Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə8/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
Sevinc və kədər

Daha sonra bir qadın dilləndi: “Sevinc və Kədərdən danış bizə”.

O, cavab verdi:

“Sizin sevinciniz üzündən maskası düşmüş kədərinizdir.

O quyudan ki, sizin gülüşünüz yüksəlir, onu dəfələrlə doldurmusunuz göz yaşlarınızla.

Və başqa cür də necə ola bilər axı?

Kədər içinizi nə qədər dərin qazıbsa, varlığınız bir o qədər sevinc tuta bilər.

İçinə şərab süzdüyünüz piyalə, həmin o piyalə deyilmi ki, dulusçu sobasında bişirilib əvvəlcə?

Məgər ruhunuzu oxşayan bu ud, həmin o ağac deyilmi ki, əvvəlcə bıçaqlarla oyulub?

Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz ki, sizə indi sevinc gətirən əvvəl sizi kədərləndirərdi.

Kədərlənəndə yenə ürəyinizin dərinliyinə boylanın və gö­rə­­cək­siniz ki, əslində indi yasını tutduğunuz əvvəl sizin heyrət mənbəyiniz idi.

Bəziləriniz: “Sevinc kədərdən artıqdır,” digərləriniz isə: “Yox, kədər daha böyükdür,”– deyəcək.

Lakin mən sizə deyirəm: onları ayırmaq olmaz.

Onlar birlikdə gəlirlər. Əgər biri indi səninlə süfrə başın­da­dırsa, əmin ol ki, digəri çarpayında dincəlir.

Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında.

Yalnız boş olanda sakitləşir, tarazlıqda olursunuz.

Hər dəfə Xəzinədar öz qızıl-gümüşünü sizdə çəkmək istəyəndə, sizin sevinc və kədəriniz qalxır-düşür”.
Evlər

Bir bənna qabağa çıxaraq söylədi: “Evlərdən danış bizə”.

O, belə cavab verdi:

“Şəhər divarları arasında ev tikəndə təsəvvür edin ki, vəhşi təbiətin ortasında bir alaçıq tikirsiniz.

Daxilinizdəki qərib yolçu alatoranlıqda evini axtaranda onu tapa bilsin.

Eviniz sizin genişlənmiş bədəninizdir.

O, günəş altında böyüyür və gecənin sakitliyində uyuyur. Əlbəttə, onun da öz yuxuları var.

Elə bilirsiniz, eviniz yuxu görmür? Yuxularında şəhəri tərk edərək meşəliyə, yaxud təpənin başına səyahət etmir?

Kaş ki, yığa biləydim evlərinizi ovcuma. Onda mən bir səpinçi kimi səpələyərdim onları meşələrə, düzlərə.

Onda vadilər sizin küçələriniz, yaşıl cığırlar isə xiya­ban­la­rınız olardı. Siz bir-birinizi üzümlüklərin arasında axta­rar­dı­nız və gələndə paltarlarınızda torpağın qoxusunu gətirərdiniz.

Amma bunun vaxtı hələ gəlib çatmamışdır.

Əcdadlarınız qorxularından bir-birlərinə çox sıx yaxın­laş­mış­lar.

Bu qorxu hələ bir müddət çəkəcək. Bu qala divarları hələ bir müddət də ocaqlarınızı çəmənlərinizdən ayıracaq.

Deyin mənə, ey Orfalesin camaatı, bu evlərdə nəyiniz var? Bağlı qapılar arxasında qoruduğunuz nədir axı?

Orda qüdrətinizin nişanəsi olan sülh və sakitlik varmı?

Orda xatirələriniz – insan idrakının zirvələrini bir-birinə bağlayan sayrışan tağlar – varmı?

Orda elə bir gözəllik varmı ki, taxtadan və daşdan düzəl­dil­miş əşyalardan ayırıb ürəyi müqəddəs dağa doğru yönlən­dir­sin?

Deyin görüm, bütün bunlar evlərinizdə varmı?

Yoxsa siz ancaq rahatlığa və rahatlıq hərisliyinə ma­lik­si­niz? Bu, gizlincə evinizə qonaq kimi daxil olur, sonra ona yi­yə­lə­nir və nəhayət, ağasına çevrilir.

Hə, o, bir heyvan təlimçisinə çevrilərək, qarmaq və qamçı ilə sizin ən böyük ehtiraslarınızı özünə ram edir.

Əlləri ipək kimi olsa da, onun ürəyi dəmirdəndir.

O sizi ona görə yuxuya verir ki, çarpayınızın başında durub cisminizin ləyaqətini ələ sala bilsin.

O sizin sağlam hisslərinizə rişxənd edərək onları saxsı qablar kimi qanqallığa tullayır, mənasızlaşdırır.

Beləcə, rahatlıq həvəsi qəlbin qüdrətini məhv edərək onun dəfnində irişə-irişə addımlayır.

Lakin sizə, fəzanın övladlarına, yuxularında belə dincəlməyənlərə, nə tələyə düşmək, nə də əhliləşmək yarayar.

Lövbər yox, dar ağacı olmalıdır sizin eviniz.

O, yaranı gizləyəcək parıltılı lent yox, gözləri qoruyan göz qapağı olmalıdır.

Qapıdan keçə bilmək üçün qanadlarınızı yığmayın, tavana dəyməsin deyə, başınızı aşağı əyməyin, divarlar çatlayıb dağılacaq deyə nəfəs almaqdan qorxmayın.

Ölülərin dirilər üçün yaratdığı məzarlıqda yaşamaq sizə yaraşmaz.

Necə gözəl və zəngin olsa belə eviniz, o nə sizin sirrinizi gizləyə biləcək, nə də həsrətinizə sığınacaq olacaq.

Zira, daxilinizdəki sonsuzluq qapıları sə­hər dumanından, pəncərələri isə nəğmələrdən və gecənin sakitliyindən ibarət göy sarayına sığa bilər yalnız”.
Geyim

Toxucu: “Bizimlə Geyim barədə danış”,– dedi.

O, cavab verdi:

“Geyiminiz sizin gözəlliyinizin çox hissəsini örtür, lakin sizdəki eybəcərliyi gizlədə bilmir.

Hərçənd ki, libaslarınızda sirr saxlamaq azadlığı axtarır­sı­­nız, ancaq siz onlarda boyunduruq və zəncir də tapa bilərsiniz.

Yaxşı olardı ki, günəşi və küləyi daha çox dərinizlə qarşılayaydınız, nəinki paltarınızla.

Axı, həyatın nəfəsi gün işığında, həyatın əli isə küləkdədir.

Bəziləriniz deyir: “Məgər geydiyimiz paltarı şimal küləyi özü toxumayıbmı?”

Bəli, mən də deyirəm – bu, şimal küləyi idi.

Amma onun toxucu dəzgahı – həya, ipləri isə ərköyün­lü­yü­nüz idi.

İşini bitirəndən sonra o sizə gülürdü meşədə.

Unutmayın ki, utancaqlıq natəmizlərin gözündən qorun­maq üçün qalxandır.

Natəmizlər qalmayanda, utancaqlıq ağılın əsarətindən və aldanışından başqa nə olacaq ki?

Unutmayın ki, torpaq sizin yalın ayaqlarınızın təma­sın­dan həzz alır, küləklərsə saçlarınızla oynamaq həsrətindədir”.



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin