2.4.İdarəetmənin üslubları
Bəzən idarəetmə üslubu ilə idarəetmə üsulu bir – biri ilə eyniləşdirilir. Ümumiyyətlə üslub dedikdə stil, tip, forma başa düşülür. İdarəetmə üslubları rəhbərlərin hakimiyyətə mənsubolma və ondan istifadə etmə formasıdır. Hər hansı bir üslub idarəetmə funksiyalarını yerinə yetirərkən, özünəməxsus idarəetmə metodlarından və prinsiplərindən istifadə edir. Deməli, idarəetmədə funksiya, metod və prinsiplərdən formaca və tərkibcə üstün və böyük olan təsnifat qrupu üslublardır.
İdarəetmədə üç üsul mövcuddur: Liberal, demokratik, avtokat üslub.
Liberal üslub
Liberal sözü latın dilində sərbəstlik deməkdir. Liberal üslub idarəetmənin aşağı strukturlarına sərbəstlik verməklə hakimiyyəti onlarla bölüşür. Liberal rəhbərlər “Bu məsələ ilə məşğul olan bizim struktur vahidimiz vardır, mən onların işinə qarışmıram” kəlmələrini işlətməyi çox sevirlər.
Liberal üslubda idarəetmə fəaliyyətini həyata keçirən rəhbərlər idarəetmənin sosial–psixoloji metoduna daha çox üstünlük verirlər. Çünki, onlar idarəetmənin aşağı səviyyələrinə etibar edir, etimad göstərir, həmçinin hakimiyyətdə təmsil olunduqları və hakimiyyətdə rol oynadıqları üçün onlara sosial qayğı göstərirlər. Liberal rəhbərlər fəaliyyətlərində idarəetmənin müstəqillik, bərabərhüquqluq prinsiplərinə daha çox yer verirlər.
Liberal üslubda rəhbərlərin əsas rolu fəaliyyət istiqamətlərinin müəyyən olunması, funksiyaların alt strukturlar arasında bölüşdürülməsi və ümumi nəzarətin həyata keçirilməsindən ibarətdir. Liberal idarəetmənin tətbiqində həddindən artıq sərbəstliyə yol vermək anarxiyaya gətirib çıxara bilir. Bu nöqtəyi nəzərdən liberal rəhbərlər aşağı strukturların işinə ciddi nəzarət etməli və onların fəaliyyətini bir–biri ilə əlaqələndirməyi bacarmalıdırlar.
Liberalizm hər hansı bir sahəyə müstəqillik verilməsi ilə əlaqədardır. Məsələn bazar iqtisadiyyatı şəraitində dövlət müəssisələrə öz fəaliyyətini təşkil etməkdə, həyata keçirməkdə, iqtisadi münasibətləri qurmaqda müstəqillik verir. Lakin müəssisələr qanunla qadağan olunan fəaliyyətlə məşğul olmaqda müstəqil deyillər. Əgər o fəaliyyət ki, ictimai mənafeyə ziddir, cəmiyyətin rifahına mənfi təsir göstərir, bu cür fəaliyyəti həyat keçirmək qadağandır. Dövlət bu halların qarşısını alır, yəni bazar iqtisadiyyatının müstəqillik prinsipi çərçivəsində müəssisələrin fəaliyyətini, bütövlükdə ölkə iqtisadiyyatını tənzimləyir.
Liberal üslub təşkilatda hüquq bərabərliyinə imkan yaradır və işçilərin istismarının əleyhinədir.
Dostları ilə paylaş: |