Cübranhansıməsələdəndanışırsa-danışsın, o, həmişəmütəfəkkir, böyüksənətkar, sözustasıvəözxalqını, bütünbəşəriyyətihədsizdərəcədəsevənbirinsanolaraqqalır. Aida İmanquliyeva
CübranXəlilCübran - 125
(1883 - 1931)
Önsöz
Mədəniyyət tarixində elə böyük şəxsiyyətlər vardır ki, onlar müəyyən bir millətin, ölkənin hüdudlarını keçərək bütün bəşəriyyət miqyasında tərəqqiyə xidmət etmiş, müxtəlif sivilizasiyalar arasında körpü atmağa, qütbləri birləşdirməyə nail olmuşlar. Həm Şərq, həm də Qərb oxucuları üçün doğma olan və öz yaradıcılığı ilə xalqlar və mədəniyyətlər arasında qarşılıqlı yaxınlaşmaya xidmət edən belə böyük şəxsiyyətlərdən biri Cübran Xəlil Cübrandır. Onun həm bədii yaradıcılığı, həm böyük məna tutumuna malik olan fəlsəfi fikirləri öz ruhuna və pafosuna görə Şərq mahiyyətini ifadə etsə də, ideya və məzmununa görə Qərb rasionalizmindən və romantizmindən bəhrələnmişdir.
C.X.Cübran irsinin koloriti və cazibədarlığı onun Şərq bədii yaradıcılıq ənənələrinə sadiq olmasından irəli gəlir. «Şərqin üstün cəhətlərini Qərb oxucusuna necə, hansı yollarla çatdırmaq olar?» – sualına ən yaxşı cavablardan birini Cübran Xəlil Cübran öz şəxsi yaradıcığı və fəaliyyəti ilə vermişdir.
C.X.Cübran imzası Azərbaycan oxucusuna XX əsrin 70-ci illərindən etibarən görkəmli şərqşünas alim Aida İmanquliyevanın əsərlərindən tanışdır. O, hələ 1975-ci ildə Cübran Xəlil Cübrana ayrıca kitab həsr etmiş, bu böyük ərəb yazıçısının həyat və yaradıcılığını geniş şərh etmişdir. Aida xanım bu mövzuya ilk növbədə bir ərəbşünas alim olmaq etibarı ilə müraciət etsə də, sonrakı tədqiqatlarında o, Cübranı həm də bir mütəfəkkir kimi dəyərləndirmiş və onun Şərq ilə Qərb düşüncə tərzlərini vəhdət halında ifadə edən əsərlərini fəlsəfi aspektdə də təhlil etmişdir. A.İmanquliyeva Cübranın fəlsəfi dünyagörüşündən bəhs edərkən əvvəllər bu barədə aparılan tədqiqatlara da öz münasibətini bildirmişdir. O, Cozef P.Hoqassianın «Xəlil Cübran; fikir qanadları. Xalq filosofu» adlı kitabına xitabən yazır: «Burada əsas diqqət Cübranın bədii yaradıcılığında əksini tapmış fəlsəfi baxışlarının təhlilinə verilmişdir. Müəllif belə nəticəyə gəlir ki, Cübranın dünyagörüşü dərin idealist yönümlüdür, belə ki, onun fəlsəfi konsepsiyasının əsasını bu mühakimə təşkil edir – həyat hər şeydən əvvəl ruhun həyatıdır».1
C.X.Cübranın həyat və yaradıcılığı haqqında ən geniş və dəyərli məlumat Aida İmanquliyevaya məxsus olduğu üçün kitabın giriş hissəsində onun Cübran haqqında məqaləsi dərc olunur.
XX əsrin əvvəllərində Qərb sivilizasiyasının ən çox yayıldığı Şərq ölkələrindən biri olan Livan mədəniyyətlər arasında necə əlaqələndirici rol oynayırdısa, indi – XXI əsrin əvvəllərində Azərbaycan da Şərq və Qərb arasında həmin mövqeyi tutur. Bu baxımdan, o vaxt Livanda yaranmış ədəbi-bədii irs bu gün Azərbaycan üçün də olduqca aktualdır. Professor Aida İmanquliyevanın da uzaqgörənliyi Şərq və Qərb sivilizasiyaları arasında dialoqun qaçılmaz olduğu müasir şəraitdə özünü daha çox göstərir.
