Qısa bir zamanda qaçaq hərəkatı o qədər inkişaf etdi ki, XIX əsrin II yarısından etibarən Çar Rusiyası bu hərəkata qarşı xüsusi planlar hazırlamağa məcbur oldu. O illərdə Qafqaz hərbi qüvvələrinin komandanı və mülki idarənin xüsusi müfəttişi olan general Dondukov-Korçakov qaçaqlara qarşı bir sıra tədbirlər planı həyata keçirməyə başladı. O, qaçaqlara qarşı mübarizə aparmaq üçün yerli idarə rəislərinə geniş səlahiyyət verməklə yanaşı hərbi qüvvələrin də onlara yardım etməsini əmr etdi. Ümumiyyətlə, Qafqaza təyin olunmuş baş komandanlar və canişinlər: P.D.Sisianov (1802-ci il, noyabrın 8-də), A.P.Yermolov (1816-cı ildə), İ.F.Paskeviç (1827-ci ildə), A.N.Bayratinski (1856-cı ildə), İ.V.Qudoviç və başqa generallar Azərbaycanda, tarixçilərin partizan hərəkatı adlandırdıqları, qaçaqların qatı düşmənləri idilər. Qatı düşmənlərin içərisində erməni əsilli generallar: V.Q.Madatov, V.O.Behbudov, İ.Korqanov, İ.Lazarev xüsusilə fərqlənirdilər. Qarabağın erməni məlikləri də rus generallarının azərbaycanlılara qarşı başladıqları müharibə və qırğınlarda bilavasitə iştirak edirdilər (Fərəcov 2010: 164). Bu qədər sosial, iqtisadi, mənəvi zülmə məruz qalan bir xalqın etiraz etməməsi, tarix meydanına qaçaq adı ilə bilinən savaşçılar çıxarmaması, təbii ki, mümkün deyildi.
Tarixi sənədlərdən də göründüyü kimi, camaatın sevimli qəhrəmanı olan qaçaqlar hər yerdə xalqın lojistik dəstəyini alır, hətta tutulduqda həbsxanadan qaçır və ya qaçırılırdılar. Bir sözlə, xalq hər yerdə onlara kömək edirdi. “1888-ci ildə isə Quba həbsxanasının dustaqları qapıları sındıraraq bir qaçağın zindandan qaçmasına şərait yaratmışdılar. Bu savaşda iki rus əsgəri öldürülmüş, üçü də ağır yaralanmışdır. Bu hadisələr bir daha sübut edir ki, azərbaycanlılar arasında, hətta məhbuslar arasında da qaçaqlara qarşı böyük hörmət var idi. Rus çar idarəsi qaçaqçılıq hərəkatının qarşısını ala bilmirdi” (Baykara 1992: 83). Bütün bu faktlar XIX yüzilin ortalarına doğru qaçaq hərəkatının gücləndiyindən və məşhur mübarizə formalarından biri olduğundan xəbər verir.
Buraya qədər qaçaqçılıq hərəkatının ortaya çıxma səbəbləri və tarixi şərtləri haqqında deyilənləri yekunlaşdırsaq, Azərbaycanda yeni bir xalq hərəkatı – kəndli hərəkatı başlamış olduğunu qeyd etmək lazımdır. Kəndli hərəkatı və üsyanlar özəlliklə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejiminin Azərbaycanda tətbiq edilməsindən və buna müqabil bəylərin torpağın tam sahibi olmasından, kəndlilərin isə torpağa bağlı kölə olmasından sonra daha da şiddətlənməyə başladı. Öncə passiv xarakter daşıyan hərəkat və fərdi xarakter daşıyan silahlı çıxışlar zamanla təşkilatlanmağa başladı və bir qrup kəndli çar rejiminə və onların yerli təmsilçilərinə qarşı mübarizə və mücadiləni məqsədə çevirmiş oldular. Kəndli hərəkatı ilə paralel və ya ondan ayrı fərdi mübarizə forması olan qaçaqçılıq da başlamış oldu. Kəndli üsyanlarının ömrü az olsa da, qaşaqçılıq XX yüzilin 50-ci illərinə qədər davam etdi.
Dostları ilə paylaş: |