Dekorativ incəsənətdə məhdud həndəsi şaquli düz və qırıq xətt anlayışı müxtəlif ölçülərdə əksər xalçaların kompozisiya quruluşlarında əsas, köməkçi və doldurucu elementlər kimi iştirak edir. Demək olar ki, xalça kompozisiyalarına məxsus bütün haşiyələrin, şaquli düz xətt boyunca tərtib olunmuş hissəsində “tək su”, “içli su”, “qoşa su”, “köhnə su”, “enli su”, “kəsmə su”, “çox zolaqlı”, “siçan dişi” (qırıq xətli), “alamuncuq” (qırıq xətli) və digər adlarla adlandırılmış elementlər “dirək”, “göy suyu” (şəlalə), “yada daşı” (yağış), göz və nəzərdən qoruyan “şüvül”, “sütun” timsalında semantik məna daşıyıcılarıdır.
Digər xalçaların, haşiyəsindən asılı olmayaraq, bəzi xalça kompozisiyalarının ara sahə hissəsində şaquli düz və qırıq xətt simvollarını ifadə etdirən elementlərin iştirakı bir çox mətləblərdən xəbər verir. Əsasən ritual tipli “Ağaclı”, “Sütunlu”, “Namazlıq”, “Məkkə - Mədinə” və başqa Sufi mənşəli xalçalar da “Qaba ağac” və “sütun” elementi simasında əksər xalça kompozisiyalarının quruluşunda yer almış və simvol xarakterli əsas elementə çevrilmişdir. Burada “sütun” anlayışı türkdilli xalqların təfəkküründə “Qaba ağac” (dirək) məfhumundan qaynaqlanmış mifik obrazdır. Bu simvol dünyanın müqəddəs oxu, ilahi güc, həyat və kosmik enerji, saxlayıcı, qoruyucu, həmçinin, etibarlılıq rəmzi kimi məşhurdur.
Dostları ilə paylaş: |