D ədə Qorqud ● 2017


Çağdaş folklorun mahiyyəti



Yüklə 2,56 Mb.
səhifə50/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   46   47   48   49   50   51   52   53   ...   184
Çağdaş folklorun mahiyyəti

Dünyada folklor deyilən mədəniyyət hadisəsi özünün üçüncü mərhələsinə gir­miş­dir. Sözlü mədəniyyətin yazılı, oradan da elektronik mədəniyyətə keçdiyi bir vaxt­da folklorun toplanması, xüsusən də öyrənilməsi düşüncə sistemimizi açacaqdır. Bu­nun yolu canlı folklor materialları üzərində aparılan işlərə önəm verməklə başla­ma­lı­dır. Dünyanın bir çox ölkəsində, həmçinin də Türkiyədə magistr və doktorluq disser­­tasiya­larının bö­yük əksəriyyəti toplanan mətnlərin üzərində qurulur. Ona görə də nəzəri fikir canlı mətnə söykəndiyi üçün havadan asılı qalmır. Əks təqdirdə modada olan və modası keçmiş nəzəriyyələrlə aparılan araşdırmalar bizə heç nə verməz.



Açıq demək lazımsa, texnologiyanın gücünə və cazibəsinə məğlub olan klassik folklor sürətlə yox olmaqda, folklorun icra ortamı yavaş-yavaş daralmaqda və tarixə qarışmaqdadır. Bu, qaçıl­mazdır, qarşısıalınmaz bir prosesdir. Hər bir folklor mətni bəlli bir zaman, məkan, məişət, həyat tərzi, hətta dini inanclarla bağlı yaranır. Bazis dəyişdikcə üstqurum, üstqurum dəyişdikcə də folklor dəyişir. Folklor janrlarına tələbat yeni forma alır. Tələb-təklif prinsipinin olduğu sosial-iqtisadi həyatda janrlardan biri və ya bir neçəsi faktiki olaraq “gərəksizləşir”. Yeni mühit, yeni yaşayış tərzi, məişət forması, etik və estetik baxış yeni folklor janrları tələb edir. Daha çox bir adamın adına bağlı lətifə, məzhəkə, məzəli əhvalatlar ortaya çıxır. Spesifik gülüş kəndləri, məsələn, Yardımlıda, Ordubadda Nüsnüs kəndi, Naxçıvanda Nehrəm kəndi, bütövlükdə Şəki rayonu və s. formalaşır. Bir sözlə klassik janrlardan ən çox dəyişikliyə məruz qalan lə­tifələr olur. Həm də lətifələr, məzəli və qəribə əhvalatlar şəklində müasir dövrdə ən aktual folklor janrı hesab olunur. Uzun və ya klassik dastanların yerini qısa tarixi an­latılar, nağılların yerini mənkabələr, mifoloji hekayələrin yerini memoratlar alır. Bu durumda sadəcə olaraq zamanla ayaqlaşmaq, folklorun ruhuna uyğun yeni metod və nəzəriyyələr yaratmaq, toplamadan tədqiqata, təsvirdən analizə keçmək və ya hər ikisini paralel aparmaq lazımdır. Tənəzzülə uğrayan, təhrif olunan folklor hadisəsindən biri də aşıq yaradıcılığıdır. Belə ki, aşıqlığın əsas şərti olan usta-şagird münasibəti artıq unudulmuşdur. Müasir aşıqların çoxunun ustadı olmadığı kimi onu yetişdirən bilici ağsaqqallar məclisi də yoxdur. Aşıq bir növü dekorativ sənət növünə çevril­mişdir. Ona görə də dastan söyləyən aşıq demək olar ki, qalmamışdır. Klassik das­tanları kitablardan oxuyub, əzbərləyib danışan aşıqlarsa var. Bir sözlə, klassik mənada folklor tənəzzül dövrünü yaşayır. Bu tənəzzül hələ XX yüzilin 60-cı illərindən ilk ola­raq Rusiyada gündəmə gəlmişdi. (Проблемы современногo народногo твор­чества 1964)

Heç bir folklor mətni, sadəcə, estetik baxımdan mükəmməl olması, dinləyicidə ancaq zövq yaratmaq funksiyası daşıması ilə təyin edilməz. Folklor ən azından gənc­lə­ri yetişdirmək, tərbiyə etmək, kollektivin birlik və bərabərlik duyğusunu inki­şaf etdir­mək, passionar ruhu qaldırmaq və ən əsası, xalqın tarix, ictimaiyyət, təbiət, biologiya, ov, heyvandarlıq və dini biliklərini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün söy­lə­nir. Folklor həm də milli düşüncənin yetişməsidir, hadisələrə ayıq, tənqidi, etiraz baxı­mın­dan yanaşmaqdır. Folklor poetikası bu kontekst müstə­vi­sində öyrə­nilməlidir. İndi­lik bəzi mövzu qruplarını təqribi də olsa təyin etmək müm­kündür:

Doğum, sünnət, evlənmə və ölüm mərasimlərinin hər birinin alt başlıqları nəzərə alınmaqla öncə toplanması, sonra da araşdırılması vacibdir. Folklor İnstitutu bu işin öhdəsindən gələ biləcək səviyyədədir.

İnanc folklorunu və ya daha geniş mənada dini folkloru toplamaq, ziyarət yer­ləri ilə bağlı (pirlər, ocaqlar, türbələr, qədəm­gah­lar və s.) söylənən mənkabələr, mü­qəddəs yerlərin ziyarət edil­mə səbəbləri (xəstəlik, övlad istəmə, başqa niyyətlər) etnopsixoloji baxım­dan qiymətləndirilməklə öyrənilməsinin zamanı çatmışdır. Bunun üçün Folklor İnstitutunda yetərli kadr olmasa da hər halda bu bir boşluqdur və folklorumuzun mü­hüm hissəsini təşkil edir. Son dövrlərdə dini folklorun daha çox söylənməsi, xüsu­sən də mənkabə janrının geniş yayılması, ocaq və pirlərlə bağlı əhvalatlar, Kər­bə­la ha­di­sə­ləri, məhərrəmlik ritualları, Şəbih tamaşaları yazıdan sözə təkrar prosesin baş­lan­ğıcı­dır. Qismən dini savadı olan adamların, yaşlı nəslin dini əhvalatlara maraq gös­tər­məsi kitablardan oxunan mətnlərin şifahiləşməsidir. Bu da folklorun ikinci həya­tıdır. Bun­la­rın toplanması, araşdırılması xüsusilə vacibdir.

İslamiyyətin qəbulundan sonra demonik miflərin (de­mo­no­logiya) yeni mədə­niy­yətə ayaq uydurduğu görünür. Bu gün cinlə, vurğunla, qarabasmayla, albastıyla, qa­ra­çuxayla bağlı çox insanların onların başagəldi kimi söylədiyi on minlərcə demonik səciyyəli mifik mətn vardır. Dünya folklorşünaslığında buna memorat janrı deyilir. Azər­baycanda bu mövzu da digərləri kimi unudulmuşdur. (Bayat 2007)

Unudulmuş və ya az araşdırılmış mövzulardan biri də xalq inamlarıdır. Buraya astroloji mif izlərindən tutmuş sosial həyatın bütün sahələri daxildir.



İqtisadi folklor və ya bazar folkloru xalqın birbaşa yaşamı ilə bağlı olduğundan sosial münasibətlərin öyrənilməsində mühüm mərhələdir. Bazar və böyük ticarət yer­lərində satıcı və ya əsnaf kəsi­min deyimlərə dayanan şifahi mədəniyyət materialları in­diyə qədər toplanmamışdır. Bazar folkloru bu gün həm materialının güncəlliyi, həm də bolluğu ilə özünəməxsus yerə sahibdir. Kökü əxi təşkilatına dayanan, ancaq post­sovet məkanında xüsusi mülkiyyətin, özəl ticarət strukturlarının ortadan qal­dı­rılması ilə sənətkar və tacir birliklərinin yox olmasından sonra itirilən folklor janr­larındandır. So­vet rejiminin iflas etməsiylə xüsusi mülkiyyətin çəkisinin art­ması nəticəsində Azər­bay­canda və ümumilikdə postsovet mə­kanın­da sənət və ticarət fəaliy­yətlərinin dir­çəl­məsiylə gündəmə gələn bu yeni folklor janrı folklorun müasir araşdırma pred­met­lərin­dəndir.

Yaxın tarixə aid qismən folklorlaşmış materialların toplan­ma­sı və onların şifahi (sözlü) tarix adı altında öyrənilməsi bəlkə də ən va­cib məsələlərdən biridir. Şifahi ta­rix, çox az məqaləni nəzərə almasaq öyrənilməmiş qalmaqdadır. (Bayat 2009: 85-93; Bayat 2010: 171-191) Buraya təbii ki, şifahi tarixin bir növü olan qaçaq folkloru da daxildir. Tarixlə bağlı yeni postfolklor mətnləri yaranmaqdadır. Xüsusən, Türkiyədə “Heredot Cevdet Saati” adlı teleserial bu sahədə spesifik hadisədir. Bilinən tarixi ha­disələri məddahlıq məharəti ilə, XXI yüzilin baxışı ilə yeni yorumu folklorun ikinci yaşamıdır. Televiziya proqramları, özəllliklə də teleseriallar müasir folklorun (post­fol­klor) yaran­dığı əsas məkandır. Həm də onun auditoriyası heç bir icra ortamında ol­madığı qədər genişdir. Teleobrazlar əski qəhrəmanların ikinci ömrüdür, ikinci fəaliy­yət çağıdır.

Qadın və ailə folklorunun öyrənilməsi bir çox məsələlərin aydınlaşdırılmasına sə­bəb olacaqdır. Belə ki, həbəlik, çöpçülük, ara həkimlik kimi sənətkarlıq sahələri qadınlarla bağlıdır. Bu sahə hələ ki, folklorçuların diqqətindən xeyli uzaqdır.

Folklor spesifik mədəniyyət hadisəsi olduğundan o, hər zaman əzbərə və tək­rar­lara söykənmişdir. Mətni quran formulların əzbərlənməsi və təkrarı folklor düşün­cə­sini fərqli bir formada inkişaf etdirir. Əslində söyləyici məqsədli şəkildə hər hansı bir mətni əzbərləmir. Bu əzbər məsələsi söyləyicinin dinləyərək mətni beyninə həkk et­məsidir və həkk etmə də təkrar-təkrar söylənməklə, qəlib ifadələrlə daha da möh­kəm­lənir. Daha açıq desək, əzbər bütöv bir mətni əzbərləmə şəklində deyil, qə­lib­lərlə, formullarla əzbərləmədir. Təkrarlar biliyi və təcrübəni canlı tutduğundan təbii ki, məlum klişelərin, formulların, qəlib ifadələrin, artıq kimi görünən, əslində isə sosial, mədəni və iqtisadi həyatı öyrənməkdə vacib olan haşiyə cümlələrin hesa­bına for­ma­laşır. Yazılı mədəniyyətdə isə təkrara və əzbərə yer qalmadığından düşün­cə artıq görü­nən bütün elementlərdən, xüsusən də danışıq dili üçün xarakterik olan klişelərdən təmiz­lənmiş olur. Şifahi mədəniyyətdə söz daxili danışıqdır, iç dünyanın xəzinəsidir. Yazılı ədəbiyyatda isə söz fikrin və düşüncənin materialıdır. Bütün bun­lar problem kimi söyləyici və dinləyici, ədəbiyyat və folklor münasibətlərinin öyrə­nilməsi ilə müm­­kündür. Azərbaycan folklor elmində söyləyici və söyləyicilik hələ də problem kimi qalır. Hələ nağıl söyləyicisi ilə lətifə söyləyicisinin, müasir folklor mətni yaradan söyləyici ilə dini məzmunlu əhvalat danışan söyləyicinin oxşar və fərqli cəhətləri, mətni necə qurmaları və s. heç toxunulmamış məsələlərdəndir.

Urbanizasiya, meqaşəhərlərin ortaya çıxması, yoxsulluq və başqa səbəblərdən kəndlərdən şəhərlərə köçlərin gətirdiyi yeni bir mədəniyyət mühiti formalaşmışdır. Şəhər folkloru ədəbi dilin ayrı-ayrı bölgələrdən gələn folklor ləhcələri üzərindəki haki­miyyəti, folklor üslubunun yox olmasına, aktiv janrlardan, məsələn, mahnı oxu­maqdan dinləməyə, nağıl danışmaqdan CD nağıllarına qədər yeni forma almasına səbəb ol­muşdur. Bir sözlə, şəhər folklorunun da yenidən qurulması prosesi baş­lamışdır. O hal­da folklorun yox olmasından, ölməsindən deyil, dəyişməsindən, modi­fikasi­ya­sından danışmaq daha doğru olar. Şəhərdə yaranan yeni folklor materialları, şəhərə gə­tirilən hazır folklor nümunələri, müxtəlif folklor mühitlərinin çarpazlaşması və s. kimi prob­lemlər bizim folklorçuların yan keçdiyi araşdırma sahələrindən yalnız biridir. Dünyada və Rusiyada bu problem çoxdan araşdırma mövzusu olmuşdur. (Bax: Белоусов 1987; Современный городской фольклор 2003)

Azərbaycanda Qarabağ problemi, məcburi qaçqın və köçkünlərin başqa bölgə­lər­lə bərabər əsasən, şəhərlərə yerləşməsi ilə yeni bir folklor mühiti – köç folkloru ya­ranmışdır. Dəyişən sosial-iqtisadi həyat şərtləri, mədəni atmosfer və s. folklorun yer­li icra ortamının yerləşdiyi bölgəyə daşınması və yerli folklor özəllikləri ilə çar­paz­laş­ması nəticəsində yeni – qaçqınlıq mövzusunun yaranması prosesi başla­mış­dır. Biz şə­hər folklorunu öyrənmədiyimiz kimi köç folklorundan da xəbərsizik. Təbii ki, qrup folkloru, məslək folkloru, siyasi folklor, sosial təbəqələrin fol­klo­ru da yeni araş­dırma sahələrindəndir.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin