Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə7/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   32
Yemək və içmək

Sonra qoca bir karvansaraçı dilləndi: “Bizə yemək-içməkdən danış”.

O dedi:

“Kaş ki, siz torpağın ətri hesabına yaşaya və bitki kimi işıqla qidalana biləydiniz.

Lakin bir halda ki, siz yeməkdən ötrü öldürməyə, su­suz­lu­ğunuzu yatırtmaqdan ötəri körpələrin südünü oğurlamağa məcbursunuz, onda bunu elə edin ki, qoy, səcdəyə bənzəsin.

Qoy, süfrəniz müqəddəs qurbangah yeri olsun. Burada meşənin günahsız və təmiz varlıqları insanın daxilində yaşayan daha təmiz və daha məsum olana qurban verilsin.

Heyvanı öldürəndə ürəyinizdə deyin:

“Səni öldürən qüvvə ilə mən də öldürüləcəyəm və məni də yeyəcəklər.

Çünki, səni mənim əlimə təslim edən qanun məni daha qüdrətli Ələ təslim edəcəkdir.

Sənin və mənim qanım ilahi ağacın köklərini qidalan­dı­ran şirədən başqa bir şey deyil.”

Almanı dişləyəndə, ürəyinizdə ona deyin:

“Sənin toxumların mənim bədənimdə yaşayacaq,

Sənin sabahkı çiçəklərin mənim ürəyimdə açacaqdır.

Sənin ətrin mənim nəfəsim olacaq,

Keçən hər fəsilə biz birlikdə sevinəcəyik.”

Payızda üzümlüklərinizdən üzümü şərab presi üçün yı­ğan­da ürəyinizdə deyin:

“Əslində mən də üzümlüyəm və mənim də meyvələrim beləcə şərab presinə yığılacaq

Cavan şərab kimi məni də əbədiyyət küplərində gizləyəcəklər.”

Qışda bu şərabı açanda, ürəyinizdə hər bir qədəh üçün nəğməniz olsun;

Nəğmələrinizdə ötən payız günlərini, üzümlüyü və şərab presini bir daha xatırlayın”.


Zəhmət

Sonra əkinçi dilləndi: “Bizə zəhmətdən danış”.

O belə söylədi:

“Siz torpaqla və torpağın qəlbi ilə bərabər olmaq üçün işləyirsiniz.

Zira, bekar olmaq – fəsillərə yadlaşmaq, sonsuzluğa doğru möhtəşəm və vüqarlı itaətkarlıqla yeriyən həyat axı­nın­dan ayrılıb itmək deməkdir.

Siz işləyəndə saatların pıçıltısını ürəyində musiqiyə çevirən neyə dönürsünüz.

Ətrafdakılar səs-səsə verib oxuduğu zaman, sizlərdən kim lal və səssiz-səmirsiz bir qamış olmağa razı olar?

Sizə həmişə deyiblər ki, iş – cəhənnəm əzabıdır, fiziki əmək isə – fəlakətdir.

Lakin mən sizə deyirəm ki, siz işləyəndə, torpağın ən ali istəyini həyata keçirmiş olursunuz.

Bu, sizin əzəli öhdəçiliyinizdir.

Zəhmətə qatlaşmaqla siz həqiqətən həyatı sevmiş olursunuz.

Zəhmət dolayısı ilə sevmək – həyatın ən gizli sirlərinə varmaq deməkdir.

Lakin siz ağrıya görə doğuluşu xəstəlik, bədəni çalışdırmağı isə alnınıza yazılmış lənət sayırsınızsa, onda mən deyirəm ki, alın yazısını məhz alın təri ilə yumaq mümkündür.

Sizə deyiblər ki, həyat – zülmətdir və öz yorğunluğu­nuz­da digər yorğunların dediklərini əks-səda kimi təkrarlayırsınız.

Mən isə deyirəm ki, həyat həqiqətən də zülmətdir,

Əgər orda heç bir cəhd yoxdursa.

Hər hansı cəhd biliksiz kordur.

Hər hansı bilik də zəhmətsiz mənasızdır.

Əgər məhəbbət yoxdursa zəhmət də puçdur.

Yalnız məhəbbətlə işləyəndə siz özünüzü özünüzlə, digərləri ilə və Allahla bağlamış olursunuz.

Bəs məhəbbətlə işləmək nə deməkdir?

Bu, ürəklə əyirilən saplarla paltarı elə toxumaqdır ki, sanki onu sevgiliniz geyinəcəkdir.

Bu, evi elə bir hisslə tikməkdir ki, sanki onun içində sevgiliniz yaşayacaqdır.

Bu, toxumları elə şəfqətlə səpmək və məhsulu elə sevinclə yığmaqdır ki, sanki sevgiliniz yeyəcək bu meyvələri.

Bu, yaratdığınız hər bir əşyanı öz ruhunuzla doldurmaq,

Bütün müqəddəslərin ətrafınızda duraraq sizi müşahidə etdiyini bilmək deməkdir.

Çox vaxt eşidirəm ki, yuxulu-yuxulu belə danışırsınız:

“Mərmərlə işləyən öz qəlbinin formasını daşda tapan torpağı şumlayan sadə əkinçidən daha yüksəkdir.

Göy qurşağını kətana köçürə bilən bizim ayaqlarımız üçün çarıq toxuyandan daha artıqdır.”

Lakin mən sizə deyirəm, özü də yuxulu yox, günorta ayıqlığında.

Külək kiçicik bir otla nəhəng palıddan daha az nəzakətlə danışmır.

Həqiqətən o kəs böyükdür ki, küləyin səsini məhəbbətin­dən şirinləşmiş nəğməyə çevirə bilir.

Zəhmət – görünən məhəbbətdir.

Əgər məhəbbətlə işləyə bilmirsinizsə və iş sizdə ikrah ya­ra­dırsa, yaxşı olar ki, işi dayandırasınız və məbədin qapılarının ağzında oturub sevinclə işləyənlərdən sədəqə istəyəsiniz.

Zira, çörəyi biganəliklə bişirirsinizsə, deməli, dadsız çörək bişirirsiniz, insanın aclığını da doyurmaz.

Üzümü də narazılıqla sıxırsınızsa, sizin narazılığınız zəhər olub şərabınıza qarışacaq.

Siz lap mələk kimi oxusanız belə, əgər oxumağınızda eşq yox­dursa, yalnız gündüzün və gecənin səsini batırmış olur­su­nuz”.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin