Sosial institut anlayışı Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur. İnstitut termini (latınca - institutum) təşkilat, bərqəraretmə mənasını verir. Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslarını müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onların köməyi ilə cəmiyyətin sosial strukturu - sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoruyub saxlayır.1 Məsələn, ailə institutu ərlə arvadın nəslin artırılması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydaları, tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqları, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər simvollar sistemi daxildir. Sosial institut dedikdə, insanların obyektiv əlaqələri əsasında formalaşan xüsusi tipli inteqrativ bütövlük başa düşülür. O, cəmiyyətin əsas tələbatlarının ödənilməsində dəyərli ictimai sərvət və prosedurları özündə birləşdirən əlaqə və sosial normaların təşkil olunmuş sistemi kimi çıxış edir. İstənilən sosial institut bu və ya digər sosial tələbatın nəticəsi kimi yaranır. Tələbat olmadıqda və ya tədricən yox olduqda həmin institutun varlığı artıq ictimai həyatın inkişafına mane olur və belə institutlar sosial əlaqələrin ətalətlilik prinsipi üzrə bir müddət fəaliyyət göstərsələr də, əksər hallarda öz fəaliyyətlərini dayandırmalı olurlar. İctimai institutun yaranması və məhvi prosesini zadəganların şərəf nümunəsi hesab olunan duellərin timsalında aydın görmək olar. Məlum olduğu kimi, duellər XVI-XVIII əsrlərdə zadəganlar arasında münasibətləri aydınlaşdırmaq metodu kimi geniş yayılmışdı. Bu şərəf institutu zadəganın öz şərəfini qorumaq və həmin ictimai təbəqənin nümayəndələri arasında münasibətlərin nizamlanması tələbatından yaranmışdı. Tədricən prosedur və normalar sistemi inkişaf edir, özbaşına yaranan dava-dalaşlar ixtisaslaşdırılmış rolları olan (əsas göstəriş verən, sekundantlar, təbiblər, xidmət göstərən personal) yüksək dərəcədə formalaşmış döyüşlərə və yarışlara çevrilirdilər. Bu institut əsasən cəmiyyətin yüksək təbəqəsində qəbul edilmiş zadəgan şərəfı ideologiyasını əsas tuturdu. Duel institutu şərəf kodeksinin müdafiəsi üçün kifayət qədər ciddi qaydalar nəzərdə tuturdu: duelə çağırış alırmış zadəgan ya duelə gəlməli, ya da ictimai həyatdan qorxaq, ağciyər damğası ilə getməli idi. Lakin kapitalist münasibətləri inkişaf etdikcə cəmiyyətdəki etik normalar dəyişildi və zadəgan şərəfinin əldə silahla müdafiəsi lazımsız oldu. Nəticədə bu institut öz mövcudluğunu itirdi. Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, ictimai həyatda qarşıya çıxan müvafıq təlabatların öyrənilməsində və ödənilməsində sosial institutların mühüm əhəmiyyəti vardır. Sosioloqlar göstərirlər ki, hər bir cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər:
1. Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar.
2. Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar.
3. Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutları. Bunlar həyata yeni gələn nəsillərin sosiallaşması, sosial dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi üçün cavabdehdirlər.
4. Qohumlar, ər-arvad, valideynlərlə uşaqlar arasındakı münasibətləri tənzim edən və əhalinin təkrar istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar.
Qeyd olunan institutlar dəqiq işlənmiş ideologiyaya, qayda və normalar sisteminə, həmçinin onların yerinə yetirilməsində inkişaf etmiş sosial nəzarətə əsaslanan insan fəaliyyətinin özünəməxsus formaları kimi çıxış edir. Müasir cəmiyyətin institusional baxımdan necə təşkil olunduğunu aşağıdakı cədvəl əyani surətdə göstərir. Cədvəldən göründüyü kimi, hər bir sosial institutun özünəməxsus spesifik xüsusiyyətləri, həmçinin başqa institutlarla ümumi olan əlamətləri vardır. Hər bir sosial institut öz funksiyalarının yerinə yetirilməsində mövcud imkanları nəzərə almalı, davranış standartını formalaşdırmalı, əsas prinsiplərə sadiq qalmalı, digər institutlarla əlaqələrini genişləndirməlidir. Sosial institutun fəaliyyəti və inkişafı onun xarakteri və məzmunundan irəli gələn spesifik xüsusiyyətlərə, məsələn, utilitar mədəniyyət cizgilərinə malik olmalıdır. Bəzi institutlar inkişaf etmiş institutlardan fərqli olaraq ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir.