Демо Сонэ Плайбажк


Xalqın hüququnu qəsb etmişlərə rəhm etmək xalqa xəyanətdir



Yüklə 0,9 Mb.
səhifə16/19
tarix11.01.2022
ölçüsü0,9 Mb.
#110946
1   ...   11   12   13   14   15   16   17   18   19
Xalqın hüququnu qəsb etmişlərə rəhm etmək xalqa xəyanətdir.

(S. C. Pişəvəri).
Siyasi analitiklərin fikrincə Güney Azərbaycan Türklərinin etinasızlığı və sadəlövhlüyü üzərində inşa edilən fars şovinizmini Güney Azərbaycan Türklərinin öz əzəli vətəni Azərbaycana və Türk Milli kimliyinə tam sahib çıxması, müasirlik və onun mahiyyətini əks etdirən demokratiya ilə aradan qaldırmaq olar.

Bu gün Türk Milli Kimliyini öz duyğu, düşüncə və əməlinin mərkəzi seçən Güney Azərbaycan Milli Hərəkatı öz siyasi enerjisini Milli qurtuluş yoluna yönəldərək fars şovinizminin qarşısında dura biləcək yeganə gücə çevrilmişdir. Güney Azərbaycan Milli Hərəkatı fars şovinizminin 1924-1979-cu illər pəhləvi və 1979-cu ildən bu günə qədərki İslam Cümhuriyyətinin Güney Azərbaycana və Güney Azərbaycan Türklərinə qarşı apardığı şovinist siyasətə - Azərbaycanın coğrafi ərazilərini müxtəlif əyalətlərə (ostanlara) bölməsinə, Azərbaycan ərazilərində müxtəlif etnik qrupları yerləşdirməsinə, Azərbaycan Türklərinin tarixini, dilini və mədəniyyətini saxtalaşdırmasına, “şiəlik və islamçılıq” pərdəsi altında farslaşdırmaq və İranlılaşdırmaq və s. kimi assimilyasiya siyasətlərinə-qarşı ortaya çıxan və Azərbaycan Türk kimliyini qoruyan milli bir siyasi Hərəkatdır.

1890-cı il “Tənbəki Hərəkatı”ndan başlayaraq 1906-1911-ci il “Məşrutə Hərəkatı”, 1920-ci il “Xiyabani Hərəkatı”, 1945-1946-cı il “Pişəvəri Hərəkatı” və sonrakı Hərəkatlardan günümüzə qədər formalaşma dövrü keçirən və özündən öncəki bütün bu Hərəkatların uğur və məğlubiyyətlərinin səbəblərini dərindən araşdıran Güney Azərbaycan Milli Hərəkatı indi artıq Güney Azərbaycan istiqlalçı qüvvələrinin dinamizminə çevrilmişdir. “Kimsə Güney Azərbaycanın müstəqilliyini bizlərə bəxş etməyəcək” fəlsəfəsini dərindən anlayan Milli Hərəkatçılar özləri üçün “İstiqlalı” təməl məfkurə olaraq seçmiş və həyatlarını bu yolda qurban verməyə söz vermişlər. Onlar böyük Şeyx Məhəmməd Xiyabaninin məşhur müraciətini özlərinin həyat fəlsəfəsinə çevirərək mübarizələrini davam etdirməkdədirlər. Xiyabani bu müraciətində göstərirdi ki: “Ey Azərbaycan xalqı! Sənin birinci yardımçın Sən Özünsən. Sən özün özünə nicat verəcəksən. Əgər keçmişinin cövhər və qanı damarlarından axırsa, Sən öz qüdrətinlə o parlaq səhərə çatacaqsan”.

Bu gün Güney Azərbaycan Türklərinin birinci müttəfiqi məhz müasirlik və onun mahiyyətini əks etdirən demokratiya və insan haqları məsələsidir. Böyük Rəsuloğlu haqlı olaraq göstərir ki: “Şovinizmin beynəlxalq səviyyədə əleyhimizə apardığı siyasi fəaliyyətə... qarşı ən dəyərli silah radikallıq, yıxıcılıq deyil, demokratiyadır. Güney Azərbaycan Milli Hərəkatı indiki anda yalnız beynəlxalq hüquq normalarından, milli müqəddəratımızı təyin hüququndan istifadə edərək fars şovinizmini diz çökdürə bilər...Bizim öz daxilimizdəki çatışmazlıqları gizlətmədən açıqlayıb, analiz edib çarə yolu tapmağımız Hərəkatımızın gələcəyinin təminatıdır” (Seçmələr bizimdir-A.M. Bax: Böyük Rəsuloğlu, Azərbaycan uğrunda bizim yol, Bakı 2009, səh. 90-91).

Bugünkü Güney Azərbaycan Milli Hərəkatı konkret bir siyasi təşkilat olmadığından, başqa sözlə, təşkilatsız bir təşkilat olduğundan (Təşkilatın nə konkret sədri, nə konkret məclisi, nə konkret idarə heyəti, nə konkret mətbu orqanı, nə də konkret ünvanı var-A.M.) şovinist molla rejimi çaşbaş qalıb. Artıq bu Hərəkat istiqlalçısından, federalistindən, Bütöv Azərbaycançısından asılı olmayaraq “Milli müqəddəratın təyin edilməsi” məsələsində birləşmə ərəfəsindədir. Milli Hərəkat artıq mövcud və yeni yaranmaqda olan Azərbaycan milli təşkilatlarını da öz ətrafında birləşdirmə gücünə və siyasi potensiala malikdir. Çünki bu Hərəkat Güney Azərbaycanın gələcəyini, qurtuluş və milli səadətini “İran coğrafiyası” içərisində deyil, “Azərbaycan coğrafiyası” çərçivəsində görür. Bu gün artıq istər daxildə, istərsə də xaricdə yaşayan milli qüvvələrin əksəriyyəti özünü “İranlı”deyil, “Azərbaycanlı” olaraq qəbul edirlər. “İran mərkəzli” siyasi meyllərin sayı getdikcə azalmaqdadır. “İranlılıq” kimliyinin çöküş mərhələsinə qədəm qoyması “Azərbaycanlılıq” kimliyinin güclənməsinə səbəb olmuşdur ki, bu da Güney Azərbaycan Milli Hərəkatının yüksəlişini təmin etmişdir. Bu gün Güney Azərbaycan Türklərinin siyasi xəritəsinə nəzər salsaq görərik ki, onların əksəriyyətini istiqlalçılar təşkil edir. Deməli, istiqlalçılıq siyasi və sosial bir zərurət kimi ortaya çıxıb. Artıq Güney Azərbaycan Türklərinin qalxışı təkcə Təbriz, Urmu, Ərdəbil, Zəncan və Həmədanda deyil, Qum, Savə, Tehran, Ərak və s. kimi ərazilərdə də görünməkdədir. Getdikcə artan bu oyanış və dirçəlişin qarşısını zindanlarla, işgəncələrlə almaq mümkün deyil. Özlərini şiə məzhəb adlandıran bu fars şovinistləri şiələrin imamı Əli həzrətlərinin “Hakimiyyət küfr ilə qalar, zülm ilə qalmaz” hədisini belə heçə sayaraq Güney Azərbaycan Türklərinə insanlıq tarixinin bütün zülmlərini tətbiq etsələr də “Heç bir fırtına qarşısında sarsılmayan Azərbaycan xalqı fars şovinizminə qalib gələcək, millətimiz qətiyyətlə öz müqəddəratını təyin edəcəkdir. Bunun başqa bir yolu yoxdur” (Böyük Rəsuloğlu).

Güney Azərbaycan Milli Hərəkatı Rza xan Pəhləvinin, Əbdülkərim Suruşunun, Tağı Əraninin, Mehdi Bazərqanın, İbarahim Yəzdinin, Əhməd Şamlunun, Mahmud Əfsaharinin, Əhməd Kəsrəvinin, Fərrux Nigahdarinin, Məsud Rəcəvinin, Məhəmməd Hənifnəjadinin, Bijən Cəzəninin, Əlirza Nabdəlinin, Əli Şəritinin, Məhəmməd Xatəminin, Rəfsancaninin, Pəhləvi hakimiyyətinin, İslam Cümhuriyyətinin, Xalqın Mücahidlərinin, Xalqın Fədailərinin, Nehzət Azadinin, Səltənət Tələblərinin və “İran” adlandırılan məmləkətdə mövcud digər siyasi axımları birləşdirən və bəzi fikri ixtilaflarına baxmayaraq bütün bu şəxslərin, təşkilatların və siyasi şovinist axımların birgə yaratdıqları “Fars Mərkəzli”, “İran Mərkəzli”, Düşüncə Sistemlərinə qarşı özünün “Türk Mərkəzli” və “Azərbaycan Mərkəzli” Düşüncə sistemini alternativ olaraq ortaya qoymuşdur.

Bu gün artıq Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemi ilə silahlanan Güney Azərbaycan Milli Hərəkatı xalqın istəklərinin, qorxularının, dost-düşmənlərinin, tarixinin, coğrafiyasının, dilinin, mədəniyyətinin, güvənliyinin və s. sərhədlərini müəyyənləşdirib hədəfə doğru mərhələ-mərhələ irəliləməkdədir. Bu Hərəkatın hədəfi Azərbaycan Türk kimliyini iyrənc şovinist fars assimilyasiya siyasətindən qorumaqdır. Bu Hərəkatın yeni dönəmdə “Biz Azərbaycanlıyıq, İranlı deyilik”, “Biz Türkük, Fars deyilik”, “Babək, Səfər Xan Qəhrəmani, Səttarxan İran milli qəhrəmanları deyil, Azərbaycan milli qəhrəmanlarıdır” kimi təməl çağırışları onun qayəsini göstərən çox önəmli siyasi və milli mübarizə hədəflərinin göstəricilərindəndir. Bütün bunlar “İranlılıqdan” “Azərbaycanlılığa” doğru gedən yolun başlanğıcı, “İranlılıqdan” ayrılaraq Azərbaycan Türk kimliyinə sahib çıxmaq deməkdir. Artıq uzun sürən tarixi təcrübənin və tarixi zərurətin məhsulu olan “Azərbaycan Türk kimliyi” Güney Azərbaycan Milli Hərəkatının təyinedici faktoruna çevrilmişdir. Beləliklə “Azərbaycanlılaşmaq, Türkləşmək və Çağdaşlaşmaq” düşüncəsini mənimsəyən Güney Azərbaycan Milli Hərəkatı İran Mərkəzli fars şovinizminin mahiyyətini tam anlayaraq Azərbaycan türk kimliyini qorumaq, gücləndirmək və inkişaf etdirməklə yeni bir mübarizə mərhələsinə daxil olmuşdur.

Güney Azərbaycan Milli Hərəkatının ideya qaynağı istiqlal və Bütövlük məfkurəsini də öz içində barındıran Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemidir. Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi Azərbaycan Türklərinin iqtisadi, siyasi, sosial və mədəni inkişafını qapsayan milli səadətini Azərbaycanlılıqda görən, Azərbaycan Türk kimliyini mərkəz qəbul edən, Azərbaycan Türklərinin dil, tarix, coğrafiya və mədəni düşüncəsini ortaya qoyan, istiqlal və Bütövlüyü Azərbaycanlılıq kimliyinin nəticəsi hesab edən, Güney Azərbaycan Türklərinin problemlərini İran mərkəzli arayışların içərisində həll olunmayacağını irəli sürən, Fars və İran Mərkəzli hər cür arayışların Azərbaycan və Azərbaycanlılıq varlığına təhdit və təhlükə olaraq görən və Azərbaycanı mərkəz qəbul edən və Azərbaycan Türk milliyyətçiliyndə milliyyətçilik və dövlətçiliyi birləşdirən bir dünyagörüşdür. Bu dünyagörüşün başlıca hədəfi Azərbaycan Türk kimliyini qorumaq və bu kimlik içərisində Azərbaycan Türklərini iqtisadi, siyasi və mədəni inkişafa erişdirməklə sonda Müstəqil, Demokratik Güney Azərbaycan Dövlətini yaratmaq, Azərbaycanın Bütövlüyünə nail olmaq və onu əbədi qoruyub saxlamaqdır. Bu anlamda Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemi bu ideyanın müəllifi Arif Kəskin Bəyin də qeyd etdiyi kimi: “İstiqlal və Bütövlük problemimiz həll olunduqdan sonra da Azərbaycan və Azərbaycanlılıq olqusu davam edəcək. Bu yöndən baxıldığında istiqlal və Bütövlük bir dönəmsəl problemdir. Ancaq Azərbaycan və Azərbaycanlılıq isə tarix boyu davam edən bir olqudur”.

Bu gün Güney Azərbaycan Milli Hərəkatı “İran” adlandırılan məmləkətdə mövcud rejimə qarşı duracaq yeganə güc mərkəzidir. İran İslam Cümhuriyyətində bu Hərəkatın heç bir alternativi yoxdur. Ona görə də ayrı-ayrı strateji araşdırmalar mərkəzlərinin gəldiyi son nəticə bundan ibarətdir ki, ABŞ İran siyasətini və bütövlükdə İran siyasi sistemini dəyişdirmək istiqamətində bir sıra siyasi planlar hazırlayıb ki, bunlardan biri də Güney Azərbaycan Milli Hərəkatı ilə yaxınlıq etmək planıdır. Bu plan tarixdə ilk dəfə 1906-cı il Məşrutə inqilabında gündəmə gətirilmişdi. 1906-1911-ci il Məşrutə inqilabında bəzi Amerikalılar Azərbaycanlılarla birlikdə iştirak etmiş, hətta Təbrizdə tarix müəllimi işləyən Huvart Baskervil adlı bir Amerikalı Azərbaycanlı Məşrutəçilərlə birgə həlak olmuşdu. Azərbaycan Demokrat Partiyasının dəvəti ilə İranda inzibati və siyasi islahatlar həyata keçirmək üçün gələn Morqan Suster adlı digər bir Amerikalı da Məşrutə inqilabı məğlubiyyətə uğradıqdan sonra ölkədən getməyə məcbur olmuşdu. Beləliklə, demək olar ki, Amerika 1906-1911-ci il Məşrutə inqilabının təməl dinamiti olan Güney Azərbaycanlıları bu və ya digər dərəcədə dəstəkləmişdir. Fəqət bəlli olduğu kimi Məşrutə Hərəkatı Milli Hərəkatdan daha çox istibdad əleyhinə bir hərəkat idi.

ABŞ-ın Güney Azərbaycana ikinci münasibəti 1945-1946-cı illərdə olmuşdur. Bu illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət SSRİ ilə yaxınlıq etdiyindən ABŞ Güney Azərbaycanda sosialist dövlət qurulmasından ehtiyat edərək bu hökuməti devirmək üçün ciddi fəaliyyətə başlayaraq Sovet ordusunun Azərbaycandan çıxarılmasına nail olmuş və ardınca da pəhləvi ordusu Amerikalı general Şvartskopfun komandanlığı altında Güney Azərbaycana hücum etmiş, beləliklə də bir illik Güney Azərbaycan Milli Hökuməti ABŞ-ın dəstəyi ilə pəhləvi şah rejimi tərəfindən devrilmişdi.

ABŞ-ın Güney Azərbaycana üçüncü münasibəti İran İslam Respublikasının siyasi sistemini dəyişməyə yönəlik siyasəti ilə başlamışdır. Bunun başlıca səbəbi Güney Azərbaycan Türklərinin İran əhalisi içərisində sayca çoxluğu, onların siyasi hadisələrə qarşı həssas və açıq olmaları, Məşrutə inqilabı dövründə və 1941-ci ildə Rza şahın, 1979-cu il İslam inqilabında da Məhəmməd Rza şahın tac-taxtdan məhrum edilməsində həlledici gücə malik olmaları, bugünkü gündə İranda Güney Azərbaycan Milli Hərəkatı gücündə heç bir siyasi hərəkatın olmamasıdır. Artıq ABŞ da anlayıb ki, “Təbriz istəməzsə, İranda heç bir dəyişiklik olmaz”.

Son dövrlərdə İranda mərkəzdənqaçma hərəkatları içərisində ciddi şəkildə öz ağırlığını ortaya qoymağı bacarmış ən güclü hərəkat da Güney Azərbaycan Milli Hərəkatıdır. Ona görə də bütün bunları nəzərə alan ABŞ yeni dövrdə İran siyasi sistemini öz xeyrinə dəyişdirmək və öz strateji maraqlarını təmin etmək üçün Güney Azərbaycan Milli Hərəkatının siyasi enerjisindən maksimum istifadəyə çalışır. ABŞ həmçinin gələcəkdə İrandakı etnik hərəkatları öz strateji mənafeyi çərçivəsində şəkilləndirmək və gələcək etnik formalaşmada söz sahibi olmaq niyyətindədir. Ona görə də Amerikanın siyasi gündəmində yer alan Güney Azərbaycan Milli Hərəkatı da öz siyasətini milli mənfəətləri əsasında müəyyənləşdirməlidir. Əks təqdirdə Güney Azərbaycan 1906-1911-ci il Məşrutə və 1945-1946-cı il Milli Hökumət təcrübələrini təkrar yaşaya bilər.

Güney Azərbaycan siyasi enerjisini İranı qorumaq üçün deyil, Güney Azərbaycanın müstəqilliyinə, öz müqəddəratını təyin etməyə sərf etməlidir. Güney Azərbaycan Milli Hərəkatı öz siyasətini region və dünya siyasəti və öz milli mənafeyi çərçivəsində formalaşdırmalı, nə beynəlxalq aləmdə söz sahibi olan dövlətlərə münasibətdə düşmən mövqedə olmalı və nə də hər hansı bir dövlətin müstəmləkəçiliyini qəbul etməlidir. Heç bir xarici dövlətin köməyi və dəstəyinə arxalanmamalı, öz gücünə inanmalıdır. Bu gün özünü daxildə və beynəlxalq aləmdə təsdiqlədən Güney Azərbaycan Milli Hərəkatı öz ali hədəfinə təkamül yolu ilə irəlilədikcə tarixi həqiqətləri ortaya çıxaracaq, Güney Azərbaycan Türklərinin enerjisini bir yerə toplayaraq müstəqil, demokratik Güney Azərbaycan dövlətini yaradacaq. Milli Hərəkat Bütöv Azərbaycan məsələsinə bir milli hədəf, milli strategiya və milli prinsip kimi yanaşır və inanır ki, bunu gələcəkdə Ümummilli Hərəkat gerçəkləşdirəcək.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin