Демо Сонэ Плайбажк


Qorxu millət, azadlıq və bəşəriyyətin əsaslarını pozursa, əksinə igidlik həmin əsasları möhkəmləndirir, sarsılmaz edir, qoruyur və mühafizə edir



Yüklə 0,85 Mb.
səhifə13/19
tarix05.01.2022
ölçüsü0,85 Mb.
#71257
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Qorxu millət, azadlıq və bəşəriyyətin əsaslarını pozursa, əksinə igidlik həmin əsasları möhkəmləndirir, sarsılmaz edir, qoruyur və mühafizə edir.

(Ş. M. Xiyabani).
Xalqın təzyiqi ilə ölkəni tərk edən atası Rzadan şahlığı təhvil alan Məhəmməd Rzanın 38 illik (1941-1979) hakimiyyət dövrünün ilk 6 ili (1941-1947) demokratik və xüsusilə milli cəbhələrlə mübarizədə, nəhayət öncə də qeyd etdiyimiz kimi xarici imperialist güclərin həryönlü dəstəyi ilə bu Hərəkatları, xüsusilə şah rejiminin fəaliyyətini iflic edən Güney Azərbaycan Türklərinin tarixdə məşhur 21 Azər Hərəkatının bəhrəsi olan Güney Azərbaycan Milli Hökumətini qan dənizində boğdurtmaqla keçmişdi. Bundan sonra şah hökuməti ABŞ-la hərbi müqavilə bağlamış, xarici imperialist qüvvələrin məsləhəti və köməyi ilə bütün ölkədə, xüsusilə Güney Azərbaycanda öz mövqelərini möhkəmləndirmək məqsədilə bir sıra xalqa zidd tədbirlər həyata keçirməyə başlamışdı. Belə ki, şah hökuməti ABŞ Xarici İşlər Nazirliyinin məsləhəti ilə xüsusi “Proqram” hazırlamış, bu proqramı şah tərəfindən təşkil edilən Təhlükəsizlik Şurasında təsdiq etdirmiş və bu proqramda nəzərdə tutulan məsələləri həyata keçirmək üçün xüsusi komissiyalar yaratmışdı. Bu proqramda nəzərdə tutulan əsas məsələlərdən biri də demokratik və milli qüvvələrin fəaliyyətinin qarşısını almaq idi. Bu məqsədlə rejim tərəfindən Gilan, Mazandaran, Xorasan və Azərbaycan ostanlarından (vilayətlərindən - A.M.) 99,99 faizi Azərbaycan Türklərindən ibarət 6 min, Tehrandan 3 min demokrat həbs edilərək ölkənin cənub bölgələrinə sürgün edilmişdi ki, bunların arasında 900 nəfər universitet müəllimi və dövlət məmurları var idi. Şah rejimi tərəfindən təkcə 1947-ci ilin sonuna kimi Güney Azərbaycanda 20 minə yaxın adam dövlət üçün təhlükəli hesab edilərək həbs olunmuş və icbari iş cəzasına məhkum edilərək ölkənin cənubuna sürgünə göndərilmişdi. Məmməd Rza və onun başçılıq etdiyi şovinist rejim Azərbaycana məğlub bir ölkə kimi baxmış, Azərbaycan Türkləri ilə məğlub bir millət kimi rəftar etmiş, Pişəvəri tərəfdarlarının bir qismini güllələtmiş, bir qismini dar ağacından asdırmış, bir qismini ev-eşiyindən, var dövlətindən məhrum etmiş, bir qismini ölkədən didərgin salmış, bir qismini də sürgünə göndərmişdi. O dövrdəki bir çox xarici və yerli mətbuat orqanları Azərbaycanı qəbristanlığa bənzətmək, Təbrizi isə düşmən mühasirəsində olan bir şəhər kimi təsvir etməklə fars şovinisti Məhəmməd Rza iqtidarının iç üzünü açıb dünyaya göstərmişdilər.

Bütün bu dəhşət və vəhşətlərə baxmayaraq öz qürur və vüqarını itirməyən Güney Azərbaycan Türklərinin azadlıq eşqi bir an belə sönməmiş, şovinist və qəddar şah rejiminə, onun qoruyucu ağaları olan imperialist qüvvələrə qarşı öz mübarizələrini davam etdirmişlər. Bu dövrdə ilk güclü çıxış 16-cı Məclisə seçkilərin gedişi zamanı baş vermişdi. Daha sonra bir sıra siyasi xarakterli çıxışlar olmuş, bu çıxışlar nəticəsində bir neçə dəfə hökumət kabinəsi dəyişdirilmiş, şah rejimi xalqın artan narazılıqlarının qarşısını terror və güc tətbiqi ilə də ala bilmədiyini görüb yaranmış təhlükələri önləmək üçün yuxarıdan islahatlar keçirmək qərarına gəlmişdi. Zor tətbiq etmədən ABŞ-ın məsləhəti ilə həyata keçirilən bu islahatlar “Ağ inqilab” adı ilə tarixə düşmüşdür. Sonralar bu “Ağ inqilab” “Şah və xalq inqilabı” adlandırılaraq onun icrası Güney Azərbaycandan başlanmışdı. 1962-ci ilin mart ayından 1978-ci ilin əvvəllərinə qədər həyata keçirilən bu “Ağ inqilab” nəticəsində aparılan istər aqrar, istər mədəni-maarif və istərsə də sənaye islahatları Güney Azərbaycanda əvvəlki dövrlərə nisbətən müəyyən nəticələr versə də sonradan bunun qarşısı alınmış və nəticədə hiss ediləcək inkişafa gətirib çıxarmamış, torpaqdan ayrılan torpaqsız kəndlilərin iş dalınca doğma Azərbaycanı tərk edərək mərkəzi şəhərlərə axını başlamış, mərkəzi hökumət şovinist siyasət yeritdiyindən Azərbaycan Türkcəsində mətbuata, bir çox mədəni tədbirlərin keçirilməsinə, radio-televiziya verilişlərinə qadağa qoyulmuş, Azərbaycan Türkcəsində məktəbdə və küçədə danışmaq yasaqlanmış, bir sözlə, Azərbaycan Türkcəsinə qarşı bir “səlib yürüşü” başlanılmış, SAVAK milli və demokratik ruhlu ziyalılara qarşı amansız cəza tədbirləri həyata keçirmişdi.

Bölgənin tarix boyu mövcud olmuş bütün mədəniyyətini “İran mədəniyyəti” adı altında “Fars mədəniyyəti” kimi təqdim edən bu şovinist fars rejimi sonda məntiqi və tarixi əsası olmayan “Fars Mərkəzli bir İranlılıq kimliyi” formalaşdırmağa çalışmış, bu yolda imkanı olan bütün vasitələrdən maksimum istifadə etmişdir. Belə bir vəziyyətdə sosial və milli ziddiyyətlər kəskinləşmiş və şah idarəçiliyinə qarşı siyasi mübarizə başlanmışdı. 1970-ci illərin əvvəllərindən başlayaraq şahlıq quruluşunun milli və sosial zülmünə daha çox məruz qalan Azərbaycan Türkləri olmuşdur. Ona görə də şovinist fars Pəhləvi rejiminin demokratik, milli və anti-imperialist qüvvələrə qarşı ardı-arası kəsilməyən hücümlarına, şah hakimiyyətinin cəza tədbirlərinin artmasına, tələbə gənclərin həbs edilməsinə baxmayaraq 1977-ci ilin sonlarından başlayan siyasi hadisələr və xüsusilə 18 fevral və 30 dekabr 1978-ci il Təbriz üsyanları nəhayət, 16 fevral 1979-cu ildə 54 illik bu iyrənc fars rejiminə son qoymuşdu. İnqilabçıların təzyiqi qarşısında davam gətirə bilməyən Məhəmməd Rza şah 16 yanvar 1979-cu ildə ölkədən qaçmışdı.

Azərbaycan demokratik fikirli ziyalıları bu dövrdə öz ifrat solçuluq meyllərindən tədricən uzaqlaşaraq milli və dini məsələlərə daha çox fikir verməyə başlamış, nəhayət 1970-ci illərin sonuna doğru yenə də İran daxilində Azərbaycan məsələsinin həllinə çalışmış, lakin ölkədəki mövcud şəraitə uyğun konkret bir platforma işləyib hazırlaya bilməmişdilər. Onlar belə qərara gəlmişdilər ki, milli məsələ demokratik mübarizə nəticəsində şahlıq rejiminin devrilməsi və Amerika təsirinin ləğvindən sonra həll edilə bilər. Doğrudan da inqilab ilk mərhələdə şaha və onun himayədarı, ölkənin iqtisadi, hərbi və siyasi həyatına hakim olmuş ABŞ başda olmaqla imperialist qüvvələrə qarşı çevrilmişdi. İnqilaba rəhbərlikdə isə qeyri-müəyyənlik var idi. Bunun da nəticəsində hərəkatın sonuna doğru inqilaba rəhbərlik ölkədəki fanatik qüvvələrə arxalanan və bu durumdan maksimum yararlanan İslam şiə təməlçilərinin əlinə keçmiş, onlar da ölkədəki geniş xalq kütlələrinin dindarlığı və siyasi savadsızlığından istifadə edərək inqilaba tədricən “İslam” donu geyindirməyə müvəffəq olmuşdular. Ölkədəki nüfuzlu dini xadimlərinin də Azərbaycan Türklərindən ibarət olduğunu bilən fars şovinist qüvvələri uzun müddət xaricdə mühacirətdə olan fars əsilli Xomeynidən istifadə edərək “Allahu Əkbər, Xomeyni rəhbər” şüarını gündəmə gətirmiş, Xomeynini İslam inqilabının rəhbəri kimi təqdim edərək bu fikri geniş xalq kütlələrinə aşılamış və bununla da hakimiyyət sükanını əllərinə almağa nail olmuşdular. Beləliklə, hakimiyyət sükanını əllərinə alan Ayətullah Xomeyni tərəfdarları Xomeyni Parisdən dönüb ölkəyə qayıtdıqdan sonra hərəkatda aparıcı rol oynayan sosial-siyasi və digər dini qüvvələrin tələb və təkliflərinə məhəl qoymayaraq 1 aprel 1979-cu ildə “İran İslam Respublikası” adlı teokratik bir dövlət elan etməyə müvəffəq olmuşdular.

Güney Azərbaycan Türkləri hələ inqilabın gedişi və inqilabın ilk illərində bir sıra siyasi təşkilat və cəmiyyətlər yaratmış, milli dildə bir çox qəzet, jurnal və kitablar nəşr etməyə başlamışdılar. Bu siyasi təşkilatlar içərisində 1979-cu ilin fevral ayında yaradılan “Müsəlman Xalq Partiyası”nın xüsusi yeri var idi. Bu partiya ölkədə ən böyük din başçılarından biri olan və Azərbaycan Türkləri arasında çox nüfuzlu din xadimi sayılan Qumdakı Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları tərəfindən yaradılmış ən nüfuzlu müxalifət partiyası idi.

Şəriətmədarinin rəhbərlik etdiyi bu partiya ruhanilərin siyasi hakimiyyətdə təmsil olunmasına və ölkənin “İran İslam Respublikası” adlanmasına qarşı olmuş, referenduma çıxarılacaq sualın Xomeyninin təklif etdiyi “Siz monarxiya əvəzinə İslam Respublikası istəyirsinizmi?” formasının əvəzinə “Siz İran üçün hansı dövlət quruluşunu istərdiniz” formasında olmasını təklif etmişdi. Yuxarıda da qeyd edildiyi kimi Xomeyni tərəfdarları heç bir tələb və təklifə məhəl qoymayaraq martın 31-də keçirilmiş referenduma Xomeyninin təklifini çıxarmış və beləliklə də aprelin 1-də ölkə “İran İslam Respublikası” elan edilmişdi.

Müsəlman Xalq Partiyası və onun lideri Şəriətmədari bu ilk məğlubiyyətə baxmayaraq bütün gücünü yeni qəbul ediləcək Anayasanın demokratik əsaslarda hazırlanmasına sərf etmiş, bir sıra maddələrin, xüsusilə Azərbaycan Türkcəsinin Azərbaycan daxilində rəsmi dil kimi tanınması, Azərbaycanda tədrisin ana dilində aparılması, milyonlarla Azərbaycan Türkünün yaşadığı Tehranda ikidilli, Fars və Türk dilli, məktəblərin yaradılması, ilk mərhələ kimi Güney Azərbaycana əyalət və vilayət əncümənlərinin fəaliyyətinə, sonra isə İran İslam Respublikasının yetərincə bərkidikdən sonra mərkəzi hökumətlə razılaşdırılaraq Güney Azərbaycanın İranın tərkibində Muxtar Respublika olması kimi məsələlərin Konstitusiyada öz əksini tapmasına çalışmışdı. Lakin 5 dekabr 1979-cu ildə referendumun nəticələrinin təhrif edilmiş şəkildə elan edilməsi və Şəriətmədariyə qarşı bəzi fiziki və mənəvi təzyiq göstərilməsi ilə bağlı Müsəlman Xalq Partiyasının Azərbaycan təşkilatı Azərbaycanlıları Təbrizdə etiraz mitinqi və nümayişə çağırmış, bununla əlaqədar olaraq 6 dekabr 1979-cu ildə Təbrizdə yeni iqtidara qarşı ilk böyük üsyan baş vermişdi. Bu üsyanda Müsəlman Xalq Partiyasının Azərbaycan Təşkilatı ilə yanaşı Azərbaycan Demokrat Partiyasının, Fədailərin və Mücahidlərin yerli təşkilatları da iştirak etmişdilər.

Təbriz üsyançıları demokratik tələblərlə yanaşı milli tələblər də irəli sürərək ölkədə yaşayan bütün xalqlara “Öz müqəddəratını təyin hüququ” verilməsi və İranın Federativ İslam Respublikasına çevrilməsi tələblərini də irəli sürmüş, Təbrizdəki dövlət idarələrini, radio və televiziya stansiyalarını, təyyarə meydanını ələ keçirərək “Azərbaycan İslam Cümhuriyyəti”ni elan etmişdilər. Onlar partiyanın lideri Şəriətmədarini Təbrizə dəvət etmiş, lakin radikal mübarizəni qəbul etməyən, bütün çıxışlarında barışdırıcı mövqedən çıxış edən Şəriətmədari Təbrizə gəlməkdən imtina etmişdi. Üsyanın ikinci günü Xomeyni iqtidarının muzdlu silahlı qüvvələri olan “pasdarlar” üsyanı yatırmışdılar. Həmin gün Xomeyninin Şəriətmədari ilə görüşü olmuş və bu görüşdə Xomeyni Konstitusiyada dəyişiklik edilməsi və Azərbaycan məsələlərinin həllinə söz vermişdi. Lakin bəlli olduğu kimi Xomeyni iqtidarı da pəhləvilər kimi öz hakimiyyətini möhkəmləndirən kimi ilk zərbəni Azərbaycan Türklərinə, onların siyasi təşkilat, cəmiyyət və mətbuatına vurmuş, Ayətullah əl-üzma Seyid Məhəmməd Kazım Şəriətmədarinin başçılıq etdiyi 3 milyon üzvü olan “Müsəlman Xalq Partiyası”nın fəaliyyətini qadağan etmiş, üzvlərinin bir qismi məhv edilmiş, bir qismi həbs edilmiş, böyük əksəriyyəti isə xaricə mühacirət etmək məcburiyyətində qalmışlar.

İslam inqilabının ilk illərində Təbriz başda olmaqla Güney Azərbaycanın bir çox şəhərlərində İran və Güney Azərbaycan xalqlarının sosial-iqtisadi problemləri ilə yanaşı Azərbaycan Türklərinin dili, tarixi, ədəbiyyatı və mədəniyyətini özündə əks etdirən xeyli miqdarda gündəlik və həftəlik qəzetlər, aylıq və rüblük jurnallar çap olunub yayılmışdı. Lakin sonradan “Varlıq” dərgisi istisna olmaqla Türkcə bütün mətbu orqanlar qapadılmışdı. Sonda Şəriətmədari də qarayaxmalara və mənəvi basqılara uğradılaraq əmmamə və əbası soyundurulmuş, Ayətullah-əl-üzma dini rütbəsindən məhrum edilmişdi. Bütün bunlardan sonra onu təhdid edərək kürsüyə çıxarmış və Xomeynini rəhbər kimi tanımasını dedirdərək onu milli və demokratik qüvvələrin gözündən salmış, sonda 3 mart 1986-cı ildə Xomeyni tərəfdarları tərəfindən məhv edilmişdi.

Ümumiyyətlə, 1978-1979-cu il inqilabı dövründə Azərbaycan Türkləri 25 minə yaxın qurban vermiş, 1979-cu ildən bu günə qədər də qurban verməkdədir.

Digər Milli Hərəkatlar kimi bu Hərəkatın da uğur qazana bilməməsinin obyektiv və subyektiv səbəbləri vardır. Bizcə bunlar aşağıdakılardır:

- Hərəkatın ölkədəki mövcud şəraitə uyğun konkret bir proqramının olmaması;

- Azərbaycanın Muxtariyyəti məsələsində Müsəlman Xalq Partiyasının Azərbaycan Təşkilatı ilə başda Şəriətmədari olmaqla Qum ruhani liderləri arasında kəskin fərqin olması;

- Hərəkatın sosial və siyasi-ideoloji tərkibinin müxtəlifliyi-Hərəkatın sol, sağ və liberallara bölünməsi;

- Milli-inqilabi təşkilatın zəif durumda olması;

- Hərəkat başçısının Xomeyni iqtidarı ilə kompromisə getməsi;

- Azərbaycanlıları təmsil edən başlıca siyasi qüvvələrin dinc mübarizə üsuluna üstünlük vermələri;

- Güney Azərbaycan Türklərinin “İstiqlal məsələsi”ni açıq şəkildə ortaya qoymamaları və s.

(Bu dövrlə bağlı daha geniş məlumat üçün bax: Əkrəm Mişovdağlı, Güney Azərbaycan Türklərinin 20-ci yüzildə taleyi, “Düşüncə” jurnalı №1, Bakı 1998; Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000; Şövkət Tağıyeva, İran inqilabının lideri-Şəriətmədari, “Dünya Azərbaycanlıları” dərgisi, 2002 №1; Almaz Əliqızı, Cənubi Azərbaycan “Ağ inqilab” dönəmində, “Araz” dərgisi, 1997 №1 və s.).

Göründüyü kimi istər 1905-1911-ci il Məşrutə Hərəkatı, istər 1920-ci il Xiyabani Hərəkatı, istər 1945-ci il Pişəvəri Hərəkatı, istərsə də 6 dekabr 1979-cu il Təbriz Hərəkatında “İstiqlal məsələsi” açıq şəkildə ortaya qoyulmamışdı. Bunun da əsas səbəbi “Demokratik İran” ideyası olmuşdur.



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin