Problemin qoyuluşu: Nağılları estetik funksiyasının güclənməsi, insanların mədəni istirahətini təmin edən vasitəyə çevrilməsi söyləyicini nağılların həcmini genişləndirmək, ona epik genişlik qazandırmaq üçün müxtəlif yollar axtarmağa sövq edir. Belə yollardan biri də süjetlərin birləşməsidir ki, bu zaman personajlar, hadisələrin gedişi dinləyicilərə tanış gəlsə də, nağılın maraqlı təqdimatı onlarda xüsusi maraq oyadır. Kontaminasiya probleminin öyrənilməsi nağılyaratma prosesində, nağılçılıq ənənəsinin inkişafında söyləyicilərin rolunun müəyyənləşdirilməsinə, onların yaradıcılıq tərəflərinin üzə çıxarılmasına kömək edəcəyi qənaətindəyik.
İşin məqsədi. Folklorşünaslıqda kontaminasiya haqqında söylənən fikirləri təhlil edərək gəlinən qənaətləri ümumiləşdirmək və Azərbaycan nağllarındakı süjet birləşmələrini öyrənmək üçün lazımi nəzəri bazanı formalaşdırmaq.
Nağılların təsnifatı ilə məşğul olan elə bir şəxsi təsəvvür etmək mümkün deyil ki, kontaminasiya problemi ilə qarşılaşmasın və ya ondan yan keçmiş olsun. Nağılların hansı süjetlərdən təşkil olunması, süjetlərin sərhədinin müəyyənləşdirilməsi, kontaminasiyaların fərqləndirilməsi və s. onların qarşılaşdığı və cavab tapmağa çalışdığı əsas problemlərdən biridir. Antti Aarne və Stis Tompson, həmçinin həmin sistem əsasında hazırlanmış kataloqlarda kontaminasiyaları müəyyənləşdirməyin dəqiq prinsiplərinin verilməməsi süjet nömrələrinin təyin edilməsi zamanı ciddi problemlər yaradır. Beş cildik nağıllar toplusunun ikinci cildində M.H.Təhmasib topludakı nağılların Aarne-Andreyev kataloqu əsasında süjet göstəricisini verməyə cəhd etmişdir. Lakin süjetlərin sərhədi haqqında dəqiq təsəvvürün olmaması, kontaminasiya haqqında biliklərin natamamlığı üzündən xaotik bir göstərici alınmışdır. Məsələn, tərtibçi “Gül Sənavərə neylədi..” nağılının süjet göstəricisini müəyyənləşdirərkən yazır: “Nağılın təqdim olunan variantında başlanğıcdan birinci hissə Aarne-Andreyev göstəricidində №303, üçüncü hissəsi №315, Sənavər hissəsinin başlanğıcı №306, sonu 499 ilə uyğun gəlir. Süjetin orta qismi №530B ilə, oğlanların ovu təpəyə yığdığı yer №570 ilə uyğunluq təşkil edir” (AN, II, 284). Əslində həmin nağıl 327A+538*+532+303+4491 süjetlərinin birləşməsindən təşkil olunub. Tərtibçi bunlardan yalnız üçünü dəqiq müəyyənləşdirə bilir, digərlərinin – 306, 315, 570 saylı süjetlərin isə bu nağılla heç bir əlaqəsi yoxdur. Tərtibçini çaşdıran həmin süjetlərə məxsus müəyyən motivlərin də bu nağılda iştirak etməsidir.
Kontaminasiya sırf söyləyiciliklə bağlıdır və söyləyici amili olan yerdə mütləq özünü göstərəcəkdir. Ona görə də kontaminasiya hadisəsinin iştirak etmədiyi hansısa bir folklor janrını təsəvvür etmək mümkün deyildir. Kontaminasiyanın öyrənilməsi N.M.Vedernikovanın da ifadə etdiyi kimi yaradıcılıq prosesinin yeni tərəflərini açmağa, folklor əsərlərinin bəzi spesifik qanunlarını başa düşməyə, ənənənin rolunu müəyyənləşdirməyə imkan verəcəkdir (Vedernikova 1969, 40).
Dostları ilə paylaş: |