Çağdaş folklorun mahiyyəti
Dünyada folklor deyilən mədəniyyət hadisəsi özünün üçüncü mərhələsinə girmişdir. Sözlü mədəniyyətin yazılı, oradan da elektronik mədəniyyətə keçdiyi bir vaxtda folklorun toplanması, xüsusən də öyrənilməsi düşüncə sistemimizi açacaqdır. Bunun yolu canlı folklor materialları üzərində aparılan işlərə önəm verməklə başlamalıdır. Dünyanın bir çox ölkəsində, həmçinin də Türkiyədə magistr və doktorluq dissertasiyalarının böyük əksəriyyəti toplanan mətnlərin üzərində qurulur. Ona görə də nəzəri fikir canlı mətnə söykəndiyi üçün havadan asılı qalmır. Əks təqdirdə modada olan və modası keçmiş nəzəriyyələrlə aparılan araşdırmalar bizə heç nə verməz.
Açıq demək lazımsa, texnologiyanın gücünə və cazibəsinə məğlub olan klassik folklor sürətlə yox olmaqda, folklorun icra ortamı yavaş-yavaş daralmaqda və tarixə qarışmaqdadır. Bu, qaçılmazdır, qarşısıalınmaz bir prosesdir. Hər bir folklor mətni bəlli bir zaman, məkan, məişət, həyat tərzi, hətta dini inanclarla bağlı yaranır. Bazis dəyişdikcə üstqurum, üstqurum dəyişdikcə də folklor dəyişir. Folklor janrlarına tələbat yeni forma alır. Tələb-təklif prinsipinin olduğu sosial-iqtisadi həyatda janrlardan biri və ya bir neçəsi faktiki olaraq “gərəksizləşir”. Yeni mühit, yeni yaşayış tərzi, məişət forması, etik və estetik baxış yeni folklor janrları tələb edir. Daha çox bir adamın adına bağlı lətifə, məzhəkə, məzəli əhvalatlar ortaya çıxır. Spesifik gülüş kəndləri, məsələn, Yardımlıda, Ordubadda Nüsnüs kəndi, Naxçıvanda Nehrəm kəndi, bütövlükdə Şəki rayonu və s. formalaşır. Bir sözlə klassik janrlardan ən çox dəyişikliyə məruz qalan lətifələr olur. Həm də lətifələr, məzəli və qəribə əhvalatlar şəklində müasir dövrdə ən aktual folklor janrı hesab olunur. Uzun və ya klassik dastanların yerini qısa tarixi anlatılar, nağılların yerini mənkabələr, mifoloji hekayələrin yerini memoratlar alır. Bu durumda sadəcə olaraq zamanla ayaqlaşmaq, folklorun ruhuna uyğun yeni metod və nəzəriyyələr yaratmaq, toplamadan tədqiqata, təsvirdən analizə keçmək və ya hər ikisini paralel aparmaq lazımdır. Tənəzzülə uğrayan, təhrif olunan folklor hadisəsindən biri də aşıq yaradıcılığıdır. Belə ki, aşıqlığın əsas şərti olan usta-şagird münasibəti artıq unudulmuşdur. Müasir aşıqların çoxunun ustadı olmadığı kimi onu yetişdirən bilici ağsaqqallar məclisi də yoxdur. Aşıq bir növü dekorativ sənət növünə çevrilmişdir. Ona görə də dastan söyləyən aşıq demək olar ki, qalmamışdır. Klassik dastanları kitablardan oxuyub, əzbərləyib danışan aşıqlarsa var. Bir sözlə, klassik mənada folklor tənəzzül dövrünü yaşayır. Bu tənəzzül hələ XX yüzilin 60-cı illərindən ilk olaraq Rusiyada gündəmə gəlmişdi. (Проблемы современногo народногo творчества 1964)
Heç bir folklor mətni, sadəcə, estetik baxımdan mükəmməl olması, dinləyicidə ancaq zövq yaratmaq funksiyası daşıması ilə təyin edilməz. Folklor ən azından gəncləri yetişdirmək, tərbiyə etmək, kollektivin birlik və bərabərlik duyğusunu inkişaf etdirmək, passionar ruhu qaldırmaq və ən əsası, xalqın tarix, ictimaiyyət, təbiət, biologiya, ov, heyvandarlıq və dini biliklərini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün söylənir. Folklor həm də milli düşüncənin yetişməsidir, hadisələrə ayıq, tənqidi, etiraz baxımından yanaşmaqdır. Folklor poetikası bu kontekst müstəvisində öyrənilməlidir. İndilik bəzi mövzu qruplarını təqribi də olsa təyin etmək mümkündür:
Doğum, sünnət, evlənmə və ölüm mərasimlərinin hər birinin alt başlıqları nəzərə alınmaqla öncə toplanması, sonra da araşdırılması vacibdir. Folklor İnstitutu bu işin öhdəsindən gələ biləcək səviyyədədir.
İnanc folklorunu və ya daha geniş mənada dini folkloru toplamaq, ziyarət yerləri ilə bağlı (pirlər, ocaqlar, türbələr, qədəmgahlar və s.) söylənən mənkabələr, müqəddəs yerlərin ziyarət edilmə səbəbləri (xəstəlik, övlad istəmə, başqa niyyətlər) etnopsixoloji baxımdan qiymətləndirilməklə öyrənilməsinin zamanı çatmışdır. Bunun üçün Folklor İnstitutunda yetərli kadr olmasa da hər halda bu bir boşluqdur və folklorumuzun mühüm hissəsini təşkil edir. Son dövrlərdə dini folklorun daha çox söylənməsi, xüsusən də mənkabə janrının geniş yayılması, ocaq və pirlərlə bağlı əhvalatlar, Kərbəla hadisələri, məhərrəmlik ritualları, Şəbih tamaşaları yazıdan sözə təkrar prosesin başlanğıcıdır. Qismən dini savadı olan adamların, yaşlı nəslin dini əhvalatlara maraq göstərməsi kitablardan oxunan mətnlərin şifahiləşməsidir. Bu da folklorun ikinci həyatıdır. Bunların toplanması, araşdırılması xüsusilə vacibdir.
İslamiyyətin qəbulundan sonra demonik miflərin (demonologiya) yeni mədəniyyətə ayaq uydurduğu görünür. Bu gün cinlə, vurğunla, qarabasmayla, albastıyla, qaraçuxayla bağlı çox insanların onların başagəldi kimi söylədiyi on minlərcə demonik səciyyəli mifik mətn vardır. Dünya folklorşünaslığında buna memorat janrı deyilir. Azərbaycanda bu mövzu da digərləri kimi unudulmuşdur. (Bayat 2007)
Unudulmuş və ya az araşdırılmış mövzulardan biri də xalq inamlarıdır. Buraya astroloji mif izlərindən tutmuş sosial həyatın bütün sahələri daxildir.
İqtisadi folklor və ya bazar folkloru xalqın birbaşa yaşamı ilə bağlı olduğundan sosial münasibətlərin öyrənilməsində mühüm mərhələdir. Bazar və böyük ticarət yerlərində satıcı və ya əsnaf kəsimin deyimlərə dayanan şifahi mədəniyyət materialları indiyə qədər toplanmamışdır. Bazar folkloru bu gün həm materialının güncəlliyi, həm də bolluğu ilə özünəməxsus yerə sahibdir. Kökü əxi təşkilatına dayanan, ancaq postsovet məkanında xüsusi mülkiyyətin, özəl ticarət strukturlarının ortadan qaldırılması ilə sənətkar və tacir birliklərinin yox olmasından sonra itirilən folklor janrlarındandır. Sovet rejiminin iflas etməsiylə xüsusi mülkiyyətin çəkisinin artması nəticəsində Azərbaycanda və ümumilikdə postsovet məkanında sənət və ticarət fəaliyyətlərinin dirçəlməsiylə gündəmə gələn bu yeni folklor janrı folklorun müasir araşdırma predmetlərindəndir.
Yaxın tarixə aid qismən folklorlaşmış materialların toplanması və onların şifahi (sözlü) tarix adı altında öyrənilməsi bəlkə də ən vacib məsələlərdən biridir. Şifahi tarix, çox az məqaləni nəzərə almasaq öyrənilməmiş qalmaqdadır. (Bayat 2009: 85-93; Bayat 2010: 171-191) Buraya təbii ki, şifahi tarixin bir növü olan qaçaq folkloru da daxildir. Tarixlə bağlı yeni postfolklor mətnləri yaranmaqdadır. Xüsusən, Türkiyədə “Heredot Cevdet Saati” adlı teleserial bu sahədə spesifik hadisədir. Bilinən tarixi hadisələri məddahlıq məharəti ilə, XXI yüzilin baxışı ilə yeni yorumu folklorun ikinci yaşamıdır. Televiziya proqramları, özəllliklə də teleseriallar müasir folklorun (postfolklor) yarandığı əsas məkandır. Həm də onun auditoriyası heç bir icra ortamında olmadığı qədər genişdir. Teleobrazlar əski qəhrəmanların ikinci ömrüdür, ikinci fəaliyyət çağıdır.
Qadın və ailə folklorunun öyrənilməsi bir çox məsələlərin aydınlaşdırılmasına səbəb olacaqdır. Belə ki, həbəlik, çöpçülük, ara həkimlik kimi sənətkarlıq sahələri qadınlarla bağlıdır. Bu sahə hələ ki, folklorçuların diqqətindən xeyli uzaqdır.
Folklor spesifik mədəniyyət hadisəsi olduğundan o, hər zaman əzbərə və təkrarlara söykənmişdir. Mətni quran formulların əzbərlənməsi və təkrarı folklor düşüncəsini fərqli bir formada inkişaf etdirir. Əslində söyləyici məqsədli şəkildə hər hansı bir mətni əzbərləmir. Bu əzbər məsələsi söyləyicinin dinləyərək mətni beyninə həkk etməsidir və həkk etmə də təkrar-təkrar söylənməklə, qəlib ifadələrlə daha da möhkəmlənir. Daha açıq desək, əzbər bütöv bir mətni əzbərləmə şəklində deyil, qəliblərlə, formullarla əzbərləmədir. Təkrarlar biliyi və təcrübəni canlı tutduğundan təbii ki, məlum klişelərin, formulların, qəlib ifadələrin, artıq kimi görünən, əslində isə sosial, mədəni və iqtisadi həyatı öyrənməkdə vacib olan haşiyə cümlələrin hesabına formalaşır. Yazılı mədəniyyətdə isə təkrara və əzbərə yer qalmadığından düşüncə artıq görünən bütün elementlərdən, xüsusən də danışıq dili üçün xarakterik olan klişelərdən təmizlənmiş olur. Şifahi mədəniyyətdə söz daxili danışıqdır, iç dünyanın xəzinəsidir. Yazılı ədəbiyyatda isə söz fikrin və düşüncənin materialıdır. Bütün bunlar problem kimi söyləyici və dinləyici, ədəbiyyat və folklor münasibətlərinin öyrənilməsi ilə mümkündür. Azərbaycan folklor elmində söyləyici və söyləyicilik hələ də problem kimi qalır. Hələ nağıl söyləyicisi ilə lətifə söyləyicisinin, müasir folklor mətni yaradan söyləyici ilə dini məzmunlu əhvalat danışan söyləyicinin oxşar və fərqli cəhətləri, mətni necə qurmaları və s. heç toxunulmamış məsələlərdəndir.
Urbanizasiya, meqaşəhərlərin ortaya çıxması, yoxsulluq və başqa səbəblərdən kəndlərdən şəhərlərə köçlərin gətirdiyi yeni bir mədəniyyət mühiti formalaşmışdır. Şəhər folkloru ədəbi dilin ayrı-ayrı bölgələrdən gələn folklor ləhcələri üzərindəki hakimiyyəti, folklor üslubunun yox olmasına, aktiv janrlardan, məsələn, mahnı oxumaqdan dinləməyə, nağıl danışmaqdan CD nağıllarına qədər yeni forma almasına səbəb olmuşdur. Bir sözlə, şəhər folklorunun da yenidən qurulması prosesi başlamışdır. O halda folklorun yox olmasından, ölməsindən deyil, dəyişməsindən, modifikasiyasından danışmaq daha doğru olar. Şəhərdə yaranan yeni folklor materialları, şəhərə gətirilən hazır folklor nümunələri, müxtəlif folklor mühitlərinin çarpazlaşması və s. kimi problemlər bizim folklorçuların yan keçdiyi araşdırma sahələrindən yalnız biridir. Dünyada və Rusiyada bu problem çoxdan araşdırma mövzusu olmuşdur. (Bax: Белоусов 1987; Современный городской фольклор 2003)
Azərbaycanda Qarabağ problemi, məcburi qaçqın və köçkünlərin başqa bölgələrlə bərabər əsasən, şəhərlərə yerləşməsi ilə yeni bir folklor mühiti – köç folkloru yaranmışdır. Dəyişən sosial-iqtisadi həyat şərtləri, mədəni atmosfer və s. folklorun yerli icra ortamının yerləşdiyi bölgəyə daşınması və yerli folklor özəllikləri ilə çarpazlaşması nəticəsində yeni – qaçqınlıq mövzusunun yaranması prosesi başlamışdır. Biz şəhər folklorunu öyrənmədiyimiz kimi köç folklorundan da xəbərsizik. Təbii ki, qrup folkloru, məslək folkloru, siyasi folklor, sosial təbəqələrin folkloru da yeni araşdırma sahələrindəndir.
Dostları ilə paylaş: |