Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə16/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
Gözəllik

Şair söylədi: “Bizimlə Gözəllikdən danış”.

O, cavab verdi:

«Harada axtaracaq və necə tapacaqsınız Gözəlliyi, əgər o özü sizin həm yolunuz və həm də bələdçiniz olmasa?

Siz onun haqqında necə danışa bilərsiniz, əgər o özü sizin nitqinizin toxucusu olmasa?

Kədərlilər və incimişlər deyəcəklər: “Gözəllik - xeyirxah və mehribandır.

Sanki bir gənc ana kimi, o, öz hüsnündən bir qədər utanmış halda aramızda gəzişir”.

Çılğınlar deyəcəklər: “Yox, gözəllik - qorxulu və qüdrətlidir.

Sanki bir fırtınadır o; ayaqlarımızın altındakı yeri və başımızın üstündəki göyü silkələyir”.

Yorulmuş və əldən düşmüşlər deyəcəklər: “Gözəllik bir şirin pıçıltıya bənzəyir. Bizim ruhumuzda danışır o. Onun səsi bizim sükutumuz qarşısında geri çəkilir, zəif işıq kölgə qarşısında qorxudan əsən kimi”.

Dəcəllərsə deyəcək: “Biz onu dağlarda qışqıran gördük.

Onun qışqırığıyla birlikdə ayaq səsləri, qanadların çırpıl­ma­sı və şirlərin nəriltisi də gəlirdi”.

Gecə şəhərin nəzarətçiləri deyəcək: “Gözəllik sübh şəfəqləri ilə birlikdə Şərqdən yüksələcək”.

Günorta zəhmətkeşlər və yolçular deyəcək: “Biz onun qürub pəncərəsindən yerə necə əyildiyinin şahidi olmuşuq”.

Qışda qara düşmüşlər deyəcək: “O, yazda, təpədən-təpəyə qonaraq gələcəkdir”.

Yayın istisində məhsul dərənlər deyəcəklər: “Biz onu pa­yız yarpaqları ilə oynayan görmüşük, saçlarında da qar vardı”.

Bütün bunları siz gözəllik haqqında söylədiniz.

Əslində isə siz ödənməmiş ehtiyaclarınızdan danışırdınız.

Zira, gözəllik ehtiyac deyil, vəcddir.

O, nə susuzluqdan yanan dodaq, nə də irəliyə uzadılmış boş əldir.

Alovlanmış ürək və sehrlənmiş qəlbdir gözəllik.

Bu, sizin görmək istədiyiniz surət və ya eşitmək istədiyiniz nəğmə deyil.

Elə surətdir ki, gözlərinizi yumanda belə onu görməyə bilmirsiniz və elə nəğmədir ki, qulaqlarınızı bağlasanız da, onu eşitməkdə davam edəcəksiniz.

Bu, qartımış ağac qabığının arxasındakı şirə və caynaqlara birləşmiş qanad da deyil.

Əbədi çiçəklənən bağdır, əbədi uçuşan mələklər topasıdır gözəllik.

Orfalesin camaatı, gözəllik – müqəddəs üzündən niqabını götürmüş həyatdır.

Lakin həyat da sizsiniz, niqab da siz.

Gözəllik – özünə güzgüdə baxan əbədiyyətdir.

Əbədiyyət də sizsiniz, güzgü də siz.
Din

Qoca bir kahin dedi: “Dindən danış bizə”.

O söylədi:

«Məgər gün ərzində mənim başqa bir şeydən danışdığım oldumu?

Məgər bütün əməllər və düşüncələr, eləcə də əməl və dü­şün­cə olmayanlar, əlinizlə daş yonanda, yaxud toxucu dəz­ga­hı­nı işlədəndə belə qəlbinizdə çağlayan heyrət və təəccübün özü din deyilmi?

Kim öz inamını əməllərindən, əqidəsini məşğuliy­yə­tin­dən ayıra bilər?

Kim öz saatlarını qarşısına düzüb söyləyə bilər:

“Bu, Allah üçün, bu isə mənim üçün; bu, ruhum, bax, bu isə bədənim üçün?”

