İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” haqqındakı baxışlarını nəzəri-konseptual baxımdan təhlil etməkdir.
Ulu Öndər Heydər Əliyev üçün “Kitabi-Dədə Qorqud” sadəcə Azərbaycan-Oğuz xalqının qədim eposu, ulu abidəsi deyildi. O, bu məsələyə xalqın özünüdərk problemi kimi baxır və abidəyə məhz bu nöqteyi-nəzərdən əhəmiyyət verirdi. Ona görə də xüsusi olaraq vurğulayırdı ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan ictimaiyyəti, kütlə, xalq üçün tanınmalıdır (1; 2, 4; 5; 6).
Ulu Öndərin “Kitabi-Dədə Qorqud” haqqında baxışlar sisteminin öyrənilməsi baxımından onun abidənin məhz “tanınması” haqqındakı vurğusu bir nəzəri-fəlsəfi konsept kimi diqqəti cəlb edir.
Əvvəla, bu məsələ ilk növbədə “Kitabi-Dədə Qorqud” abidəsinin geniş xalq kütlələri içərisində təbliğini nəzərdə tutur. Yəni Ulu Öndərə görə, abidə geniş şəkildə təbliğ olunmalı, hər kəs bu abidəni tanımalı, öyrənməli və bilməlidir.
Ancaq bu fikrin altında Heydər Əliyevin bir müdrik dövlət xadimi, mütəfəkkir şəxsiyyət kimi daha dərin fikirləri durur. Bu fikirlər onun yalnız ədəbi düşüncə və baxışları deyil, eyni zamanda bir dövlət başçısı kimi dövlət və dövlətçilik ideologiyası haqqındakı görüşləridir.
Ulu Öndər Heydər Əliyev müdrik filosof kimi “Kitabi-Dədə Qorqud” abidəsinin Azərbaycan dövlətçilik fəsləfəsindəki yerini hamıdan fərqli dərk edirdi. O, haqlı olaraq, bu abidəni ilk növbədə xalqımızın dövlətçilik mədəniyyətinin fəlsəfəsi kimi görürdü. Həqiqətən də, “Kitabi-Dədə Qorqud” özünün bütün bədii məzmunu ilə dövlətçilik fəlsəfəsinə xidmət edir. Burada bütün obrazlar, bütün süjetlər oğuz dövlətçiliyinin fəlsəfəsini bədii dillə tərənnüm edir. Tədqiqatçı alim Aynur Fərəcova yazır ki, tarixin hər bir dövründə cəmiyyətin öz qəhrəmanları olur və onların münasibətləri dastan yaradıcılığında da əks olunur. “Kitabi-Dədə Qorqud” oğuzların epik abidəsidir. Bu dastandakı bütün qəhrəmanlar və onları birləşdirən, ümumiləşdirən tipoloji model oğuz cəmiyyətinin qəhrəman haqqında düşüncə və təsəvvürlərini əks etdirir. Oğuzlar bir türk xalqı kimi çox qədim tarixə malikdirlər. Oğuz cəmiyyətində çoxlu qəhrəmanlar olmuş, onlar xalqın, elin, yurdun və Oğuz dövlətinin yolunda möhtəşəm qəhrəmanlıqlar göstərmiş, Oğuz elini məhv olmağa qoymamışlar. Oğuzlar göstərdikləri igidliklər sayəsində nəinki özlərini qorumuş, eyni zamanda tarix səhnəsində böyük dövlətlər qurmuşlar. Oğuz cəmiyyəti daim öz qəhrəmanlarını sevmiş, onların haqqında şeirlər, mahnılar, dastanlar qoşmuşlar. “Kitabi-Dədə Qorqud” da bir qəhrəmanlıq dastanı kimi belə qəhrəmanlıq nəğmə və əhvalatlarından yoğrularaq möhtəşəm dastan, milli tarix halına gəlmişdir (3, 10-11).
Məsələlərə dövlətçilik müstəvisindən aydınlıq gətirən professor Cəlal Qasımov isə belə yazır: “Heydər Əliyevin dastandakı müqəddiməyə və onun ilk cümləsinin hikmətinə diqqət yönəltməsi təsadüfi deyildi. Baxmayaraq ki, eposda dövlət-dövlətçiliyi təmsil edən Bayındır xan, Salur Qazan kimi obrazlar var, ancaq Heydər Əliyev üçün ilkin olan Dədə Qorqud obrazıdır. Çünki onun düşüncəsinə görə, dövlətçilik düşüncəsi olmasa, dövlət mövcud ola, yaşaya bilməz. Hər bir dövlətin yaşaması, varlığını sürdürməsi üçün öz dövlətçilik fəlsəfəsini yaratmalıdır. Məhz buna görə ulu öndərin diqqətini ilk növbədə müqəddimə və onun ilk cümləsi və onun müdrik qəhrəmanı Dədə Qorqud cəlb etmişdir.
Müqəddimə – başlanğıc, bünövrədir. Hər bir binanın möhkəmliyi onun bünövrəsindən, «bazis»indən asılı olur. Fikrimizcə, dövlət bir binadırsa, dövlətçilik də onun bünövrəsidir. Bu halda müqəddimədə Heydər Əliyevin diqqətini çəkən əsas məqamlar nədən ibarət idi?
Müqəddimə bu cümlə ilə başlanır: «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından Qorqut ata diyərlər bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, – nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həqq təala anın könlinə ilham edərdi...».
C.Qasımov fikirlərini davam etdirərək göstərir ki, Heydər Əliyevin dediyi bu cümlə Oğuz tarixinin, bu tarixin varislərindən biri kimi Azərbaycan tarixinin bütün müqəddəs milli dəyərlərini özündə ifadə edir. Burada «Rəsul əleyhissəlam zəmanı» ifadəsində birbaşa Məhəmməd peyğəmbər (s.) nəzərdə tutulur. Bu mənada Oğuz eposunu, onun müdrik yaradıcısı Qorqud atanı islam dininin peyğəmbəri Məhəmməd salavatullahın zamanına bağlayan «hökm» islamiyyətə müqəddəs dəyər verən, dinin cəmiyyətdəki rolunu bütün incəliklərinə qədər bilən, dinə qayğısını öz davranışlarında nümunəyə çevirən Heydər Əliyevin diqqətini cəlb etməyə bilməzdi.
Digər tərəfdən, Qorqudun mənsub olduğu Bayat boyu ixtisası etibarı ilə tarixçi olan Heydər Əliyevə Oğuz tarixi ilə bağlı çox şey deyirdi. Bu boydan görkəmli şəxsiyyətlər, istedadlı adamlar, o cümlədən Məhəmməd Füzuli kimi fenomenal şair çıxmışdı.
Bu baxımdan müqəddimənin ilk cümləsində, əslində, oğuz elinin dövlətçilik fəlsəfəsi, bu fəlsəfənin strukturu və mahiyyəti öz təcəssümünü tapmışdı və dövlətçilik fəlsəfəsinin müasir dövrümüzdə canlı təcəssümü olan Heydər Əliyev də məhz bu səbəbdən diqqəti ilk növbədə müqəddiməyə yönəltmişdi” (9. 84-85).
Göründüyü kimi, “Kitabi-Dədə Qorqud” hər səhifəsi, hər cümləsi, hər kəlməsi ilə oğuz dövlətçiliyini tərənnüm edir. Bu cəhətdən folklorşünaslar, filoloqlar üçün bu abidə özünün bədii poetikası baxımından daha çox əhəmiyyət kəsb edirsə, Ulu Öndər Heydər Əliyev üçün “Kitabi-Dədə Qorqud”un əhəmiyyəti onun ilk növbədə oğuz milli kimliyi və oğuz dövlətçiliyinin fəlsəfəsini əks etdirmək baxımından əhəmiyyətli idi. Bunu Heydər Əliyevin aşağıdakı fikrindən də aydın şəkildə görmək olur: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir” (2, 8).
Ulu Öndərin bu fikrini geniş şəkildə təhlil etmiş folklorşünas Yeganə İsmayılova yazır: “Əslində, “Kitabi-Dədə Qorqud” abidəsinin müasir Azərbaycan ədəbiyyatına təsiri probleminin tədqiqinə həsr olunmuş bu tədqiqatın bütün aktuallığı Heydər Əliyevin ölməz və müdrik kəlamında hərtərəfli və aydın şəkildə ifadə olunmuşdur. “Ana kitabımızın” hər bir azərbaycanlı, o cümlədən elm adamları tərəfindən dərindən öyrənilməsi elmin və elm adamlarının milli vətəndaşlıq borcudur. Bu cəhətdən “Kitabi-Dədə Qorqud” dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri problemi Azərbaycan ədəbiyyatşünaslığının son dərəcə zəruri və aktual elmi problemlərindəndir. Belə ki, müasir Azərbaycan ədəbiyyatı “Kitabi-Dədə Qorqud”la sıx və qırılmaz tellərlə bağlıdır. XIX əsrdən elm aləminə bəlli olub, Azərbaycan elmi və ədəbi düşüncə dövriyyəsinə XX əsrin birinci yarısında daxil olmuş “Kitabi-Dədə Qorqud” abidəsi elə həmin zamandan milli ədəbiyyat, mədəniyyət və incəsənətimizə güclü şəkildə təsir etməyə başlamışdır. Həmin təsir fasiləsiz olmuş, onilliklər keçdikcə abidənin ədəbiyyatımıza təsiri getdikcə güclənmiş, “Kitabi-Dədə Qorqud”un obrazlar aləmi, ideya və mövzuları ilə bağlı çoxsaylı nəsr, nəzm və dram əsərləri yazılmış və bu proses indi də davam etməkdədir. “Kitabi-Dədə Qorqud” Azərbaycan tarixinin bütün kəşməkəşlərini özündə inikas edərək onun ayrılmaz, qopmaz parçası olmuş və bizimlə birgə milli müstəqilliyə qovuşmuşdur. Abidə XX əsr sovet totalitarizminin, stalinizmin bütün amansız zərbələrinə sinə gərərək milli varlığımızı dağılmağa qoymamışdır. Özündə Azərbaycan-oğuz xalqının birliyi və vəhdəti ideyalarını daşıyan “Kitabi-Dədə Qorqud” XX əsr tarixinin ən dəhşətli çağlarında ziyalılarımızı sınmağa qoymamış, abidədə daşınan milli birlik, vəhdət və bütövlük ideyaları ədəbiyyat və incəsənətimizə nüfuz edərək kütlələr arasında yayılmış və xalqın mənəviyyatını dağılıb məhv olmaqdan qorumuşdur. “Kitabi-Dədə Qorqud” müasir ədəbi düşüncəni daim milli ideyalarla zənginləşdirmiş və ədəbiyyatda yaşayan bu ideyalar xalqımızı müstəqillik uğrunda mübarizəyə qaldıraraq müstəqilliyə qovuşdurmuşdur. Bu cəhətdən müasir Azərbaycan ədəbiyyatı öz ideya-məzmun və ədəbi-estetik əsasları ilə qırılmaz şəkildə “Kitabi-Dədə Qorqud” abidəsinə bağlı olduğu kimi, bu ədəbiyyatın tədqiqi də bütün istiqamətlərdə “ana kitabımıza” bağlanır (7, 31).
İndi isə Ulu Öndərin abidə haqqındakı bu fikrinin nəzəri-konseptual dərinliklərinə nüfuz etməyə çalışaq.
Dostları ilə paylaş: |