Yeralması – yuxuda yeralması var-dövlət nişanəsidi. Yeralması almaq, bişirmək, yemək qazanc deməkdi. Böyük miqdarda yeralması bolluq bərəkət nişanəsidi.
Yıxmaq – yuxuda salim və sığınağa yarar bir binanı yıxmaq – öz əlilə özünə toxunmaq kimi yozulur. Uçub tökülmədə olan bir binanı yıxmaq – ağır bir zərər və fəlakətin qabağını almağa işarədi.
Yol – yuxuda xeyirli səfər və sağlıq kimi yozulur. Yuxuda yola çıxmaq – çətinlikdən rahatlığa və darlıqdan genişliyə çıxmaq deməkdi. Yolda rahat və yüngül mənzilə rahat çatmaq və ağır yerimək istəyinə çətin çatmaq deməkdi. Yolun abad olması ölkədə işlərin sağlam gedişi və onların xarab, pozğun olması bunun əksinə işarədi.
Yonca – yuxuda yonca əkmək, yonca dərmək, yonca bağışlamaq, xeyir işlərə əl atacağa yozulur.
Yorğan – yuxuda yorğan görməyin ayrı-ayrı yozmaları olur: yuxuda yorğan aldığını görən – evlənir. Yorğanın yandığını, ya oğurlandığını görən arvad, yaxud kişi – bir-birindən ayrılır. Yorğanın təzəliyi və təmizliyi dincəlmək və səadət, onun çirkliyi və yırtıqlığı pozğunluq nişanəsidir.
Yumurta – yuxuda toyuğun yumurtasını görən adamın uşağı olacaq. Yuxuda çiy yumurta yemək sıxıntı və riyakarlığa işarədi. Pişmiş yumurta yemək rahat qazanca çatmaq deməkdi. Yuxuda yumurtanı qabıqlı yeyən adam örtülü məsələnin üstünü açar.
Yun (pəşm) – yun yuxuda xeyrə yozulur. Əyrilmiş yun dövlətdi. Bir yastığa, yatağa yun doldurmaq evlənməyə işarədi.
Yuxu yozan – röyada yuxu yozan görmək- qəmli olsa, sevinir, şad olsa- qəmli olur. Dilək və istəkləri olanlar murada çatar, itkin gedənlərdən xəbər çıxar.
Yuva – yuxuda quş yuvası görmək ailənin səadət və rifaha çatması ilə yozulur.
Yuyunmaq – yuxuda saf və təmiz su ilə yuyunduğunu görən sıxıntı və qəm- qüssədən qurtarar. Naxoş olsa sağalar. Bulaşıq su ilə yuyunan sıxıntı çəkər, borclu düşər və xəstələnər.
Yük – yuxuda dalında şələ, yük götürdüyünü görən böyük rütbəyə çatacaq, yuxuda səfər əsbabı yığılmış heybə, xurcun, məfrəş kimi şeylər təmiz və təzə olursa xoş və xeyirli, köhnə və çirkli olursa səfər sıxıntılı keçəcəkdi.
Zahı (ikicanlı arvad) – yuxuda zahı görən kişi uğurlu işlərə çatır. Yuxuda arvadın özünü doğum yatağında görməsi yüngül naxoşluq, yatağından qalxmış görməsi sağlamlıq nişanəsidi.
Zanbaq – yuxuda xoş arzular kimi yozulur.
Zeytun – yuxuda zeytun ağacı əkmək xeyirli bir işə əl qoymaq, zeytun ağacına çıxmaq, ya ağacdan zeytun dərmək, bol- bol qazanca çatmaq, zeytun dənəsi, ya zeytun yağı yemək sağlamlıq və sevinc ilə yozulur.
Zəhər (səm) – yuxuda özünü zəhərlənmiş görən adam çox yaşar. Zəhər düzəltmək, ya zəhər satmaq- haramdan mal qazanmaq, birinin əlindən zəhər içmək, ya birinə zəhər içirtmək ona xeyir-bərəkət yetirmək kimi yozulur.
Zəlzələ – yuxuda görülən zəlzələ yüngül (asta) olursa fəlakət, ağır (viranedici) olursa yoluxucu xəstəlik, ümumi bəla nişanəsidi.
Zənbil – yuxuda bolluq və xoş yaşayış nişanəsidi.
Zəncir – yuxuda əlini, ayağını, özünü zəncirlə bağlı görmək zərər, sıxıntı, naxoşluq, kədər, bağlandığı zəncirin qırıldığını görmək darlıqdan, sıxıntıdan, kədərdən qurtarmaq kimi yozulur.
Zindan – yuxuda dəmirçi, ya başmaqçı zindanı görmək bir rəvayətə görə – qüdrət və bir rəvayətə görə dövlətlə yozulur. Bir zindana yiyələnən qüdrətli və zəngin olur. Zindan itirənin gücü və dövləti azalar.
Zindan (məhbəs) – yuxuda zindana düşdüyünü görən qəm və kədərə uğrar, zindandan buraxıldığını görən sevinc və sağlamlığa uğrayacaq.
Zınqırov (zəng) – yuxuda zınqırov səsi, ümumiyyətlə, xeyrə yozulur. Cavan oğlan, ya qız üçün xoşbəxt ailə qurmaq, yaşlı kişilər və arvadlar üçün yaşayışlarında xoş dəyişikliklər olacağına işarədi.
Zibil, zibillik – yuxuda zibil və zibillik görmək çoxlu mal-dövlətə çatmaq və yoxsulluqdan qurtarmaq kimi yozulur.
Zirə – yuxuda zirə görmək xeyrə yozulur. Zirə həm də sağalmaz xəstəliyə işarədi.
Ziyil – yuxuda, ümumən xeyrə yozulur. Əlində, ayağında ziyil çıxmasını, ya artmasını görən varlı-karlı olur.
Zopa – yuxuda zopa gəzdirmək – yaxınlarınızdan yaxşılıq görəcəyinizə, zopa ilə birini vurmağınız düşmənlərinizə qalib çıxacağınıza işarədi.
Zökəm – yuxuda zökəm olduğunu görən adam işlərində ehtiyatlı olmalıdı.
Zurna – yuxuda zurna görmək, ya onun səsini duymaq yaxşı söz dinləməyə yozulur. Zurna aldığını görən sevinəcək, zurna çaldığını görən xoş xəbər eşidəcək.
Zümrüd – yuxuda zümrüd görmək halal mal əldə etməyə yozulur.
X. UŞAQ FOLKLORU
LAYLALAR
Bir gül əkdim boyunca,
Əyilmədim doyunca.
Ömrüm, günüm uzansın,
Öz balamın toyunca.
Balam laylay, a laylay,
Quzum laylay, a laylay.
Laylay dedim yatınca,
Gözlərəm ay batınca.
Zara-zinhara gəldim,
Sən hasilə çatınca.
Balam laylay, a laylay,
Nazım laylay, a laylay.
Quşlar uçur havada,
Balası var yuvada.
Gözüm boy atmağında.
Dilim sənə duada.
Balam laylay, a laylay,
Gözüm laylay, a laylay.
Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Səhər yuxusu şirin,
Qıymıram oyatmağa.
Balam laylay, a laylay,
Gözüm laylay, a laylay.
Laylay, əməyim bala,
Duzum, çörəyim bala.
Tanrıdan əhdim budu,
Görüm köməyin, bala.
Laylası dərin bala,
Yuxusu şirin bala.
Tanrıdan əhdim budu,
Toyunu görüm, bala.
Laylay quzum ağlama,
Ürəyimi dağlama.
Böyü bir qoç igid ol,
Mənə ümid bağlama.
Laylay dedim adına,
Həqq yetişsin dadına.
Boya-başa çatanda,
Məni də sal yadına.
Dağların laylasına,
Gözlərin qarasına.
Atalar qurban olsun,
Öz körpə balasına.
Qalalar, ay qalalar,
Laçın orda balalar.
Ana balasın verməz,
Məgər zorla alalar.
Şan bağlayan arılar,
Qonar gülə sarılar.
Balama qurban olsun,
Yaşı ötmüş qarılar.
Qapımızda var çinar,
Yarpağı dinar-dinar.
Mənim bir tək balamı,
Saxlasın pərvərdigar.
Dağ başında qalam var,
Ürəyimdə nalam var.
Xəlqin dövləti, malı,
Mənim də bir balam var.
İgid qalasın istər,
Dağın lalasın istər.
Mən balamı istərəm,
Balam balasın istər.
Bağda bülbül oxuyur,
Saça sünbül toxuyur.
Balamı iyləyirəm,
Elə bil gül qoxuyur.
Ətiri güldən gəlir,
Güldən, sünbüldən gəlir.
Balamın gül beşikdə,
Yuxusu birdən gəlir.
Boya, buxuna dol, gəz,
Boynuma dola qol, gəz.
Cavanlar sırasında,
Sən də bir igid ol, gəz.
Mənim gül-butam, oğlum,
Ətrinə batam, oğlum.
Bir arzum var ürəkdə,
Toyunu tutam, oğlum.
Laylay balam, can balam,
Mən sənə qurban balam.
Ağlayıban göylümi,
Gəl, eləmə qan, balam.
Uyu balam, yat balam,
Qızılgülə bat, balam.
Qundağını bağlayım,
Şirin-şirin yat, balam.
Laylay balam, gül balam,
Gül balam, sünbül balam.
Laylayımla yatgilən,
Oyatsın bülbül balam.
Yaylığı kirli balam,
Qəlbi fikirli balam.
Tay-tuşların içində,
Mənim şəkilli balam.
Yol üstə bulaq ollam,
Yatmaram oyaq ollam.
Sən mənim öz balamsan,
Özüm göz-qullaq ollam.
Balam, bir söyün, görüm,
Sərv təki boyun görüm.
Tanrıdan arzum budu,
Balamın toyun görum.
Balama can demişəm,
Ağlasa can demişəm.
Balam dil açan gündə,
Quzu qurban demişəm.
Laylay dedim, yat dedim,
Yastığa baş at dedim.
Bala nazın mən çəkim,
Boya-başa çat dedim.
Laylay mənim bəbəyim,
Həm arzum, həm diləyim.
Dar gündə, dar ayaqda,
Sənsən mənim köməyim.
Mən aşiq quzu qurban,
Qoç qurban, quzu qurban.
Hər səhər boyun görsəm,
Kəsərəm quzu qurban.
Laylayım, sözüm qurban,
Ağlasın gözüm qurban.
Böyü, boya-başa çat,
Boyuna özüm qurban.
Laylay dedim ucadan,
Səsim çıxmır bacadan.
Allah səni saxlasın,
Çiçəkdən, qızılcadan.
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.
Laylay dedim yatasan,
Dərdi, qəmi atasan.
Qzılgül bağın olsun,
Gül-çiçəyə batasan.
Oğul sən yarağımsan,
Güzgüsən, darağımsan.
Hər gün lazım olmasan,
Dar gündə dayağımsan.
Bir səs gəlir ellərdən,
Şirin-şirin dillərdən.
Tanrı, balamı saxla,
Ağır aylar, illərdən.
Dağlarda lalam sənsən,
Alınmaz qalam sənsən.
Kimim, kimsənəm yox,
Bir şirin balam sənsən.
Məni oyaq qoyan sən,
Qızılgülə boyan sən.
Öpüm şəhla gözündən,
Yatdın bəsdir, oyan sən.
Balamsan sən, nəyim sən,
Arxamsan, köməyimsən.
Mən sənin əziz anan,
Sən mənim diləyimsən.
Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə,
Ayaq tutub gəzəsən.
Laylay dedim biləsən,
Düşməyəsən dilə sən.
Boya-buxuna çatıb,
Oynayasan, güləsən.
Balamı tanıram mən,
Hər sözün qanıram mən.
Yuxuda ah çəkəndə,
Od tutub yanıram mən.
Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə qurban bir olsa,
Sənə qurban gündə mən.
