ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


İcrət – yuxuda birindən icrət almaq, ya birinə icrət vermək – xeyir-bərəkətə yozulur. Bu icrət verənin icrət alana xeyirxahlıq nişanəsidi. Kabab



Yüklə 3,32 Mb.
səhifə12/25
tarix21.10.2017
ölçüsü3,32 Mb.
#8754
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

İcrət – yuxuda birindən icrət almaq, ya birinə icrət vermək – xeyir-bərəkətə yozulur. Bu icrət verənin icrət alana xeyirxahlıq nişanəsidi.
Kabab – yuxuda kabab çəkmək üçün ət hazırlayan qazanclı və rahat bir iş arar. Erkək qoyun ətindən kabab yemək xəstə­lənməyə, dişi qoyun ətindən kabab yemək – arvadının xəstə­ləndiyinə, quzu ətindən kabab yemək uşaqlarının xəstələnməsinə işarədi. Kabab hər ətdən olur-olsun xeyrə yozulmur.
Kağız – yuxuda öz əlində kağız görmək – ehtiyacın ödən­məsi, işin görüləcəyi kimi yozulur. Kağız yazmaq – bir məsələni aşkara çıxarmaq, kağızlarla uğraşan birisini görmək – insanlara yol qoyan, vəhiylə öyrədən bir adamla üzbəüz olmağa, kağız almaq – xoş xəbər almaq və murada çatmağa işarədir.

Karxana – yuxuda karxana görən – dünya işləri ilə uğ­ramaq deməkdi. Karxanada işlər görmək – işlərin yaxşılığına, kar­xanada yatmış görmək – işlərin pozulmasına işarədi. Kar­xa­nada işdə olmaq bir iş başına keçmək, karxanadan çıxmaq – işindən çıxarılmaq deməkdi.
Kasa – yuxuda dolu kasa qismət, boş kasa üzüntü, qızıl və gümüş kasa bol qazanc və işdə uğur, kasada su içmək – bir sevgi xəbəri, kasadan su yerə tökmək – bir itkidir.
Keçə – yuxuda keçəyə bürünmək – get-gedə yoxsulluq, kədərli günlərə uğramağı, güllü keçə xoş xəbər eşitməyi, yırtıq keçə gələcəkdə var-dövlətə çatmağı bildirir.
Kəhrəba – yuxuda xırda kəhrəba görmək – çətinliklə ələ gələn qazanc, iri kəhrəba – uzun sürən xəstəlik deməkdi. Yuxu­da kəhrəbadan boyunbağı taxan qadın – varlı, lakin əxlaqsız bir kişi ilə evlənər, əlində olan kəhrəbanı itirmək və ya birinə vermək yaxşı yozulur.

Kəklik – yuxuda kişi üçün gözəl bir arvad və qadın üçün yaraşıqlı bir ər deməkdir. Bir kəklik gördüyünü, tutduğunu, ya aldığını görən evlənir. Kəklik satmaq arvadından ayrıl­maq de­mək­dir. Kəklik əti yemək təzə paltar geyəcəyə işarədir.
Kənd və kəndli – yuxuda abad kənd görmək – rifah və bərəkət, xarab kənd görmək – fəqr və fəlakət deməkdir. Özü­nün kənd əhlindən olduğunu görən – xalqa xeyirli işlər görür, bir kəndli ilə münasibətdə olan xeyirli bir adamla dost olur.
Kürk – yuxuda qışda kürk geymək – xoş günlər və şadlığa, yayda kürk geymək – sıxıntı və kədərə yozulur.
Külə – yuxuda külə adam görən – düşmənə qələbə çalar. Bir külə ilə qonuşan – yalançı və kələkbaz bir adama uğrayar, la­kin ondan zərər görməz. Külə bir qadınla görüşən – işində ziyan görər.
Kül – kül yuxuda faydasız bilik və mal kimi yozulur. Yuxuda kül yığdığını, aldığını, daşıdığını görən – bilik və ma­lından nə özü faydalanır, nə də özgəsinə bəhrə verir. Kül ye­diyini görən haram yeyər. Öz başına kül səpdiyini görən – gördüyü yaramaz işdən peşmanlıq çəkər. Kül üstündə oturmaq – fisqifəsadla uğraşmaqdır.
Küncüt – yuxuda küncüt – get-gedə artan var ilə yozulur. Küncüt almaq xeyirli, satmaq fənadır. Küncüt əkmək bəhrəli işə əl atmaq, əzib yağını çıxarmaq – varından yaxşı faydalanmaqdır.
Maşın – yuxuda maşın görmək, hər cür maşın olursa-olsun, işlərin və yaşayışın asanlaşmasından xəbər verir
Mağara – yuxuda qaranlıq, darısqal və nəmli mağara – sıxıntı, ölüm, qəbir, işıqlı və geniş mağara – çətinlikdən qur­tarma, mağaraya girib oradan salim çıxmaq isə əmin-amanlığa çatmaq kimi yozulur.
Mal-davar – yuxuda gomuş, inək, qoyun kimi sağmal hey­vanları görmək – uğur və yemək anlamında yozulur.
Matəm – yuxuda hər cür matəm və əza mərasimi görmək, ya onda iştirak etmək, gələcəkdə xoş və aydın günlərdən xəbər verir.
Maya (acıtma) – yuxuda maya ruh düşgünlüyünə işarədi. Mayanın daşıb-qabarması – ruh düşgünlüyündən qurtarıb könül xoşluğuna çatmaqdı.
Mayallaq vurmaq – yuxuda başı üstə mayallaq vurmaq gündəlik davranışlarında ciddi olmağa və lovğalıqdan çəkin­məyə işarədi.
Meşə – yuxuda meşə görmək böyük, alicənab bir adamla gö­rüşdür. Meşədə gəzinmək, ya orada dincəlmək, o adamın hi­ma­yəsində olmaq, meşədə qurumuş ağacları yığmaq – xeyir və mənfəətə, yaş ağacı kəsmək – yaxşılıq qarşısında yamanlıq kimi yozulur.
Meyvə – yuxuda ağacdan meyvə dərmək yaxşı işlərə əl atmaq, həm də etibarın çoxalması kimi yozulur. Yuxuda meyvə yemək, meyvədən özgəsinə pay ayırmaq ruzunun bolluğu de­məkdir. Yetişməmiş kal meyvə dərmək – tələsik, düşüncəsiz iş görməyə yozulur.
Məhkəmə – yuxuda haqq-hüquq işləri ilə məşğul olan xeyir-bərəkətə, qazanc və rifaha, lakin cəza məhkəməsi görmək – sıxıntı və zərər-ziyana yozulur.
Məlaikə – yuxuda məlaikə görmək – tam xeyrə yozulur. Məlaikənin bir yurda endiyini görmək o yurdda yaşayanların nemətə çatmasına, qəm və kədərdən qurtulmasına işarədi. Bu məlaikə ilə uçmaqda olduğunu görən – dünya və axirətdə rastgar olur. Bir məlaikə ilə qonuşduğunu görən – böyük qazanca çatar. Özünü məlaikə surətində görən – izzət və hörmət qazanır.
Məmə (əmcək) – məmə yuxuda qız uşağı ilə yozulur. Mə­mələrin baş verməsi, ya məmənin yanında ayrı məmələr çıxdı­ğını görən – qız uşağının çoxluğuna, məmələrin xırda, ya görün­məz olması – qız uşağının olmayacağına yozulur. Mə­mədən süd axdığını görmək – imanın kamilliyinə nişanədir. İki məmədən süd axdığını görən – subay olsa evlənir, evli olsa varlanır.
Məmə – bir boylu qadın, ya onun ailə adamlarından biri yuxuda məmə görərsə o qadının çox sağlam bir uşaq dünyaya gətirməsinə işarədir.
Mərcan – yuxuda mərcan – əyal və övlad ilə yozulur. Mər­can almaq, ya mərcan tapmaq – subay üçün evlənmək, evli üçün övladdır. Birindən mərcan alan – onun varından faydalanır.
Mərmər – mərmər yuxuda var və sevinc ilə yozulur. Ağ və parlaq mərmər – halal mal, qırmızı mərmər mirasdan qalma mal, qara (şəvə) mərmər – oğurluq və əyrilikdən ələ gələn mal deməkdi.
Mürəbbə – yuxuda mürəbbə – bol gəlir və varlanmaq ni­şa­nəsidir. Evdə mürəbbə bişirmək rahatlığa çıxmaq deməkdi.
Mürəkkəb – yuxuda mürəkkəb görmək – yaşayışda çalış­qanlığa və murada çatmaq nişanəsidi. Mürəkkəbin calandı­ğı­nı görmək zərərə işarədi. Davatın mürəkkəblə dolu olduğunu görmək ailə həyatında salihə və savadlı bir əyal deməkdi.

Müştəri – yuxuda müştəri görmək bir darda qalmış, çarəsiz adamla rastlaşmaq nişanəsidir.
Nal – yuxuda hər nə şəkildə olur-olsun, nar görmək qazanc və şad xəbər kimi yozulur. Minik heyvanlarının nallandığını, ya özü nalladığını görən işlərində göstərdiyi bacarıq və ardıcıl­lıqdan dövlətlənər. Nal düzəltdiyini, ya tapdığını görən – faydalı bir işə əl qoyar. Nalı itirmək, nalı birinə vermək xeyrə yozulmur.
Namaz – hər niyyətə olur-olsun üzü qibləyə namaz qıl­maq – dünya və axirətə uğramaq, murada çatmağa yozulur.
Nanə (nəna) – yuxuda nanə görmək xeyrə yozulmur. Nanə satın almaq, nanə dərmək, nanə yemək – qəm, qüssə və ağır yaşamağa işarədi.
Naz-qəmzə – yuxuda naz-qəmzə satan adam istər qız, ya oğlan olsun – sevgidə uğursuzluğa uğrayacaqdır.
Nərdivan – yuxuda nərdivana qalxmaq – böyük bir işi başa çatdırmaq sayəsində şan-şöhrətə çatmaq, nərdivandan enmək – ələ düşmək, böyük bir fürsəti əldən vermək, nərdivandan yıxıl­maq düşmənə basılmağa işarədi.
Novdan – yuxuda novdan görmək – tanınmış və xoşniyyət bir adamla tanış olmaq, yağış yağmadan novdandan su axdığını görmək – fitnə və fəsada, yağış yağarkən novdandan saf və dum­duru suyun axdığını görmək – bolluq və ucuzluq, suyun bu­lanıq gəldiyini görmək – qıtlıq nişanəsidi.
Novruz bayramı – yuxuda Novruz bayramını görmək – böyük şadlıq və aydınlıq kimi yozulur, hər cür darlıqdan, üzüntüdən qurtarmaq, arzu-istəyə çatmağı göstərir.
Nuh – yuxuda Nuh peyğəmbəri görmək – səadətə yozulur. Yuxu görən olduqca uzun yaşayır, hər cür gözlənilməz hadi­sələrdən qurtarır, çətinliklərə üstün gəlir.
Ocaq – yuxuda ocaq qurmaq, ya ocaq alışdırmaq – evlən­mək və ailə qurmağa yozulur. Ocağı yanıq halda görən – ailəsi ilə şən və məsrur yaşar, ocağın sönməsini, ya yıxılmasını gör­mək – ailədən nemətin azalması və rifahın zəvalı ilə yozulur.
Od – yuxuda od görənin uzaqdakı qohumundan xəbər gələr. Od yandıran kədərli xəbər eşidər. Odu söndürmək – səfalətdən qurtarmaqdır. Qaranlıqda xalqa yol göstərmək üçün yandırılan od – təcrübə və bilgiyə yiyələnmək, gündüz yel üstə yandırılan od – boş işlərlə məşğul olmaq deməkdir. Oda ibadət etmək – şeytanın qul­luğunda olmağı, od yediyini görən – yetim malı və ya beyt-lümala əl dolaşdırmağı göstərir. Göydən od yağmaq – o yerdə yaşa­yan­ların ağır sıxıntıya məruz qalacaqları ilə yozulur.
Odun – yuxuda odun (istər yaş, istər quru) görmək düşmən­lik, münaqişə, həsadət və dedi-qodu ilə yozulur. Dağdan, ya me­şədən odun qırıb gətirmək, ya odun alıb satmaq – camaatla söz güləşdirməkdə, ya çəkiş-bərkişdə olmaq deməkdi.
Ox – yuxuda ox atmaq – elçi göndərmək kimi yozulur. Ox nişana tuş olursa, göndərilən elçi işi bitirir, dəymirsə iş korlanır. Atılan oxun süzub getdiyini görənin şöhrəti çoxalır. Onun camaat arasına düşdüyünü görənin sözü ötgün olur.
Omba – yuxuda omba (bud) görmək – yuxu görənin öz ailəsinə-obasına bağlı olduğunu bildirir. Ombasında ağrı duyan adam qəribliyə düşər.
Ordu – yuxuda ordu görmək, ya orduda olmaq – arada bir pozğunluğun və münazeənin baş verəcağına işarədir.
Oruc tutmaq – yuxuda ramazan orucunu tutduğunu görən – o ili naxoş olmaz, yaşayışda korluq çəkməz. Nafilə oruc tutmaq – bəşarətə, qazanc, darlıqdan qurtarmaq ilə yozulur. Bil­mədən orucunu yeyənin ruzusu bol olur. Bilə-bilə oruc yeyə­nin əlindən xəta çıxar.
Öpüş – yuxuda boyun öpmək – ehtiyacdan qurtarmaq və düşmənə qalib gəlmək deməkdir. Bir adamla öpüşmək, ya qu­caqlamaq məqsəd və istəyə çatmaq nişanəsidir.
Ördək – yuxuda bir tək ördək görmək – xoşbəxt ailə qur­maq, bir sürü ördək görmək – ucuzluq, bolluq və bərəkətə yo­zulur. Üzməkdə olan bir dəstə ördəyi görmək – yaşayışdan razı qalmaq deməkdir.
Ögey – yuxuda ögey ata, ana, qardaş görmək – ürək sıxan bir xəbər eşitməyə yozulur.
Öküz – yuxuda öküz görmək – şadlıq, var-dövlətə işa­rədi. Öküzü oxşamaq xeyirli bir işə əl qatmaq, öküzə dəymək – zərər görmək, öküzə minmək – iqbala çatmaqdı. Ətli-öküz – xeyir bərəkət, arıq öküz – darlıq və yoxsulluq deməkdi.
Ölü – ölü yuxuda xəbər deməkdi. Bir ölü ilə qonuşduğunu görən – ölü gülər üzlü olursa – yaxşı, dalğın olursa – yaman xə­bər eşitməkdir. Ölmüş atasını, ya anasını dirilmiş görən – mu­rada çatır.
Ölmək – yuxuda öldüyünü görən – çox yaşayar. Öləndən sonra dirildiyini görən – əldən çıxan mal və işinə təzədən yi­yə­lənər.

Önlük – yuxuda cırıq bir önlük görmək – yaxın günlərdə təzə paltar geyinməyə işarədi.
Paça – yuxuda qoyun, ya inək kimi əti yeyilən heyvan paçası almaq, ya yemək, qüvvət və qazanca yozulur. Paçanı satmaq, özgəsinə bağışlamaq, ya atmaq – qüvvətdən düşmək və qazancın azalması deməkdi.
Pambıq – yuxuda pambıq yığdığını görənin əlinə halal mal toxtar, yatağa – yasdığa pambıq döşədiyini görən evlənir, pambıq atdığını, ya satdığını görən biri ilə dalaşır.
Pərdə – yuxuda pərdə – qəm-qüssə deməkdi. Pərdə köhnə və yırtıq olursa – qəm-qüssə tez ötüşür, təzə olursa uzun sürər. Pəncərə pərdəsi sirr anlamındadı, onu açmaq sirrin üstünü açmaq, onu çəkmək (örtmək) sirri gizli saxlamaq nişanəsidi.
Pəri – yuxuda pəri görmək – pəri gülərüzlü və gözəl olursa – bəşarət, qızğın və çirkin olursa – fəlakətdi.
Pəncərə – yuxuda pəncərə görmək – mala-mülkə və xoş­bəxtliyə çatmaqdı. Yuxu görən – sıxıntı içində olursa, ondan qur­tulur, xəstə isə sağalır, subay isə evlənir və xoşbəxt həyat sürür, evli isə rifaha çatır.
Pənir –yuxuda pənir görmək, ya pənir yemək qazanc və varlanmaqdır. Pənir quru (köhnə) olursa – zəhmət ilə ələ gələn qazanc, təzə isə rahatlıq ilə gələn qazanc sayılır.
Portağal – yuxuda portağal görmək, almaq və yemək – portağal şirin olursa – var-dövlət, turş olursa – sıxıntı və nasazlıqdı.
Posgül (məngülə) – yuxuda posgül – istər ipək və istərsə də iplikdən olur-olsun – izzət, ehtiram, murada çatmaq, evli üçün övlad və səfər, subay üçün evlənmək deməkdi.
Püfləmək – ocağı alışdırmaq üçün püfləmək- gizlin işin aşkara çıxacağına işarədi.

Saat – yuxuda saat görmək – təzə bir xəbər almaq, saat zən­gi eşitmək – bir çağırış almaqdır. İşlək saat çalışqanlıq, yat­mış saat durğunluq nişanəsidi.
Saç – yuxuda saç var-dövlət və uzun ömrə yozulur. Ar­vadın yuxuda saç hörməyi xeyrə yozulur. Kişi yuxuda saçın uzanmasını görsə – boylu arvadı oğlan doğacaq. Yuxuda saçını kəsmək, ya saç kəsdirmək yaxın günlərdə görüləcək işin təh­lükəli olmasını bildirir. Saçın tez ağardığı – çalışqanlığa, saq­qalın bir başa ağardığı – yoxsulluğa yozulur.
Saqqa (su paylayan) – yuxuda saqqa olub, xalqa su pay­lamaq xeyirxahlıq deməkdir. Saqqa kimi öz evinə su daşımaq pul birikdirmək, suyu başqa evlərə daşımaq – əlində olan pulu özgələrə bağışlamaq, camaatdan su istədiyini soruş­duğunu görən – xalqı doğruluğa yönəltmək kimi yozulur.
Saman – yuxuda saman, ya samanlıq görmək – asan qa­zanca çatmaqla yozulur. Samanlıqda ot, ya saman yığmaq – varlanmaq deməkdi.
Saqqız – yuxuda saqqız – zəhmətlə ələ gələn mal hök­mündədir. Saqqız çeynəmək – dedi-qoduya işarədir. Saqqız al­maq zəhmətlə qazanc, saqqız oda atmaq – dünya malından sarı başını qovğaya salmaq anlamındadır.
Sel – şiddətli yağışdan yaranan sel – ağır xəstəlik, ya üzün­tüyə bir səfər deməkdir. Selin dərələri, düzləri, kənd və şəhərləri basması insanlar haqqında işlədilən haqsızlıq və zülm kimi yozulur.
Səccadə – namaz səccadəsi yuxuda əsləhə kimidi: satmağı uğursuz, almağı uğurlu olur. Özünü səccadədə oturmuş görən – özgələrə yaxşılıq edər. Yun, ya pambıq səccadə riyakarlıq və camaatı aldatmaq nişanəsidi.

Salam vermək – yuxuda özündən kiçik adama salam vermək, axirətdə savab qazanmaq, camaat arasında hörmət tapmaq kimi yozulur. Küsülü adama salam vermək o adamın üstün gələcəyinə nişanədi. Bir düşmənlə salamlaşıb qucaqlaş­maq – barışıq, kin və küdurətin ortadan qalxması kimi yozulur.
Səs – yuxuda gözlənilməz səs eşitmək, lakin onun nədən və haradan gəldiyini başa düşməmək – ayıqlıqda bir para şayiələr eşidəcağıza işarədi.
Soğan – yuxuda soğan görmək, ya soğan soymaq yaltaqlıq və hiyləbazlığa yozulur.
Soxulcan – (bağırsaq qurdu, kədu qurdu) – yuxuda soxul­can görənin çevrəsini pis xasiyyətli adamların almasına yozulur.
Söz – yuxuda bir uşağın sizlə danışması – öyüd və nəsihət alacağınıza işarədir. Yuxuda bir dilsizi başa düşməyiniz, ya bir quş ilə qonuşduğunuz böyük maddi, ya mənəvi imkana çata­cağınıza yozulur. Yuxuda düşmənin sizinlə danışması ayrılıq və küdurətin vüsala çevriləcəyinə işarədir.
Su – yuxuda su – var-dövlət və xoş yaşamaq kimi yozulur. Saf və təmiz su – ucuzluq, bolluq, ədalətin yayılmasına işarədir. Özünü təmiz suya atmaq – sevincə, bulaşıq suya atmaq – darlıq və kədərə yozulur. Durğun suya düşmək çətinliyə və qüdrətə işarədir.
Susamaq – yuxuda susuz olub – su içmək, sağlamlıq, halal mal əldə etməklə yozulur. Susamış bir adama su verənin ya­xınlarından biri tezliklə evlənəcək. Susuzluğunu hiss edib, əli suya çatmadığı halda gözlənilmədən su görmək – ağır niga­ran­lıqdan qurtulmaq deməkdi.
Süd – yuxuda sud almaq, sud içmək – xoş yaşamaq, qa­zanc, sağlamlıq nişanəsidir. Süd bişirdiyini görən – xeyirli bir işə əl qoyacaq. Südün bişirilərkən çürüyüb, ya calanması – başlanılan işin boş olacağına yozulur.
Süfrə salmaq – yuxuda süfrə ömrün uzunluğuna işarədi. Yeməklərlə dolu süfrə görmək nemət bolluğuna, boş süfrə ka­sıblığa yozulur. Ağ və geniş süfrə – yaxınlarda bir süfrədə otur­mağa işarədi.
Sünbül – yuxuda sünbül tarlası görmək – şad xəbər eşit­mək, dərilmiş sünbül qəm və kədər, yaxınlardan birinə sünbül qoparıb vermək, ondan ayrı düşmək, fəslindən qıraq sünbül gör­mək vəsvəsə nişanəsidir.
Sürgün – yuxuda sürgün edilmək, ya yurd-yuvasından zo­rakı qürbətçiliyə düşmək – çıxılmazlığa uğramaq və həbsə alın­mağa işarədi.
Sürmə – yuxuda sürmə satmaq, almaq, yaxmaq – həmişə xeyrə yozulur. Gözü ağrıyan adamın yuxuda sürmə çəkməsi – gözlərinin sağalmasına, bir qızın, ya bir dul arvadın gözünə sürmə çəkməsi onun yaxında evlənməsinə işarədir.
Sürü – yuxuda dördayaqlı sürünü görmək – qabaqda sevincli günlərin olacağına işarədi.
Sütun – sütun yuxuda, hər sütun olur-olsun, bir ev və avadanlıq sahibi olmağa işarədi.
Tabut – yuxuda tabut görmək – dövlət, qazanc, şərəf və etibar sayılır. Bir tanış adamı tabut içində görmək yaxın günlər­də onun sağ-salamat xəbərini almaqdır. Tabutda yad adam gör­mək irəli günlərdə yaxın dostluq və tanışlıq sahibi olmağa yozulur.

Tacir – yuxuda tacir görmək – xalq arasında hörmətli sayılan bir adamla tanışmaq deməkdi. Özünün tacir olduğunu görən – böyük hörmət və etibar qazanacaqdı.
Tava – tavada yemək bişirdiyini görən – rahat yaşar. Ba­zardan tava aldığını görənin ürək yandıran arvadı, ya xid­mətçisi olur.
Taxt – yuxuda özünü taxt üstə oturmuş görən əgər bacarıqlı və əhli-adamsa yüksək məqam tapır, əgər bacarıqsız və naəhlsə müsibətə uğrar.
Tər, tərləmək – yuxuda tər içində olduğunu görənin hacəti rəva olur. Alnından tər axdığını görən çalışmaqla məqsədə çatar. Adi halda tərləmək varlı üçün varın artması, yoxsul üçün varlanmaq, xəstə üçün sağalmaq, kasıb üçün qazanc nişanəsidi.
Təndir – evində təndir düzəltdiyini görən, hər sinifdən olur­sa-olsun, yaşayışda istədiyinə çatar. Qışda təndirdə qızışdığını görən – rahatlıq tapar, yayda təndirdə qızışan naxoş olar. İçində kül, ya yanacaq olmayan təndir görmək xeyrə yozulmaz.
Təvaf – yuxuda Kəbəni təvaf elədiyini görən əsir olsa azad olar, fasiq olsa tövbə edər, subay olsa evlənər, tacir olsa qazancı artar, fəqir olsa dolanışığı düzələr.
Tısbağa – bir yerdə, bir yol üstə tısbağa görmək – oraya yaxın bir yerdə bir qədri-qiyməti bilinməyən Allah adamı yaşadığına işarədir.
