Folklor xalqı öyrənən elmdir
Folklor söyləndiyi zamanın məhsuludur, çünki keçmiş xatirə, gələcək isə məchuldur. Dili, üslubu, hətta bir çox halda mövzusu da icra edildiyi ana, zamana aiddir. Keçmişdən, mifoloji zamandan bəhs olunsa da bu, folklorun çağdaş olmasına mane olmur, çünki mövzu, məzmun formada, yəni indinin içində təqdim edilir. Mifik anlatı, mifoloji motivlər, mifologemlər, keçmiş tarixi hadisələr məzmun planında özünü göstərir. İcra ortamı, söyləmə şəkli, dinləyici tərkibi, dil, üslub indini, müasirliyi təmsil edir.
Söz müasirlikdən düşmüşkən, folklorun təməl qavramı olan xalq sözünün 200 illik tərifinə də nəzər salmaq lazımdır, çünki xalq qavramı folklorun yönünü, sərhəddini, predmetini müəyyənləşdirən əsas koddur. Məşhur amerikalı folklorçu Alan Dundes 1980-ci ildən etibarən xalq anlayışına yeni bir tərif gətirməklə müasir folklor araşdırmalarının başlanğıcını qoymuş oldu. Alan Dundesə görə “Xalq termini ən azından bir ortaq faktora sahib hər hansı bir insan qrupunu bildirir. Bu qrupu bir-birinə bağlayan faktorun – ortaq bir məslək, dil və ya din ola bilir – nə olduğu önəmli deyildir. Bu faktordan daha önəmli olan nöqtə isə hər hansı bir səbəblə bağlı yaranan qrupun özünə aid etdiyi bəzi ənənələrə sahib olmasıdır.” Nəzəri baxımdan bir qrup ən az iki nəfərdən ibarət olmalıdır... Xalqın bu sadə tərifinə görə bir qrup bir millət qədər böyük və ya bir ailə qədər kiçik ola bilər. (Dundes 2006: 19) Xalqa verilən bu tərif folklor tədqiqatlarında yeni, inqilabi bir dövrün başlanğıcı oldu. Bu yeni postfolklor dövrü özü ilə bərabər yeni problemlər gətirdi ki, bunların həlli yeni araşdırma istiqamətlərinin yaranmasına səbəb oldu.
Postfolklor çağında folklor elminin anlamı, istiqaməti, nəzəriyyəsi, obyekti və predmeti dəyişdi. Bir sözlə, folklorun paradiqması dəyişdi. Folklora və xalqa verilən digər təriflər də xalq sözünün mənaca və məzmunca dəyişdiyindən xəbər verir. (Amos 2006: 37-57) Aradan keçən yarım əsirlik bir zamanda ortaya yeni folklor janrları: memorat, sözlü tarix, mənkabə və s., yeni araşdırma sahələri: folklorun etnoqrafiyası, etnopsixologiya, etnodil və s. çıxdı. Bu müddət ərzində folklorçular xalq termininin içinə girən bir çox qrupların mədəni mirasını, söz və hərəkət dünyasını araşdırmağa başladılar. Bu gün folklor yalnız kəndlərdə yaşayan avam və ya az savadlı insanların söylədikləri mətnlərdən və qədim zamanlardan qalma məlumat olmaqdan çoxdan çıxmışdır. Daha doğrusu, folklorun sahəsi sadəcə kənd deyil, həm də qəsəbə, şəhər və meqaşəhərlərdir. Onu yalnız oxuyub yaza bilməyən yaşlılar deyil, ali təhsilli orta və gənc nəsil də yaşadır. Folklor keçmiş adətlər, ənənələr yığını da deyil, hər gün yaranan, yenilənən mədəniyyət hadisəsidir. Folklor, bu müddət ərzində parametrini də dəyişdi, sərhədləri genişlədi, yuxarıda da dediyimiz kimi kənd folkloru olmaqdan çıxdı, şəhər folkloru, şəhərlərdə yetişən məslək folkloru, ayrı-ayrı dini, siyasi, cinsi, etnik qrupların folkloru və s. kimi sahələrə də yönəldi.
Və beləliklə, ortaya ailə folkloru, şəhər folkloru, qadın folkloru, sənət folkloru, iqtisadi münasibətlər folkloru, dini folklor, daha da incə hissələrə ayrılmış reklam folkloru, həkim lətifələri, dini və etnik yumorlar, dəli gülməcələri, siyasi lətifələr, memoratlar, sözlü tarix və s. çıxdı.
Folklorun bütün zamanlarda ən təməl məsələsi söyləyici-dinləyici problemi olmuşdur. Folklor, dəfələrlə dediymiz kimi ən az iki nəfər tərəfindən: söyləyici və dinləyici/dinləyicilər tərəfindən yaradılır. (Bayat 2009: 79-86; Bayat 2012: 40-51) Postfolklor çağında süni və ya seyirçi dinləyici kütləsi ortaya çıxdı. Beləliklə, hətta klassik folklor mətnləri də qurulmuş, öncədən hazırlanmış auditoruyalarda icra edilməyə başladı.
Hər bir əsrin özəlliyi əslində mövcud yüzilliyin sonlarından etibarən başlamış olur. XXI yüzilin bir çox konseptual məsələləri də XX əsrin 70-ci illərindən sonra qoyulmağa başladı. 1980-lərdə mənəviyyat çöküşünün yaşandığı bir zamanda New Age adlı yeni Avropa dini anlayışı, kürəsəlləşmə dediyimiz və dünya ideologiyasına çevrilmiş qloballaşma ortaya çıxdı. Və fərdiləşən/tənhalaşan insanın mənəvi dünyası daraldı, daha da təhlükəlisi mənəvi çöküş dövrü başladı. Mənəvi çöküşün qarşısını alacaq əsas amillərdən birinin folklor olduğu anlaşıldı. Folklor, elektronik bir çağda ortaya çıxan bir çox mənfilikləri, xüsusən də uşaqların antisosial varlıq kimi yetişməsinin qarşısını alır. Müasirləşmənin gətirdiyi mənfiliklər, görünən o ki, folklor deyilən xalq hikməti ilə bərtəraf ediləcəkdir. Dünya artıq tək güc tərəfindən idarə edilməyə başlandığı bir zamanda mədəniyyətin və mənəviyyatın da ixracı başlamış oldu. Avropamərkəzçi şüur tərəfindən irəli sürülən vahid mədəniyyət, açıq cəmiyyət planı, kiçik xalqların əriməsini, folklorunun yox olmasını nəzərdə tutur. Təhsildə və tərbiyədə tək qütblü mədəniyyət adı altında, əslində, yunan-roma mədəniyyəti, dolayısıyla Avropa yaşayışı şüur altına yeridilir və üçüncü dünya ölkələri mənəvi ərimə təhlükəsi qarşısında qalmış olurlar. Folklor geniş anlamda bütün qeyri-maddi mədəniyyəti, dar anlamda isə xalq bilimi ilə xalq ədəbiyyatını əhatə edir. Avropada arxivə verilən, canlı icra ortamından çıxan klassik folklor və yaşayan yeni folklor nümunələri haqqında nəzəri fikirlər üçüncü dünya ölkələri üçün bağlayıcıdır. Buna baxmayaraq bütün dünyada folklor yeni formalar, məzmunlar alaraq yaşamını sürdürür.
Avropamərkəzçilik tərəfdarı olan elm adamları kürəsəlləşmə (qloballaşma) adı altında folklor mətnləri üçün faydalı ola bilən yeni nəzəriyyələr və tədqiqat metodları yaradırlar. Bunun başlıca səbəbi siyasi və mədəni mənlik hissinin qərbdə şərqə nisbətdə çox gec ortaya çıxmasıdır. Qərb sanki bu gecikmənin heyfini bu gün üçüncü dünya dövlətlərindən çıxartmaq kimi bir hissə qapılmışdır. Mədəni-mənəvi inhisarın bu səviyyədə gerçəkləşdirilməsi qərbin və xüsusən də Amerika Birləşmiş Ştatlarının üçüncü dünya ölkələrinə münasibətində üzə çıxır. Ancaq nə olursa olsun bununla barışmaqdan başqa bir yol yox kimidir. Hər halda Avropa alimlərinin folklor adı altında öyrəndikləri və öyrənmək istədiklərinin çoxu folklorun canlı şəkildə yaşadığı ölklərdə hələ də davam edir. Geriyə qalan folklorun dəyişim və dönüşüm yaşadığını qəbul etməklə onun təbiətinə xas şəkildə araşdırma metodu ortaya qoymaqdır. Bugün klassik mənada folklor janrları – nağıl, dastan, əfsanə yerini memorata, sözlü tarixə, mənkabəyə, dini folklora tərk etmişdir. Əxlaqın zəiflədiyi, mənəviyyatın arxa plana keçirildiyi bir zamanda folklor dini motivlərə, hədislərə yenidən qayıdır. Yazılı bir çox dini mətnlər yenidən söylənməklə ikinci folklor həyatını yaşayır. Hər zaman sözdən yazıya istiqamətlənmiş folklor anlayışının yerini yavaş-yavaş yazıdan sözə keçid anlayışı almaqdadır.
Avropa mifoloji konstruksiyalardan istifadə etməklə yeni yazılı romanlar, filmlər yaradır. Türkiyədə isə yazılı tarix ikinci həyatını – sözə çevrilmiş ömrünü yaşayır. Məsələn, Herodot Cevdətin müasirləşdirilmiş sözlü tarixi kimi və ya başqa dizilərdə dini əhvalat danışan yaşlı biri, cami imamı və s. kimi. Azərbaycan hələ ki, yazının sözə dönüşməsi prosesini yaşamaqda geri qalır, ancaq toplama zamanı söylənən hədislər, mənkabələr, yaxın tarix qismən də olsa yazıdan sözə keçid prosesinin başladığından xəbər verir.
Folklor milli sərvətdir. Onun qorunması da dövlətin himayəsi altında olmalıdır. Ölkəmizdə folklor materiallarının toplanması, araşdırılması prosesi davam edir. Davam etdirənlər orta yaş deyə biləcəyimiz alimlər qrupudur. Hər kəs gücü miqdarında Azərbaycan folklorunu öyrənməyə, heç olmasa bilinən janrları tədqiq etməyə çalışır. Folklorda aşıq sənəti, Dədə Qorqud, gülüş, obrazın ikiləşməsi problemi, klassik və müasir folklorun problemləri, dini folklor, Oğuznamələr, mifoloji sistem, söyləyici məsələsi və s. araşdırılan və araşdırılması davam edən məsələlərdir.
Dünya bir-birini əvəz edən əski çağdan, orta çağa, oradan da yeni bir dövrə – nanotexnologiyanın, kompyuterlərin danışdığı, elektron cihazların az qala insanı tamamən əvəz etdiyi bir çağa ayaq basmışdır. Və ikinci şifahi mədəniyyət çağı başlamışdır. Hal beləykən Azərbaycan kimi müstəqilliyə yeni qədəm basmış, inkişafının ilkin mərhələsini yaşayan bir ölkədə folkloru anlamaq, anlamlandırmaq, sadəcə mədəniyyətimizin deyil, həm də varlığımızın tərkib qismi olduğunu bilmək o qədər də çətin deyildir. Millətləşmə yolunda folklorun önəmini kabinetdə oturub ehkam kəsənlərə, indiki şəraitdən karlı çıxmağa çalışanlara, bir sözlə ötəkilərə anlatmaq bəlkə imkan daxilində olmayacaq, ancaq bizim borcumuz təqdir, bəyəni, əvəz gözləmədən bir tərəfdən yox olan, digər tərəfdən özü özünü yeniləyən folkloru dünya səviyyəsində öyrənməkdir. Bunun formulu necə olacaq, kimsə bilməz, ancaq Folklor İnstitutunun rəhbəri başda olmaqla laboranta qədər hər kəs bir şeylər etməlidir. Zaman bizi sıradan çıxarmadan, biz onun nəbzini tutmalıyıq.
Folklorun toplanması, sistemləşdirilməsi və kitablaşdırılması bu gün vacib məsələlərdən biridir. Hər nə qədər şifahi şəkildə yaşayan mətni yazıya köçürərkən onu təşkil edən sözlər konkret əşyaya çevrilsə də, şifahi söyləmdə mətn və onu təşkil edən ünsürlər: jestlər, mimikalar, əl-qol hərəkətləri, pauza və s. yox olsa da və mətn yazıya keçirilərkən daşlaşmaqla bərabər, yazı ilə göstərilməsi mümkün olmayan ünsürlər itib batsa da, onun toplanıb nəşr olunması mütləqdir. Ona görə də heç bir folklor mətni söyləmə ortamından kənarda müstəqil ola bilməz. Sözlü mətni hazırlayan bütün ön şərtlər (pretekst) folklor poetikasında və ümumiyyətlə, tədqiqatda nəzərə alınmalıdır. Yazılı ədəbi əsərdən fərqli olaraq, şifahi mədəniyyət növləri birinin biliyi və təcrübəsi, istedadı və qabiliyyətinin məhsulu deyil, bütün bir xalqın min illərə dayanan təcrübə və biliyinin məhsuludur. Folklor İnstitutu son üç-dörd ildə 20-25 ildə topladığı qədər material toplamışdır. Hər bir insan əslində bu və ya digər şəkildə folklor daşıyıcısıdır. O baxımdan hər bir insanın ölümü folklorun ölümüdür. Hələ xalq arasında söyləyicilik məharəti, iti yaddaşı ilə seçilən insanların bu gün həyatda olmamaları bizim çox şeylər itirdiyimizdən xəbər verir.
Dostları ilə paylaş: |