ƏMTQ üçün əhatə dairəsinin müəyyənləşdirilməsi və tələblər
ƏMTQ tətbiq olunan fəaliyyətlər
Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı ƏMTQ haqqında qanuna əlavədə müəyyənləşdirilib. Bu fəaliyyət növlərinin siyahısına karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatı da daxildir.
Əhatə dairəsinin müəyyənləşdirilməsi
Sifarişçidən (sənədi hazırlayan tərəfdən) tələb olunur ki, nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-ni müvafiq səlahiyyətli orqanla (ETSN) ilkin məsləhətləşmələrdən sonra həyata keçirsin. İlkin məsləhətləşmələrdə qiymətləndirmənin məzmununun, həcminin və metodlarının əvvəlcədən müəyyənləşdirilməsi, ƏMTQ sənədində əks olunacaq məlumatların dolğunluğu və düzgünlüyünün təmin edilməsi tələb olunur.
ƏMTQ hesabatı
Ümumi
Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununa uyğun olaraq ƏMTQ hesabatı layihənin işlənmə mərhələsində hazırlanmalı və müvafiq səlahiyyətli orqanın baxışına təqdim edilməlidir.
Hesabat asanlıqla başa düşülən üslubda tərtib edilməli, nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitin ilkin vəziyyətini, ətraf mühitə və insan sağlamlığına mümkün potensial təsirləri, onların aradan qaldırılması yollarını və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi üzrə tövsiyələri müəyyən etməli, giriş və nəticə hissələrindən ibarət olmalıdır.