D ədə Qorqud ● 2016


İngilislərin qəbiristanlıqla bağlı inancları da var



Yüklə 2,43 Mb.
səhifə65/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   61   62   63   64   65   66   67   68   ...   154
İngilislərin qəbiristanlıqla bağlı inancları da var. Belə ki, onların inancında qəbiristanlığın cənub tərəfi ən müqəddəs yer hesab olunurdu. Qəbiristanlığın şimal tərəfində isə ölü doğulmuş körpələr və intihar edən şəxslər dəfn olunurdular. Bu inanc cənub küləyinin yandırıcı olması ilə bağlı idi (1, 344). Daha bir inanca görə, meyit heç zaman kilsəyə yeni salınmış yolla aparılmaz.

Aberden və Devonşir qraflığında yaşayan insanların inancına görə, qəbiristanlıqda dəfn olunacaq ilk insanı şeytan öz yanına aparır (1, 344). Eyni inanc şotlandlarda da var. Bu inanca sahib olan insanlar yeni qəbiristanlıqda öz yaxınlarının dəfninə icazə vermirdilər. Şotlandlar onlardan olmayan birinin ölməsini gözləyirdilər. Belə bir şəxs ölən kimi onu yeni qəbiristanlıqda dəfn edirdilər (1, 344). Biz bu inancın izlərini almanlarda da görürük. Almanlar yeni qəbiristanlıqda öncə it və ya donuz basdırırdılar. Qeyd edək ki, Azərbaycan xalqında da yeni qəbiristanlıqda ilk dəfn olunan şəxsə mənfi münasibət var. Adamlar belə düşünürlər ki, o şəxs hər kəsi öz yanına aparacaq.

Qədim ingilislərdə “dəfn daşı” var idi, həmin daş qəbiristanlığın tam ortasına yerləşdirilirdi. Meyit daşın ətrafında Günəşin hərəkətinə uyğun hərəkət etdirilirdi, belə düşünülürdü ki, bu hərəkət şeytanın vəfat edən insanın qəlbini rahat buraxacağına səbəb olacaq. Adətən, qədim dövrlərdə qəbirlər şərqdən qərbə doğru qazılırdı.

İndiki dövrlərə qədər gəlib çatmış bir inanc da var ki, qəbiristanlıq torpağı əkilib becərilməz, əgər kim əkib-becərsə, onun böyük övladı vəfat edər.

Böyük Britaniyanın sərhədyanı qraflıqlarında belə bir inanc var idi ki, yas mərasimlərində iştirak edən hansı şəxsin üzünə Günəş şüası düşsə, növbəti yas mərasimi onun üçün olacaq və o qəbiristanlıqda dəfn ediləcək (1, 344).

Başqa bir inanca görə, yas mərasimində ölü sahibinin evinin qapısı bağlansa, tezliklə o evin sakinləri arasında dava-dalaş olacaq.

Böyük Britaniyada yaşayan xalqların dəfn mərasimi ilə bağlı inancları da var. Məsələn, meyit qəbirə qoyularkən yağış yağsa, bu ölən insana göylərin dua etdiyi anlamına gəlirdi. Xalqın inancına görə, dəfn edilmiş insan məzardan çıxarılaraq başqa yerdə dəfn edilsə, onun ailə üzvlərinə ölüm gələr (Norfolk, Lester və Nortqempton qraflıqları) (1, 260).

Dorsetşirdə yaşayan insanlar belə düşünürdülər ki, əgər əkiz olan insanlardan biri ölsə, onun əzələləri yumşalmasa, o zaman digər tayın ölümünü gözləmək lazımdır. Həmin qraflıqda başqa bir inanc da vardır ki, əgər meyidin gözləri çətinliklə bağlansa, bu o deməkdir ki, o çətin bağlanan gözlər başqa bir insanın ölümünü gözləyir. Ona görə də ölən insanın yaxınları çalışırdılar ki, meyidin ətrafında onun gözlərini bağlayacaq adam olsun (1, 261).

Qədim ingilis inancında ölən insana hansı rəngdə paltar geyindirilməsinin də önəmi var. Məsələn, ölən insana ağ rəngli köynək geyindirilməsi onun günahlardan təmizlənməsi anlamını daşıyır. İngilis adətlərinə görə, ölən insan zəngin olsa, onun meyidi xüsusi qiymətli ağacdan hazırlanmış tabuta qoyulurdu, əgər kasıb olsa, onu kilsənin hazırladığı adi tabuta qoyurdular.

Qədim zamanlarda İrlandiyanın bir neçə bölgəsində meyidi qəbirə qoyarkən yanına şam, xırda pul və bir qədər şərab qoyurdular. Bu inanca görə, məzarda yatan insan onların köməyi ilə ölümü daha asan qarşılaya bilərdi (1, 261).

Qərbi Şotlandiyada isə qəbirə şam, qızıl qəpik, çəkic və tərəzi qoyurdular. Bir insan öləndə onun yanında mütləq şam yandırardılar, onlar inanırdılar ki, şam yandırsalar, cin və şeytanlar ölən adamın ruhuna yaxın düşməyəcəklər.

Əgər yanan şamın fitilinin ətrafında mum yığılsa idi, bu o ailədə ölüm olacağının əlaməti sayılırdı. Şam yanarkən mavi və ya göy rəngli alov görünsə idi, bu, ölümün yaxında olacağının işarəsi sayılırdı (1, 400).

Meyit evdən çıxarılarkən yaşlı bir adama bir çörək, bir dolu bakal pivə və xırda pul verilirdi ki, ölən şəxsin günahları tez və asan bağışlansın (1, 335).

Taitidə belə bir adət var idi ki, ölüm döşəyində olan şəxsin yanına kahin dəvət olunur, o, müxtəlif dualar edərək Allaha yalvarır ki, həmin xəstənin canını rahatlıqla alsın (1, 336).

Qədim ingilis xalqları arasında belə məşhur bir adət var idi, onlar düşünürdülər ki, meyit qəbirə qoyulmazdan əvvəl onun əynində olan paltarların bütün düyünləri açılmalıdır. Əgər dul qadın yenidən ailə qurmaq istəyirsə, ölmüş ərinin dəfn paltarının bütün düyünlərini qəbir bağlanmazdan əvvəl açmalı idi, bu, onun gələcək həyatını bütün çətinliklərdən qoruyacaq əlamət sayılırdı (1, 203).

Nortgempton əyalətində belə hesab edirdilər ki, qəbrə qoyulmazdan əvvəl meyit tərsinə çevrilsə, həmin ailədə yeni bir adam öləcək.

Hebrid adalarında yaşayan insanlar inanırlar ki, meyidin daşındığı xərəklər dəfndən sonra mütləq yandırılmalıdır, əgər xərəklər yandırılsa, cin və şeytanlar başqa insanlara ziyan vura bilməyəcəklər.

Ən geniş yayılmış inanclardan biri də budur ki, meyid taxta döşəmənin üzərinə köndələn şəkildə qoyulmalıdır. Əgər meyit taxta döşəmə üzərində köndələn şəkildə qoyularsa, bu zaman ruh bədəni tərk etməz (1, 423).

Yorkşir əyalətində meyidi tabuta ölən adamın həmyaşıdları qoyardılar.

Ölən şəxslərin bu dünyadan rahat köçməsinə imkan verməyən onların yaxınlarının sevgisidir. Bu inanc hal-hazırda da Fayf ərazisində yaşayan insanlar arasında geniş yayılıb (5, 12).

Əgər bir insan ölən şəxsdən onu tərk etməməsini istəsə, həmin adam öz bacarıqlarından bir və ya bir neçəsini itirər. Bu Allahın iradəsinə qarşı çıxan insanlara verilən cəza hesab edilirdi.

Qədim şotlandların inancına görə, yeni kilsə tikilərkən kim onun bünövrəsinə ilk daşı qoysa, o, öz əcəli ilə ölməyəcək.

Şotlandların başqa bir inancına görə, kilsənin qapıları hər hansı bir səbəb olmadan açılsa, tezliklə kilsəyə tabut gətiriləcək (4, 89).

Yorkşir vilayətində güzgü sındırmaq yaxın bir adamın itkisinə, ölümünə işarə sayılırdı. İnanca görə, meyit olan otaqda güzgüyə baxmaq olmaz, kim baxsa, o tezliklə ölər. Qeyd edək ki, Azərbaycan yas mərasimlərində buna oxşar bir adət var, belə ki meyit olan evdəki güzgülər, adətən, parça ilə örtülür.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin