Yoxlama (audit) prosesin gedişində və başa çatdıqdan sonra kənarlaşmaların aşkar edilib aradan qaldırılmasını təmin edir.
Təhlil (təsvir etmə).Təhlil ərəb sözü olub, təsviretmə mənasını daşıyır. Bəzi dillərdə analiz məfhumu kimi istifadə olunur. Analiz yunanca “Analisis” sözündən götürülmüş parçalanma deməkdir. Təhlilin məqsədi hər hansı bir hadisəni, prosesi və ya göstəricini araşdırarkən onu hissələrə, elementlərə ayıraraq öyrənilməsi başa düşülür. İqtisadi təhlillər iqtisadi proqnozların verilməsi və iqtisadi qərarların qəbul edilməsi üçün çıxış nöqtəsidir. Təhlil daha ətraflı araşdırma və ya tədqiqat formasıdır. Çünki təhlil nəticəsində əgər hadisə, proses və obyektlər daha kiçik tərkib hissələrinə ayrılırsa, deməli araşdıran şəxs həmin sistemin tərkibinə nüfuz edir və özünü problemin içərisində hiss edir. Təhlil məhsul istehsalını, istehsal gücünü, bazar tələbatını, maya dəyərini və s. öyrənməklə planların yerinə yetrilməsinin mümkünlüyünü, hətta iqtisadi səmərəliliyini düzgün qiymətləndirilməsi məqsədilə aparılır.
İqtisadi təhlil müəssisə və təşkilatların işinin öyrənilməsinə, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsinə, gələcəkdə maddi, əmək və maliyyə resurslarının hərəkətə gətirilməsi imkanlarının aşkar edilməsinə xidmət göstərir. Təhlil nəticəsində qəbul ediləcək idarəetmə qərarları, əmr, sərəncam və göstərişlər müəyyən dərəcədə əsaslandırılır. Deməli, təhlil idarəetmə qərarlarını yararlı hala gətirilməsində əhəmiyyətli rol oynayır.
Nəzarətlə tənzimləmə arasında üzvi əlaqə vardır. Nəzarət vasitəsilə sosial-iqtisadi proseslərdə baş verən kənarlaşmalar, qeyri-sabitlik yaradan amillər haqqında informasiyalar toplanır, səbəbləri öyrənilir, situasiyaların faktiki və proqnozlaşdırılan səviyyəsi araşdırılır. Tənzimləmə vasitəsilə aşkara çıxarılmış nöqsanların aradan qaldırılması, problemlərin həll edilməsi üçün təşkilati-iqtisadi tədbirlər sistemi işlənib hazırlanaraq həyata keçirilir və belə bir sistem halını alır:
nəzarət–kənarlaşmanın qiymətləndirilməsi-tənzimləmə–idarəetmə qərarı.
Tənzimləmə hadisə və prosesləri izləyir, onları nizamlayır. Tənzimləmə idarəetmə strukturunda nizam-intizamın yaranmasını şərtləndirir.