Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli
Azərbaycan folklorundan yeni nümunələr
QAX FOLKLORU
Qax rayonu Böyük Qafqazın cənub yamacında yerləşir. Şimal-şərqdən Rusiya Federasiyası, cənub-qərbdən Gürcüstan ilə həmsərhəddir. Ərazisindən axan Kürmük, Əyriçay və s. çayları rayonun Gürcüstanla sərhədindən axan Qanıx çayı ərazisinə aiddir. Qax, əsasən, tütünçülük, heyvandarlıq, meyvəçilik, taxılçılıq və baramaçılıq rayonudur. Yerli əhalinin məşğuliyyəti, həyat tərzi xalq yaradıcılığında aydın şəkildə əks olunur. Qeyd edəki ki, çapa təqdim etdiyimiz folklor örnəkləri rayonun Sarıbaş və İlisu kəndlərindən toplanmış nümunələrin bir qismini əhatə edir.
Yaşayış məskəni kimi yaranması XIII əsrə aid edilən İlisu kəndinin əhalisi azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Kürmükçay və Ağcaçayın (Hamamçayın) kəsişdiyi ərazidədir. Burada yaşayan söyləyicilərimizlə müxtəlif vaxtlarda görüşmüşük. Olduqca maraqlı məqamlarla rastlaşmışıq. Ən təsirli məqamlardan biri də Tovla tala məhləsində axşamüstü Asiyət nənə ilə uzun çəkən söhbətimizi ertəsi gün eyni vaxta təyin etməyimiz oldu. Görüşə gedərkən qara geyimli kənd qadınlarının Asiyət nənənin dəfnindən gəldiyini eşidincə sarsıldıq. Bu, zəngin folkor ehtiyatına malik insanlarla görüşlərimizin təcili və təxirəsalınmazlığının vacibliyini göstərən daha bir fakt idi.
Sarıbaş kəndinin əsasını Mısafırlar tayfasından olan saxurlar qoymuşdur. Kənd dəniz səviyyəsindən 1800 m yüksəklikdə, İlisudan 7 km şimal-qərbdə Kürmükçayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir. Yüksək dağlarla əhatə olunmuş Sarıbaşın, əsasən yaşlılardan ibarət olan əhalisi olduqca yurda bağlı insanlardır. Diktafon vasitəsilə bölgəyə məxsus folklor örnəklərini yazıya alacağımızı eşidincə həvəslə söhbətə qoşuldular. Mehparə Osmanova sıxılaraq "camaatımızın bu gün az olmasına baxmayın, xoş soraqları Azərbaycanın kənarından gəlir, "Unutmaz bu oba, bu mahal sizi" başlıxlı tədbir keçimişdıx, kənarda yaşiyən sarıbaşlıları çağırmışdıx, gəlmişdilər" söyləyərkən Mahirə Xəlləyeva bu misralarla təsdiqini bildirdi:
Kənardan baxırsan, laçın yuvası
İçinə girirsən, "İçərişəhər".
Böyük şəhərlərdən əzizdir mənə,
Kiçik Sarıbaşı Azərbaycanın.
Qəlbi yurd sevgisi ilə dolu olan, keçmişinə bağlı, ənənələrinə sadiq bu insanların söylədiklərini heç bir müdaxilə etmədən, olduğu kimi də yazıya almışıq.
Dostları ilə paylaş: |