Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə18/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
Görüntülər
I
Orada, zəminin ortasında, dumduru çayın sahilində bir qəfəs gördüm ki, onun barmaqlıqları böyük ustalıqla hazırlanmışdı. Qəfəsin bir küncündə – ölü quş, digərində – iki boş qab vardı: su və dən üçün.

Gördüklərim mənə hakim kəsildi. Mən anladım ki, bu binəva quşcuğaz axar çayın sahilində və bərəkətli zəminin ortasında susuzluq və aclıqdan əziyyət çəkərək ölmüşdür; bir varlı öz xəzinəsində bağlanıb daş-qaş içində acından ölən təki.

Gözümün qarşısında qəfildən qəfəs insan skeletinə çevrilməyə başladı və ölü quş isə yaralı insan ürəyinə döndü. Onun qan daman dərin yarası kədərli qadının dodaqlarına bənzəyirdi. Yaradan gələn səs deyirdi: “Mən maddiyyat qəfəsinə salınmış və yer qanunlarının qurbanına çevrilmiş insan ürəyiyəm.

Allahın gözəllik zəmisində, həyat çayının sahilində məni insanların yaratdığı qanunlar qəfəsində əsir etmişdilər.

Əsrarəngiz yaranışın mərkəzində əslində mən yaşamadan öldüm. Çünki Allahın səxavəti olan azadlıqdan dadmağa mənə icazə vermədilər. Məndə eşq oyadan hər şey insanların təsəvvürlərinə görə rüsvayçılıq imiş; mənim həsrətlə arzuladığım hər şey onların mühakiməsində heç şeyə çevrilirdi.

Mən – bəşər ürəyiyəm; cəmiyyət qanunlarının qaranlıq zindanına salınmış, xurafat zəncirləri ilə qandallanmış, təhqir olunmuş, unudulmuş, öldürülmüş bəşər ürəyi. O bəşərin ki, indi dili bağlı, gözləri isə qurudur.”

Eşitdiyim bütün bu sözlər qan ağlayan ürəkdən gəlirdi.

Çox şey deyildi, qəhər gözümü dumanlandırdığından daha heç bir şey nə görə, nə də eşidə bildim.


II
Gənclik məndən qabaqda idi, mən onun arxasınca gedirdim. Uzaq çəmənə çatanda o dayandı, üfüqün üzəri ilə ağ qoyun sürüsü təki qaçan buludlara tamaşa elədi; ağaclar öz yalın qollarını göyə uzatmışdılar, sanki göydən yaşıl yarpaqlarını geri istəyirdilər. Mən soruşdum: ”Gənclik, biz hardayıq?” O : “Şübhə düzlərində. Ayıq ol,” - deyə cavab verdi. «Qayıdaq, - dedim mən, - bu vəhşi yerlər məni qorxudur, buludların və çılpaq ağacların mənzərəsi ruhumu sıxır.” Lakin o: “Səbirli ol, axı, şübhə – idrakın başlanğıcıdır,” – dedi.

Qəfildən bizə sarı xəyal kimi yaxınlaşan bir qadın gör­düm. Heyrət məni bürüdü: “Bu kimdir?”- deyə soruşdum. Gənclik cavab verdi: “Bu, Melpomenadır, Yupiterin qızı, kə­dərli faciə ilahəsi.” “Mənim yanımda sən, sevincli Gənc­lik, var ikən kədərlər nə istəyirlər məndən?”– deyə söylən­dim. Lakin Gənclik: “O sənə yer həyatının acılarını gös­tər­mək üçün gəlmişdir, çünki kədərin nə olduğunu bilməyən, sevincin dadını da bilməyəcək”– deyə cavab verdi.

İlahə əlini gözlərimin üstünə qoydu və əlini götürəndə Gənclik artıq yanımda yox idi, ruhum isə maddi qabığından azad olmuşdu. “Bəs Gənclik necə oldu, ey İlahə?”– deyə soruşdum. Amma o heç nə demədən məni qanadları ilə qucaqladı və biz yüksək dağın zirvəsinə uçduq.

Mən dünyanı qarşımda açıq kitab kimi görürdüm; onun sakinlərinin sirlərini sətirlərdən oxumaq olurdu.

Qorxmuş halda İlahənin yanında durmuşdum, insan hə­yatının gizli mənalarına varır, həyatın sirrinə boy­lanır­dım. Hər şeyi görürdüm... amma bunları görmək çox ağır idi. Mən mələklərlə iblislərin döyüşünü, insanın isə tə­rəd­düd­də olduğunu görürdüm. İnsan məhəbbət və nifrət ara­sın­da qalmışdı: biri günahları silir, qəlbi itaət şərabı ilə məst edir, insana şükranlıq təlqin edirdi, digəri isə düşmənçilik oyadır, insanı kor və kar edir, həqiqəti görməyə, haqq sözü eşitməyə mane olurdu.

Mən şəhəri, küçə qızının Adəm oğlunun ətəyindən ya­pışıb oturduğunu gördüm. Sonra isə gözəl təbiətin bu hala uzaqdan baxaraq ağladığını gördüm.

Tülkü kimi hiyləgər kahinləri, ruhları yoldan çıxaran yalançı xilaskarları gördüm. İnsan üzünü həqiqətə tutanda, həqiqətin hiddətlə üzünü ondan çevirdiyini gördüm. Çünki bir vaxtlar o, küçədə hamıya elan ediləndə, insanlar onu dinləmək istəməmişdilər.

Qəhrəmanlar görürdüm ki, gözlərini tez-tez göyə qal­dır­salar da ürəkləri hərislik məzarında gömülmüşdü. Ca­van­lar görürdüm ki, nitqləri ilə sadəlövhcəsinə özlərinə qarşı məhəbbət oyat­maq istəyirdilər; ilahi ruh isə onlardan çox uzaqlarda, hissləri də div yuxusunda idi. Mən yalan və riya bazarında çərənçiliklə alver edən qanun ke­şik­çilərini və avam qəlblərin inamından sui-istifadə edən hə­kimləri görürdüm. Mən əkib-becərən yazıq yoxsulları və on­ların əməyinin məhsullarını biçib yeyən güclü varlıları gö­rürdüm; zülm yerə-göyə sığmırdı, insanlarsa bunu qa­nun­çuluğun təntənəsi hesab edirdilər. Oğruları görürdüm ki, qaranlıqdan istifadə edib, ağıl gövhərlərini oğur­layır­dı­lar, işıq keşikçiləri isə bu zaman mürgü döyürdülər. Mən ki­fa­raya oxşar qadın gördüm, onu düzgün çala bilməyən ki­şi­nin əlində. Və qadın onun xoşuna gəlməyən səslər çıxarırdı.

Mən nəcib zadəganların qalasını mühasirəyə alan dəs­tə­lər gördüm, lakin mən onu da gördüm ki, onlar geriyə qaçmağa məcbur oldular, çünki, sayları az idi, sı­ra­larında birlik yox idi. Mən gördüm ki, əsl azadlıq tək-tənha küçələri dolaşır, qapılarda ayaq saxlayıb ge­cələ­mə­yə yer istəyirdi. Lakin insanlar onu evlərinə buraxmırlar.

Mən kitablarda dəfn olunmuş din gördüm ki, onun yerini xurafat tutmuşdu.

İnsanın səbrə qorxaqlıq libası geyindirməsinin, inadkarlığa lənglik adı verməsinin və yumşaqlığı xəstəlik adlandırmasının şahidi oldum. Mən savad ziyafətində qazan dibi yalayanın ucadan və uzun-uzadı nitq söylədiyini, ziyafət dəvətlisinin isə susduğunu gördüm. Mən gördüm ki, var-dövlət bədxərcin əlində onun özü üçün necə tələyə çevrilir, xəsisin əlinə keçəndə isə insanların acığını və kin-küdurətini oyadır. Müdrikin isə əllərini boş gördüm.

Bütün bunlar qəlbimi ağrıtdı və mən: “Ey Yupiterin qızı, məgər belə də yer olar? Məgər insan budur?” – deyə söyləndim. Və Melpomena heyrətamiz sakitliklə cavab verdi: “Bu, ruhun keşməkeşli yoludur. Bu, insanın kölgəsidir. Bu, gecədir, amma səhər hökmən açılacaq!” Sonra o, əlini mənim gözlərimin üstünə qoydu və əlini götürəndə mən Gəncliklə yanaşı addımladığımı gördüm; və Ümid bizə çathaçatda idi.


Gözəllik
Gözəllik – müdriklərin dinidir.

Hind şairi
Ey parçalanmış dinlərin qaranlıq və ziddiyyətli təriqətləri ilə yeriyən və inkarçılıq azadlıgını itaət boyunduruğundan, şübhə zəmilərini isə səcdəgahlardan üstün tutan kəslər, gözəllik dininə pənah gətirin və ona sitayiş edin. O, yaradılışın kamilliyində təzahür edir, idrakın parlamasında görünür. Dini əyləncə kimi təqdim edən, öz hərisliyini cənnət həvəsi ilə birləşdirənlərin arxasınca getməyin, gözəlliyin ilahiliyinə iman gətirin; heyrətinizin başlanğıcı həyat olacaq, səadətiniz sonsuz eşq mənbəyinə çevriləcək. Sonra isə ona müraciət edin: o, ürəklərinizi qadının taxtına, hisslərinizin güzgüsünə yaxınlaşdırar və ruhlarınıza həqiqət yolunu nişan verər.

Ey yolsuzluq gecəsində azan və güman dəryasında boğulan kəslər! Gözəllikdə tərəddüdü rədd edən, şübhəni aradan qaldıran həqiqət və sizi yalan zülmətindən çıxaracaq nur vardır. Yazın gəlişinə və səhərin açılmasına tamaşa edin, axı, gözəllik – görənlərin nəsibidir!

Quşların oxumasına, yarpaqların xışıltısına, bulaqların zümzüməsinə qulaq asın, axı, gözəllik – eşidənlərin nəsibidir!

Körpənin məsumluğuna, gəncin zərifliyinə, yetkinin gücünə, qüdrətinə, qocanın müdrikliyinə fikir verin, axı, gözəllik – diqqət kəsilənlərin heyrətidir!

Qönçə dodaqları, gül yanaqları, nərgiz gözləri vəsf edin, axı, gözəlliyin şöhrətini onu vəsf edənlər yayırlar!

Qamətin sərvliyinə, saçların zülmətinə, boynun sədəfinə nəğmə qoşun, axı, gözəllik – onu öyənlərə sevinir!

Bədəni gözəllik məbədinə, ürəyi eşq qurbangahına çevi­rin – axı, gözəllik ona səcdə edənlərə qarşı səxavətsiz deyil!

Ey o kəslər ki, onlara gözəllik ayələri göndərilmişdir, sevinin, çünki üstünüzdə qorxu yoxdur və qüssələnən kəslərdən də olma­yacaqsınız.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin