DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu



Yüklə 1,49 Mb.
səhifə119/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   115   116   117   118   119   120   121   122   ...   131
Aynurə SADIQQIZI
BAYATILAR
AĞILAR

Aşığ ellər ayrısı,

Sona göllər ayrısı.

Bir gününə dözmürdüy,

Olduğ illər ayrısı.


Dağların sarı gülü,

Ağ güli, sarı güli.

Biz fələyə neynədüy,

Görmədüy tarı güni.


Gecənin yarısında,

Ağ dəsmal qarısında.

Sizi kimlər qarğıdı,

Qalduz yol yarısında.


O taya düşən öylər,

Düşüb düzülüşən öylər.

Gəlsin düşman başına

Bizə gülüşən öylər.


Bu yollar İnçə gedər,

İnçələr, inçə gedər.

Gül var ki, xəndan olar,

Bizimki qönçə gedər.


Bülbüllər fiğan eylər,

Ərşə çıxar, qan eylər.

Bu zülmü siz eylədüz,

Bını hansı xan eylər?!


Maral durduğu yerdə,

Boynın burdığı yerdə.

Ovçı, əlün qurusun

Onı vırduğun yerdə.


Getdi gülüm, ağlaram,

Soldu gülüm, ağlaram.

Əsdi vədəsiz küləy,

Tökdü gülüm, ağlaram.


Hüseynim Şama gedib,

Şam yana-yana gedib.

Kəsilib Hüseynin başı,

Qan dama-dama gedib.


Bu yola gedən gəlməz,

Bilmirəm, neydən gəlməz.

Qurar çadır otağın,

Çıxar cərgədən, gəlməz.


Dərtdi-dərtdi ağlama,

Hava sərtdi, ağlama.

Bizi dərtdi görmüsən,

Çox da dərtdi ağlama.

Gəl gedəy Daşbulağa,

Suyu sərxoş bulağa.

Birin sən di, birin mən,

Tökəy qan-yaş bulağa.


Kərbəla dağ oleydi,

Dört yanı bağ oleydi.

Elə biz gələn yerdə

Zeynabım sağ oleydi.


Kərbalada daş ağlar,

Daş ağlar, yavaş ağlar.

Yezidin, Şümürün fəhminnən

Xanım Zeynabım yavaş ağlar.


Nərgizzər, ay nərgizzər,

Top-top bitən nərgizzər.

Hayıf sizin canuuzdan

Torpağ örtər, yer gizdər.


Sarı nətəhər oldı,

Soldı, nətəhər oldı?

Sizin ağrıyan canuuz

Yerdə nətəhər oldı?!


Dəsmaluu ağ saxlaram,

Yuyaram ağ saxlaram.

Bir də əlimə düşsün,

Səni qonağ saxlaram.


Ev, səni tikən hanı,

Tikib tikdirən hanı?

Ev, sənnən soruşuram,

Bəs səni tikən hanı?


Ev tikdüy yalan-yalan,

Ömrümə tüşdü talan.

Hamı ev tikdi, sevindi,

Biz tikdüy talan-talan.


Bağda gülə nə gəldi,

Soldu, gülə nə gəldi,

Hamı gül əkdi, gül dərdi,

Bizdə gülə nə gəldi?


Göydə gedən göycə quş,

Qanad saxla, yerə düş.

Axşamnan ol qonağmız,

Obaşdannan yola düş.


Aşığ ellərdə də var,

Sona göllərdə də var.

Belənçiy zülüm çəkməy

Bizim ellərdə də var.


Bırda yaralı çoxdu,

Halı yaralı çoxdu.

Bostanı dolı vırmış,

Dərtdi, yaralı çoxdı.


Əyağım yalın iydi,

Tikanım qalın iydi.

Mən ölməy issəmirdim,

Cəlladım zalım iydi.


Bülübülüm lal olubdu,

Gülü xəndan olubdu.

Hər səhər oxuyan bulbul

İndi lal olubdu.


Ağajda xəzəl ağlar,

Dibində gözəl ağlar.

Biz bu dili bilmərüy,

Anası gözəl ağlar.


Göydə gedən quşa bax,

Qanadında daşa bax.

Aləmə yağış yağdı,

Bizə yağan daşa bax.


Əzrahıl, ağzun yekə,

Dadandun bizim kökə.

Dəymiş qoydun, kal dərdün,

Qoymadun kama yetə.


Çıxıram dala mən də,

Baxıram yola mən də.

Gözətdiyrəm, gəlməsün,

Çəkirəm nala mən də.


Evcigəzüü bəzərəm,

Dörd bi yanın gəzərəm.

Gözətdiyrəm, gəlməsün,

Evünnən də bezərəm.


Yaralı, yarun necədi?

Qəmnən arun necədi?

Bizim yaramız sağalmaz,

Sizün yaruuz necədi?


Gəlmişüy görəy səni,

Açmışuğ hörəy səni.

Nə qapun var, nə pəncərün,

Bəs hardan görəy səni?


Yükü yığduğ düzünə,

Pərdə verdüy üzünə.

Bəzədüy yola salduğ,

Həsrət qalduğ üzünə.


Fələyi dindireydim,

Dindirib güldüreydim.

Bizə yazı yazanda

Qələmin sındıreydim.


Aman fələy, dad fələy,

Göölü xumar, şad fələy,

Bizə verdiyün tamnan

Özün də bir dad, fələy.


Bu dağlar qoşa dağlar,

Verib baş-başa dağlar.

Yol verün toysuzzar gəlsin,

Yol verün gedənnər gəlsin,

Dönmiyün daşa, dağlar.
Qardaş, gəl gedmə bizdən,

Qar yağar, olar dizdən.

Qar yağar, girvə bağlar,

Səni yad edər bizdən.


Mənim anam oleydi,

Anam yanımı aleydi.

Diyeydim umman dərdimi,

Anam abdal oleydi.

Yemiş imiş,

Yiməli yemiş imiş.

Bizim sənnən xəbərmiz yox,

Dərt səni yemiş imiş.


Quzum, quzum, xal quzum,

Üstü dolu xal quzum,

Duman gəldi itirdim,

Duman getdi, gəl, quzum.


Mələ, qoyunum, mələ,

Quzusun verməz ələ.

Biz mələdüy gəlmədi,

Sən mələ, bəlkə, gələ.

Laylay, quzum, a laylay,

Körpə quzum, a laylay.


Laylay didim, yatasan,

Qızılgülə batasan,

Qızılgül kölgəsində

Şirin yuxu tapasan.

Laylay, quzum, a laylay,

Körpəm, laylay, a laylay.


Laylayın qaydası var,

Çalmağa qaydası var.

Belənçiy ölüm olmaz,

Ölümün qaydası var.


Yetimin yekə dərdi,

Yüklənib yükə dərdi.

Nə mal çəkməz, nə pıl çəkməz,

Fil ola, çəkə dərdi.


Bu işdər zülüm işdər,

Zülm işi kimlər işdər?

Bunu bizdən irəli

Çəkənnər fil imişdər.


Hər işdər yola gedər,

Yollaşar, yola gedər.

Hayıf sizin canuuzdan,

Torpağ altda zaya gedər.




Söylədi: Səlimova Balacaxanım İsrail qızı.1961 təvəllüdlü, 8 illik məktəbi bitirib. Salyan rayonu Yenikənd (köhnə adı Aşağı Xələc) kəndi

Bağa girdim bağmansız,

Dəvə görmüşəm karvansız.



Məəm bi qızım həkimiydi, ölüb

Mən diyrəm, helə bilirdim həkimlər ölmir,

Çünki həkim olmur dərmansız.


Mən aşığ, xəliləm mən,

Dərd əlinnən zəliləm mən.

Ayrılannar qoy ayrılsın,

Ayrılma, ay oğul, ölürəm mən.


Didi, mən aşığ, gülə naz,

Bülbül eylər gülə naz.

O qədər bu dünya qəmnən keçib,

Ağlıyan çoxdu, gülən az...


Diyir, duman gəldi dağlara,

Şeh qoyub budağlara.

Hayıf sənnən, ay bala,

Qarışdun torpağlara.


Diyir, şəkilə bax, şəkilə,

Şəkil yerə tökülə.

Qiyamət onda olar ki,

Torpağdan öylər tikilə.


Didim, mən aşığ, xəzəl ağlar, ay bala,

Altında gözəl ağlar.

Ay balası ölən analar,

Gecə-gündüzdən bezər ağlar.


Didi, mən aşığ, bir dənəsən,

Sədəfsən, dür dənəsən,

Diyir, bala, bala, mən ölüm sənə qurban,

Sən ölməginən, bir dənəsən, bir dənəsən.


Diyir, mən aşığ, ulu dağlar,

Çeşməsi sulu dağlar,

Ay çeşməsi sulu dağlar, sulu dağlar.

Burda diyir, bir cavan ölüb,

Göy kişnər, bulud ağlar, bulud ağlar...


Söylədi: Kərbalayi Səkinə Reyhan qızı. 1930 təvəllüdlü, 1 sinif oxuyub, tə­qaüd­çü. Salyan rayonu Çuxanlı kəndi


DİNİ RƏVAYƏTLƏR
Musa peyğəmbərin gor qonşusu

Bir dəfə Musa peyqummər yatdı yuxuda didi ki, ay Allah, görüm mənim əhlət qonşum kim olacağ? Yani ölənnən soora... Ona gora da ona Cənab-Cəbrayıl gəlib xəbər eylədi:

– Ya Musa, kəndin o başında Həsən addı bi kişi var, əhlət qooşun odu, gedib onı taparsan.

Musa peyqummər hasasın götürüb getdi Həsənin qapısına, salam eylədi. Gördü Həsənin bi əlində haftağa, bi əlində ləyən çıxır lərtvannan yuxarı. Amma o da bilmirdi ki, gələn kimdi, Musa peyqummərdi, ya kimdi. Həsən bilmirdi, gələn kimdi. Salamın aldı, getdi gördü bi iri taxtın üssünnən bi dənə belə iri qundağ götürdü. Aşdı, yudu, təmizzədi, bələdi, soora götürdü onun ağzına butulkada yiməy qoydı. Əlin çəkdi onun üzünə, üş dəfə salavatdıyannan soora əlin qaldırdı belə göyə. Musa fikir verir ha... Gördü üş dəfə də əlin qaldırdı göyə. Onı rahatdıyannan soora gəldi, didi:

– Xoş gəlmisən, qonağ qardaş, bağışdaginan səni bir az yubandırdım. Di görüm, nədi mətləbün?

Musa didi:



  • Həsən, di görüm, sən nağayırırsan?

  • Yoox, sən di görüm, hardan bilirsən mən Həsənəm?

Didi ki, Həsən, sənin aduu yuxuda görmüşdüm.


  • Bəs səən adun?

  • Məəm adım Musadı.

Didi:

– Bu, məəm anamdı. Gündə üş dəfə açıram, bəliyirəm, soora butulkada yiməy qayırıb onun ağzına verirəm. Yiyir, əlimi üzünə çəkirəm sığallıyıram, yatızzırram.

Didi:

– Axı əlüü yuxarı qaldırdun, nə didün?



Didi:

– Əlimi yuxarı qaldırram diyirəm, “Ya Rəbbim, ay Allah, görəsən məəm bu çəkdiyim zəhmət anamın bir gün mənə çəkdiyi zəhmətə dəyər?” Ona görə mən bunu hər gün diyirəm.



Söylədi: Kərbalayi Səkinə Reyhan qızı. 1930 təvəllüdlü, 1 sinif oxuyub, təqaüdçü. Salyan rayonu Çuxanlı kəndi

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin