İşin məqsədi. Oğuz epik sistemində, oğuznamə mətnlərində, xüsusilə DQK-də indiyə qədər gizli qalmış mifologem(lər)i aprobasiya edib elmi auditoriyaya təqdim etməkdir.
Oğuz elinin yeyilməsi strukturda şifrələnmiş məlumat səviyyəsindən bərpa olunan mifologem olaraq (“Tülu quşun yavrusı” da mifologemdir) nağıl təhkiyəsinə transformasiya olunan “Əjdahanın suyun qabağını kəsməsi” motivi kimi üzə çıxır. “Məlikməhəmməd” nağılında əjdahanın hər gün bir qız yeməsi və onları yediyi zaman da müvəqqəti olaraq suyun qabağının açılması (1, 21) mətn strukturunda anaxaqanlığın ataxaqanlıqla əvəzlənməsini məlumat olaraq saxlayırsa, müəyyən bir toplumun, elin, elatın ritual ənənəsini qurban vermə aktını işarələyirsə, digər tərəfdən də “yeyilmə situasiyasının” qəhrəman törətmə funksiyası olduğu (nağılda Məlikməhəmməd, dastanda Basat) aşkarlanır. DQK-də isə belə görünür ki, Qazan xanın Basata mane olmaq istəməsi qəhrəmanlıq aktının “bezə, miskin umıdı” olaraq özü tərəfindən həyata keçirməli olması, əgər o bacarmayıbsa, digərlərinin buna cəhd etməsinin mənasızlığını əsaslandırmasından irəli gəlir. Qazan xanın Təpəgözlə savaşıb ona qalib gələ bilmədiyini dediyi kimi, eyni semantik cərgəyə aid olan yeddi başlı əjdaha ilə savaşının da eyni nəticə verdiyini deməsi həm bu aktın yalnız ona məxsusluğunu iddia etməsini göstərir, həmçinin də zaman anlamında hələlik “yeyilməklik dövrünü” işarələməklə eyni mif motivini (mifologemi) şərtləndirir. Təpəgözlə savaşında:
Qara uran qopdı Dəpəgöz,
Ərş yüzində çevirdim, alımadım, Basat!
Qara qaplan qopdı Dəpəgöz,
Qara-qara tağlarda çevirdim, alımadım, Basat!
Qağan aslan qopdı Dəpəgöz,
Qalın sazlarda çevirdim, alımadım Basat! (2, 100).
Yeddibaşlı əjdaha ilə savaşında: –
Yedi başlu əjdərhaya yetüb vardım,
Heybətindən sol gözüm yaşardı.
Hey gözüm, namərd gözüm, müxənnət gözüm,
Bir yılandan nə var ki, qorxdun! – dedim (2, 117, 118) deyir.
Diqqət edilsə, aydın görünər ki, Qazan xan burada gözündən şikayət edir, onu namərd adlandırır. Basat da məhz Təpəgözə gözünü çıxarmaqla qalib gəlir. Qazanın gözünün müxənnət olmasına səbəb olan xtonik varlığın (əjdahanın, ilanın semantik düzümdə Təpəgözün) gözünün Basat tərəfindən çıxarılması Qazan üzərində üstünlüyü, hətta onun umıdı olması anlamını işarələməklə bərabər strukturda əhəmiyyətli lay səviyyəsini aşkarlayır. Təpəgözün zəif olan yeri “gözündən ğeyri yerdə ət yoqdır” (2, 101) epik mətndə mifologem olaraq üzə çıxır, Təpəgöz-Polifem variasiyası, motiv səviyyəsi olduğu kimi, “Təpəgöz gözü” də “Axilles dabanı” ilə türk-oğuz-yunan mifoloji strukturunun mifologem görüntüləridir. Mənfi və müsbət anlamların situasiya təzahürü olaraq mənfidə (Təpəgözdə) müsbətdə (Axillesdə) aşkara çıxan faktor eyni, funksiya isə işlənmə situasiyasına görə bir-birinə ziddir. K.Abdulla Təpəgözün birgözlü olmasını qəhrəmanlıq aktının törənməsi üçün əvvəldən hazırlanan mif strategiyası, kompozisiya tələbatı kimi dəyərləndirir. Əgər Təpəgöz iki gözlü olsaydı, Basat onun bir gözünü çıxararkən Təpəgöz onu ikinci gözü ilə görüb həlak edə bilərdi (3, 124-125). Diqqət çəkdiyimiz kimi Basat Təpəgözə ona görə qalib gələ bilir ki, onun gözünü çıxarır. Həmçinin onun gözünü çıxarmaq imkanı mətndə reallaşır. Lakin bu təkcə Təpəgözün bir gözünün olması səbəbindən deyil, o tək gözün nəyi ifadə etməsi, hansı semantik anlamla yüklənməsi səbəbindəndir. S.Rzasoy bu anlamı “gözdən doğulma” mifologemi olaraq açıqlayarkən Təpəgözün günəşi oğurladığını (divin və əjdahanın nağıllardakı funksiyası), oğurlanmış günəşin onun gözündə udulduğunu, Basatın isə onun gözünü çıxarmaqla günəşi azad etdiyini yazır və Oğuz elinin günəşinin özünə qaytarılması funksiyasının Basatda işarələndiyini qeyd edir (4, 138, 39). Beləliklə, aydın olur ki, Basat Təpəgözün gözünü çıxarmaqla “Tülu quşun yavrusı”, yəni doğan günəşin yaxını, balası, Oğuz elinin “Bezə, miskin umıdı” olmasını iddia edir və Bozoq yerinin ona məxsus olmasını bildirməklə xan öyünclərinin də sahibi olmasını görüntüləyir. Hər halda bu ozan təhkiyəsinin mükəmməl işarəviliyi ilə bərabər məlumat şəbəkəsinin şüurdan mətnə köçürülən kod sistemindən mexaniki olaraq aşkarlanır. Əslində Basat Təpəgözə qalib gəlməli deyildi. Çünki Təpəgöz Basata ölümünün gözündən deyil, Oğuz elinin yığılıb gəlib onun üstünə hücum çəkdiyində öz atdığı sal qayaların başına düşməsindən, öz başına daş salmasından olacağını gözlədiyini deyir:
Qalın Oğuz bəgləri üzərimə yığılub gələ, derdim.
Qaçubanı salaxana qayasına girəm, – derdim.
Ağır mancılaq taşla atam, derdim.
Enüb taş, başıma düşibən öləm, derdim (4, 103).
Məhz Oğuz elinin yığılıb gəlməsi, Qalın Oğuzun ona (hətta yerini belə müəyyən edir) hücum etməsi təbiidir ki, Qalın Oğuzun başçısı, “Bezə, miskin umıdı” Qazan xanla reallaşa bilər (Bayındır xan ənənəvi olaraq savaşlarda iştirak etmir). Demək, Basat Təpəgözün üstünə getməmiş hələ Təpəgöz bilirdi ki, Qazan xan “Bezə, miskin umıdı” olaraq ona qalib gəlməlidir. Lakin hələ bunun zamanı çatmayıb və oğuz elinin yeyilməsi davam edir. Qazanın Basatı saxlaması bu dayanmış funksiyanın bir gün işə düşəcəyindən, bunun isə yalnız Qazanın özü ilə reallaşacağından xəbərdar olmasından da irəli gəlir. Məhz “Oğuzun yeyilməsi” dayandıqdan sonra Qazanın xtonik varlığa, Təpəgözlə eyni semantik cərgəni təşkil edən nəhəng “İlana qalib gəlməsi, onun başını kəsməsi” Əbülqazi Oğuznaməsinə düşən Dədə Qorqud tartımında aşkarlanır:
Mavi göydən enib gəldi canlı ilan,
Hər adamı udar idi görən zaman.
Salur Qazan başını kəsdi, vermədi aman,
Alplar, bəylər görən varmı Qazan kimi?! (5, 98).
Halbuki Dədə Qorqud Oğuznaməsində Qazan xanın əjdahaya gücü çatmaması, heybətindən namərd gözünün yaşarması deyilir (2, 118). Bəs necə olur ki, Basat bu gələcək zamanı qabaqlayır və Təpəgözün həlakını gerçəkləşdirir? Çünki Basat Qazan xanı eşitməyib ata-anasını, “Bezə, miskin umıdı” olmağa qurban verir. Öz ata və anasının Qaba ağac və Qağan aslan (onu bəsləyən şir və ulu nənə) olduğunu elan edib bioloji atanı (Aruzu) daha uzaq əcdada və mənəvi – mifoloji atası olan Qaba ağaca (dünya ağacı və Oğuz xan) dəyişir, bu ata-anaya söykənib Təpəgözə qalib gəlir. Elə bu səbəbdən də Basat XII boyda Aruzun yanında görünmür, onun həlak edilməsinə laqeyd qalır. Qazanın Aruzun başını kəsdirməsi müxtəlif struktur-semantik törəmələrlə birlikdə eyni zamanda “Bezə miskin umıdı”nın Basatdan geri alınmasına xidmət edir. Axı Aruz da Təpəgöz kimi xaosu təmsil edib hətta xaotik keyfiyyətləri ilə diqqət çəkir. O at ağuzlu qoca Aruzdur (2, 42). Eyni anlamın situasiyadan asılı olaraq mənfi və müsbət şəkildə işlənməsi imkan verir ki, bu situasiyada Aruz xtonik anlamları özündə cəmləsin. Hətta Təpəgözün tək gözündən ehtiyat etməyən Aruz onu oğulluğa da götürür (2, 99). Çünki bu vəziyyətdə Aruz Təpəgöz ilə öz arasında ümumi oxşarlıq sezir (tək gözlü-at ağızlı) Basatın Təpəgözə “ağsaqqallı-ağbirçəkli ata-anasını incitməsini, qardaşı Qıyan Səlcuğu öldürməsini” deməsi onun savaşı üçün əsas olsa da, (2, 102-103) əslində Basat Aruzdan incikliyini müxtəlif görüntülərlə üzə çıxarır və Bozoq (Dış Oğuz) tayfasının itirilmiş hüquqlarını, ali hakim statusunu bərpa etməyə çalışır. Beyrəyin öz xatunundan qorxu keçirməsi, onu Basatın gəlib sahiblənə biləcəyi və Qazanın oğlu Uruzun onu almasını vəsiyyət etməsi Bozoqdan olan xatunun Bozoq davası aparan Basat tərəfindən Bozoqa qaytarılması strategiyası kimi reallaşma təhlükəsi yaradır. Basatın “Tülu quşun yavrusı”, “Bezə, miskin umıdı” və s. təyinlərin, ümumiyyətlə, Bozoqun sağ yerinin özünə qaytarılması üçün apardığı mücadilə məhz Təpəgözlə savaşında da üzə çıxır. Aruzun da eyni mücadilədə iştirakı görünür ki, Basatı qane etmir. Çünki Təpəgözün oğuza çıxışını, yığanaq içindən çıxmasını, sonra onu oğulluğa götürməsini reallaşdıran Aruz açıq şəkildə olmasa da, psixi-antipatik davranışlar səviyyəsində Basat tərəfindən qəbul olunmur. Basatın günəşi xilas etməsi məhz oğuzun yeyilmə aktının dayandırılmasını şərtləndirir. Əks təqdirdə, qeyd etdiyimiz kimi, Basat bu savaşda məğlub olmalı, oğuzun yeyilməsi davam etməli, Qazan xanın başçılığı ilə Qalın Oğuz nizamlı hücuma keçməli, Təpəgözün oğuza atdığı sal qayalardan birinin öz başına düşməsi nəticəsində həlak olması baş verməli idi. Nəhəngin həlakını özündən nəhəng olan reallaşdıra bilərdi. Basatın isə onu zəif yerindən – gözündən tələf etməsi epik səviyyədə qəhrəmanlıq aktını görüntüləyən situasiyaları dəyişdirməyə xidmət edirsə, mətn altında işarələnən “günəşin azad olunması” motivinin üzdə deyil, kod səviyyəsində saxlanılmasını diqqətə çatdırır. Eyni zamanda, qeyd etdiyimiz kimi, Bozoq-Uçoq ziddiyyəti olaraq “Tülu quşun yavrusı” təyinindən sonra “Bezə, miskin umıdı”nın ona məxsus olması iddiası mətndə daşlaşmışdır. Özü də bu ziddiyyət ən müxtəlif obrazlar səviyyəsində DQK mətni boyu davam edir. Lakin bu xilasetmə funksiyası Basatın bu təyinləri əldə edə bilməsini mətnin epik təzahüründə görüntüləmir. Çünki yuxarıda diqqət çəkdiyimiz kimi, Basat özü Təpəgözə qarşı tarazlığı bərpa etsə də, kosmos-xaos oppozisiyasında kosmosu səciyyələndirsə də, digər situasiyalarda xtonikliyi ifadə edir.
1. Basat cəmiyyətdən təbiətə düşsə də, təbiətə meyllidir, ona can atır;
2. Basat Oğuz törəsini pozub icazəsiz aqıncılıq edir. Halbuki aqıncılığa getmək üçün Bayındırın və Qazanın icazəsi olmalıdır;
3. Basat Beyrək evinə hücum edib onun malına və namusuna təcavüz edə bilər;
4. Basatın atası Aruz Oğuz elinin parçalanmasının faktiki səbəbkarıdır (O, Beyrəyi öldürür);
5. Basat Təpəgözün “əmdi qardaşı” (süd qardaşı)dır (2, 98, 94, 110, 125, 102).
Hər halda Basata bu münasibət kosmosda olan Basatı xaosda yerləşdirir. Məhz bu səbəbdən də “Tülu quşun yavrusı”, “Bezə, miskin umıdı” və s. təyinlərin sahibliyi Bayındır və Qazanın təyini olaraq daşınır. Oğuz eli umudsuz olub, yeddi kərə Təpəgöz əlindən qaçıb, ən çətin vəziyyətdə qalıb yeyilmə ziyafətinə razılaşdığı zamanda belə qəhrəman aktı olaraq meydana çıxan Basat oğuzu xilas etsə də, yenə də oğuz dilində qəbul olunmur, yuxarıdakı izləmələrdə xaotik məkana daxil edilir. Çünki Oğuz elinin ali idarəçilik statusunu daşıyan Bayındır-Qazan birliyi xanlıq üsuli-idarəsinin ideoloji təbliğatının tərkib hissəsi olan “xan öyüncləri”nin sahibi olaraq ozan təhkiyəsində səciyyələnməlidir.
Dostları ilə paylaş: |