Bala, ömrün çox olsun,
Göylün gözün tox olsun.
Sənə laylay çağırım,
Düşmanların yox olsun.
Bağçamızda bar olsun,
Heyva olsun, nar olsun.
Sən ayaq aç, gəz dolan,
Düşmanların xar olsun.
Dağlar gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala görsədin ki,
Balamdan göyçək olsun.
Qızılgül bağın olsun,
Bağlar oylağın olsun.
Tanrıdan arzum budu,
Sevimli çağın olsun.
Qurbanın quzi olsun,
Quzunun yuzi olsun.
Quzudan qurban olmaz,
Qoy anan özi olsun.
Bağçalar bağa dönsün,
Bağım yaylağa dönsün.
Bircə kəlmə din, danış,
Ürəyim dağa dönsün.
Balam oynur, yatmayın,
Sözünə söz qatmayın.
Laylay çalın balama,
Yatanı oyatmayın.
Balam yatır beşikdə,
Bülbül oxur eşikdə.
Sən yat, yuxun alginən,
Mən durmuşam keşikdə.
Evində, eşigində,
Yat, quzum, beşigində.
Bir mən, bir dan ulduzu,
Durmuşuq beşigində.
Anan tel düzər sənə,
Bacın gül düzər sənə.
Tanrıdan əhdim budu,
Dəgməsin nəzər sənə.
Laylay, a balam laylay,
Alınmaz qalam laylay.
Sənə kəc baxanları,
Yandırsın nalam, laylay.
Laylay, bülbülüm, laylay,
Sarı sünbülüm, laylay.
Bağçalarda gül çoxdu,
Bir qızılgülüm laylay.
A, laylay, quzum laylay,
Ayım, ulduzum laylay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm laylay.
A laylay, gülüm laylay,
Gülüm, bülbülüm laylay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, laylay.
Laylay, maralım laylay,
Gəlmir qaralım laylay.
Böyü, bir qoç igid ol,
Sənə yar alım laylay.
Nərgizi üzüm, laylay,
Yaxana düzüm laylay.
Səni övləndirəndə,
Toyunda süzüm, laylay.
A laylay, butam laylay,
Qardaşım, atam laylay.
Gözləyirəm yatasan,
Mən də bir yatam, laylay.
A laylay, nənə laylay,
Can deyim sənə laylay.
Sənə gələn dərd-bəla,
Qoy gəlsin mənə, laylay.
Bala dadi, bal dadi,
Bala adam aldadi.
Yaxşısına can qurban,
Pisi verər bal dadi.
Ay doğdi, yana döndü,
Ulduzlar sana döndü.
Bala dərdi çəkməkdən,
Ürəyim qana döndü.
Laylayın bir quş idi,
Hasara qonmuş idi.
Əl uzatdım tutmağa,
Mələklər tutmuş idi.
Oxşasın dilim səni,
Böyütsün elim səni.
Meydanda at oynadan,
Bir igid bilim səni.
Atıban tutdum səni,
Əcəb ovutdum səni.
Can qoydum, cəfa çəkdim,
Şükür, böyütdüm səni.
Atım, tutum balamı,
Şəkərə qatım balamı.
Atası evə gələndə,
Qabağa tutum balamı.
NAZLAMALAR
Cürü cürülər yarpağı,
Astanalar torpağı.
Balamı sevməyənin
Gözünə bibər yarpağı.
Balama qurban inəklər,
Balam haçan iməklər!
Balama qurban tülkülər,
Balam haçan mürgülər?
Balama qurban yaylaqlar,
Balam haçan oynaqlar?
Bir bölük atlar, çəməndə otlar,
Göyçək arvadlar, bu balama qurban.
Dağın maralı, çölün ceyranı,
Dünyanın malı, bu balama qurban.
Balama qurban sərçələr,
Balam haçan dirçələr?
Balama qurban ilanlar,
Balam haçan dil anlar?
Balama qurban dayçalar,
Balam haçan əl çalar?
Balama qurban ozanlar,
Balam haçan söz anlar?
Ağrıdı başım, yoxdi sirdaşım,
Qohum-qardaşım bu balama qurban.
Çaydakı qazlar tükün tarazlar,
Cehizsiz qızlar bu balama qurban.
Çöldə meşəlik, gül bənövşəlik,
Mən həmişəlik bu balama qurban.
Səndən aralı, rəngim saralı,
Dağlar maralı bu balama qurban.
Bazarda atlar, boynu xamutlar,
Noğul nabatlar, bu balama qurban.
İlxıda atlar, çöldə göy otlar,
Ərsiz arvadlar bu balama qurban.
Dağda darılar, sünbül sarılar,
Qoca qarılar bu balama qurban.
Yaşıl söyüdlər, yekəbaş itlər,
Dağdaki qurdlar bu balama qurban.
Göydə ulduzlar, şaxtalı buzlar,
Nişanlı qızlar bu balama qurban.
Tüstüsüz damlar, sarı badamlar,
Tənbəl adamlar bu balama qurban.
Bazarda qazlar, tükünü tozlar,
Balama qurban küsəyən qızlar.
Çeşmələr, çaylar bir-birin haylar,
Balama qurban ulduzlar, aylar.
Badam badami, alim qadanı,
Balama qurban kəndin adamı.
Bağda xəzəllər yerdə süzəllər,
Balama qurban hami gözəllər.
Ağ əllər, ağ biləklər,
Bağçada qar kürəklər.
Atası evə gələndə,
Gah yerir, gah iməklər.
Çoban-çoban əlləri,
Ağrimasin qollari.
Ağrısa da ağrısın,
Özgələrin qollari.
ARZULAMALAR
Belə balalardan, Allah,
Tök bacalardan, Allah.
Hər evə beş-beş versən,
Bizə ver on beş, Allah.
Allah bundan beş dana ver,
Göydə uçan quşlara ver.
Həsrətdə qalmışlara ver,
Evdə qarımışlara ver.
Atıb tutaram səni,
Şəkərə qataram səni.
Atan evə gələndə,
Qucuna ataram səni.
Dil aç, açsın sünbüllər,
Gülgilən, gülsün güllər.
Quşlar avaza gəlsin,
Durnalar yaza gəlsin.
O gün olsun, maralım,
Sənə gözəl yar alım.
Həna əlimə yaxım,
Qönçə telimə taxım.
Deyək, külək, gülüşək,
Yaradana şükr edək.
Gülüm nay, bülbülüm nay,
Qadani mən alim, nay.
Balam qönçə gülümdi,
Gülümdi, bülbülümdi.
Gülüm nay, bülbülüm nay,
Mənim şirindilim nay.
Qurban deyim, can deyim,
Canımı qurban deyim.
Gülüm nay, bülbülüm nay,
Başına mən dönüm, nay.
Gözəl, gözün qurbani,
Şirin sözün qurbani.
Nə şirin danışırsan?
Danış dilin qurbani.
Gülüm nay, bülbülüm nay,
Qurbanın mən olum nay.
DÜZGÜLƏR
HAVALAN, HA HAVALAN
Havalan, ha havalan,
Havalandıq uçmağa
Həqq qapısın açmağa.
Qanadımız üzüldi,
El yaylağa düzüldi.
El yaylaqdan gəlincə,
Buğdaları dərincə,
Qocabaşi kəsdilər.
Qıntırğadan qılınc yaği,
İçində qurd-quş yaği.
Qurd-quş yağı dərmandı,
Canım sənə qurbandı.
Yoldaşlar hami getdi,
Oyunlar burda bitdi.
YAĞIŞ YAĞAR
Yağış yağar yağa-yağa,
Guşad düşər bizim bağa.
Gəlin gedək oynamağa,
Oynamağın vəqti dəgil,
Qızılgülün təxti dəgil.
Qızılgülü əkərlər,
Misqalinan çəkərlər,
Gəlmə bizim Dərbəndə,
Mənlə səni görərlər.
TÜLKİ, TÜLKİ
Tülki, tülki, tünbəki,
Quyruq üstə lümbəki.
Ala aslan ağamız,
Qara qaplan qağamız.
Xoruz bizim mollamız,
Çaqqal bizim çavuşumuz,
Ala qarğa carçımız,
Sağsağan xəbərçimiz,
Toyuq bizim çərçimiz,
Durun gedax bazara,
Qorxan düşsün azara.
Tülki, tülki, tülki səni,
Öldürəllər bil ki məni.
USTU BUDİ
Ustu budi ha, ustubudi,
O kişi mənim dostum idi.
Getdi bazara (Gilana),
gəlmədi,
Yaylığım aldi, vermədi.
Yaylığımın ucu qərə,
Yollandım İmamyarə.
İmamyarı öldürdülər,
Ağ şala geydirdilər.
Ağ şalın saçaqları,
Düm qara bucaqları.
Vurdum, sandıq açıldı,
İnci, mərcan saçıldı.
İnci, mərcan fil-fili,
Gəl, oxi bizim dili.
Bizim dil Urmi dili,
Urmudan gələn atlar,
Ağzında yüyən çatlar.
Heyvanın ağacları,
Baş gətirməz başları.
Vurdum başı üzüldi,
El yaylağa düzüldi,
Yarın canı üzüldi.
ƏLİMİ BIÇAQ KƏSİBDİ
Əlimi bıçaq kəsibdi,
O yana qaçdım, tütün idi,
Bu yana qaçdım, tütün idi.
Sarı köynəyun bütün idi,
Sarı köynəyun saçağı,
Qırağında bıçağı,
Əlimi bıçaq kəsibdi,
Dəstə bıçaq kəsibdi.
Yağ gətirin yağlayaq,
Dəsmal gətirin bağlayaq.
Dəsmal dəvə boynunda,
Dəvə Şirvan yolunda,
Şirvan yolu sərbəsər,
İçində güllər əsər,
O güldən birin üzeydim,
Tellərimə düzeydim,
Qərdəşimin toyunda,
Oturub, durub süzeydim,
Şirvan yoli buz bağlar,
Dövrəsi yarpız bağlar.
Boyunbağı düzeydim,
Xan dayımın toyunda,
Dureydim, oyniyeydim.
ÜŞÜDÜM, HA ÜŞÜDÜM
Üşüdüm, ha üşüdüm,
Dağdan alma daşıdım,
Almacığım aldılar,
Mənə zülüm saldılar.
Mən zülmdən bezaram,
Dərin quyu beş keçi,
Hanı bunun ərkəci?
Ərkəc qazanda qaynar,
Qənbər yanımda oynar.
Qənbər getdi oduna,
Qarğı batdı buduna.
Qarğı dəgil, qəmişdi,
Beş barmağım gümüşdi.
Gümüşi verdim tata,
Tat mənə darı verdi.
Qanadlandım uçmağa,
Həqq qapısın açmağa.
Həqq qapısı kiliddi.
Kilid dəvə boynunda,
Dəvə Gilan yolunda.
Gilan yolu sərbəsər,
İçində meymun gəzər,
Məni gördi, ağladi,
Tumanına qığladı.
Tumani dəlik-dəlik,
Qurbağa bölük-bölük,
Balaları haxladım,
Həsənxana saxladım,
Həsənxanın nəyi var?
Çaqqır-çuqqur çayı var,
Evində bir lüti var.
Üşüdüm ha, üşüdüm,
Dağdan alma daşıdım,
İlxı çıxdı yoluma,
Bir baxdım sağ-soluma,
Atlar gələr sürü ilə,
Boğuşar bir-birilə.
Kəhər, Qəmər, boz atlar,
Otların başı otlar.
Mindim Bozun boynuna,
Sürdüm Xalxal yoluna.
Quş kimi qanad açdım,
Dağlar, kədiklər aşdım.
Xalxal yolu daşlıca,
Usta qələm qaşlıca.
Usta məni oxitdi.
Qara saçımı toxitdi.
Qara saçımın şəvəsi,
Qızıldandı düyməsi.
Düşündüm mən iş nədi,
Atım burda kişnədi,
Atım niyə kişnədi?
Arpa-saman istisən?
Arpanı kimdən alım?
Xan qızı, xandan alım,
Xan qızı xalı toxur,
İçində bülbül oxur.
Mamani ha, mamani,
Balam kimi gül hani?
Gül hani, bülbül hani?
Balam gül tək açacaq,
Yurda ətir saçacaq,
Oxuyacaq, yazacaq,
Obasında, elində,
Anasının dilində
Şirin sözlər yazacaq,
Adlım٭ şair olacaq.
Mamani ha, mamani,
Balamı yaxşı tani.
Balam gecələr yatar,
Səhər tezdən oyani.
O mənə yoldaş olar,
Göylümə sirdaş olar.
Balam mənim qucaqda,
İşim, gücüm bucaqda,
Qazan qaynar ocaqda,
Gözüm qalıb ocaqda.
Mamani ha, mamani,
Tanrı saxla balami.
Balam söyür anami,
Anani, həm atani.
Xırdaca körpə ağlayar,
Ürəgimi dağlayar.
Allah, buna ver yoldaş,
Bir qumral telli qardaş.
Qardaşilə oynasın,
Mən də baxım öyünüm,
Lap ürəkdən söyünüm.
Qavalı çala-çala getdim
bağa,
Bağdakı qızlariynan
oynamağa.
Əl atdım böyük qızın
məməsinə,
Kiçik qız harayladı
nənəsinə.
Nənəsi çıxdı dama,
Bir daş vurdu qabırğama.
Qabırğamı tuta-tuta,
Getdim xana.
Xan dedi:
– Qaşı qərə, gözi qərə,
Nə düşmüsən bu çöllərə?
Verrəm səni
İgidlərə.
Bağlatdırram söyütlərə.
Yügütdürrəm ağ itlərə.
Bilcək mənim dərdim,
odum,
Əmr elədi:
Uzun-uzun uzatdılar,
Qabırğamı sazatdılar.
Xan dedi:
“Altına həsir salın,
Şeh keşməsin.
Üstünə çadır çəkin,
Gün düşməsin.
Atına arpa verin
Kişnəməsin.
İtinə sümük tökün
Hürməsin”.
________________________
٭ adlım- məşhur
ACITMALAR
HƏSƏN AĞA
Həsən ağa,
Doldi yarağa,
Mindi ulağa,
Yollandı bağa,
Bir quş vurdi,
O da qurbağa.
Başını kəsdi,
Özi yemədi,
Verdi qonağa.
Qonaq yemədi,
Saldı yağa,
Özi təllədi*,
Düşdi yatağa.
NƏYİMƏ GƏRƏK?
Bizə üç ad bəllidi,
Şəkərlidi, ballıdı.
Fatmə, Tükəzban,
Zübeydə bir can.
Fatmə, Tükəzban,
Qarışdı hər yan.
Kişnədi göylər,
Dağıldı yerlər.
Fatmə, Zübeydə,
İkisi bir boyda.
Fatmə savaşdi,
Zübeydə qaşdi.
Divardan aşdi,
Başmağa düşdi,
Zığa bulaşdi,
Təndirə düşdi.
Fatmə təndirdə,
Ayağı kəndirdə
Fatmə biçində,
Qan-tər içində,
Cırığdı doni.
Neyniyir oni.
Tükəzban yatır,
Qız demə qatır,
Ayağı kəndirdə,
Nəfəsi kəndirdə.
Ömri axırdi,
Yeri naxırdi.
_____________________
SINIQ QOL HA, SINIQ QOL
Sınıq qol ha, sınıq qol,
Suya gedər sınıq qol,
Sudan gələr sınıq qol.
Evdə çox iş olanda,
Sallanıb qalar sınıq qol.
İp atmağa gedəndə,
Su çəkmağa gedəndə,
Ot dərmağa gedəndə,
Sallanıb qalar sınıq qol.
Yağlı çörək görəndə,
Düm-düz durar sınıq qol.
|