Sizin bütün saatlarınız – qanadlarınızdır, fəzanı yaran, sizi özünüzdən özünüzə aparan.

Əxlaqını dəbdəbəli libas kimi geyinən kəs çılpaq qalsaydı, daha yaxşı olardı.

Külək və günəş onun dərisinə zərər verməzdi.

Davranışını etikayla müəyyənləşdirən kəs öz bülbülünü qəfəsə salmış olur sanki.

Ən azad nəğmə belə dəmir barmaqlıqlardan və məftillərdən keçə bilməz.

O kəs üçün ki, səcdə – açıldığı kimi də bağlana bilən bir pəncərədir, o kəs hələ ruhunun mənzilinə yetişməmişdir; zira, o mənzilin pəncərələri sübhdən sübhə qədər açıq olur.

Sizin gündəlik həyatınız – sizin məbədiniz və sizin dininizdir.

Ona nə vaxt daxil olsanız, özünüzlə hər şeyinizi götürün.

Götürün özünüzlə kotanınızı və şeypurunuzu, çəkicinizi və udunuzu götürün.

Bütün o şeyləri ki, zərurət, yaxud heyrət üçün yaratmısınız.

Zira, dualarınızda nə uğurlarınızdan yüksəyə qalxa bilər, nə də uğursuzluğunuzdan aşağı enə bilərsiniz.

Özünüzlə bütün insanları da götürün.

Zira, səcdənizdə nə onların ümidlərindən yüksəyə uça bi­lə­cək, nə də özünüzü onların ümidsizliyindən aşağı endirə bilə­cək­siniz.

Əgər siz Allahı dərk etmiş olsaydınız, tapmaca tapmağa ehtiyac qalmayacaqdı.

Yetər ki, ətrafınıza boylanasınız və Onun uşaqlarınızla necə oynadığının şahidi olacaqsınız.

Baxın fəzaya: Onun buludlar üzərində yeridiyini, əllərini şimşəklərdə uzadaraq yağışlarla yağdığını görərsiniz.

Onun çiçəklərdə gülümsəməyini, sonra isə boy ataraq ağaclarda sizə əl etməsini görərsiniz».
Ölüm

Sonra əl-Mitra dilləndi: “İndi isə Ölüm barədə danışmağını istəyirik”.

Əl-Mustafa dedi:

«Ölümün sirrini bilmək istəyirsiniz.

Onu həyatın ürəyində axtarmırsınızsa harda tapa bilər­si­niz?

Gündüzləri kor olan, gecə gözlü bayquş işığın sirri üzərindəki pərdəni qaldıra bilməz.

Əgər həqiqətən ölümün ruhunu görmək istəyirsinizsə, ürə­yinizi həyatın bədəninə geniş açın.

Zira, həyatla ölüm birdir, çayla dəniz bir olan kimi.

Ümid və arzularınızın dərinliyində qeybin lal biliyi yatmaqdadır;

Qar altında uyuyan toxumlar təki, ürəyiniz yuxusunda baharı görür.

Yuxularınıza inanın, əbədiyyətin qapıları gizlənib onlar­da.

Sizin ölüm qorxunuz bir çobanın sultan qarşısında əs­mə­si­nə bənzəyir; o zaman ki, sultan əlini onu şərəfləndirmək üçün uzatmışdır artıq.

Məgər çobanın əsməsində üzərində sultan təmasını gəzdirəcəyindən dolayı bir sevinc hiss olunmurmu?

Məgər o, daha çox öz əsməsi barədə düşünmürmü?

Zira, ölmək – küləyin qarşısında çılpaq dayanmaq və günəşdə ərimək deyil, bəs nədir?

Nəfəsin kəsilməsi – nəfəsin öz narahat qabarma və çəkilmələrindən azad olması, qalxması, genişlənməsi və Allahı qayğısız şəkildə axtara bilməsi demək deyilmi?

Yalnız sükut çayından su içdikdə həqiqətən nəğmə oxuyacaqsınız.

Yalnız dağın zirvəsinə çatanda həqiqi yüksəlişiniz başlayacaqdır.

Cisminizi torpaq özünə istəyəndə həqiqi rəqsinizi oynayacaqsız».


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin