Mahmud ALLAHMANLI
filologiya üzrə elmlər doktoru, professor
Folklor həyatından
AZƏRBAYCANLI ALİMLƏR ƏRZİNCAN ELMİ SİMPOZİUMUNDA
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə müntəzəm olaraq məşğul olur. Bu baxımdan Folklor İnstitutunda mütamadi olaraq düzənlənən Uluslararası folklor simpoziumları, konfranslar və digər elmi tədbirlər mühüm əhəmiyyət daşıyır. İnstitut alimlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Tatarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Dağıstan və s. ölkələrdə keçirilən elmi tədbirlərdə iştirakını da bu sırada xüsusi olaraq qeyd etmək lazımdır. Bu tədbirlərdə Folklor İnstitutunun alimləri fəal iştirak edir, tədbirlərin sonunda çap edilən konfrans və simpozium materiallarında onların adları, məqalələri və tezisləri yer alır. Belə elmi tədbirlərdə türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumiləşdirirlər.
Belə tədbirlərdən biri də 2017-ci il may ayının 11-13-də Türkiyənin Ərzincan şəhərində Ərzincan Universitetinin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜP), işbirliyi, Ərzincan Bələdiyyəsinin və TİKA-nın dəstəyi ilə Ərzincan Universitetində düzənlənən “Uluslararası Axıska Türkləri Simpoziumu” oldu. Simpozium Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Türkiyənin elmi-ədəbi, eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində – 11-12-13 may tarixlərində Ərzincan Üniversitetinin iclas salonlarında baş tutdu.
Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, Türkiyənin və dünyanın 9 ölkəsindən 170-dən çox alim və tədqiqatçının tezis və məruzələri Simpoziumun təşkilat komitəsinə daxil olmuşdur. Dəyərləndirmə zamanı onlardan 135-nin 9 başlıq altında proqrama salınması məqsədəuyğun hesab edilmişdir. Simpozium proqramında türkiyəli alimlərlə yanaşı, doqquz xarici ölkədən olan tədqiqatçı alimlərin məruzələri yer almışdı. Azərbaycandan gələn nümayəndə heyəti 10 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun alim və tədqiqatçıları: AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar idi. Onlarla yanaşı, Ərzincan Simpozyumunda Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları: Elxan Yurdoğlu (Məmmədov), Asəf Orucov, Bağır Babayev və başqaları da iştirakçılar sırasında idilər.
Simpozium öz işinə may ayının 11-də Ərzincan Universitetinin Böyük iclas salonunda açılış (plenar) iclası ilə başladı. Simpozium Sayğı duruşundan sonra İstiqlal Marşının sədaları ilə açıldı. Simpoziumu giriş sözü ilə Ərzincan Bələdiyyəsinin məsul işçisi Mehter Takım açaraq Simpozium iştirakçılarını təbrik etdi və Simpoziuma öz işində uğurlar arzuladı. Sonra Simpoziumda Ərzincan Valisi Ali Arslantaş, Çorum Millətvəkili və TBMM İdarə rəisi Salim Uslu, Ərzincan Universitetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Üzümlü İlçesi Kaymakamı Fatih Acar, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov və başqaları çıxış edərək Simpoziuma dəvət olunmuş alimləri və tədqiqatçıları salamladılar. Çıxış edənlər Ahıska topraqlarının, Anadolu və Türkiyə üçün "açar olduğunu" qeyd edərək, oradan qovulan, yurdsuz-yuvasız edilən Ahıskalıları “qəhrəman” adlandırdılar. Onlar Simpoziumun bu cür geniş tərkiblə keçirilməsinin mühüm elmi-sosial əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladılar.
Açılış iclasından sonra Simpozium iştirakçıları dörd salonda öz işlərini davam etdirmişlər. Simpozium iştirakçıları may ayının 12-də yenə eyni salonlarda fəaliyyətlərini davam etdirmişlər. Bu iclaslarda adı keçən ölkələrin tanınmış elm adamları ilə yanaşı, AMEA Folklor İnstitutunun alim və tədqiqatçıları da biri-birindən məzmunlu məruzələrlə çıxış etdilər. Həmin gün AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Axıska Türk Fıkralarının Başlıca Özellikleri”, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli “Ahıska Türk Folklorunda Vatan Özlemi (Maniler – Bayatılar Esasında)” institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar “Аhıskаlı Âşık Sefi: Hayatı ve Sanatı” mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirakçılar: Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova “Ahıska Türklərində “Koroğlu” Dastanı”, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva “Salkım Söğütlerin Gölgesinde” Romanı’nda Çatışma”, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları olan Elxan Yurdoğlu “Azerbaycandan Toplanmış Ahıska Türklerinin Manilerinde Facialı Yaşam Öyküleri”, Asəf Orucov “Nahçıvan ve Ahıska Türklerinde Adetler ve İnanclar”, Bağır Babayev “Eski Çarlık Rusiyasından Sovyetler Birliğinin Çöküşüne Kadarki Coğrafyada Yaşamış Ahıska Türklerinin Tarihi Kaderi ve Orada Azerbaycanın Yeri Hakkında” adlı məruzələrlə simpoziumda çıxış etdilər.
Mayın 12-də – günün sonunda Ərzincan Üniversitetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Ərzincan Valisi Ali Arslantaş, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov, DATÜB-ün baş katibi Fuat Uçar, Üzümlü İlçesi Kaymakamı Fatih Acar və başqalarının iştirakı ilə “Uluslararası Axıska Türkləri Simpoziumunun” bağlanış iclası keçirildi. Bağlanış iclasında bu beynəlxalq tədbirin işi dəyərləndirildi və Simpozium iştirakçılarına iştirakçı bəlgələri və hədiyyələr təqdim edildi.
Yüksək səviyyədə qarşılanaraq Şanlı Urfa şəhərinin “Böyük Erzincan oteli” və “Sinay otel” mehmanxanalarında yerləşdirilmiş qonaqlar may ayının 13-də Ərzincan şəhərinin bir sıra görməli yerlərini, eləcədə Erğan dağını, “Girevli Şəlaləsini” gəzdilər. Elə həmin gün Simpozium iştirakçıları Ərzincanın Üzümlü ilçəsində yerləşdirilən Axıska türklərini ziyarət etdilər, oların həyat və məişəti ilə yaxından tanış oldular.
Axşama yaxın Ərzincan Simpoziumunun iştirakçılarınının bir hissəsi avtobuslarla Ərzincan şəhərinin mərkəzi avtovağzalına, digər bir hissəsi isə şəhərin hava limanına gətirilib öz vətənlərinə yola salındılar.
Dostları ilə paylaş: |