Демо Сонэ Плайбажк


Güney Azərbaycanın müstəqillik mərhələsi



Yüklə 0,85 Mb.
səhifə9/19
tarix05.01.2022
ölçüsü0,85 Mb.
#71257
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Güney Azərbaycanın müstəqillik mərhələsi.

Biz Güneydə gedən proseslləri nəzərə alaraq bu mərhələyə daha böyük önəm veririk.

Bu strateji mərhələdə milli azadlıq hərəkatı başlayıb Güney Azərnaycanda istiqlaliyyət qazanılmalı və Müstəqil Dövlət qurulmalıdır.

Quzey Azərbaycan Respublikası bu milli-azadlıq hərəkatını tam dəstəkləməli, qurulacaq Müstəqil Dövləti hərtərəfli müdafiə etməli və onun beynəlxalq aləmdə tanınmasına çalışmalıdır.

3. Bütövləşmə Mərhələsi.

Bu strateji mərhələdə əlli və ya altmış milyonluq Azərbaycan xalqının Ümumxalq referondumu müsbət rəy bildirdikdən sonra iki Azərbaycan Dövlətinin parlamentlərinin birləşmiş, komissiyası yaradılmalı və Azərbaycanın bütövləşib vahid dövlətə çevrilmə mexanizmi hazırlanaraq həyata keçirilməlidir.

Bütün bunları gerçəkləşdirmək üçün tarixi səhvlərimizi saf-çürük etməli,görəcəyimiz işləri düzgün müəyyənləşdirməli, bütün başlıca görüşlərimizi uyğunlaşdırmalı, başlıca prinsiplərimizi ortaya qoymalı, xalqımızı hazırlayaraq mərhələ- mərhələ tələsmədən və gecikmədən hədəfə doğru irəliləməliyik.

Yüzillik bir milli mücadilə tarixi keçmiş, tarixin amansız sınaqlarından XXI yüzilə gəlib çıxmış, dünyada gedən prosesləri dərindən duyan bir xalqın indi səhv etməyə, yaranmış vəziyyətdən istifadə etməməyə haqqı yoxdur.

1977-ci ilin sonlarından başlayaraq “İran” deyilən məmləkətin müxtəlif yerlərində baş verən siyasi hadisələr sonda 1979-cu ilin fevralında 54 illik şovinist fars şah rejiminə son qoymaqla nəticələndi. “İran” deyilən məmləkətdə yaşayan müxtəlif millətlərin, xüsusilə Güney Azərbaycan Türklərinin fəal iştirakı ilə devrilən şovinist şah rejimini məzhəbçi İslam rejimi əvəz etdi. Qələbənin ilk günlərindən hakimiyyət sükanını ələ keçirən Ayətullah Xomeyni tərəfdarları hərəkatda aparıcı rol oynayan Güney Azərbaycan Türklərinin tələb və təkliflərinə məhəl qoymayaraq aprel ayının 1-də ölkədə guya İslam ehkamlarına əsaslanan teokratik dövləti-İran İslam Respublikasını elan etdilər. Onlar Milli Muxtariyyət tələb edənləri inqilabın düşməni elan etmiş, ölkəni öz planlarına uyğun idarə etməyə başlamışdılar. Belə bir vəziyyətdə Güney Azərbaycan Türkləri inqilabın qələbəsinin genişlənməsi və dərinləşməsini inqilabın ikinci mərhələsində həyata keçirmək üçün inqilabın milli-demokratik istiqamətdə inkişaf etməsi təklifi ilə çıxış etməyə başlamışdılar. Bu məqsədlə Güney Azərbaycan Türklərinin öndərliyində ölkənin digər fars olmayan xalqları siyasi təşkilat yaratmaq, mətbuat və söz azadlığı və ümumiyyətlə, milli hüquqların yüksək səviyyədə təmin edilməsi tələbləri ilə çıxış etmiş, nəhayət 1979-cu il dekabr ayında keçirilən referendumda bu tələblərin bir qismi az da olsa qəbul edilmiş və Konstitusiyanın müvafiq maddələrində öz əksini tapmışdı. (Bax: İran Konstitusiyası: Maddə: 15, 19, 20, 21, 23, 27, 34 və s.. Əsas qanunun 15-ci maddəsində göstərilir ki: “İran xalqının rəsmi müştərək dili və xətti farscadır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır”.

19-cu maddədə isə göstərilir ki: “İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir. Rəng, irq, dil və bu kimi amillər kimsəyə imtiyaz vermir”.

(Sitatlar İran Konstitusiyasının “İrşad” İslam araşdırmalar mərkəzinin 1993-cü ildə Bakıda nəşr etdirdiyi Azərbaycan türkcəsindəki mətnindən götürülmüşdür).

Çox qəribədir ki, İran molla rejimi ümumxalq səsverməsi ilə qəbul edilən və ölkə Konstitusiyasında öz əksini tapan bu kiçicik, məhdud məsələlərin də həyata keçməsinə 30 ildir ki, imkan vermir, əvəzində bu hüquqları tələb edənləri “pantürkist”, “İranı parçalamaq” və s. iddialarla mühakimə edərək onlara olmazın işgəncələr verirlər.

Güney Azərbaycan Türkləri hələ inqilabın gedişi və inqilabın ilk illərində siyasi partiya və cəmiyyətlər yaratmış, milli dildə bir sıra qəzet və jurnallar nəşr etməyə başlamışdılar. Lakin bu təşkilatlar heç bir il də fəaliyyət göstərmədən 1980-ci ilin əvvəllərində qanundan kənar elan edilmiş, üzvlərinin bir qismi məhv edilmiş, bir qismi həbs edilmiş, böyük əksəriyyəti isə xaricə mühacirət etmək məcburiyyətində qalmışdılar. Xomeyninin İrana gəlişinə qədər inqilabın lideri sayılan Azərbaycan Türkü Hacı Məhəmməd Kazım Şəriətmədarinin başçılığı ilə yaradılan “Müsəlman Xalq Partiyası” inqilabın qələbəsindən sonra ikinci plana sıxışdırılmış və heç bir siyasi məsələnin həllinə cəlb edilməmişdi. 5 dekabr 1979-cu ildə referendumun nəticələri təhrif edilmiş şəkildə elan edilərkən Müsəlman Xalq Partiyası Təbrizliləri etiraz mitinqinə və nümayişə çağırmış və sonda 6 dekabr 1979-cu ildə Təbrizdə üsyan baş vermişdi. Üsyançılar demokratik tələblərlə yanaşı milli tələblər də irəli sürərək ölkədə yaşayan bütün xaqlara “öz müqəddəratını təyin hüququ” tələbini irəli sürmüş, Təbrizdəki dövlət idarələrini, radio və televiziya stansiyalarını, təyyarə meydanını ələ keçirərək Azərbaycan İslam Cümhuriyyətini elan etmişdilər. Üsyanın aparıcı qüvvələri üzvlərinin sayı üç milyona qədər təxmin edilən Müsəlman Xalq Partiyasının məfkurəvi başçısı, böyük sərmayə sahibi, ölkədəki Azərbaycan Türkləri arasında böyük nüfuza sahib olan dini başçı sayılan və Qum şəhərində yaşayan Şəriətmədarini Təbrizə dəvət etmişsə də radikal mübarizəni qəbul etməyən, barışdırıcı mövqe tutan Ayətullah Şəriətmədari üsyan mərkəzinə gəlməkdən imtina etmiş, bununla da hərəkatın sınmasına yardım etmiş, üsyanın yatırılmasını asanlaşdırmış və sonda İranın daxili muzdlu silahlı qüvvələri olan “pasdarlar” tərəfindən üsyan yatırılmışdı. Üsyan yatırıldıqdan sonra Müsəlman Xalq Partiyası dövlət tərəfindən qadağan edilmiş və təşkilat tamamilə dağıdılmış, sonda Şəriətmədari də məhv edilmişdi.

Bəllidir ki, Milli Hökumətin devrilməsindən sonra 1978-1979-cu il inqilabına qədər Güney Azərbaycanda ana dilli mətbuat qadağan edilmişdi. İnqilab ərəfəsində anadilli mətbuatın nəşrinə və yayılmasına imkan yaranmış, beləliklə “17 yanvar 1979-cu ildə Təbrizdə Türk və fars dillərində “Ulduz” adlı qəzetin ilk nömrəsi çapdan çıxmış və bu qəzet ana dilində ilk olaraq Məhəmməd Rza Pəhləvi diktaturasının devrildiyini xalqa xəbər vermişdi”(Bax: Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000, səh. 340).

Ümumiyyətlə, inqilabın ilk illərində, 1979-1981-ci illərdə Təbriz, Tehran, Ərdəbil, Urmiya, Zəncan və Sərabda, sonrakı illərdə isə Astara, Miyana, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan və s. kimi şəhərlərdə gündəlik, həftəlik, aylıq və ildə 3 dəfə nəşr olunan qəzet, jurnal və məcmuələr çap edilərək yayılmışdı. Bu mətbuat orqanlarında İran və Güney Azərbaycan xalqının sosial-iqtisadi problemləri ilə yanaşı Azərbaycan Türklərinin tarixi, mədəniyyəti, dili və ədəbiyyatı ilə bağlı yazıları, həmçinin Güney və Quzey Azərbaycanın şair və yazıçılarının əsərlərindən parçalar dərc edilmişdi. 1979-1981-ci illərdə dərc edilən “Azadlıq”, “Azərbaycan”, “Azərbaycanın səsi”, “Araz”, “Azərbaycan əncüməni”, “Dədə Qorqud”, “Koroğlu”, “Çənlibel”, “Günəş”, “Xalq sözü”, “Qardaşlıq”, “Odlar yurdu”, “Yoldaş”, “Ülkər”, “Gənclik”, “Varlıq” kimi qəzet, jurnal və məcmuələr daha xarakterikdir (Güney Azərbaycan mətbuatının 1979-1999-cu illərə aid qəzet, jurnal və məcmuələri haqqında məlumat üçün bax: Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000, səh. 340-342, 456-458).

Xomeyni iqtidarı öz hakimiyyətini möhkəmləndirən kimi ilk zərbəni Azərbaycan Türklərinə, onların siyasi təşkilat və cəmiyyətlərinə və mətbuatına vurdu. Müsəlman Xalq Partiyası qadağan edildi, “Varlıq” dərgisi istisna olmaqla yuxarıda göstərilən bütün mətbu orqanlar qapadıldı.

1979-2009-cu illərdə keçirilən parlament və prezident seçkilərinin hamısı mühafizəkar molla rejiminin nəzarəti altında olduğundan millət vəkilləri və prezident seçilməmiş, Vilayəti-Fəqih və onun tabeliyində olan “Şureyi-Nigahban” və 12 nəfərdən ibarət Konstitusiyaya Nəzarət Şurası tərəfindən təyin edilmişlər. 30 illik hakimiyyətləri dönəmində İran hakim dairələri İran Konstitusiyasından sui istifadə edərək ölkəni bütünlüklə İslam dini və hətta şiəliklə heç bir əlaqəsi olmayan fars şovinizmi ilə idarə etmişlər. Artıq xalqların səbir kasası dolub. Artıq İran cəmiyyəti görür və dərk edir ki: “Din siyasətdən ayrı deyil, bizim siyasətimiz dinimizdir” - deyən bu şovinist molla rejiminin İslam dininə dəxli olmayan xüsusi bir dini siyasətləri var. Bu özünü son prezident seçkisində daha qabarıq göstərdi.

12 iyun 2009-cu ildə İran İslam Respublikasında növbəti prezident seçkisi keçirildi. “Vilayəti-Fəqih” və “Şureyi-Nigahban”ın nəzarəti altında keçirilən bu “seçki”də 12 nəfərdən ibarət Konstitusiyaya Nəzarət Şurası tərəfindən qeydə alınan 4 namizəd iştirak edirdi.

Bu seçki dünyada olduğu kimi Quzey Azərbaycanda da diqqət və maraqla izlənildi. Çünki İran İslam Respublikasının 30 illik tarixində Əli Xamneyidən sonra ilk dəfə olaraq İran cəmiyyətində tanınan, 1979-cu il inqilabından sonra Azərbaycanlıların yaratdığı “Müsəlman Xalq Partiyası”nın yox edilməsində yaxından iştirak edən, öz həyat yoldaşı, aşırı dərəcədə farsçı olan Zəhra Rəhnəvərdlə birgə solçu İslamçı və Amerika əleyhidarlarından olan, İran-İraq müharibəsi dövründə 8 il İranın baş naziri vəzifəsində çalışan, o zaman prezident olan Əli Xamneyi ilə davamlı problem yaşayan, baş nazirlikdən çəkildikdən sonra 20 il evdə oturan, əslən Azərbaycanın Xamnə şəhərindən olan Azərbaycan Türkü Höccətülislam Mirhüseyn Musəvinin prezidentliyə namizədliyi formal da olsa qeydə alınmışdı.

Mirhüseyn Musəvi İran İslam Respublikasının tarixində ilk dəfə olaraq həyat yoldaşı ilə birgə 20 gün müddətində çox gərgin keçən təbliğat və təşviqat nəticəsində prezident Əhmədinejadın daxili və xarici siyasətini kəskin tənqid edərək mövcud iqtidardan bezənlərin və İranda yeni bir dönəmin başlanmasına ümid bəsləyənlərin səsini qazanmağa nail olmuşdu. Lakin seçicilərin yarıdan çoxunu təşkil edən Azərbaycan Türklərinin və xeyli miqdarda digər xalqlardan olan gənclərin və xüsusilə qadınların, həmçinin onun mənsub olduğu solçu İslamçıların və onun gələcək hakimiyyətindən yararlanmağa çalışanların səs verdiyi Mirhüseyn Musəvinin səsləri seçki komissiyası tərəfindən Əhmədinejadın xeyrinə saxtalaşdırılaraq İran xalqlarının iradəsi zorlandı. Seçkilər bitən kimi bütün seçkiyə nəzarəti öz əlində cəmləşdirən dini lider Ayətullah Əli Xamneyi tələsik şəkildə öz namizədi Əhmədinejadı “qələbə” münasibətilə təbrik etdi.

İran deyilən məmləkətdə yaşayan xalqlar nəhayət anladılar ki, nə qədər ki İran prezidentliyinə namizədlərin qeydə alınması belə birbaşa dini rəhbərin nəzarəti altındadır, deməli, seçkilər formal bir şeydir.

İran xalqları gördülər ki: “Əsas olan kimin necə və kimə səs verməsi yox, səsləri kimin sayması” fikri əsasdır.

Bu seçki bir daha göstərdi ki, hakimiyyətə Allahın əmri ilə gəldiklərini və İranı İslam qanunları ilə idarə edəcəklərini, İslamın ümmətçilik prinsiplərinə əməl edəcəklərini təkrarlamaqdan yorulmayan İran molla rejimi yenidən bir şeytani əməlini gerçəkləşdirərək kreslo üçün öz müsəlman qardaşlarının bağrına güllə sıxdı, onları şəhid etdi. Əslində şəhid olan təkcə onlar deyil, başlıca şəhid elə İran İslamının özü oldu.

İran deyilən məmləkətin bütün xalqları anladı ki, nə qədər ki, 70 milyonluq bir ölkənin taleyi o qədər də parlaq keçmişi olmayan 12 nəfərdən ibarət Konstitusiyaya Nəzarət Şurası deyilən bir qüvvənin əlindədir bəşəriyyətin sütunu sayılan ədalət məsləhət və təyinata qurban veriləcək.

Bu seçki göstərdi ki, millət vəkilləri kimi Cümhurbaşqanı da əvvəl Vilayəti-Fəqih tərəfindən təyin edilir və bu təyinat seçkiyə buraxılıb təsdiq edilir.

Bu seçki bir daha göstərdi ki, bu rejim nə xalqa, nə də İslamiyyətə ehtiram etmək niyyətindədir. İran İslam Cümhuriyyəti adlı bu dövlətdə nə İslamdan, nə də Cümhuriyyətdən əsər-əlamət var. Çünki İslam hər şeydən öncə bir ədalət dinidir. Cümhuriyyətin əsas sütunları isə demokratiya, pluralizm və azadlıqdır.

Bu seçki bir daha göstərdi ki, bu seçkinin saxta nəticələri ilə də İran yetkililəri bütün dünyaya meydan oxuyur, daxildə istədikləri kimi hərəkət edir, nə öz vətəndaşlarının, nə də beynəlxalq təşkilatların tələblərinə əhəmiyyət verir.

Bu seçki İran xalqları, xüsusilə bu günə qədər Azərbaycan Milli Hərəkatına biganə yanaşan və İrançılıq əhvali-ruhiyyəsi ilə yaşayan bir çox Azərbaycan Türkləri üçün yeni bir imtahan oldu. Bu soydaşlarımız da gördülər ki, şovinist fars molla rejimi hətta ona illərlə sədaqətlə xidmət etmiş Mirhüseyn Musəvi kimilərə də etibar etmir.

Bu seçki bir daha göstərdi ki, nə qədər ki, Mirhüseyn Musəvi kimilər keçmiş səhvlərindən nəticə çıxarıb Güney Azərbaycan Milli Hərəkatı ətrafında birləşib bir güc mərkəzinə çevrilməyiblər demokratik mübarizədə heç bir uğur əldə edə bilməyəcəklər.

Unudulmamalıdır ki, Mirhüseyn Musəvi kimilər də olmadan 100 illik təcrübəyə əsaslanan 40 milyonluq Güney Azərbaycan Türkləri bu “seçki teatrları”na son qoyaraq milli haqlarını əldə etmək üçün bu rejimi çökdürəndən, öz istiqlaliyyətini qazanandan sonra Cümhuriyyət, Parlament, Hüquq dövləti, Plüralizm, Azadlıq və Demokratiya kimi dəyərlər öz həqiqi mənalarını tapacaqdır. Bütün bunlar üçün biz dünyadakı bütün Azərbaycan Türklərini Güney Azərbaycanın yeganə qarantı olan Güney Azərbaycan Milli Hərəkatına dəstək verməyə, Güney Azərbaycan Türklərini bu Milli Hərəkat ətrafında birləşməyə, Müstəqil, Demokratik Güney Azərbaycan Dövlətini yaratmağa çağırırıq.

Yaşasın Güney Azərbaycanın biricik qarantı olan Güney Azərbaycan Milli Hərəkatı!


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin