TRADITIONS AND BELIEFS ABOUT THE MOURNING CEREMONIES
IN THE NATIONS OF GREAT BRITAIN
Summary
In the article the large information about the ancient English mourning ceremonies is given, the ancient traditions, customs and beliefs about the mourning ceremony are investigated. The author analyzes the ancient English mourning ceremonies and shows the characteristic peculiarities of their beliefs and traditions.
Key words: mourning, ceremony, English, Scotland, ancient, tradition, funeral
ТРАДИЦИИ И ВЕРОВАНИЯ СВЯЗАННЫЕ С ТРАУРНЫМИ ОБРЯДАМИ ВЕЛИКОБРИТАНСКИХ НАРОДНОСТЕЙ
Резюме
В статье дается широкая информация об английских траурных обрядах, исследуются древние обычаи-традиции связанные с траурными обрядами. Автор анализирует древние траурные обряды, показывает характерные особенности их верований и обычаев.
Ключевые слова: траур, обряд, английский, шотландский, древний, вера, обычаи-традиции, похороны
Hər bir xalqın doğum və toy mərasimləri olduğu kimi, yas mərasimləri də var. Yas mərasimlərində ölən şəxsin axirətə gedişini asanlaşdırmaq, ruhuna kömək etmək, ailə üzvlərinə, yaxınlarına dəstək olmaq, onların psixoloji vəziyyətlərinə yardım etmək kimi rituallar icra olunur.
Böyük Britaniya xalqlarının folklorunda yas mərasimi ilə bağlı bir çox adət-ənənələr, inanclar var. Bu inanclardan bir çoxunda əşya, heyvan, bitki və ya insan davranışları müşahidə edilərək ölüm haqqında öncədən xəbər verilir. Folklorda “ölüm” anlayışına bunlar daxildir: ölüm öncəsi, ölüm anı, ölüm xəbəri, ölüm xəbərinin yayılması, ölümdən sonrakı hal, yas mərasimi ilə bağlı müəyyən günlər, yas mərasimlərində yemək, başsağlığı, qəbir, qəbir daşları, qəbiristanlıq və s.
Xristianların yasla bağlı adət-ənənələrində insan öləndə ölən şəxs tabuta qoyularaq kilsəyə aparılır, onun ruhunu şad etmək üçün keşiş tərəfindən moizə oxunur, ölən şəxsin yaxın qohumları onun haqqında xoş sözlər deyirlər. Sonra yas mərasimi qəbiristanlıqda davam edir və sona çatır.
Mənbələrdə ölüm öncəsi, ölüm anı, bir sözlə, yas mərasimləri ilə bağlı bir çox inanclar, adət-ənənələr var. Onlardan bir neçəsinə nəzər yetirək:
Orta əsrlərdə Böyük Britaniyanın bir çox əyalətlərində yas mərasimində, adətən, aşağıdakı sözlər istifadə olunurdu: “Gözəl insanlar, gördüyünüz kimi, bu hadisə bizim üçün bir güzgüdür” (2, 2). Bu sözlərlə insanlara ölüm xatırladılır, onları ibrət almağa çağırırdılar. Matəm günlərində çalınan kilsə zəngləri ölən şəxsə hörmət əlaməti kimi qiymətləndirilirdi. Bu adətin ortaya çıxmasının səbəbi qədim bir inancdır. Belə ki, bu inanca görə, kilsə zəngləri çalınanda ölən şəxsin ətrafındakı pis ruhlar qovulur, onun ruhu dincəlir. Elə buna görə də qədim zamanlarda kilsə zəngləri “soul bell” (“qəlb zəngi”) adlandırılırdı. Bu ifadə Şekspirin “IV Henri” əsərində də var (1, 344).
Ölümlə bağlı inancların birində qeyd olunur ki, əgər şəhərin zəngli saatı kilsə zəngləri ilə eyni vaxtda çalarsa, o həftə başqa bir adam da öləcək (Bekinqemşir qraflığı).
Nortamberlend və Daremdə olan inanclara görə, kilsə zəngi bir dəfə çalsa, tezliklə daha iki dəfə çalına bilər (daha iki nəfər ölə bilər) (3, 26).
Yas mərasimlərinin bir ritualı da dəfnə dəvətlə bağlıdır. Şərqi Yorkşir qraflığında dəfn mərasimlərinə dəvət bir və ya iki qadın tərəfindən icra olunurdu. Dəvət edən şəxslər bütün qonşu, qohum, dost və tanışlara ölüm haqqında xəbər verər və onları dəfn mərasiminə dəvət edərdilər. Belə “dəvət” hörmət əlaməti sayılırdı, əgər kimsə qəsdən, ya da təsadüfən dəfn mərasiminə dəvət edilməsə idi, bu, uzunmüddətli incikliyə səbəb olurdu. Qaynaqlarda dəfn mərasimlərinə dəvətin başqa formaları da var. Məsələn, Şimali İngiltərədə dəfn mərasiminə dəvət edən şəxslər mütləq başlarına qara ipək şərf bağlayar, özləri ilə açar götürərdilər. Dəvət edənlər heç zaman qapını öz cəftəsi ilə vurmazdılar. Qapı yalnız açarla döyülərdi (1, 347). Heşeme vilayətində isə dəfn mərasiminə dəvət kilsənin zəng vuranı tərəfindən icra olunurdu (1, 347).
Böyük Britaniya xalqlarında yas mərasimi ilə bağlı önəmli rituallardan biri də ölən şəxsə münasibətlə bağlıdır. Uelsdə yaşayan insanlar belə hesab edirdilər ki, əgər ölən şəxsin yataq dəstləri tez bir zamanda yuyulmasa, o, qəbirdə rahatlıq tapa bilməyəcək (1, 422). Bu inanca Şimali İngiltərədə də rast gəlmək olar.
İnsanlar bir şəxsin öldüyünə əmin olmaq üçün onun ağzına güzgü, quş lələyi tuturdular, bəzi yerlərdə saman çöpündən də istifadə olunurdu (2, 41). (Qeyd etmək lazımdır ki, Azərbaycanda bir şəxsin öldüyünü təsbit etmək üçün güzgünü onun üzünə yaxınlaşdırırlar).
Orta əsrlərdə Şimali-Şərqi Şotlandiyada bir çox evlərdə xüsusi deşici dəmir alət saxlanılırdı. Əgər ailədən bir şəxs vəfat etsə, o zaman həmin əşya ilə evdə olan ərzaqlar deşilirdi. Onlar belə düşünürdülər ki, bunu etməsələr, qidanın, ərzaq məhsullarının keyfiyyəti itər, onlar üçün önəmli olan viskinin rəngi dəyişər, bu da xoş əlamət sayılmırdı (1, 422).
Dar qraflığında belə bir adət var idi: Vəfat etmiş insanın qohumları, qonşuları yas mərasimi olan evə daxil olduqda, adətən, sevgi və hörmət əlaməti olaraq meyidə əl vurardılar. Bu toxunmanın mənası o idi ki, onlar ölən adama kin bəsləmir və ona rəhmət diləyirlər.
Tarixçi və folklorşünasların tədqiqinə görə, bu adətin kökü iki yüz il bundan əvvələ gedib çıxır. Belə ki yaralanaraq öldürülən adamın bədəninə onu öldürənin əli dəyərkən həmin yaradan qan axsa, belə hesab olunurdu ki, qisas alınmalıdır. Edinburqun Ali Məhkəməsi belə qanaxmanı sübut kimi qiymətləndirirdi, orta əsrlərdə isə ingilis hakimiyyətində bu dəlil rəsmi olaraq qəbul edilirdi (1, 352).
Meyit olan otaqda səhərə qədər şam yandırılardı. Vəfat edən şəxsin yaxın dostları onu səhərə qədər yalnız qoymazdılar. Adamlar inanırdılar ki, can verən adamın yatağına kilsə tozu səpilsə, o, ağrı, əzab-əziyyət çəkmədən dünyasını dəyişər.
Qədim ingilis inancına görə, meyidi aparan gəmi hər zaman təhlükə ilə qarşılaşa bilər. Bualyaj le Qyun “Travels” (“Səyahətlər”) adlı əsərində (1657) qeyd edir ki, gəminin kapitanı bu əsərin müəllifindən özü ilə götürdüyü yüklərin arasında mumiya və ya ona bənzər bir şey olduğunu soruşmuşdur. Bunun səbəbi odur ki, inanca görə, ruhsuz olan şeylər gəminin sürətinə təsir göstərir (1, 450).
Qədim inanca görə, əgər meyidin bədən istiliyi uzun müddət davam etsə, həmin ailədən başqa bir adam da öləcək (1, 260).
İnanca görə, meyit bazar günü dəfn edilməsə, həftə sonuna qədər ailədən başqa birinin ölümü də gözlənilirdi (1, 260).
Qədim ingilislərin inancına görə, meyidin aparıldığı sahə də önəmlidir, belə ki, bu inanca görə, meyidin aparıldığı sahə xeyir-bərəkətini, məhsuldarlığını itirər (1, 260).
Qədim ingilis inancına görə, dəfn edilməyə aparılan meyidi görərkən ona yaxınlaşmaq, şlyapa və ya papağını çıxartmaq, onu müşayiət etmək zəruridir (1, 344).
Belə bir qədim inanc da var ki, vəfat edən şəxsin yanına ölü doğulan uşaq qoyulsa, o, cənnətə gedəcək (1, 344).
Dostları ilə paylaş: |