Демо Сонэ Плайбажк


Bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır



Yüklə 0,85 Mb.
səhifə17/19
tarix05.01.2022
ölçüsü0,85 Mb.
#71257
1   ...   11   12   13   14   15   16   17   18   19
Bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır.

(Ş. M. Xiyabani)
İran İslam Cümhuriyyətində siyasi şərait artıq yeni bir mərhələyə qədəm qoyub. Bu yeni mərhələdə sistemiçi reform axtarışlarına olan ümidlər artıq bitmiş, yeni siyasi axtarışlar meydana çıxmışdır ki, bu axtarışlardan biri də bu imperiyada köklü dəyişiklik, yəni İran imperiyasının parçalanıb keçmiş Sovet İttifaqı və Yuqoslaviya kimi ayrı-ayrı müstəqil dövlətlərə bölünməsidir. Bu bölümdə əsas yerlərdən biri və birincisi də Güney Azərbaycanın müstəqil dövlətə çevrilməsi məsələsidir ki, bu ağır və məsuliyyətli işi də həyata keçirəcək yeganə qüvvə Güney Azərbaycan Milli Hərəkatıdır.

Bəllidir ki, Müstəqilliyi hədəf götürən hər bir siyasi Hərəkat üçün ilk növbədə ideoloji-siyasi bir proqram olmalı, bu proqramı həyata keçirəcək siyasi bir təşkilat yaradılmalı, bu siyasi təşkilat siyasi bir səfərbərlik elan edərək siyasi hərəkata başlamalıdır. Bütün bunları istiqamətləndirəcək ideoloji-siyasi bir düşüncə Sisteminə ehtiyac duyulur. Bu gün Güney Azərbaycan Milli Hərəkatını istiqamətləndirəcək belə bir Proqram və düşüncə sistemi bizcə hələlik məhz Bütöv Azərbaycan Birliyinin Mərəmnaməsi və Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemidir. Bu Proqram və Düşüncə Sistemini həyata keçirən isə Azərbaycan Demokratik Milli Birlik Şurası və Güney Azərbaycan Milli Hərəkatıdır.

Güney Azərbaycan Milli Hərəkatını yönləndirmək məqsədi ilə Elçibəy və Arif Kəskin bəy tərəfindən işlənib hazırlanan və tərəfdarları tərəfindən dəstəklənən bir nəzəri proje olan Bütöv Azərbaycan Birliyinin və Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi və Milli Birlik Şurasının Təşəbbüs Qrupu Güney Azərbaycanın qurtuluşu yolunda “biz kimik?, niyə bu günə qalmışıq?, nə etməliyik?, hardan başlamalıyıq?, nəyi əsas götürməliyik?, hara gedirik?, əsas problemlərimiz nədir?, qurtuluşumuz hardadır?” və s. bu kimi fundamental suallara cavab axtarmağı və bu suallara bu və ya digər dərəcədə cavab verməyi özünə hədəf seçmişdir. Bütöv Azərbaycan və Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin yaradıcıları və tərəfdarları Güney Azərbaycan Türklərini Azərbaycan coğrafi məkanı ətrafında birləşdirməyi, onlara milli istiqlalı əldə etmək üçün çətin olan doğru yolu göstərməyi, nəyi qorumaq lazım olduğunu, dostu və düşməni tanımağı, millətlər arasında öz yerini müəyyənləşdirməyi və ən başlıcası nə istəmələrini qarşısına məqsəd qoymuşdur. Bütöv Azərbaycan Birliyinin Mərəmnaməsi Elçibəyin öndərliyində hazırlanıb çap olunduğundan (Bax: Bütöv Azərbaycan Birliyinin Mərəmnaməsi, Bakı 2003) biz yalnız Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin mahiyyətindən bəhs edəcəyik.

Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi Azərbaycan coğrafi məkanını İrandan ayrı təsəvvür edir. Güney Azərbaycanın və Güney Azərbaycan Türklərinin gələcəyini İrandan ayrılıb Müstəqil Azərbaycan Cümhuriyyəti yaratmaqda, Güney Azərbaycanlıları “İran xalqı” və “İranlı” deyil, “Azərbaycan Türkləri” və “Azərbaycanlı” kimi qəbul edir, Azərbaycan Türklərinin gələcəyini Azərbaycan Türk kimliyinə və Azərbaycana sahib çıxmaqda görür və Güney Azərbaycan Türklərinin problemlərinin İran daxilində heç bir vəchlə həll olunmayacağı qənaətindədir.

Bu Düşüncə Sistemi Azərbaycan Türk kimliyini Azərbaycan coğrafiyası daxilində Azərbaycan Türk dilinin, tarixinin və mədəniyyətinin hakim mövqedə olmasında, Azərbaycan Türklərinin milli səadətini, siyasi, iqtisadi, sosial və mədəni inkişafını Azərbaycanlılıqda görür, Azərbaycan Türk kimliyini, onun duyğu və düşüncələrini Güney Azərbaycan Milli Hərəkatının mərkəzinə və hədəfinə çevirməyə çalışır.

Bu Düşüncə Sistemi Güney Azərbaycan Milli Hərəkatının ideoloji əsasını Azərbaycan Türk milliyyətçiliyində görür və bu milliyyətçiliyin mahiyyətini, meyarlarını, məqsəd və vəzifələrini açıqlamağa çalışır.

Bu Düşüncə Sistemi Azərbaycanı mərkəz qəbul edən bir dünyagörüş formalaşdırmağı, Azərbaycan Mərkəzli bir mədəniyyət yaratmağı strategiyasının əsası sayır.

Bu Düşüncə Sistemi “İstiqlalçılıq və Bütövlüyü” Azərbaycanlılıq milli şüurunun strategiyası, ən yüksək və ən doğru təzahürü sayır, Güney Azərbaycanın müstəqilliyi və Bütöv Azərbaycanın yaranmasını mərhələ, yəni Azərbaycanlılıq kimliyinin nəticəsi, Azərbaycan və Azərbaycanlılığı isə bu strategiyaya güc və yön verən əbədi bir ideologiya hesab edir.

Bu Düşüncə Sistemi bütün İranda “Demokratikləşmə” və “Reformaları” İran Mərkəzli Fars Düşüncə Sisteminin növbəti bir oyunu hesab edir və Güney Azərbaycan Türklərini bu oyunların qurbanı olmamağa çağırır, farsçılığa xidmət edən hər cür düşüncə və əməli Azərbaycana və Azərbaycan Türklərinə qarşı təhlükə hesab edir.

Bu Düşüncə Sistemi Güney Azərbaycan Milli Hərəkatını bir milliyyətçi Hərəkat hesab edir və milliyyətçiliyi bu hərəkatın mahiyyətindən qaynaqlanan bir zərurət qəbul edir, Azərbaycan Türk milliyyətçiliyində milliyyətçiliklə dövlətçilik anlayışlarını vəhdətdə götürür.



Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin və Bütöv Azərbaycan Birliyinin Mərəmnamələrində irəli sürülən bu ideoloji-siyasi platformalarını əsas götürərək Güney Azərbaycan və Bütöv Azərbaycan məsələlərinin real və məntiqli həlli üçün Güney Azərbaycan Milli Hərəkatı və Ümummilli Hərəkatın gələcək fəaliyyətlərini istiqamətləndirən müddəaları aşağıdakı kimi xülasə edə bilərik:

  • Güney Azərbaycan Milli Hərəkatı Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sisteminin ideyasını 50 milyonluq bir xalqın şüuruna hakim kəsdirmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Çünki, millətin əksəriyyətinin şüurunda, təfəkküründə formalaşmayan istiqlal, müstəqillik və Bütövlük əslində istiqlal, müstəqillik və Bütövlük deyil, illuziyadır. Bunun üçün ilk növbədə 50 milyonluq bir millətin və böyük bir məmləkətin taleyini şəxsi münasibətlər müstəvisindən çıxarıb tale yüklü məsələlərin birgə həllinə çalışmalı, Hərəkat üzvləri bir-birlərinə qarşı şantajlara, aşağılamalara, liderlik iddiasına son qoymalı, bir-birlərinin fikir və mülahizələrinə hörmətlə yanaşmalı, əl-ələ verib bir yumruq kimi birləşməli, müzakirələr keçirib “qızıl ortanı” tapmalı, həmfikir və həmrəyliklə, sədaqətlə, vahid mövqedən çıxış etməklə öz müqəddəs mübarizələrini məqsədə çatana qədər davam etdirməli, vahid milli təşkilatlanma məsələsini həll etməli, tarixi xətalarımızı saf-çürük etməli, keçmiş demokratik və Milli Hərəkatlarımızın məğlub olma səbəblərini hər yönlü öyrənməli, fars şovinizminin XX əsrdə xalqımızın başına gətirdiyi dəhşətli müsibətləri unutmamalı, onlardan nəticə çıxarmalı, Güney, Quzey və bütün dünyadakı milli qüvvələrimizi Güneydə gedən proseslərə cəlb etməyə səy göstərməlidir. Əldən verilən fürsət və imkanların bundan sonra təkrarlanmasına yol verməməlidir. Güneyli qardaşımız Rəhman bəy Əsədullahinin söylədiyi kimi: “Biz öz dilimizdə xalqımıza kimliyimizi başa salmalıyıq. Güney Azərbaycanda azadlıq hərəkatı başlasa, xalq vuruşa-vuruşa öz rəhbərini seçəcək. Onsuz da Güneydə istiqlaliyyəti xalq alacaq. Azərbaycan Türk millətinə inanın. O, öz müstəqilliyini qazanacaq və Vahid dövlətini quracaq. Bu gün Güney Azərbaycan dövlətinin yaranması üçün çox münasib şərait var”.

  • Milli Hərəkat dünyada və regionda gedən prosesləri dərindən araşdırmalı, real zamanı düzgün dəyərləndirməli, böyük dövlətlərin, xüsusilə, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Almaniyanın İrana münasibətlərindəki fərqli və oxşar cəhətləri müəyyənləşdirməli, siyasətini buna uyğun qurmalıdır. Milli Hərəkat İranla qonşu olan dövlətlərin İrana münasibəti əsasında onlarla iş qurmalı və xüsusilə Türkiyənin rolunu düzgün dəyərləndirməli, nəyin bahasına olursa-olsun İranla Ermənistanın birbaşa qurudan və havadan olan əlaqəsini kəsməyə çalışmalıdır.

  • Milli Hərəkat İran İslam Respublikasındakı Türk etnosları olan Türkmən, Xalac və Qaşqaylarla Güney Azərbaycan Türklərinin tam iş birliyi qurmalarına çalışmalı, İran İslam Respublikasında olan digər xalqlar və etnik qruplarla əlaqələri onların Güney Azərbaycan Türklərinə olan münasibətləri əsasında qurmalıdır. Unudulmamalıdır ki, yalançı tarix millətin varlığına necə zərbə vurursa, yalançı, aldadıcı təbliğat da siyasətə elə zərbə vurur və sonda milləti ağır bəlalara düçar edir. Ona görə də Milli Hərəkat bu gün aşırı duyğulara qapılmadan daxildə gedən prosesləri dərindən araşdırmalı, Güney Azərbaycan məsələsinə kimin və kimlərin necə yanaşmasını dəqiqləşdirib ona uyğun münasibətlər qurmalı, düşmənin yetişdirib iqtidar sahibi etdiyi “sapı özümüzdən olan baltaların”, “içimizdəki şeytanların”, “qoyun dərisinə bürünmüş aldadıcı canavar xislətli” şovinist fars “demokratların” yalançı vədlərinə inanmamalı, “Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemi”nin ideyalarını əsas götürərək milləti Milli Hərəkat ətrafında sıx birləşdirib öz milli müqəddəratımızı həll etməlidir. Çünki özünü “demokrat”, “reformist” adlandıran bu “qoyun dərisinə bürünən canavar” fars şovinistləri heç vaxt Azərbaycan Türklərinin varlığını qəbul etmək istəməmişlər. Ona görə də onların “demokratiya” anlayışı əslində müasir demokratiyaya bir ləkədir. Əgər onlar həqiqi demokrat olsaydılar bu 85 illik fars hakimiyyəti dönəmində min illərlə birgə yaşamış, ölkə əhalisinin yarıdan çoxunu təşkil edən, min il onları heç bir ayrıseçkiliyə yol vermədən idarə edən Azərbaycan Türklərinin qanuni haqlarını tanıyar, onların həyata keçməsinə çalışardılar. Fars demokratiyası onların dünya mifologiyasını mənimsəyərək yazdıqları saxta və rəvayətlərə dayanan tarixləri kimi saxta və aldadıcı demokratiyadır. Ona görə də Milli Hərəkat düşmənin nələr edəcəyini bilməklə yanaşı, əsas gücünü özünün nə edəcəyini müzakirə edib düzgün nəticə əldə etdikdən sonra hərəkətə keçməli, düşmənin “Azərbaycan İranın Başıdır”, “İranda demokratiya olsun, sonra biz haqqımızı istəyərik” və s. bu kimi səfsəfələrinə inanmamalı, birləşib vahid güc mərkəzinə çevrilmək üçün əlindən gələni etməli, yorulmadan, səbr və təmkinlə məqsədinə ulaşmalıdır.

  • Milli Hərəkat Güney Azərbaycanda “Milli kimlik” məsələsinin tam həll edilməsinə, fars şovinizminin assimilyasiya siyasətinin əsası olan “farslaşdırmaq”, “İraniləşdirmək” və “İranlılaşdırmaq” və bununla da Güney Azərbaycan Türk kimliyinin yerinə “fars”, “İrani” və “İranlı” kimliyini həyata keçirmə siyasətinə qarşı Güney Azərbaycan Türk kimliyinin qorunmasına, “Azərbaycanlı” və “Azərbaycançılıq” məfkurəsinin təfəkkürlərdə hakim kəsilməsinə nail olmalıdır. Milli Hərəkat unutmamalıdır ki, fars şovinizmini öz ideologiyası qəbul edən istər mühafizəkarlar, istərsə də “islahatçılar” Güney Azərbaycana münasibətdə eyni mövqedədirlər. Bu qüvvələrin hər ikisi fars şovinizm medalının ayrı-ayrı üzləridir.

  • Milli Hərəkat Azərbaycanın tarixi coğrafiyasının hüdudlarının müəyyənləşdirilməsi və Azərbaycanın ostanlara bölünməsinin, Azərbaycan ərazilərində digər etnik qrupların yerləşdirilməsinin qarşısını almağa, “İran Mərkəzli Düşüncə Sisteminin” “Fars Mərkəzli Düşüncə Sisteminin” eyni olduğundan və hər ikisinin də fars şovinizminə xidmət etdiyindən bunlara alternativ olaraq Güney Azərbaycan Türklərini Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sisteminin ətrafında birləşdirməyə nail olmağa çalışmalıdır.

  • Milli Hərəkat Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sisteminin tamamilə əksinə olan “İran Mərkəzli Fars Düşüncə Sistemi”ni müdafiə edən və etnik cəhətdən Türk və ya başqa etnik qruplara məxsus insanlara heç bir vəchlə inanmamalı, onları Güney Azərbaycan Türklərinin “Milli müqəddəratını təyin hüququ”na bir təhlükə qəbul etməlidir. Ona görə ki, “İran Mərkəzli Fars Düşüncə Sistemi” fars şovinizminə dayalı bir ideologiyadır. Bu ideologiyanın içərisində başqa millətləri assimilyasiyaya uğradan “İran milləti” deyilən və heç bir elmi və məntiqi əsasa dayanmayan bir düşüncə hakimdir. Halbuki “İran” adında nəinki bir millət, heç bir ölkə də yoxdur, sadəcə “İran dövləti” adlı bir millətlər həbsxanası vardır ki, fars şovinizminə dayanaraq 85 ildir ki, ayrı-ayrı millətləri farslaşdırmaqla məşğuldur. Unudulmamalıdır ki, şovinist fars molla rejimi Milli Hərəkatı yox etmək və ya ən azı onu zəif duruma düşürmək üçün müxtəlif planlar qurur, müxtəlif oyunlar oynayır. Lakin Milli Hərəkat konkret bir siyasi təşkilat olmadığından şovinist molla rejimi çaşbaş qalıb. Onlar unudurlar ki, 100 illik bir mücadilə tarixi yaşamış, bu yolda minlərlə şəhid vermiş bir milləti artıq bu iyrənc plan və oyunlarla tora salmaq mümkün deyil. Milli Hərəkatçı Böyük Rəsuloğlunun yazdığı kimi: “Bu gün fars şovinizmi bir dar boğazdan keçir və qurtulacağı yoxdur” (Böyük Rəsuloğlu, Azərbaycan uğrunda: Bizim yol (Məqalələr toplusu), Bakı 2009, səh. 33).

  • Milli Hərəkat bugünkü dünya şərtlərinə əməl edərək demokratik mübarizə üsullarından istifadə etməli, dünyanın hürr səsindən, Beynəlxalq hüquq normalarından istifadə edərək beynəlxalq himayəni qazanmalı, milləti inkişafa doğru aparmalı, “Güney Azərbaycan Milli Birlik Şurası”nın əsas qəbul etdiyi Birləşmiş Millətlər Təşkilatının “Millətlərin milli müqəddəratı təyin hüququ”nu əsas götürməli, fəaliyyətini bu yöndə gücləndirməlidir. Çünki BMT-nin 1541 sayılı bəyannaməsi olan “Milli müqəddəratı təyin etmə hüququ”ndan istifadə edə bilən xalqın ərazisi, dili, özünü idarə edə biləcək iqtisadi gücü olmalıdır ki, 40 milyonluq Güney Azərbaycan Türkləri bütün bunlara sahibdir. Ona görə də Milli Hərəkatın sistemli demokratik üsullarla fəaliyyət göstərməsi sonda fars şovinizmini və onun bugünkü icraçısı molla rejimini iflic vəziyyətə salacaq və nəticədə xalqımız istəyinə nail olacaq.

  • Milli Hərəkatın öndə gedənləri o dərəcədə xalq arasında nüfuz qazanmalıdırlar ki, xalq onların dünyagörüşlərinə, siyasi təfəkkürlərinə, milli davranışlarına və s. bu kimi dəyərlərinə inansın və heç nədən çəkinmədən sinfi deyil, milli mübarizə aparan bu öz Milli Hərəkatlarına qoşularaq onu qələbəyə ulaşdırsın.



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin