3. Çevrilmə – şaman (qam-şaman, dərviş) praktikasında mediasiya, yəni bir məkandan (dünyadan) o birisinə keçmək üçün şəkildəyişmə aktıdır:
Bildiyimiz kimi, şamanlar o biri dünyalarla əlaqəyə girə bilən varlıqlardır. Bu əlaqə mediasiya adlanır. Ona görə də şamanlar medumlar, meditorlar hesab olunurlar. Onlar mediasiya vasitəsi ilə göyə – tanrıların dünyasına, yaxud yeraltına – ölülərin dünyasına gedə bilirlər. Göyə gedən şamanlar – ağ şamanlar, yeraltına gedən şamanlar – qara şamanlar adlanırlar.
Yer altına, yəni ölülər dünyasına (xaos dünyasına) gedən şaman tanınmamaq üçün hökmən görkəmini, cildini, şəklini dəyişməli idi. Çünki şaman ölülər dünyasına xəstələnmiş insanın ruhunu tapıb yenidən xəstənin özünə qaytarmaq üçün gedir. Əgər ölülər dünyasının sakinləri, yaxud qoruyucuları onun ölü yox, diri olduğunu bilsələr, onun özünü tutub burada saxlaya bilərlər. Odur ki, şaman cildini, görkəmini, şəklini dəyişib, özünü xaos dünyasının sakinlərinə oxşatmalıdır.. S.Rzasoy yazır ki, xaos ölülər dünyasıdır. Bura ölmədən gəlmək mümkün deyildir. Xaosa diri statusunda adlayan şaman/qəhrəmanlar ritual ölümlə, cilddəyişmə/çevrilmə ilə bu dünyaya adlayırlar (12, 360).
M.Kazımoğlu yazır ki, özünü gizlədib başqa dona girməyin ən arxaik mənası qəhrəmanın dəyişib o dünya sakinlərinin görkəminə uyğun bir görkəm alması inamı ilə bağlıdır. O dünya sərhədinə çatan qəhrəman o dünyanın eybəcər sakinlərinin görkəmini qəbul edir ki, təhlükədən qoruna bilsin. Zahiri görünüşün, o cümlədən geyimin magik gücünə inam xalq arasında bu gün də yaşamaqdadır (7, 11).
Müəllifin bu yanaşmasından məlum olur ki, çevrilmə arxaik mifik-magik, ritual-mifoloji görüşlərlə bağlıdır. R.Kamal (Rəsulov) çevrilməni “Kitabi-Dədə Qorqud” dastanının nümunəsində qədim mif və rituallarla əlaqələndirir. O yazır: “Oğuz epik abidəsi “Kitabi-Dədə Qorqud” eposundakı folklor-ritual çevrilmələri çevrilmənin özünəməxsus zaman və janr indikatoru kimi çıxış edə bilir. Eposun poetikasında çevrilmənin bütün mərhələ və səviyyələrinin təzahürlərini aşkarlamaq olur. Çevrilmə (metamorfoza) folklor düşüncəsinin universal kateqoriyasıdır. Personajlarla bağlı baş verən çevrilmələr eposunun arxaik təbiətindən xəbər verir. “Dədə Qorqud” poetikasının bu xüsusiyyəti, haqlı olaraq, dastanın mif-ritual qaynaqları ilə izah olunur (19).
Çevrilmənin şaman praktikası ilə bağlılığı da onun ritual-mifoloji köklərinə işarə edir.
Dostları ilə paylaş: |