Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə14/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
Müəllimlik

Sonra bir müəllim söylədi: “Bizə Müəllimlikdən danış”.

O dedi:

«Heç kim sizə biliyinizin səhərində mürgülü şəkildə artıq möv­cud olandan başqa bir şey aça bilməz.



Məbədin kölgəsində, tələbələrinin müşayəti ilə gedən mü­­əl­lim öz müdrikliyi ilə deyil, inamı və eşqi ilə bölüşür əslində.

Əgər o doğrudan da müdrikdirsə, onda o sizi öz müd­rik­li­yi­­nin kandarından keçirməyə çalışmayacaq, əksinə, sizi öz ağlınızın qapısına gətirəcəkdir.

Astronom kosmosu necə anladığından danışacaq, amma sizə öz anlamını verə bilməyəcək.

Musiqiçi sizə bütün fəzanı dolduracaq ritmi oxuya bilər, lakin o sizə nə bu ritmi tuta biləcək qulaq və nə bu ritmi təkrarlayacaq səs vermək iqtidarındadır.

Rəqəmlər elminə vaqif olan da sizə yalnız çəki və ölçülər dünyasından danışa bilər, sizi ora sala bilməz.

Zira, bir adamın idrakının qanadları başqasına borc verilə bilməz.

Hər biriniz Allahın biliyində ayrıca dayandığınız kimi Allahı tanımaqda və yeri anlamaqda da hər biriniz öz ayrılığını pozmamalıdır».
Dostluq

Bir gənc xahiş elədi: “Dostluqdan danış bizə”.

Əl-Mustafa belə cavab verdi:

«Sizin dostunuz – sizin gerçəkləşən ehtiyaclarınızdır.

O – sizin məhəbbətlə əkdiyiniz və məhsulunu minnət­dar­lıq­la yığdığınız tarlanızdır.

O – sizin süfrəniz və sizin ocağınızdır. Çünki siz onun yanına öz aclığınızla gəlir və onda sakitlik axtarırsınız.

Dostunuz fikrini sizinlə bölüşəndə, özlüyünüzdə “yox” deməyə çəkinməyin, “hə”ni isə içinizdə saxlamayın.

O susanda belə ürəyinizdə onu dinləməkdə davam edin.

Zira, dostluqda bütün fikirlər, bütün arzular, bütün ümid­lər səs-küyü sevməyən bir sevinc içində sözsüz doğulur və paylaşılır.

Dostunuzdan ayrı düşəndə kədərlənməyin;

Zira, onda ən çox sevdiyiniz onun yoxluğunda daha ay­dın bilinir, alpinistə dağ düzənlikdən daha yaxşı göründüyü kimi.

Qoyun, dostluqda ruhani dərinləşmədən savayı heç bir təmənnanız olmasın.

Zira, öz sehrinin açılmasından savayı başqa bir şeydə də marağı olan məhəbbət – məhəbbət deyil, təhərsiz atılmış tordur ki, ona yalnız faydasız şeylər düşə bilər.

Qoyun, sizdə ən yaxşı şey – dostunuz üçün olsun.

Əgər o sizin dənizinizin çəkilməsini bilməlidirsə, qoyun, o həm də sizin qabarmanızı tanısın.

Zira, nəyinizə lazımdır sizə o dost ki, onu yalnız vaxtınızı öldürmək üçün arayırsınız.

Onu yalnız vaxtınızı yaşamaq üçün arayın!

Zira, dost sizin ehtiyaclarınızı ödəmək üçündür, daxilinizdəki boşluğu doldurmaq üçün yox.

Qoyun, gülüş və paylaşılan sevinclər dostluğunuzu şirinləşdirsin.

Zira, xırdalıqların şehində ürək öz səhərini açır və təravətləndirir».


Nitq

Sonra alim dedi: “Nitqdən danış”.

O belə cavab verdi:

«Siz fikirlərinizlə düz gəlməyəndə danışmağa başlayır­sı­nız.

Daha ürəyinizin tənhalığına sığmayanda, dodaqlarınıza köçür, orada yaşamaq istəyirsiniz və bu zaman səs də yalnız əyləncə və oyun olur.

Söhbətlərinizin çoxunda fikir yarıölü haldadır.

Zira, fikir – azad bir quşdur, söz qəfəsində qanadlarını gərsə də, uça bilmir.

Aranızda elələri var ki, tənhalığın qorxusundan çoxdanışan birisini axtarır.

Tənhalığın sükutunda gözləri qarşısında onların çılpaq mahiyyətləri açılır; onlar isə qaçırlar bu məqamdan.

Elələri də var ki, söhbətin gedişində özləri də bilmədən, anlamadıqları həqiqəti aşkarlamış olurlar.

Lakin elələri də var ki, həqiqəti sözlərlə ifadə etməsələr də özlərində daşıyırlar.

Belələrinin köksündə ritmik sükutla ruh yaşayır.

Yolda, yaxud bazarda dostunuzla rastlaşanda, qoyun, dodaqlarınızı tərpədən və dilinizi yönəldən ruhunuz olsun.

Qoyun, səsinizin səsi onun qulağının qulağı ilə söhbətləşsin.

Zira, onun qəlbi şərabın dadını yadda saxlayan kimi sizin ürəyinizin həqiqətini qoruyub saxlayacaqdır.

Şərabın rəngi belə unudulanda, qabını da tapmaq artıq mümkün deyil».


Zaman

Astronom soruşdu: “Ustad, bəs zaman necə?”

O, cavab verdi:

«Siz zamanı - ölçüsüz olanı və ölçüyə gəlməyəni ölçmək istəyirsiniz.

Siz öz davranışınızı və hətta ruhunuzu saatlara və fəsillərə uyğunlaşdırmaq, tabe etdirmək istəyirsiniz.

Zamandan çay düzəltmək və onun sahilində oturub onun axınına tamaşa etmək istəyirsiniz.

Buna baxmayaraq, sizdəki zamansız olan həyatın zamansızlığını dərk edir.

Bilir ki, dünən – bu günün xatirəsi, sabah isə – bu günün arzusudur.

Daxilinizdə nəğmə oxuyan və düşünən hələ də ulduzları fəzaya səpələyən o ilk anda yaşamaqdadır.

Aranızda kim hiss eləmir ki, onun sevgisinin gücü sonsuzdur?

Kim eyni zamanda hiss eləmir ki, sonsuz olmağına bax­mayaraq, məhəbbət onun varlığının mərkəzində cəmlənmişdir; aşiqanə fikir və əməllərin ardıcıllığı kimi uzanıb getmir.

Məgər zaman məhəbbətlə bərabər deyilmi – bölünməz və ölçüyəgəlməz?

Lakin əgər öz düşüncələrinizdə zamanı fəsillərlə ölçmə­li­si­nizsə, qoy, onda hər fəsil bütün digər fəsilləri də özündə birləşdirmiş olsun.

Qoy, bu gün dünəni – yaddaş, gələcəyi isə – həsrət vasitəsi ilə bağrına bassın!»



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin