“Avropa üçün Ətraf Mühit”8, üzv dövlətlərin, o cümlədən Azərbaycanın və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiya (BMTAİK) regionu çərçivəsində digər təşkilatların tərəfdaşlığıdır. “Avropa üçün Ətraf Mühit” tərəfdaşlığının rəhbərliyi və dəstəyi ilə nazirlər səviyyəsində ətraf mühitin mühafizəsinə dair bir sıra konfranslar keçirilmiş və nəticədə bu sənədin 2.5 Bölməsində təsvir olunmuş BMTAİK konvensiyaları yaradılmışdır.
Sənaye standartları və təlimatları
Müxtəlif təşkilatlar tərəfindən Layihəyə müvafiq olan sənaye standartları və təlimatları hazırlanıb və onlar vebsaytlar vasitəsilə ictimaiyyətə və ya müvafiq assosiasiya üzvlərinə açıqdır. Neft Sənayesi üzrə Beynəlxalq Kəşfiyyat və Hasilat Forumu (KvəH Forumu), Beynəlxalq Geofizika Podratçıları Assosiasiyası (IAGC) və Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) standartları HPBS-də xüsusi qeyd edilir. Müvafiq hesab edilən və qabaqcıl beynəlxalq sənaye təcrübələrini əks etdirən digər xüsusi standart və təlimatlara aşağıdakılar daxildir:
Beynəlxalq Maliyyə Korporasiyası (BMK): Ətraf Mühit, Sağlamlıq və Əməyin Təhlükəsizliyi üzrə Təlimatlar. Dənizdə Neft və Qaz Yataqlarının İşlənməsi (2015)9 – BMK-nın ƏMSƏT üzrə Təlimatları ümumi xarakterli və sənayeyə səciyyəvi olan qabaqcıl beynəlxalq sənaye təcrübələrinə dair misalları əhatə edən texniki istinad sənədləridir. Bu təlimatlarda seysmik kəşfiyyat işləri, kəşfiyyat və hasilat məqsədli qazma əməliyyatları, yatağın işlənməsi və hasilatı üzrə fəaliyyətlər, dənizdə boru kəməri əməliyyatları, dənizdə daşıma, tanker yükləmə və boşaltma əməliyyatları, köməkçi və dəstək əməliyyatları və eləcə də istismardan çıxarma işləri ilə bağlı məlumatlar verilib. Orada həmçinin dənizdə aparılan neft-qaz əməliyyatları nəticəsində baş verə biləcək quruya potensial təsirlər də əhatə olunub.
Neft və Qaz Hasilatçılarının Beynəlxalq Assosiasiyası (IOGP): Seysmik Tədqiqatlar və Dənizdəki Məməlilər (2008) – Bu sənəddə seysmik tədqiqat metodları və dəniz məməliləri ilə bağlı potensial təsirlər ümumi şəkildə təsvir olunub.
Seysmik Tədqiqatlar Nəticəsində Dəniz Canlılarına Təsirin və Xəsarət Riskinin Minimuma Endirilməsinə dair Təlimatlar (Təbiətin Mühafizəsi üzrə Birgə Komitə, 2010) – Bu təlimatlarda seysmik tədqiqatların dəniz məməlilərinə yaratdığı narahatlıq riskinin potensial azaldılmasına və xəsarət riskinin cüzi səviyyələrə endirilməsinə yönəlmiş təlimatlar verilib.
İAGC-nin müvafiq təlimatlarına aşağıdakılar daxildir:
Ümumdünya Geofizika Əməliyyatları üçün Ətraf Mühitə dair Təlimat Kitabçası (2013) – Bu təlimat kitabçasında seysmik tədqiqat işləri aparıla biləcək müxtəlif ətraf mühitlər üçün ümumi əməliyyat prosedurları və standartları əhatə olunub. Bu təlimatlar ən çox dənizdəki seysmik tədqiqat işlərinə müvafiqdir, lakin buna baxmayaraq, onlar həmçinin gəmi əməliyyatlarına və riskin azaldılması və tullantıların idarə olunması kimi ümumi məsələlərə də şamil olunur.
Beynəlxalq Geofizika Podratçıları Assosiasiyası (İAGC): Geofizika Əməliyyatları ərzində Balinakimilər üçün Tövsiyə Olunan Təsirazaltma Tədbirləri (2015) – Dənizdə seysmik tədqiqatlar aparılarkən onların balinakimilərə təsirini minimuma endirmək üçün yerinə yetirilməsi tövsiyə olunan təsirazaltma tədbirlərinin xülasəsi təqdim edilib. Sənəddə dəniz məməlilərini müşahidə edən müşahidəçinin vəzifə və cavabdehlikləri, icazə verilmiş tərəfin və seysmik işlər üzrə podratçı şirkətin vəzifə və cavabdehlikləri, göyərtədəki bütün tərəflər arasında əlaqə xətləri və hesabatın verilməsinə dair məlumatlar, mübahisəli halların idarə olunması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə aspektlər və davranış standartları izah edilir.
1Milli Məclis Azərbaycan Respublikasının milli parlamentinin adıdır.
2 “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 13/07/2018 tarixli 1175-VQ nömrəli qanun (aşağıdakı linkdən əldə etmək olar: http://www.e-qanun.az/framework/39511)
3 Bu cədvəl müxtəlif mənbələr əsasında tərtib olunmuşdur, o cümlədən: Birləşmiş Millətlər Təşkilatı 2004, Ekoloji Göstəricilərin Nəzərdən Keçirilməsi Silsiləsi №19 – Azərbaycan; Kyuri və Braun, 2008, Abşeron yarımadası layihəsi üçün bərk tullantıların kompleks idarə olunması sistemi, və Popov 2005, Azərbaycanda şəhər ekologiyasına dair qısa məlumat (AİB nəşri).
4 Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və BMT-nin İnkişaf Proqramı. Azərbaycanda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Prosesi üzrə Məlumat Kitabçası. Bakı, 1996.
5 Məmmədov, A. və Apruzzi, F. (2004) Aİ və Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsinə dəstək. Ətraf mühitə və təbii ehtiyatlardan istifadəyə dair cədvəl şəkilli hesabat. Hesabat “TACIS” üçün hazırlanmışdır.
6 SOFRECO Davamlı İqtisadi və Sosial İnkişaf üzrə Məsləhət Şirkəti (tarixi qeyd olunmayıb) Aİ və Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsinə dəstək, Qanunvericiliyin uyğunlaşdırılmasına dair proqramın layihəsi.
7 Avropa Komissiyası, 2007 . Avropa Qonşuluq və Tərəfdaşlıq Aktı, Azərbaycan Milli İndikativ Proqramı (MİP).
8 Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası BMTAİK (2008) Avropa üçün Ətraf Mühit. Aşağıdakı internet səhifəsindən əldə etmək olar: http://www.unece.org/env/efe/welcome.html Sonuncu dəfə 2015-ci ilin avqust ayında daxil olunub
9 BMK (2015) Dənizdə Neft və Qaz Yataqlarının İşlənməsi üçün Ətraf Mühit, Sağlamlıq və Əməyin Təhlükəsizliyi üzrə Təlimatlar. Aşağıdakı elektron ünvandan əldə edilə bilər: http://www.ifc.org/wps/wcm/connect/f3a7f38048cb251ea609b76bcf395ce1/FINAL_Jun+2015_Offshore+Oil+and+Gas_EHS+Guideline.pdf?MOD=AJPERES [linkə daxil olma tarixi: 26/10/2016]