Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Füzuli Bayat
Yadulla ƏLƏKBƏROV
B akı Avrasiya Universitetinin doktorantı
e-mail: yadullaelekberov2@gmail.com
“AZƏRBAYCAN NAĞILLARINDA MİFOLOJİ PERSONAJLAR” PROBLEMİNİN NƏZƏRİ ƏSASLARI
Xülasə
Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqi folklorşünaslığın aktual elmi problemlərindəndir. Mövzunun gərəkliyinin iki əsas cəhəti var:
Birincisi, nağıllar istər Azərbaycan folklorşünaslığında, istərsə də dünyada daim alimlərin diqqət mərkəzində qalmaqda davam edir. Bu cəhət nağıl janrının təbiəti ilə bağlıdır. Belə ki, nağıllar bəşər mədəniyyətinin zəngin məzmun və forma xüsusiyyətlərinə malik janrı kimi özündə folklor dünyagörüşünün çox dərin sirlərini qorumaqdadır. Nağıllar haqqında nə qədər tədqiqat aparılırsa-aparılsın, bu janrın poetik zənginlikləri tükənmək bilmir. Hər yeni nəzəriyyənin, yeni tədqiqat metodunun ortaya çıxması nağılların tədqiqi sahəsində yeni perspektivlər açır. Bu cəhət eyni şəkildə Azərbaycan nağıllarına da aiddir. Nağıllarımızla bağlı bir çox sanballı tədqiqatlar aparılsa da, yeni tədqiqatlara, nağılların yeni mövzular baxımından öyrənilməsinə ehtiyac vardır. Belə məsələlərdən biri də Azərbaycan nağıllarında mifik personajlar problemidir.
İkincisi, nağıl personajlarının mifik xüsusiyyətlərindən mövcud tədqiqatlarda bəhs olunsa da, Azərbaycan nağıllarının mifik personajları bütöv bir sistem halında tədqiqata cəlb olunmamışdır. Burada məsələnin əsas mahiyyəti nağıl personajlarının məhz mifik kontekstdə tədqiqidir. Nağıllar obrazlar baxımından zəngindir. Bu obrazların hər biri müəyyən funksiya daşıyır. Bu funksiya-obrazların bir hissəsi birbaşa mif mənşəlidir. Onların ayrıca tədqiq olunmasına böyük ehtiyac vardır.
Tədqiqatın aparılmasında əsas məqsəd “Azərbaycan nağıllarında mifoloji personajlar” probleminin nəzəri əsaslarının araşdırılmasıdır.
Dostları ilə paylaş: |