Atirizi piri
Həzrət Əlinin atının ayaq izlərinin həkk olunduğu hesab edilən Atirizi piri də bölgə əhalisinin inamını qazanmış bir məkan idi.
“Atirizində pir varıydı. Sora Məmərdə varıydı, mən gördüm gözümnən. Gedip-gəldihcən ora pul atırdılar, nəzir qoyurdular. Deyirdilər ki, guya Həzrət Əlinin atının ayaxlarının izidi, rəddidi. Həqiqətən də, o cür çalıydı. İz çalasıydı. Rəhmətdih dədəm nağıl eliyirdi ki, bir nəfər kişi də bınnan gedip, gediplər inəh satmağa Xojahan bazarında. Bazar ancax Xojahandeydi bizdə. Bı tərəfdən Zəngilan, Cəbrayıl, o taydan İran tərəfdən gələn olurdu. Bıra bazara gəlirmişdər. Bırda da böyüh kol bitip da. Deyir ki, ora gedəndə deyir: – Ay pir sahibi, gedirəm, gəlip sa nəzir qoyajam. Yox, sata bilmədim, bir dənə üsdündə qanat qoymuyajam, hamısın ağaşnan döyüp tökəjəm yerə. Həqiqi yee, dədəm nağıl eliyirdi ki, inəyi satəmmiyipdi, gəlip, deyir ağacı götürüp başdıyıp bıdamağa (6, 140).
“Səmavi olmayan dinlərdə görülən… bənzər bir motivə qısaca təmas etmək istəyirik. Anadolunun və İslam dünyasının bir çox yerində görülən ayaq və nal izlərinin qayalar və daşlar üzərində qalması motivini bu dinlərdə də görməkdəyik. Budanın qayalarda qalmış ayaq izlərinə büdpərəstlər böyük hörmət göstərirlər. Seylon (Serendip) adasında tapılan bir ayaq izinə yerlilər Buddanın ayaq izi kimi baxır və hörmət bəsləyirlər”. Müxtəlif millətlərdə müqəddəs hesab edilən şəxslərlə bağlı olan ayaq izləri S.Tompsonun Motiv-İndeksində örnəkləriylə verilmişdir. Burada Yaponiya, Sibir, Hindistan, Afrika qəbilələri, Yunanıstan, İrlandiya, Finlandiya, Havay və Asteklərdə görülən ayaq izləri yer almışdır” (16, 55).
Dostları ilə paylaş: |