Müasir dövrdə Cübran yaradıcılığının daha böyük aktuallıq kəsb etməsini, habelə onun ədəbi-bədii və fəlsəfi irsinin dilimizdə səslənməsinə olan ehtiyacı nəzərə alaraq bu kitabda onun bir sıra əsərləri Azərbaycan oxucusuna ilk dəfə təqdim edilir. Tərcümədə Cübrana xas olan poetik üslubun saxlamasına cəhd göstərilmiş, mətnlərin təfərrüatı deyil, müəllifin ideya və ruhu önə çəkilmişdir. Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşları f.e.n. Müşfiq Şükürov və f.e.n. Könül Bünyadzadə tərəfindən orijinaldan tərcümə edilən bu əsərlər Azərbaycan xalq hikməti nümunələri ilə, atalar sözləri və aforizmlər kimi Şərqdə geniş yayılmış kəlamlarla çox gözəl səsləşir. Cübran öz yaradıcı təfəkkürünün məhsulu olan ideyalarla bərabər, Şərq adamına hələ şifahi xalq ədəbiyyatından, el hikmətindən bəlli olan bir sıra fikirləri yeni kontekstdə və yeni üslubda təqdim edir. Cübran hər gün dəyişən köpük və dalğalara rəğmən, həmişə sabit qalan dəniz və sahil münasibətlərindən bəhs edərkən, fani dünyanın gəldi-gedər nemətləri arxasında əbədi dəyərləri görməyin zəruriliyini vurğulayır. Onun yazılarını oxuyan insan ruhunun ənginliyinə qədəm qoyur: «Mən əngin dənizəm, bütün aləmlər isə mənim sahilimdə bir qum dənəsidir». İnsanın hikmət dənizinə, haqq dünyasına qədəm qoyması onu böyüdür, yüksəldir və fani dünya onun müqabilində bir qum dənəsi kim olur. Burada «Mənəm haqq, haqq məndədir», yaxud «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» deyən Nəsiminin fəlsəfi pafosu bir qədər fərqli formada ifadə olunsa da, ideya və ruh eynidir.
Hətta Şərq poeziyası üçün Ömər Xəyyamdan, Məhsətidən üzü bəri ən çox dəbdə olan mövzulardan biri olan «şərab» mövzusunda da yeni tapıntıları adamı heyrətləndirir: «Sən şərab içirsən ki, sərxoş olasan, mən isə içirəm ki, başqa bir şərabın sərxoşluğundan azad olum».
Prof. Aida İmanquliyevanın tədqiqatlarında daha çox dərəcədə Cübranın ideya qaynaqları və onun Qərb romantizmi ilə əlaqələri müqayisəli şəkildə şərh edilmişdir. Oxuculara təqdim olunan bu kitabda Cübran yaradıcılığının o dövrkü Azərbaycan ədəbiyyatı ilə də ideya yaxınlığı araşdırılmış və bir sıra ümumi cəhətlər aşkar edilmişdir. Xüsusən, Mirzə Cəlil və Hüseyn Cavid kimi böyük Azərbaycan yazıçılarının əsərlərində tərənnüm edilmiş bir sıra motivlərin Cübran yaradıcılığına da xas olması onu bizim üçün daha da doğmalaşdırır.
Belə güman edirik ki, C.X.Cübranın Azərbaycan dilində oxuculara təqdim olunan «Peyğəmbər», «İblis», «Kafir Xəlil» və s. bu kimi əsərləri bir tərəfdən ənənəvi mövzulara yeni, orijinal baxış mövqeyindən, digər tərəfdən də fəlsəfi ideyaları ənənəvi poetik üslubda təqdim etməyin gözəl nümunələri kimi böyük maraq doğuracaqdır.
Tarixin eyni bir zaman kəsiyində uzaq Amerikada və Azərbaycanda yaşayıb-yaradan iki böyük Şərq mütəfəkkirinin eyni mövzuda yazıb-yaratması yeni obraz və bədii təfəkkür kontekstində bir daha ənənəvi Xeyir və Şər timsallarına müraciət etməsi təsadüfi deyil.
Bütün bəşəriyyət miqyasında düşüncə, qlobal təfəkkür indiki dövrdə – qloballaşma şəraitində təbii görünə bilər. Amma bir əsr bundan əvvəl ədəbi prosesin diqqətinin planetar miqyaslı problemlərə, sivilizasiyalararası münasibətlərə yönəldilməsi yalnız zamanı qabaqlamaq hesabına mümkün ola bilər. Qabaqlayıcı təfəkkür isə ancaq dahilərə xas olan bir cəhətdir.
Yubiley ərəfəsində Azərbaycan mətbuatında C.Cübran yaradıcılığına həsr olunmuş məqalələr və onun ayrı-ayrı əsərlərinin tərcümələri ölkəmizdə gedən ədəbi-bədii prosesin beynəlxalq miqyasdakı proseslərlə sıx surətdə bağlı olduğunu göstərir. Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən bir ölkə kimi təkcə Böyük İpək Yolunun bərpasında, iri miqyaslı iqtisadi layihələrin həyata keçirilməsində deyil, həm də mədəni-mənəvi irslərin bərpası və əlaqələndirilməsi sahəsində öncül mövqe tutması tamamilə qanunauyğundur.
Böyük mütəfəkkir-şair C.X.Cübranın anadan olmasının 125 və onun Azərbaycanda ilk tədqiqatçısı, görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə bir töhfə olan bu kitab, eyni zamanda sivilizasiyaların dialoquna, ümumbəşəri idealların və humanist təfəkkürün təbliğinə xidmət edəcəkdir.