Tif – yuxuda tif kimi yoluxucu naxoşluqlardan birinə bulandığını görmək qəm, kədər və sıxıntı kimi yozulur. Bu kimi naxoşluq tutana yardım etmək – bir çətinlikdə çırpınana yardım deməkdi. Özünün tif tutub kimsənin ona əlac etdiyini görən hər yandan yardım görəcək.
Toxum – yuxuda toxum səpmək bol ruzu nişanəsidi.
Torba – yuxuda torba görmək, torba tikmək, torba almaq – subay adam üçün evlənmək, evli adam üçün xeyir-bərəkət kimi yozulur.
Torpaq – yuxuda torpaq qazmaq – varlanmaq kimi yozu­lur. Sarı torpaq, qızıl, ağ torpaq – gümüş, qırmızı torpaq – mis, boz və qara torpaq – pul deməkdi. Üst-başını torpaqlı görənin əlinə pul gələr. Yelin toz-torpağı bir yerdən başqa yerə sovur­ma­sı bu yerdə yaşayan xalqın ədalətsizliyə uğrayacağına yozulur.
Toyuq – yuxuda çoxlu toyuğu olduğunu görən – camaata başçı olur. Toyuq başı kəsmək əyaldan ayrılmaq kimi yozulur.
Toz – yuxuda üstünə, başına, üzünə-gözünə toz qonduğunu görənin əlinə haradansa pul keçəcək. Tozun yel ilə havalandığını görmək – nə isə baş verəcəyi ilə yozulur.
Tövbə – yuxuda tövbə və istiğfar etdiyini görənin ruzi və gəliri çoxalır.
Tülkü – yuxuda tülkü görən hiyləgər, kələkbaz (düzənçi), yalançı bir kişi, ya bir arvadla üz-üzə gələcək. Tülkü ilə dostluq edən yalançıya aldanır. Bir tülkü tutduğunu görən bir düzənçi ilə münasibətdə olacaq. Tülkü dərisi əldə etmək hiylə ilə qazanca çatmaq deməkdi.
Tüfəng – dostlar və qohumlar arasında ziddiyyət və çəkiş­mə baş verəcək kimi yozulur. Yuxuda tüfəng səsi gözlənilməz xəbərdir.

Ürpənmək (tükləri biz-biz durmaq) – yuxuda vücudunun ürpəndiyini görmək – Allahdan qorxmaq və ürəyi yumşaqlıq nişanəsidi. Qorxulu bir şeydən tükləri ürpənən adam sıxıntı və darlıqdan qurtarar.
Ürkmək - yuxuda ürkmək və çəkinmək xeyrə yozulur. Düşmənindən ürkən ona basılır, şeytandan ürkən ona aldanır, gördüyü işin cəzasından ürkən cəzalandırılır.
Üşütmə - yuxuda üşüdüyünü görən adam əlindən çıxan xətanı özgədən yox, özündən görməlidir. Başqa bir anlama görə, yuxuda üşüdüyünü görən qabağa çıxan xətanı sovacaqdır.
Ülgüc – yuxuda ədavət, yaman söz və acı dil anlamındadı. Ülgüclə bir şeyi kəsmək başlanılmış işin yarımçıq qalacağını bildirir. Ülgüclə ət doğramaq camaatı özündən incik salmaq deməkdi.
Ütmək (tüklərini odda yandırmaq, qursalamaq): yuxuda tülkü dərisini, ya bir heyvanın kəlləpaçasının tüklərini ütən bir adam borc, çətinlik, töhmət və qəmdən qurtulur.
Ütüləmək – yuxuda qırışıq bir parça, ya paltarı ütülədiyini görən adam qatma- qarışıq işlərini ağıl və tədbir ilə avanda salır. Yuxuda dağ ütü zəkavətə, soyuq ütü tədbirə dəlalət edir.
Yaba (şana): yuxuda yaba görmək düzəlməz sıxıntıya uğra­maq kimi yozulur.
Yatmaq – yuxuda xoşbəxt ailə qurmaq və şən yaşamaq anlamında olur. Yataqları yanbayan salmaq evə qonaq gələcə­yi­nə nişanədi. Yataqda rahatca yatıb yuxulamaq sıxıntıdan qurtul­maq deməkdi.
Yarış (müsabiqə) – yuxuda bir yarışa (müsabiqəyə) qoşul­maq və o yarışı udmaq – yaşayışda uğur qazanmaq, yarışı uduz­maq – peşmançılıq kimi yozulur.
Yaralanmaq – yuxuda yaralanmaq, ya birini yaralamaq, vuranın vurulana yaxşılıq edəcəyi kimi yozulur.
Yastıq – yuxuda ümumiyyətlə, yastıq xeyrə yozulur və bir çox hallarda xeyirxah xidmətçi anlamında olur. Cavan adamın yumşaq yastığa söykənməsi onun bolluğa çataca­ğına, yaşlı adamların isə xoş rahatlığa çatacağına işarədir. Divar yastığı yuxuda zənginlik, şərəf və etibar sayılır.
Yasəmən – yuxuda yasəmən ağacını çiçəkləyəndə görmək – şadlıq və fərəh doğurur. Birinin sənə, ya sənin birinə yasəmən gülü verməsi – onunla tez, ya gec dalaşacağından xəbər verər. Yasəmən vaxtında gül açanda – bərəkət, vaxtından qıraq açanda – fənadır.
Yabancı (yad kimsə) – yuxuda bir yad (yabancı ) adamla görüşmək yəni bir iş görmək, ya imkana çatmaq kimi yozulur.
Yaxa – paltarın yaxasının təmiz olması qazanc, çirkli olması ziyana işarədi.
Yaxşılıq – yuxuda birinin haqqında yaxşılıq etmək, ya möhtac bir adamın əlindən tutmaq – şad xəbər eşitmək, şadlığa uğramaq kimi yozulur.
Yazı yazmaq – yuxuda savadsız bir adamın özünü yaz­maqda görməsi, onun camaat işlərində bacarığına işarədi. Sa­vadlı adamın yazı yazması vəfaya, bolluğa çatmaq kimi yozulur. Öz yazdığını oxuya bilmədiyini görən günahlarından tövbə edir. Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyənin işləri yarımçıq qalar.
Yaşmaq – yuxuda yaşmaq görmək xoş xəbər eşitməyi ifadə edir. Yuxuda yaşmaqlı qadın görən oğlan, ya qız xoşbəxt ailə quracaq.
Yaşıllıq – yuxuda göz işləyən yaşıllıq görmək uzun ömür və böyüklük nişanəsidi. Yuxusunda yaşıllıq görən, ya yaşıl pal­tar geyən qız tanıdığı və sevdiyi oğlanla evlənib bəxtiyar yaşa­yacaq.
Yağ – yuxuda hər cür yağ, can yağı, quyruq yağı, kərə ya­ğı görmək səadət, xoş günə doğru addımlamaq kimi yozulur.
Yağma, yağmalamaq – yuxuda hər hansı bir şeyin yağ­malandığını görmək, o şeyin çox bol olmasına dəlalət edir. Bir dükanın yağmalanması o dükan sahibinin yaxşı bazarlıq etməsi, bir evin yağmalanması o evin varlanması və bir şəhər, ya ölkə­nin yağmalanması o şəhər, ya ölkənin rifahlanması kimi yo­zulur.
Yağış - yağmur – yuxuda vaxtlı-vaxtında yağan yağış bə­rə­kət və rəhm, vaxtsız yağış ziyan və fəlakət deməkdi. Bir bölgə, ya bir ölkəyə asta yağan yağış – bolluq və rifah, şiddətli yağış – gözlənilmz bəla və naxoşluq əlamətidi.
Yaqut – yuxuda yaqut bolluq və yaşayış deməkdi.
Yaltaq – yuxuda yaltaq adamla üzbəüz gəlmək, ya onun yaltaqlığından xoşlanmaq yaramaz adamlardan çəkinmək kimi yozulur.

Yanaq – yanaq yuxuda açıq, tutqun olduğuna görə fərqli halda yozulur. Qırmızı və şad yanaq çətinliklərdən qurtulub, se­vincə çatmaq; solmuş və tutulmuş yanaq qorxu və üzüntü anlamındadı.
Yaralanmaq – yuxuda yaralanmaq, ya birini yaralamaq, vuranın vurulana yaxşılıq edəcəyi kimi yozulur.
Yelpik – yuxuda yelpik almaq, ya tapmaq yoxsulluq və darlıqdan qurtarıb rahatlığa çatmaqla yozulur.
Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin