Müdrikliyin ziyarəti
Gecənin səssizliyində müdriklik yanıma gələrək, yatağımın baş ucunda dayandı. Gözlərim dolmuşdu. Qayğıkeş ana tək nəzərlərini mənə dikərək dedi:
– Hönkürtünü eşidər-eşitməz yanına gəldim ki, səni sakitləşdirim. Mənə qəlbini aç, onu işıqla doldur! İzn ver, haqq yolunu sənə göstərim.
Göz yaşları içində hıçqıraraq ondan soruşdum:
– Mən kiməm, ey müdriklik? Bu qorxunc, insanı vahiməyə salan yerə necə gəlib çıxmışam? Məni bürüyən bu böyük arzular, çoxlu kitablar və qəribə rəsmlər nədir belə? Bir kabus tək yas əhli kimi gəlib keçən bu fikirlər nəyi bildirir? Həvəs qələmi ilə nəzmə çəkilmiş, həzz saplağına düzülmüş bu mənsur incilər, bu sözlər nəyə işarədir? Gah kədərli, gah da nəşəli, bəzən ruhumu sıxan, bəzənsə qəlbimə bütünlüklə hakim kəsilən bu hadisələr nə anlama gəlir? Üzümə dikilmiş bəzən içimin dərinliklərinə varan, bəzənsə dərdimə yanmadan məndən uzaqlaşan bu gözlər, bu baxışlar nə demək istəyir? Bəzən keçirdiyim günlərə yas tutub, ağlayan, bəzənsə acizliyimə qəhqəhə çəkərək, şərqi deyən bu səslər nə pıçıldar? Mənim hisslərimlə əylənən o gənclər, duyğularıma istehza edərək gülən kəslər, dünənin işlərini unudanlar, boş bir şeydən sevinənlər, sabahın astagəlliyinə xor baxanlar kimlərdir? Mənim bilmədiyim başqa bir dünya hansıdır? Mənimlə birgə zəlalət girdabında batan kimdir? Ağzı olmasa da cəsədləri asanlıqla udan, sinəsini istəklər üçün açan bu torpaq, bu yer nə istəyir? Yarına qovuşmasa da ona səadət bəxş edən məhəbbətin cəfalarından razı qalan insan kimdir? Həyatın öpüşünü arzulayarkən, ölümün şilləsinə tuş gələn; həzz dəqiqələrini peşmanlıqla satın alan; onu məst edib yuxuya verən; cəhalətə səsləyənin ardınca kor-koranə gedərək zülmət bataqlığında batan kəslər kimlərdir, axı? Ey müdriklik, bütün bunlar nə deməkdir?
Müdriklik dediklərimi səbirlə dinlədikdən sonra sakit halı ilə cavab verdi:
– Ey, bəşər övladı, sən istəyirsən ki, dünyanı İlahinin gözü ilə görəsən, gələcəyin gizli sirlərini insana xas düşüncə ilə izah edəsən? Bu, ən böyük axmaqlıqdır. Səhraya getsən güllər üzərində uçuşan arılara və qurbanı üzərinə şığıyan şahinə rast gələrsən. Qonşunun evinə getsən, ocağın qığılcımlarından heyrətlənən körpəni və ev işlərinə başı qarışmış ananı görərsən. Sən də arı kimi ol, qartalın qurbanını qovmasını seyr etməklə, bahar tək gözəl günlərini boş-boşuna sərf etmə! Sən də o uşaq kimi ol, alovun dillərinə baxıb sevin və anana öz işləri ilə məşğul olmağa imkan ver! Gördüklərin və ya baş verənlər sənin nöqteyi-nəzərindən belə olub və ya olur (sənin görmək istədiyin və ya qavradığın kimi. Əslində isə onlar göründüyü kimi deyillər). Çox sayda kitablar, qəribə rəsmlər və gözəl fikirlər, əslində, bunları sənə təqdim edən kəslərin duyğularının, könüllərinin ifadəsidir. Sapa düzdüyün sözlər səninlə qardaşın olan bəşər övladı arasında bir vəsilədir. Gah hüznlü, gah da sevincli hadisələr keçmişin könül əkininə səpdiyi toxumlardır ki, onun bəhrəsini gələcək yığacaq. Sənin hisslərinlə oynayan gənclər qəlbinin işıqlanması üçün onun bağlı qapısını açan kəslərdir. Ağzı olmayan bu torpaq ruhunu cismin ağalığından qurtaran xilaskardır. Sənin bilmədiyin dünya sənin qəlbindir. Qəlbin sənin dünya zənn etdiyin hər şeydir. Sənin cahil və aciz kimi gördüyün bu insan Allah-Təala tərəfindən yaradılıb ki, kədər içində ikən sevinci dadsın, zülmətin nə olduğunu anlasın.
Müdriklik əlini hərarət içərisində alışıb-yanan alnıma qoydu. Mübarizəyə səsləyirmiş kimi dedi: “Daim irəli get, heç vaxt dayanma! Get və yolunun qarşısına çıxan tikanlardan və maneələrdən qorxma! Onlar yalnız murdar və çirkli qanı olan zəlil və rəzil insanlar üçün qorxuludur”.
Dostları ilə paylaş: |