, 73)
Əli Kərimin sənətlə bağlı “Heykəl və insan” adlı maraqlı bir şeiri də vardır. Şair yazır ki, “O günlərlə, aylarla işlədi. Demədi ki, əlim, qolum yoruldu. Çünki sənətkar idi. “Daşdan insan yonurdu”. Heykəlin üzündən artıq ifadələri, lazımsız kədəri qəlpə-qəlpə qoparır, heykəlin üzünə məğrurluq, əzəmət həkk edirdi. Heykəl dəyişdikcə, o özü də dəyişirdi: üzü də, gözü də dəyişir, alnındakı qırışlar açılır, baxışları alovuyla yanırdı. Heykəli gözəlləşdirdikcə, heykəl də onu gözəlləşdirirdi:
Heykəl insana döndükcə,
insan sevincindən
heykələ döndü.
Gördü onun yanında
onu yaradan
Bir heykəltəraş var.
Sonra hər ikisi dost kimi
Şəhəri gəzməyə çıxdılar. (48, 143-144)
Əli Kərimin sənətə, sənətkarlara həsr olunmuş əsərləri həcmcə yığcam olsa da, bədii dəyəri, məna tutumu etibarilə qiymətlidir. Əli Kərim şairlərə çox şeir həsr etməsə də, şairlər ona çoxlu şeirlər həsr etdilər və bu günün özündə də ona şeirlər yazılır.
UŞAQ ŞEİRLƏRİ
Əli Kərim yaradıcılığının ayrılmaz qolunu onun balaca dostlarına həsr etdiyi şeir və poemaları təşkil edir və bu əsərlərin böyük bir hissəsi “Uşaqlar və ulduzlar” adlı kitabında toplanmışdır. Kitabı vərəqlədikcə sovet yazıçısı Fadeyevin bu sözləri səslənir: “Şairlər ölmürlər. Şeirlərə dönürlər, nəğmələrə dönürlər, ulduzlara dönürlər”. Uşaqlar şairin boya-başa çatmamış arzuları, ulduzlar isə parlaqlığını itirməyən şeirləridir.
Əli Kərimin Azərbaycan uşaq ədəbiyyatı fondunu zənginləşdirən əsərlərində vətənpərvərlik, humanizm, gənc nəslə qayğı və məhəbbət, doğma vətənə sədaqət motivləri xüsusi yer tutur.
Səməd Vurğun uşaq üçün yazmağın nə qədər məsuliyyətli və çətin bir sahə olduğunu, uşaq təbiətini, uşaq həyatını tərənnüm etməyin nə qədər vacib olduğunu belə qeyd edir: “Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur”. Sözünə davam edən şair göstərir ki, “uşaqlar üçün yazılan şeirlərdə məna gözəlliyinə fikir verilməlidir, anlaşılmayan, quru, cansıxıcı nəsihətlər uşaq yaddaşında ani bir qığılcım kimi tez parlayıb, tez də sönür. Uşaq xəyalı səyyardır. O, şıltaq bir ulduz kimi daima süzüb oynar. Uşaq xəyalı bəzən ağ buludların cərəyanına qoşulub uçur, seyr edir, ayla batır, günəşlə doğur, dərin dəryalarda qəvvas kimi üzür, keçilməz ormanlarda pələnglərlə pəncələşir. Biz bütün bu sözsüz xəyallar dünyasında qəhrəmanlıq, yüksəliş, uca arzular və əməllər görürük” (76, 141).
Fikri sadə şəkildə ifadə etmək, yeni formalar tapmaq uşaqların qəlbinə, şüuruna təsir edə biləcək əsərlər yazmaq Əli Kərimi həmişə düşündürmüşdür. Yüksək bədiilik, qafiyələrin oynaqlığı, sözün məna siqlətinə tabe edilməsi, xüsusilə qələmə aldığı mövzunun inandırıcı, təbii səslənməsi onun yaradıcılığının başlıca keyfiyyətidir. Məlum olduğu kimi, yığcamlıq uşaq şeirinin əsas xüsusiyyətlərindəndir. Uzun şeir parçası balacaları yorur, darıxdırır, onların estetik zövqünü oxşaya bilmir. Əli Kərim bunlara böyük həssaslıqla yanaşdığına görə, onun yaratdığı lövhələr uşaqlara gözəl hisslər, yüksək əməllər, böyük arzular aşılayır. “Çinar və gilənar” şeirinə diqqət yetirək:
Keçən ilki bir çinar
Gör necə boy atıbdır,
Üçüncülər oxuyan
Mərtəbəyə çatıbdır.
Hamı gülüb deyir ki:
– Üçə keçibdir çinar,
İkincidə qalıbdır
Ancaq hələ gilənar. (43, 392)
Əli Kərimin azyaşlı uşaqlardan bəhs edən şeir və poemalarının bəzilərində öz oğlanlarına – “üç igid balasına” müraciət edir, ancaq həmin əsərlərdəki duyğuların arxasında uşaqlarının ümumi həyatını da görmək çətin deyil.
“Əli Kərim oğlanlarını hədsiz dərəcədə sevirdi və bu böyük sevgisini bütün uşaqlara ürək açıqlığı ilə paylamağı xoşlardı” (17). “Uşaqların loğmanı” poemasında baş qəhrəman olan Loğmanı şair bizə belə təqdim edir:
Dedi: heç ayrılarmı,
İnsan özü-özündən
Mənim canım ordadır,
Uşaqların yanında.
Onlar varsa, mən varam,
Düşsəm də suya, oda. (48, 342)
Bu sözləri əslində Loğmana dedizdirən var. Bu, Əli Kərimin ürəyidir, onun qəlbinin istəyidir.
“Nəğmələrin yuvası” şeirində şair körpələrinin – Paşa ilə Azərin sualına cavab verir. Şeirin məzmunu verilən sualı tamamlayır. Və bir daha inanırsan ki, bülbül kimi kövrək olan uşaqların qəlbi nə qədər təmiz və coşğundur, belə ürəklərdə nəğmə yuva sala bilər – yaşayar, gecələr, səhərlər isə oyanar. Nəğmələrin gecələməsi üçün köksündə yer ayıran uşaq ürəyi, uşaq qəlbi zərif çiçəyə bənzər. Bu çiçəyin həmişə oxşanmağa, pöhrələnməyə, dirçəlməyə, zərifliyə böyük ehtiyacı var. Bu ehtiyac valideynlər tərəfindən vaxtında ödənilməzsə, o zaman uşaq özü də bilmədən qanadını sındırdığı bir quşun ürəyində ney tutan xəfif sızıltıları (“Mənim həyatım”) duya bilməz.
Şeirin sonunda uşaqların yatması təsvir olunur. Burada sözlərin düzümü elə sadəliklə sıralanmış, ifadə olunmuşdur ki, istər-istəməz insan duyğularına saflıq, ülvilik, bakirəlik, zəriflik axarı ahəstəcə süzülür, qəlbləri işıqlandırır, üzlərə dalğa-dalğa təbəssüm qondurur:
Gecələyir nəğmələr,
Bir azdan oğlum Paşa,
Bir azdan oğlum Azər
Sevindirərək məni,
Yatırlar,
ürəklərinin
Başına qoyub təmiz,
Balaca əllərini. (40, 52)
“Qardaşın cavabı” şeirində ucalmaq eşqilə, böyümək həvəsilə kitabların üstünə çıxan Azərə qardaşı Paşa deyir ki, kitabların üstünə çıxma, axı onlar əzilər, onlar oxumaq üçün yazılıb, sənin rəhmin olsun. Burada hər iki qardaş haqlıdır. Paşanın düşüncə tərzi böyük qardaş kimi seçilir. O, başa düşür ki, kitab oxumaq üçündür, onu ayaq altına qoymaqla ucalmaq olmaz.
Paşa bu sözləri ilə özünün təbiətini aşkar edir. Bizə məlum olur ki, o həssasdır, kövrəkdir, rəhmdildir. Azər isə öz arzularının qanadında uclamaq eşqi ilə uçmaq həvəsindədir. Uşaqlara xas olan bu həvəs onun kitabın funksiyasını bilmək istəyini üstələyir. Lakin bununla belə, Azər də qardaşı kimi ağıllıdır. O, ucalmaq arzusu ilə “Gördüm heç doğulmamış” şeirindəki qocadan çox-çox yüksəkdə durur. Göründüyü kimi, bu gün ucalmaq eşqiylə kitabı ayağı altına qoyan körpə, sabah yetkin gənc kimi ucalmaq, yüksəlmək yolunu həmin kitablarda görəcəkdir.
Tərbiyənin insan taleyində həlledici amil olması, onun gələcəyini müəyyənləşdirməsi fikri Əli Kərimin bütün əsərlərində mühüm yer tutur. V.Q.Belinski yazırdı: “Sizə uşaq tapşırılmışdır, uşağın yeniyetmə, sonra gənc və daha sonra yaşlı adam olacağını düşünün, buna görə də onun qabiliyyətinin necə inkişaf etdiyini izləyin və bunlara müvafiq təlim üsulları təbliğ edin. Həmişə uşaqdan yuxarıda durun, onu öyrədərkən daha çox özünüz öyrənin, yoxsa o sizi ötüb keçər. Uşaqlar sürətlə artırlar” (8, 113).
Uşaqların təfəkkür tərzini açıb göstərən şeirlərdən biri də “Çinar və gilənar”dır. Uşaqlar çinarın “ucalıq rəmzi” olmasını onun üçüncü sinfə keçməsi kimi başa düşürlər. Çünki üçüncü mərtəbəyədək yüksələn çinar orada oxuyan üçüncülərlə bərabərləşir, gilənar isə ikinci sinifdə qalır. Əgər şeirdə çinarın üçüncü sinfə keçməsi onun rəmzi mənası kimi başa düşülsəydi, onda şeir öz təbiiliyini itirərdi, uşaqların düşüncə tərzinə uyğun gəlməzdi. Adicə olaraq çinarla gilənarın boy artımındakı bu xüsusiyyətlər uşaqlar üçün tərbiyəvi nəticə çıxarmağa kömək edən qüvvətli amildir. Maraqlıdır ki, dəniz və çinar mövzusu şair Nəbi Xəzrinin yaradıcılığı üçün səciyyəvi olduğu kimi, şair Əli Kərimin də xarakteri üçün səciyyəvidir. Söhbət Göyçay çinarlarından gedəndə, canlandırılmış, personaja çevrilmiş bir şəxsiyyət də yada düşür. Çinar – insan: gur, çatmaqaşlı, gen sinəli çinar” – Əli Kərim adında bir çinar. Bu çinar Göyçayda doğuldu, pöhrə atdı, püxtələşdi, Bakıda yüksəliş yoluna düşdü, Moskvada kamilləşdi, yenə doğma Bakıda kamala çatdı.
“Çinar və gilənar” şeirində təsvir edilən çinar və gilənar məcazi məna daşıyır. Əsas məqsəd isə uşaqları yaxşı oxumağa həvəsləndirmək, onları tənbəllikdən uzaqlaşdırmaqdır. Onun hər bir şeirini oxuduqca həyatın bir lövhəsi ilə rastlaşırıq. Əli Kərim poeziyasına yaxşı bələd olan şair Tofiq Mütəllimov “Gül” şeirinin yaranması haqqında yazır: “Bir gün Xəzərin sahilinə gəzməyə çıxmışdıq. Əli Kərim ilə rastlaşdım. O, əsəbi idi. Səbəbini souşdum. Dedi ki, bax, bu bağçadakı gülləri görürsən, indicə bir oğlan onların bir neçəsini kökündən qoparıb əzişdirdi. Əgər hər uşaq belə hərəkət etsə, onda güllüklər gör nə hala düşər.
Mən ona gəzməyi, əsəblərini sakitləşdirməyi təklif etdim. O isə dedi:
– Yox, evə getməliyəm. Belə uşaqları “damğalayan” şeir yazmalıyam.
Bəlkə, həmin oğlan da şeirimi oxudu. Öz əməlindən xəcalət çəkdi (63). “Gül” şeirini oxuduqca həmin hadisəni, həmin görüşü xatırladı. Şair gülün dili ilə deyir:
Yerim bağça-bağ mənim,
Rəngim ağappaq mənim,
Bir ətirli güləm mən,
İstəyirəm güləm mən.
Ay yoldan ötən oğlan,
Məni incidən oğlan,
Gözüm doldu yaş ilə,
Ağac ilə, daş ilə,
Sən məni döymə, döymə,
Xətrimə dəymə, dəymə. (43, 397)
Şairin canlı həyat lövhələrini özündə əks etdirən şeirlərindən biri də “Güclü qoca” şeiridir. Şeirdə gözəl bir lövhə yaradılıb. Balaca bir oğlan ilk dəfə karuselə minir. Ona elə gəlir ki, karuseli fırladan qoca bir kişidir. Uşağı təəccüb bürüyür.
O birinci dəfəydi
Karuselə minirdi.
Karuseli fırladan,
Arıq qocanı gördü.
Fırlandı şirlər, atlar,
Filin üstündə Hafiz,
Sonra fırlandı şəhər,
Güllər, buruqlar, dəniz.
Düşündü bu kişinin
Nə qədər gücü varmış,
Bu boyda bir dünyanı
Bir qoca fırladırmış. (43, 39)
Göründüyü kimi, bu şeir parçası inandırıcıdır, təbiidir, yadda qalandır. Uşaq marağı, uşaq dünyası, uşaq düşüncəsi əlçatmaz bir aləmdir. Bu aləmin öz sirləri var. Görkəmli sovet şairi S.Marşak uşaq aləmini “Sirlər xəzinəsi, duyğular dənizi” adlandırıb. Bu “duyğular aləmi”ndə yelkən açmaq hər şairin işi deyil. Bunu Əli Kərim yaxşı duyurdu. O həmişə yazılarında və çıxışlarında uşaqlar üçün şeir yazmağın nə qədər məsuliyyətli olmasından bəhs edərək deyərdi:
– Mənim üçün lirik şeir yazmaq uşaq şeiri yazmaqdan qat-qat asandır. Yaxşı uşaq şeiri yazmaq üçün uşaqlaşmaq lazımdır. Bu isə çox çətindir.
Bəlkə də bu çətinliyi dərk etdiyi üçün Əli Kərim uşaq şeirlərinin bir çoxunu sağlığında çapa verməyib.
Əli Kərim şeirlərinin dili sadədir, anlaşıqlıdır, yersiz bəzək-düzəkdən uzaqdır. Onun “Təzə il” şeirinin bir bəndinə nəzər salaq:
Dostlarım, keçək
Təzə ilə biz,
Təzə qiymətlə,
Təzə söhbətlə,
Gülə-gülə biz.
Adam oxumaz
“İki”ylə “üç”lə,
Oxuyar gözəl
Lalələr kimi
Qırmızı “beş”lə.
Təzə il bizdən
“Beş”lər istəsin,
Kosmosa layiq
Minlər istəsin! (39, 8)
Canlı həyat lövhələrinin tərənnümü Əli Kərim şeirlərinin əsas ruhunu təşkil edir. “Laylay”dan tutmuş “Vəsiyyət”ə qədər bütün şeirlərində körpə təmizliyi, uşaq dünyasının mücərrəd obrazları öz əksini tapmışdır. Şair əsasən uşaqlıqla bağlı düşüncələrini öz uşaqlığındakı məqamlarda görüb-götürdüyü uşaq fantaziyasının, körpə məsumluğunun varlığından yoğrub. Azər, Paşa, Orxan – Əli Kərimin yaratdığı uşaq dünyasının ümumiləşmiş qəhrəmanlığıdır. “Gəl Azərim”, “Paşanın ilk uçuşu”, “Nəğmələrin yuvası”, “Qardaşın cavabı”, “Sənin adın”, “Xətlər varsiyası” və s. şeirləri oxuduqca şairin həm övladlarına olan münasibəti, həm də uşaq dünyasına olan marağı diqqəti çəkir. Əli Kərim üçün uşaq kimdir? Balaca cüssəsilə böyük-böyük şeylər istəyən, boyundan artıq hökmlər verən və ətrafdakıları öz hökmü, istəyi ilə mat qoyan bu varlığın hər addımını izləyən şair onu bizə belə təqdim edir: “Uşaq deyir ki, mənə bir ovuc dəniz verin. Bir stəkan Kür verin, Araz verin, tez verin. Bircə qurtum su verin, bir çıxımlıq dağ verin. Uşaq üçün dünya ev, Göy də mavi bir tavan. Uşaq üçün hissitək bütövdür, safdır cahan”.
Şair bu sadəliyi dühayla tən tutur. Adi insanı dahi eləyən bu sadəlik şairi çağırır. “Uşaq” adlı şeirdə uşaqlığına qayıtmaq istəyən şairi əlini qaşının üstünə qoyub uşaqlığına qayıdan görürük. Bu uşaqlıqdakı cənnət bağ da, dəcəl çəpiş də şairin xatirəslərində olduğu kimi qalıb. Şair öz uşaqlığını səsləyir, amma yuxularda olduğu kimi, səsi çıxmır, birdən uşaq çevrilib ağ saçlı adamı görür və qaçır. Daha sonra uşaq şairin ürəyində qəh-qəhə çəkir və ona dərddən azad olmağın yolunu, yenidən uşaqlığa qayıtmağın sirrini göstərir.
Haqqında danışdığımız “Uşaq” şeiri barədə fikir yürüdərkən ədəbiyyatşünas alim Cavanşir Yusifli öz fəlsəfi düşüncələrini belə ifadə edir. “Uşaq” şeirində keşmişlə gələcək arasındakı virtual məsafənin qısalıb-böyüməsi, bir nöqtə üzərində özünə yığılması və insan ömrünün son günə kimi sərbəst şəkildə açılması elə təəssürat oyadır ki, şeir... milyon variant sınaqdan keçirildikdən sonra dünyaya gəlmişdir. Əslində isə, son nəticədə hər şey obraz yaradılarkən dünyaduyumu elementinə üstünlük verilməsindən (son əsas kimi), dünyaya, gerçəkliyə fərqli nöqteyi-nəzərləri bir araya gətirib baxmaq bacarığı sayəsində həll edilmişdir. Ağıl, məntiq, məntiqi versiyaların çeşidliliyi... bütün bunlar obraz yaradıcılığının görünən tərəfidir, burada siz atom əsrinin ən son nailiyyətlərinin dayandığı nəzəriyyələrin mahiyyətini də görə bilərsiniz” (79, 106).
Əsas məsələ yenə də konkret detalın, hisslərin, duyğuların bütün kəskinliyini ovuc içində göstərən, maksimum səs ucalığını və səsin kölgəsini də itirən lallığı ehtiva edən bir bucaq altında obrazlaşmasının üstünə gəlir:
Əlimi qaşımın üstünə qoyub,
Boylanıb baxıram uşaqlığıma.
Özüm böyütdüyüm dəcəl çəpişə,
Əlimlə saldığım cənnət bağıma
Eheyy!!! – qışqırıram, baxmayır uşaq,
Bir də qışqırıram, dinmir ki, dinmir.
Başa düşürəm ki, çıxmırmış səsim,
Çox zaman yuxuda olduğu kimi.
Amma təsadüfən çevrilib uşaq,
Gözləri dolusu baxır uzaqdan,
Birdən fikir verib mən ağ saçlıya,
Qaçır,
Bir əsər də qalmır uşaqdan.
Nöqsanım,
qüsurum,
mən, bir də qəmim,
yüyürüb,
yüyürüb,
düşürük həkdən... (47, 54)
“Əli Kərim yaradıcılığında bu mənada uşaq mövzusu”, diqqət yetirilərsə, çox önəmli yer tutur. Bunun özündə yalnız bir cəhət bütün qabarıqlığı ilə ifadə olunur: hərəkəti, dinamikanı, hər bir predmetin içində yatan sürət təşnəliyini bütün çılpaqlığı ilə göstərmək, bu qabığı soyub dünyada yalnız poeziyanın yetişə bildiyi həqiqəti faş etmək, göstərmək ehtirası. Məhz buna görə də o, obraz və detalları uşaq təfəkkürünə arxalanaraq, “uşaq kimi” qavrayaraq civələndirmək və bu yolla həqiqətə yetişmək istəyirdi.
Uşaq deyir ki, mənə
Bir ovuc dəniz verin,
Bir stəkan Kür verin,
Araz verin,
tez verin,
Bircə qurtum su verin,
Bir çıxımlıq dağ verin.
Uşaq üçün dünya ev,
Göy də mavi bir tavan,
Uşaq üçün hissitək,
Bütövdür, safdır cahan,
Məncə, bu sadədillik
Dühayla eyni şeydi.
Bu hiss dahi elədi
Bəlkə də Eynşteyni. (47, 64)
Əli Kərim bu şeirləri ilə dünyanı anlamağın elə bir “momentini” tutmaq istəyirdi ki, “yerüstü təsvirlər bir çox məna qatını, sonsuz semantik ölçünü ehtiva edə bilsin. Məsələ burasındadır ki, ənənəvi təsir mexanizmindən fərqli olaraq, Əli Kərim üslubunda əsas xassə birbaşa təsirdən qaçıb yaddaşı təzələməkdir, poetik dünyagörüşünün hüdudlarını genişləndirməkdir. Bəzən bu hüdudlar o qədər genişləndirilirdi ki, onun sürətinə yetişmək, heç olmasa görkəmdə onun kimi olmaq imkanına azca olsa yer qoyulmurdu. “Uşaq” şeirində yerin altında birbaşa Günəşin təsiri ilə yaranmış “maqnit tufanları”, insanın intim mifologiyasının, heç kəsin anlamaq iqtidarında olmadığı tənhalığın obrazı əyaniləşir.
Göydəmi,
yerdəmi,
ürəyindəmi
Kimsə qəhqəhəylə gülür ürəkdən:
-
Nə fikrə getmisən, – deyir, – nə fikrə,
Bir dərdin olmasa sən də gülərsən.
Atsan yanındakı yoldaşlarını,
Sən məni o zaman tapa bilərsən... (47, 54)
Tənqidçi alim C.Abdullayevin yazdığı kimi “şair uşaqlar üçün yazdığı şeirlərini “nəğmə ahəngi, nəğmə şirinliyi ilə yaradır”. Şair təbiətə uşaq düşüncəsinin qəribliyi ilə baxa bilir və bu haqda şeir-novella alınır (2).
Gün çıxdı, ay uşaqlar,
Əridi yollarda qar,
Bərk qamaşdı gözlərim,
Gün mənə baxdı getdi.
Qoyma, ayaq izlərim,
Su oldu, axdı getdi. (43, 400)
Göründüyü kimi, burada heç bir artıq ifadə və söz yoxdur. Aydındır ki, altı misradan ibarət olan həmin şeiri balacalar tez əzbərləyə bilirlər.
Şairin uşaqlara həsr etdiyi şeirləri quru nəsihətçilikdən didaktikadan, yüklənmiş misralardan tamamilə uzaqdır. Müəllif körpə balaların arzu və istəklərini təbii boyalarla, kiçik, yadda qalan lakonik sözlərlə yazdığına görə yadda qalır və sevilir. “Pişik” şeirinə nəzər salaq:
Axmaq pişik, ağ pişik,
Daha nə deyim sənə?
Baxırsan, hey baxırsan,
Güzgüdəki şəklinə.
Gah qabarıb güzgüyə,
Birdən cırmaq atırsan,
Gah yorulub durursan,
Gah yalandan yatırsan,
Qorxursan vurar səni.
Güzgüdəki ağ pişik,
Səhərdən axşamacan,
Durub çəkirsən keşik.
Tərpədirsən güzgünü,
Ay pişik, o güzgüdə,
Tanımırsan özünü. (39, 6)
Şairin uşaq şeirləri əsasən 5, 6, 7, 8 hecalıdır. Bu hecalarda yazılmış şeirlər balacalar tərəfindən daha tez qavranılır və əzbərlənir. Əli Kərimin şeirlərini oxuduqca hiss edirsən ki, bu şeirlər şairin ürəyinin hərarəti və döyüntüləridir. O, şeirlərinin bir çoxunda tez-tez onların adını çəkir – lakin bu şeirlərdə gözəl bədii ümumiləşdirmələr var. İnanırsan ki, şair bütün uşaqları öz övladları kimi sevir. Onların xoşbəxt, bəxtiyar və firavan olmasını arzulayır. Elə bil, onun lay-lay səsini dünyanın bütün uşaqları eşidir:
Gün də indi yatır ki,
Səhər tez çıxa bilsin.
Gəlib pəncərəmizdən
Körpəmə baxa bilsin.
Gün inciyər, dinmə ha,
Gözlərini yum daha.
Günəşim, canım, laylay!
Körpə şeytanım, laylay! (43, 388)
Və yaxud:
Gecə oldu tən yarı,
Balaca tumbul oğlum,
Yorğun oyuncaqları
Oyatma, ay gül oğlum.
Bax: Ay da küsdü səndən,
Bax: Ay da getdi batdı:
Aşıb dağlar başından,
Qaranlıq yerdə yatdı.
Oyanar səs salsan Ay!
Ay kimisən, a laylay. (43, 388)
“Laylay” şeirinin müəllifinə indi Göyçayın vüqarlı çinarları laylay çalır. O, sakit-sakit uyuyur – əbədiyyət yuxusuna gedib. Lakin şeirləri qanadlanır, hər tərəfə uçur, laylalara dönüb dodaqlara qonur.
İstedadlı şair Əli Kərim uşaqlar üçün maraqlı, gözəl və məzmunlu poemalar da yazmışdır. Uşaqların həyatından, arzularından bəhs edən poemalara “Uşaqların loğmanı”, “Paşa, ulduzlar və uşaqlar”, “Dənizdə şəhər”, “Qız və kəpənək”, “Tənbəl ayı balası”, “Artist çəpiş balladası”, “Komandamız”, “Qiymətlərin mübahisəsi” adlı poemaları daxildir. Uşaqların psixilogiyasını dərindən bilən şairin poemaları axıcılığı, şeiriyyəti, səmimiyyəti ilə seçilir.
“Uşaqların loğmanı” poeması şairin oğlanlarına müraciəti ilə başlayır. Poema nağılvari üslubda yazılmışdır. Əsərin qəhrəmanı Polşa adlı ölkədə yaşayan yetimlərin atası, uşaqların loğmanı, cadugər, həkim Korçakdır. Əli Kərimin yaratdığı Korçak obrazı 1942-ci il avqustun 6-da Treblinka ölüm düşərgəsində öz şagirdləri – uşaqlarla birgə vəfat etmiş həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa ordusunun zabiti Yanuş Korçakdır.
Əli Kərim Y.Korçakı nə üçün poemasına qəhrəman seçmişdir? Korçakın həyatını uşaqların təlim-tərbiyəsinə sərf etməsi, onlara görə ölümə getməsi Ə.Kərimin diqqətini çəkmiş, onu özünə yaxın hiss etmişdir. Korçak həyatda песә olmuşdursa, şair onu poemada da elə təsvir etmişdir.
“Yansa,
batsa,
ölsə də,
Ayrı olmazdı bir an,
Mehriban körpələrdən”. (48, 342)
Korçak bir insan kimi çox humanistdir. Ürəyi ağrıyanda bilirdi ki, hansısa uşağı incidiblər, acanda bilirdi ki, hansısa uşaq acdır. Axırıcı loxmasına qədər uşaqlara verən Korçak yanında olan iki yüz yetimi boynu bükük durmağa qoymazdı.
Şair, Korçakı qeyri-adi insan kimi təsvir etməklə uşaqlar üçün maraqlı bir poema yazmışdır:
“O birdən çevrilərək,
Yüz-yüz adam olardı...
Hər uşağın yanında
Bir Korçak dayanardı”. (48, 343)
İkinci dünya müharibəsi zamanı alman ordusu Polşanı da işğal edir. Şair bu hadisəni elə vermişdir ki, poemanı oxuyan uşaqlar müharibənin qəddarlığını, vəhşiliyini görüb qorxmurlar, sanki özlərini Korçakın isti, təhlükəsiz qanadları altında hiss edirlər.
Varşavanı gəzməyə çıxan Korçakı düşmənin əsgərləri saxlayır. Korçak “Мәn uşaqları sevən Yazıçıyam, Həkiməm!” – deyə cavab verir.
“Dedi: – Heç ayrılarmı,
İnsan özü özündən.
Mənim canım ordadır,
Uşaqların yanında.
Onlar varsa, mən varam,
Düşsəm də suya, oda”. (39, 12)
Düşmənlər uşaqlardan ayrılmağı ölüm hesab edən Korçakı һәr qolunun üstündə zəif, balaca, xəstə uşaqlarla birgə Pereblinq adlı уеrә, Getto adlı binaya gətirirlər. Əli Kərimin yaratdığı obraz qorxu hissindən uzaqdır:
“O, iki yüz anaya,
O, iki yüz ataya,
Dönmüşdü çoxdan axı”. (39, 13)
Şair, Korçakın və düşmənin uşaqlara münasibətini müqayisə edir. Korçaka görə, uşaqlar mehriban, məzəli, qəhrəmandı, düşmənə görə isə uşaqlar ölməli idi. Əli Kərim uşaqları müharibədən kənar, öz aləmlərində təsvir edir. Qayğısız uşaqlar bir-biriylə oynayır:
“Yüyürür, yarışırlar,
Birləşib qanşırlar.
Qamışdan ot qapırlar.
Gizləşirlər, tapırlar”. (48, 346)
Əli Kərim poemanın sonunu qeyri-adi şəkildə bitirir. Tarixdən məlumdur ki, Korçak da, uşaqlar da Gettoda vəfat edirlər. Ancaq şair azyaşlı oxucularını sanki qorxutmamaq üçün Korçakın körpələrini düşmənə tapşırmır. Korçak böyük bir kitab düzəldir, uşaqları da söz kimi bir-bir ora yığır. Komandir də uşaqları tapa bilmir, qəzəblənir.
Əli Kərim bu poemasında da hadisələrin bitmədiyini göstərir. Zaman keçsə də, hadisələrin davamlılığı özünü göstərir:
“O gündən illər keçib,
Məğlub olub faşistlər.
Uşaqlar çıxır һәr gün
О kitabdan һәr səhər.
Gəzirlər yer üzünün
Hər yerini uşaqlar” . (48, 347)
Korçak da, uşaqlar da şairin qəhrəmanları olub uşaqları qəhrəmanlığa səsləyir, gündüzlər gəzib, gecələr Korçakın yazdığı kitaba qayıdırlar.
Şair bir an sakit olmayan, həmişə yeni şeylər düzəldən Paşadan bəhs edir. Paşanın bir gününü – səhər yuxudan oyanandan yuxuya gedənə kimi nələrlə məşğul olduğunu təsvir edir. Əli Kərim Paşanın uşaqlıq arzularını, gün ərzində nələrlə məşğul olduğunu verməklə һәm uşaqlar üçün cazibədar, maraqlı, həm də tərbiyəvi bir poema yazmışdır. Əli Kərimin bəşəri uşaqlıq dövrünü əks etdirən poemalarından biri də “Paşa, ulduzlar və uşaqlar”dır. Poemada sərhədlər tanımayan, coşub-daşan uşaq fantaziyasından bəhs olunur. Poemanın qəhrəmanı şairin oğlu Paşadır. Paşa fantaziyanın gücü ilə öz gəmi peykinə – kiçik stula əyləşib ölkələr gəzir, ormanlardan, çöllərdən keçir. Afrikalı uşaqları salamlayır, özünü onlara arxa bilir. Otağın döşəməsi onun üçün bir səhradır. O, sonra Hindistana, Misirə və başqa yerlərə uçur, nəhayət, ulduzların qonağı olur, onlara ad qoyur. Əli Kərimin təsvir etdiyi kiçik qəhrəmanları zamanı, gücü qabaqlayan ağıllı uşaqlardır. Aşağıdakı nümunə fikrimizlə səsləşir:
Ad qoyur ulduzlara,
Deyir: – Ay ulduz, sənin
Adın Qəhrəman olsun,
Səninki kiçik Şəfəq,
Səninki Orxan olsun.
Baxır, deyir: – Ay ulduz,
Sən mənim anam Çiçək.
Sən də atam Səfərsən.
Sən də balaca bacım,
Şeytan bacım, Səhərsən. (48, 352)
Poemada Paşa geniş ürəklidir, humanistdir, vətənpərvərdir. Buna görə də şair şeirlərində Azər, poemasında Paşa deyərək özünün oğlanlarına müraciət edirsə, eyni zamanda böyüməkdə olan körpə balaların həyat tərzini bizə təqdim edir.
Ümumiyyətlə, Ə.Kərimin uşaqlar üçün yazdığı poemaları һәm də öyrədici xarakterli əsərlərdir. Məsələn, balışına düşən günəşin ilk şüası ilə oyanan Paşa: “– Salam, Günəş, ay Günəş”, – deyib ayağa qalxır. Poemanın təsiri ilə uşaqlar da təbiəti sevir, səhərlər sevinclə, Günəşi salamlayaraq oyanırlar. Paşa idman edib həyətdə oynamağa başlayır. Sonra su kranının yanına gəlib, tərini silib, soyuq suyla yuyunur. Şimalda çörək yeyir, cənubda çay içir.
“Gərək daim kosmonavt
Möhkəm olsun bədəndən.
Bunu tələb edirlər
Göylərə yol gedəndən.
Heç dəcəllik etməyib,
Yaxşıca yeyir Pasa” (48, 346-349).
Əli Kərim istəyirdi ki, bütün balalar sağlam həyat üçün vacib olan bu vərdişlərlə məşğul olaraq, sağlam böyüsünlər.
Soyuq suyla yuyunan Paşa deyir:
“ – Bura ki Afrikadır.
Bir baxın cəngəlliyə.
Salam, gözəl Afrika.
Ey böyük, isti torpaq.
Nə vaxt
sənin xalqların
Tamam azad olacaq?
Sənin torpağın gözəl,
Yolun işıqlı,
Düzdür.
Sənin azad olmağın
Bizim də arzumuzdur”. (48, 348)
Ə.Kərim bədii priyomdan istifadə edərək, “Azərbaycan” ifadəsini “Afrika” ifadəsi ilə dəyişmişdir. Ədəbiyyatımızın görkəmli şairi S.Vurğun da bu üsuldan istifadə edərək, “Zəncinin arzuları” əsərini yazmışdır.
Senzuradan qaçmaq üçün belə bir priyomdan istifadə edən şair poemanın başqa bir yerində yazır:
“Xalçanı görən kimi:
– Azərbaycandır, – deyir.
Arada sərhədi də
Yaxşı görmək istəyir.
Hey axtarır,
axtarır,
На istəyir ki, tapa...” . (48, 350)
Şair Şimali Azərbaycanla Cənubi Azərbaycan arasındakı sərhəddən bəhs edir, əsas mətləbi sətraltı mənada verir.
Hindistan, Misir, Əfqanıstan, Kipr, Həbəşistan kimi ölkələri gəzən Paşa ulduzlara yoldaşlarının adlarını qoyur. Şair Azərbaycan balalarının böyüyüb ad-san qazanmasını, Vətənini ucaltmasını, səmada ulduz kimi parlamasını arzulayır.
“ – Ay uşaqlar, nə deyir,
Görün ana yurdumuz:
Gərək bircə dənə də
Qalmasın adsız ulduz”. (48, 355)
Əli Kərimin neft daşlarından bəhs edən poeması “Dənizdə şəhər” adlanır. Burada dənizin romantikası zəngin boyalarla əks olunub. Dənizin fonunda isə öz qüdrətli əlləri ilə suların qoynunda şəhər salan neftçilərin yaddaqalan portretlərini yaradıb. Dəmir estakadalar üzərində ucalan bu əfsanəvi şəhər elə bil möcüzələr aləmidir. İnsanın qüdrəti önündə dəniz də təslim olur. Şair göstərir ki, bu yerlərin gələcək qurucuları sabahkı bahadırları bugünkü uşaqlar olacaq. Onların əlləri ilə neçə-neçə xariqələr yaranacaq. Dənizdə şəhər, suda evlər həmişə uşaqlar üçün maraqlı olmuşdur. Şair dalğaların dənizdəki şəhərlə vuruşmasını, mübarizəsini çox gözəl şəkildə poetikləşdirmiş, sanki dənizi canlı bir varlıq kimi təsvir etmişdir.
Poemanın qəhrəmanı balaca Heydərdir. Heydərin atası dəniz işçisidir. Heydər atasından dəniz şəhəri barədə bir nağıl danışmasını istəyir. Şair atanın dilindən çox gözəl təbiət lövhələri yaradır:
“Oğlum, heç bir şəhərə
Bənzəməyir bu şəhər.
Onun ayaqlarıdır
Uzun, dəmir dirəklər.
Hey çırpınır, çırpınır
Onun altında Xəzər
Yıxılmış pəhləvantək
Partlayır axşam-səhər”. (48, 356)
Şair dənizlə şəhəri güləşdirir. Poemada göstərilir ki, Xəzər kiçik bir şəhərin onu yıxmasını, kürəyi üstə vurub, yandırıb-yaxmasını istəmir. Şair dalğaları şəhərə hücum çəkən böyük bir orduya bənzədərək, rəngarəng bədii təsvir və ifadə vasitələri yaratmışdır. Dəniz də insan kimi hirslənir, çox danışır, yenə özü barışır. İnsanlara, qayıqlara hücum etmək üçün fürsət gəzir.
Şairin təsvir etdiyi Heydər atasının dənizdəki işindən ürək dolusu vüqarla danışır, atası ilə fəxr edir. Əli Kərimin uşaq qəhrəmanları belədirlər. Biz uşaq ədəbiyyatı ilə məşğul olan şairlərimizin bir çox əsərlərində bu cəhəti o qədər də qabarıq görmürük. Yəni onların təsvir etdikləri kiçik qəhrəmanlar da ağıllıdırlar. Lakin Əli Kərimin kiçik qəhrəmanları isə zamanı, günü qabaqlamaq əzmi ilə sadəlövhləşən ağıllı uşaqlardır. Aşağıdakı nümunə fikrimizlə səsləşir:
Bir gün evdə atamdan
Soruşdum ki, söylə bir
Sizin suda eviniz,
İdarəniz necədir?
Ata dedi: – Ay oğlum,
Getsən əgər ora sən,
Orda neçə əfsanə
Neçə nağıl görərsən.
...Xəzər əvvəlcə coşur,
Sonra susur durulur.
Vaxt olar böyüyərsən.
Neçə nurlu səhərlə,
İgid oğlan olarsan,
Güləşərsən Xəzərlə. (48, 356-361)
Şübhəsiz, Xəzərlə güləşəcək bir uşağın dediyi sözlərinə – bu sözlərə inamına biz inanırıq. Çünki onun atası Xəzərlə güləşir və qalib gəlir. Bu işdə ona kömək edən adamların quruculuq işi və elmi axtarışlarıdır.
Poemada һеkауә içində hekayə verilmişdir. Heydərin atası birdən qış vaxtı başlarına gələn bir hadisədən danışır. Şair уеnә gözəl bənzətmələr, təbiət lövhələri yaradır. Dalğaların hər birini bir Qafqaz dağı hesab edir.
“Hər dağ birdən uçulub,
Gurhagur tökülürdü...
Dalğa qalxanda sanki
Göydən dəniz yağırdı” (48, 357-358)
Heydərin atasıgil çox uzaq bir mədəndə qalmalı olurlar. Poemanın bu hissəsini həyəcansız oxumaq mümkün deyil.
“Gördük, yanımıza su
Dırmaşır dalğa-dalğa.
Bir buruğa dırmandıq,
Tez dırmandı Xəzər də”. (48, 358)
Şair Xəzər dənizini canlı kimi təsvir etmişdir.
Dəniz: – Düşünüz, – deyir,
Nə durmusunuz orda.
Sizi qərq edəcəyəm
Bu dəli dalğalarda”. (48, 359)
Dalğalar dənizçilərə çatıb gülürlər, sonra qəfil yıxılıb dağılırlar, ölürlər. Xilasedicilər gəlib dənizçiləri xilas edirlər. Xəzər isə yorğunluqdan töyşüyür.
Uşaqlar üçün yazılmış bu poema neft daşları haqqında onlarda müəyyən təsəvvür yaradır.
Ə.Kərimin çox maraqla oxunan poemalarından biri də “Qız və kəpənəkdir”. “Qız və kəpənək” poemasında rənglərin əsrarəngiz harmoniyasını görürük.
Poemanın qəhrəmanı dəcəl Zərifədir. Çöl, çəmən gül-çiçəklə, kəpənəklə doludur, gözəl bir bahar günüdür. Balaca qız pəncərədən bir güldən digər gülə qonan kəpənəkləri görür və ayaqyalın, başaçıq çəmənə sarı qaçır. Şair qızın seçdiyi kəpənəyi təyyarəyə, göy çəməni isə aerodroma bənzədir. Kəpənəyin xallı laləyə, qızm ağ donuna, sarı nərgiz topasına, sarıköynəyin döşünə qonması, çiçək tozu ilə xallarını gizlətməsi rəngli səhnələr yaradır.
Əli Kərim Zərifənin ağ donuna qonan kəpənəkləri belə təsvir edir:
“Ağ donunun bir xalı,
Gördü, qalxıb havaya,
Harasa gedir xalı.
Belə olsa, ağ donu,
Deşik-deşik qalacaq,
Anası pərt olacaq.
Bu qıza dərd olacaq”. (48, 363)
Şairin sarı kəpənəklə günün batmasını eyniləşdirməsi, müqayisəsi çox maraqlıdır:
“Batırdı gün.
Dağ da, daş da, meşə də
Sarı rəngdəydi bütün.
Xallı, sarı kəpənək
Gözə görünməyirdi...
Bir kəpənək böyüyüb
Dünya boyda olmuşdu”. (39, 42)
Günəş batarkən aləm sarı rəngə boyanır. Bu zaman sarı kəpənəyin sarı aləmdə itməsini təsvir etmək şairin tapıntısı idi. Bu mənzərə qarşısmda mat qalan qız ağlayır. “Qalmışdı lap çarəsiz, Yeri özü qarışıq песә götürəydi qız?”. Qız kəpənəyə yalvarır ki, dünyasından ayrılsın. Kəpənək cavab verir ki, mən sənin üçün adi kəpənək deyiləm, indi öz dünyamdayam. Poemanın ideyası da bundan ibarətdir, yəni hər kəsin öz dünyası, öz qaydaları vardır. Qız kəpənəyin başındakı qoşa teli qırsa da, kəpənək onu evlərinə gətirərək kömək edir.
“Qız və kəpənək” poeması kimi təbiət mövzusunda yazılmış əsərlər uşaqlarda humanist hisslər, yüksək zövq formalaşdırır, tərbiyəvi xüsusiyyət daşıyır, onları təbiətin bilinməyən sirləri ilə tanış edir, onları həşəratlara, heyvanlara qarşı daha humanist olmağa çağırır.
Əli Kərimin uşaqlar üçün yazdığı poemalardan biri də “Tənbəl ayı balası”dır. Nağılvari şəkildə yazılmış poemanın mövzusu mağazanın vitrinindəki xırda ayıların rahat yerlərinə aldanıb yoldaşlarından ayrı düşən tənbəl, balaca ayının sərgüzəştindən bəhs edir. Tənbəlliyin tənqidi, böyüklərin sözünə qulaq asmağın vacibliyi poemanın əsas ideyasıdır.
Poema heca vəzninin yeddi hecalı variantında, 4-3 bölgüsündə yazılmışdır. Ancaq poemanın həyəcanlı hissəsini şair “Üçüncü atlı” poemasında Lermontovun Azərbaycandan ayrıldığını təsvir edən hissə kimi beş hecalı variantda yazmışdır:
“Atıldı, düşdü,
Hamı gülüşdü.
Ayı çığırdı,
Ayı bağırdı:
– Үеуә bilmirəm,
İçə bilmirəm,
О tərəfə də
Keçə bilmirəm”. (39, 50)
Şairin “Artist” çəpiş balladası” poeması bir çəpişin macəralarından bəhs edir. Ə.Kərimin təsvir etdiyi çəpiş adi çəpiş deyil, özünəməxsus qaydaları olan bir çəpişdir. Bu çəpiş şairin qələmində qəhrəmana çevrilir, obrazlaşdırılır, düşmənə qalib gəlir, qalibiyyət zirvəsindən əzəmətlə baxır. Adi çəpiş olmayan bu heyvanın özünəməxsus qaydaları var. Məsələn, düz yolla deyil, bir tərəfı uçuq olan divara çıxıb aşağıdakı qoyunlara, keçilərə töhmətlə baxıb yeriyir, körpüdən keçməyib suya düşür, yığılan göyərtini qəti istəmir, həyətdəki şahtuta çıxıb çırpdığı tər yarpağı yeyir. Bunlara görə, bütün məhlə ona “Artist” deyir.
Poemanın qəhrəmanının dediyinə görə, nahar zamanı az qala qaraçılar məhlənin sevincini oğurlayacaqdılar. Şairin poemada mötərizə içində yazdığı bu qeyd bizi hadisələrin reallığına inandırır.
Əsərin son hissəsində çəpişin qara qoça necə qalib gəlməsindən danışılır. Uşaqların zövqünü, psixologiyasını dərindən bilən şair bu cür əsərlər yazmaqla onlarda təbiətə, digər canlılara qarşı məhəbbət oyatmağa çalışmışdır.
“Komandamız” poeması isə “Peyk” adlı bir futbol komandasından bəhs edir. Komandanın oyuncularından sağ hücumçu Murtuz rəqib komanda ilə oyun zamanı lovğalanıb topu yoldaşlarına ötürmür, nəticədə komanda uduzur. Ancaq poemanın qəhrəmanı İmranın böyük qardaşı Paşa komandanı növbəti yarışa hazırlayır və komanda qalib gəlir. Murtuz öz səhvini anlayır, yoldaşlarından üzr istəyir, onu yenidən komandaya alırlar.
Gücün birlikdə, lovğalığın isə pis xüsusiyyət olduğunu göstərmək poemanın əsas ideyasıdır. Şairin gəldiyi nəticə belədir ki, insan çalışsa, һәr şeyə nail ola bilər.
Ə.Kərimin çox maraqlı poemalarından biri də “Qiymətlərin mübahisəsi”dir. Obrazların lovğalanması, özlərini tərifləməsi Füzulinin “Meyvələrin söhbəti”, “Bəngü-Badə”, C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik əsərlərini xatırladır.
Ə.Kərim klassik ədəbiyyatı çox gözəl bilirdi və “Qiymətlərin mübahisəsi” alleqorik poemasını da klassik ədəbiyyatın təsiri ilə yazmışdır.
Şair qiymətləri qələmi ilə canlandırır, onların səsi olur, qiymətlərin düşüncələri ilə bizi tanış edir, bu zaman maraqlı lövhələr yaradır:
“Elə ki qurtardı dərs,
Kəsildi məktəbdə səs.
Jurnalların içindən,
Qiymətlər çıxdı şən-şən”. (39, 44)
Ən birinci çıxan “bir” sevinir, özünü tərifləyir ki, az tapılan incidir, az tapılan xoş olur, çox tapılan boş olur. “2”, “3”, “4”, “5”-i yanında heç nə hesab edir. Birin tərifindən əsəbləşən ikincilər onu döyürlər. Başqa qiymətlər biri ikilərin əlindən alır. Üç öz tərəfini belə bildirir:
“4”-lə “2” arası,
Olmuş “3”ün yuvası.
Mən sizə çox yaxınam,
“2”-ylə də var aram.
Mənim yerim ortadır.
Canım, gözüm ordadır”. (39, 46)
“4” “5”-i tərifləyir, hər qapıya açar olduğunu, hörmət sahibi olduğunu, instituta imtahansız girdiyini söyləyir. “5”-lərdən biri ağıllı bir məsləhət verir ki, sabah bir çantaya dolub bir evə qonaq gedək. Qiymətlər belə də edirlər. Ata “1” və “2”-ni görəndə əsəbləşir. Oğlu “2”-nin boğazından, “1”-in belindən tutub bayıra atır. Sonda hər kəs layiq olduğu dəyəri alır.
Qeyd edək ki, şairin orijinallığını, bənzərsizliyini, əsasən, onun şair yaradıcılığı tamamlayırsa (onlardakı ifadə özünəməxsusluğu), dilinin sadəliyini, yığcamlığını, böyük və gözəl fikirlərin sadə dildə təbliğini onun poemaları (uşaqlar üçün yazılmış şeir və poemaları qismən nəzərə almadan) əks etdirir. Uşaqlar üçün yazılmış şeir və poemalar bu cəhətdən ona görə seçilir, müstəsnalıq təşkil edir ki, həmin əsərlərdə öz uşaqlığını təkrar yaşayan (K.Marksın yunan ədəbiyyatı haqqında dediyi “bəşəriyyətin uşaqlıq dövrü” məsələsi yada düşür) ağıllı uşaqlar olmuşlar. Bəlkə də Əli Kərimin uşaq şeirləri və poemaları uşaqlıq illərinə münasibətdə “uşaqlıq dövrü”nün yeni formada yeni doğuluşudur. Hər halda həmin əsərlər belə bir fikri adama xatırladır və onları uşaqlara xas təfəkkür tərzinə endirməklə həyatiləşdirən, təbiiləşdirən Əli Kərim bütün əzəməti ilə qarşımızda ucalır.
Göründüyü kimi, gənc nəslin tərbiyəsi problemi Əli Kərimi həmişə düşündürmüş, məşğul etmişdir. O, istər bədii əsərlərində, istərsə də publisist və ədəbi-tənqidi məqalələrində uşaqların mənəvi-estetik və əxlaqi tərbiyəsinə qayğı göstərmişdir. Onun əsərlərində gənc nəslin tərbiyəsi məsələsi haqqında mülahizələri bu gün də sənət adamlarını, yazıçıları düşündürür, onları daha dəyərli uşaq əsərləri yaratmağa sövq edir.
Dostları ilə paylaş: |