DəRİNLİk həSRƏTİ



Yüklə 18,31 Kb.
tarix27.05.2018
ölçüsü18,31 Kb.
#51788

DƏRİNLİK HƏSRƏTİ”

(Hekayə)

Yaxşı rəssam olan ştutqartlı gənc bir qadının ilk sərgisində heç bir pis niyyəti olmayan, onu

ürəkləndirmək istəyən bir tənqidçi dedi:

- Gördüyünüz iş istedadla, zövqlə görülüb, amma hələ sizdə dərinlik çatışmır. Cavan qadın tənqidçinin nəyi nəzərdə tutduğunu bilmədi, tezliklə onun iradını unutdu. Amma bir gün sonra qəzetdə elə həmin tənqidçinin resenziyası çap olundu, məqalədə deyilirdi: “Gənc rəssam çox istedadlıdı, əsərləri də ilk baxışdan kifayət qədər cəlbedicidi; təəssüf ki o əsərlərdə dərinlik çatışmır”. Belə olanda gənc qadın düşüncələrə daldı. O öz rəsmlərinə baxmağa, köhnə qovluqlarda eşələnməyə başladı. Qadın bütün rəsmlərinə, indiki məqamda çəkdiklərinə təzədən baxdı. Sonra tuş bankalarının ağzını bağladı, peroları sildi, hava almağa çıxdı. Həmin axşam o, qonaq dəvət olunmuşdu. Adamlar deyəsən, tənqidçinin dediklərini əzbərləmişdilər, yeri gəldi-gəlmədi, rəssamın böyük istedadından, onun tablolarının əlbəəl gözə dəyən cazibəsindən danışırdılar. Amma gənc qadın ikinci plandakı pıçıltıya, arxası ona sarı duranlara diqqətlə qulaq assaydı, ayırd eləyərdi:

- Onda dərinlik yoxdu. Bax məsələ bundadı. İstedadı olmağına var, amma dərinliyisə təəssüf ki

yoxdu.


***

Bütün sonrakı həftəni gənc qadın heç bir şey çəkmədi. O dinməzcə çarpayısında oturub özü barədə düşüncələrə dalmışdı, başında dərin sualtı burulğan kimi bütün başqa fikirlərini bürüyüb-udan tək bircə fikir əl çəkmədən fırlanırdı: “Məndə niyə dərinlik yoxdu?” İkinci həftə qadın təzədən çəkməyə cəhd elədi, amma yöndəmsiz cizgilərdən başqa bir şey alınmadı. Bəzən hətta xırdaca cizgini də çəkə bilmirdi. Axırda əli elə möhkəm titrəyirdi ki, daha peronu tuş bankasına batıra bilmədi. Onda ağlamağa başlayıb qışqırdı:

- Bəli, hamısı düzdü, məndə dərinlik yoxdu! Üçüncü həftə incəsənətə dair cildləri nəzərdən keçirməyə, başqa rəssamların əsərlərini öyrənməyə, cidd-cəhdlə qalereyalara, muzeylərə getməyə başladı. O, təsviri sənətin nəzəriyyəsinə dair kitabları da oxuyurdu. Kitab mağazasına gedib satıcıdan rəflərində olan ən dərin kitabı soruşdu. Qadın tanımadığı Vitgenşteynin əsərini aldı, amma ondan heç cür istifadə eləyə bilmədi. Şəhər muzeyindəki “Avropa rəsminin 500 illiyi” sərgisində o, bədii tərbiyə müəlliminin zallarda gəzdirdiyi bir məktəb sinfinə qoşuldu. Gözlənilmədən Leonardo da Vinçinin rəsmlərindən birinin qabağında irəli çıxıb soruşdu:

- Bağışlayın, mənə deyə bilərsinizmi, bu rəsmdə dərinlik var, ya yox?

Müəllim istehzayla üzünə gülüb dedi:

- Hörmətli xanım, əgər mənimlə zarafat eləmək istəyirsinizsə, səhər tezdən qalxmalısınız – Sinifdəkilər də ürəkdən qəhqəhə çəkib güldülər.

Gənc qadınsa evə gedib acı-acı ağladı.

***


Həmin vaxtdan gənc qadın get-gedə daha da qəribə olurdu. O öz atelyesindən demək olar ki,

çıxmırdı, amma bununla belə işləyə bilmirdi. Gümrah qalmaq üçün həblərdən istifadə eləyirdi, amma gümrahlığın ona nədən ötrü lazım olduğunu bilmirdi. Yorulanda öz stolundaca yatırdı, çünki dərin yuxu qarşısında dəhşətdən çarpayıya uzanmağa qorxurdu. O həm də içməyə başladı, bütün gecəni də işığı yanılı qoyurdu. Qadın daha çəkmirdi. Berlindən bir əntiqfüruş zəng vurub onun üçün bir neçə eskiz çəkməyi xahiş eləyəndə dəstəyə qışqırdı:

- Məni rahat buraxın! Məndə dərinlik yoxdu!

Arabir plastilindən nəsə düzəldirdi, amma bunlar qeyri-müəyyən, mənasız şeylərdi. O yalnız barmaqlarının ucunu plastilinlə batırır, ya da ondan xırdaca kürəciklər düzəldirdi. Zahiri görkəmi get-gedə pintiləşirdi. Daha paltarına fikir vermir, mənzilini yığışdırmırdı. Qadının dostları narahat oldular. Onlar deyirdilər: “Ona kömək eləmək lazımdı, indi böhran zolağına düşüb. Bu böhran ya insani, ya da yaradıcılıq böhranıdı, ya da maliyyə böhranıdı. Birinci halda bizlik heç nə yoxdu, ikinci halda böhrandan özü çıxmalıdı, üçüncü halda biz onun üçün vəsait yığılmasını təşkil eləyə bilərik, amma bu, şübhəsiz, onun xoşuna gəlməyəcək”. Beləliklə də dostları onunla kifayətləndilər ki, onu dəvət eləməyə - nahara, yaxud ziyafətlərə çağırmağa başladılar. Qadın hər dəfə işlərinin başından aşdığını bəhanə gətirib imtina eləyirdi. Amma qətiyyən işləmirdi, yalnız otağında oturur, gözlərini yerə dikir, plastilini əzişdirirdi.

***

Bir dəfə qadın öz-özlüyündə elə ümidsizliyə qapılmışdı ki, axır ki bir dəvəti qəbul elədi. Ondan xoşu gələn bir cavan oğlan gecə başa çatandan sonra məlum məqsədlə yanında qalmaq üçün onu evə aparmaq istəyirdi. Qadın dedi, şübhəsiz bunu eləyə bilər, çünki oğlan xoşuna gəlir; düzdü, oğlan onda dərinliyin çatışmadığına hazır olmalıdı. Cavan oğlan bunu eşidib öz niyyətindən əl çəkmək qərarına gəldi. Bir vaxtlar çox yaxşı rəsm çəkən qadın indi günlərlə yox, saatlarla süqut eləyiridi. O daha heç yerə çıxmırdı, daha heç kəsi qəbul eləmirdi, hərəkətsizlikdən kökəlmişdi,



alkoqoldan, həblərdən qeyri-adi sürətlə qocalırdı. Mənzili çürüməyə başlamışdı, özündən kif iyi gəlirdi. Bir vaxtlar ona otuz mun marka miras qalmışdı. Həmin pula üç il yaşadı. O müddətdə bir dəfə Neapola səyahət elədi, necə səyahət elədiyi kimsəyə məlum deyil. Onunla danışan cavabında yalnız dolaşıq donqultu eşitmişdi. Pul tükənəndə qadın bütün rəsmlərini doğrayıb-deşdi, televiziya qülləsinə qalxıb 139 metr hündürlükdən aşağı atıldı. Amma həmin gün güclü külək əsdiyindən, qüllənin dibindəki asfalt meydançasına düşmədi, külək onu bütün çəltik tarlasından keçirib meşənin lap kənarına apardı, burada küknar ağaclarının başına atdı. Buna baxmayaraq qadın elə dərhal yerindəcə öldü.

***


Bulvar mətbuatı həmin hadisəni minnətdarlıqla qapdı. Bu cür ölüm, uçuşun maraqlı trayektoriyası, söhbətin bir vaxtlar böyük ümidlər verən, üstəlik yaraşıqlı görkəmi olan rəssam qadın barədə getməsi – bütün bunlar yüksək məlumat dəyərliliyinə malikiydi. Onun mənzili elə faciəli vəziyyətdəydi ki, fotoqraflar orda bədii fotolar çəkə bildilər: minlərlə boş şüşə, hər yerdə dağıntı izləri, cırıq-cırıq edilmiş tablolar, divarlarda plastilin yumruları, hətta künclərdə çürüntülər. Qəzetlər daha bir qoşa səhifə verdilər, üçüncü səhifədə yeni məlumat dərc elədilər.

Ədəbiyyat əlavəsində əvvəl xatırladığımız tənqidçinin qeydləri yerləşdirilmişdi, həmin qeydlərdə



o, cavan qadının bu cür dəhşətli üsulla intihar etməsiylə əlaqədar kədərləndiyini yazırdı. “Bir daha, - o qeyd eləyirdi, - belə hadisə bizim, sağ qalanların başına gəlir – biz gənc, istedadlı insanın öz dairəsində özünü təsdiq eləyə bilməməsinin qeyri-iradi şahidi oluruq. Söhbət ilk növbədə insan sahəsində himayədarlıqdan, bədii sahədə ağıllı yaradıcı yardımdan gedəndə təkcə dövlətin köməyi, şəxsi təşəbbüs yetərli deyil. Düzdü, burda demək lazımdı ki, bu halda belə faciəli sonluğun rüşeymləri şeydən əvvəl hər halda fərdi fərdiyyətdədi. Çünki onun ilk, hələ sadəlövh görünən əsərlərindən artıq özünəməxsus, məxsusi bir effektin əldə edilməsinə, tonların qarışdırılması texnikasına yönəldilmiş, həmin daxilə istiqamətlənmiş, spiralşəkilli canına işləmiş o qorxuducu ikiləşmə, eyni zamanda son həddəcən duyğularla dolu, amma yaradıcı adamın öz şəxsi qaranlıq “mən”inə qarşı açıq-aydın əbəs etiraz gözümüzə görünmürmü? Həmin məhvedici, az qala demək istəyirəm, dərinliyə amansız meyli görmürükmü?”
Tərcümə: Nəriman Əbdürrəhmanlı
Yüklə 18,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin