Doqquz ay bətndə mən tutdum qərar,
Doqquz gün, nöh saət çəkdim intizar,
Doqquz dəqiqədə gəldim aşikar,
Bildim ki, qadirdir vahidi-yekta.
Bənd daxilindəki d və q samitlərinin təkrarlanışı ritmiklik yaratsa da, şerin ölçü tələblərinə görə “doqquz gün” ifadəsindən sonra “nöh saət” birləşməsinin birinci tərəfinin farsca ifadə edilməsi ümumi ahəngdarlığa xələl gətirir. Vücudnamənin fonetik poetikasının mükəmməl olmaması əslində leksik tərkibində alınma sözlərin sayca çoxluğundan irəli gəlir. Aşıq Valehin dilində digər vücudnamələrə nisbətən ərəb və fars sözləri, xüsusilə izafətlər (“övsafi-Mövla, laleyi-həmra”, “mahi-pürziya”, “bəndeyi-xuda”, “səhfeyi-ruy”, “leylü nəhar”, “aşiqi-didar”, “eşqi-sevda”, “bəhri-üqba”, “xaki-müəlla”) daha çox istifadə olunmuşdur.
Vücudnamə qoşma janrındadır və otuz bir bənddən ibarətdir. Qafiyələnməsi birinci bənddə abcb, digər bəndlərdə dddb, eeeb və s. şəklindədir. Şeir heca vəznindədir və 6-5 bölgüsü ilə ritmiklik yaradılmışdır:
Çəhar ənasırdan // şeş cəhətdən,
Bir qətrə mənidən // olmuşuq peyda,
Ədəm dəryasında // qaldım altı ay,
Qüdrət ü qadir ü // xaliqül-əşya.
Möhürbənddə aşığın təxəllüsü işlədilir: “Bir neçə həmdəmlə şikəstə Valeh”. Bu da ümumən qoşmalar üçün səciyyəvi haldır. Ümumiyyətlə, arxitektonik təhlildə janr da bizə əvvəlcədən bir çox məsələlər haqqında “xəbər verir”. Elmi ədəbiyyatda bu, “önmətnçilik” kimi xarakterizə edilir. Yəni bu vücudnamənin məhz qoşma janrında olması onun aşıq ədəbiyyatı ilə əlaqəsindən, həmin ədəbiyyatda bu məzmunda qələmə alınmış şeirlərlə mümkün əlaqələrindən “soraq verir” (5).
-
Dostları ilə paylaş: |