Məsələnin qoyuluşu. Kökü qədimlərə dayanan müasir Azərbaycan ədəbiyyatı zəngin və mürəkkəb inkişaf yolu keçmişdir. Fərdi üslub müxtəlifliyi, janr-forma əlvanlığı, bədii ifadə vasitələrinin yeniliyi bu yolun başlıca yekunudur. Ədəbiyyatın bu nailiyyətləri mənimsəməsində klassik irslə bərabər milli folklor ənənələrinin rolunu da inkar etmək olmaz. Milli folklorla təmasda ədəbiyyat öz milli poetik formalarını yaratmış, xalqın ruhunu və xarakterini dolğun təcəssüm etdirmək imkanlarına yiyələnmişdir. Bu da ədəbiyyatın dil, obrazlı təfəkkür cəhətdən xəlqiliyini təmin etmiş, onun milli özünəməxsusluğunu daha da qüvvətləndirmişdir.