Sahibkar və səhmdarlar dividend əldə etmək məqsədi ilə müəssisəyə sərmayə qoyan şəxslərdir. Buna görə də onlar müəssisənin mənfəətlə işləməsinə çalışırlar.
Əgər fəaliyyət qazanclı olmursa, onlar ya müəssisənin fəaliyyət problemini dəyişir, ya fəaliyyəti dayandırır, ya paylarını götürür, ya da müəssisəni satırlar.
Müəssisədə çalışan işçi qüvvəsi sərf etdikləri əməyin əvəzində əmək haqqı tələb edirlər. Bununla bərabər sosial müdafiə, hüquqların qorunması, işin daimi olması, yüksək əmək haqqı onların diqqət mərkəzində dayanır.
İdarəedicilər müəssisənin inkişafında, onun fəaliyyət əldə etməsində rol oynayan əsas subyektlər hesab edilirlər. Fəaliyyət istiqamətlərinin seçilməsində, mənfəətin əldə edilməsində, müəssisənin rəqabət qabiliyyətinin möhkəmləndirilməsində, müəssisənin davamlı inkişafında, bazarın ələ alınmasında, alıcıların və istehlakçıların rəğbətinin qazanılmasında onların rolu və xidmətləri böyükdür.
Müəssisə və təşkilatların daxili mühit amillərinə əsas və dövriyyə vəsaitlərini, onun maliyyə imkanlarını aid etmək olar. Əsas vəsaitlərə istehsal binalarını, inzibati və yardımçı sahə tikililərini, maşınları, dəzgah və avadanlıqları aid etmək olar. Dövriyyə vəsaitlərinə xammal və materialları, yarımfabrikatları, yanacaq və enerji resurslarını misal göstərmək olar. Müəssisənin maliyyə imkanlarına hesablaşma hesabında, xəzinədə olan pul vəsaitlərini, debitor və kreditor borcların, cəlb edilmiş bank kreditlərinin həcmi, nizamnamə kapitalının səviyyəsini və s. aid etmək olar.
6.3. SWOT və QETS modeli Strateji idarəetmə ətraf mühitin öyrənilməsini və daxili amillərin dəyərləndirilməsini, ətraf mühitin daxili mühitlə əlaqələndirilməsini vacib sayır. Bu zaman xarici mühit amilləri öyrənilməli, araşdırılmalı, onların təsir dərəcəsi müəyyən olunmalıdır.
Düzgün strategiyanın müəyyənləşdirilməsi rəhbərlərin müdrik siyasətinin nəticəsidir. Rəhbərlərin müdrikliyi gələcəkdə baş verə biləcək problemlərin qabaqcadan müəyyən olunması, onların aradan qaldırılması və ya mənfi təsirlərinin azaldılması ilə qiymətləndirilir.
Strategiyanın müəyyən olunması strateji təhlillərin aparılmasını tələb edir. Təhlillər bütün amilləri və gedən dəyişiklikləri əhatə edir. Bu cür təhlillər marketinq fəaliyyəti sferasına aid olub, strateji məqsədlər naminə aparılır. Marketinq strategiyası uzun müddətli satış fəaliyyətini həyata keçirmək, müəssisənin rəqabət qabiliyyətini artırmaq, bazarda mövqeləri gücləndirmək və əldə saxlamaq məqsədi daşıyır. Bu cür məqsədlərə nail olmaq naminə atılacaq addımları müəyyən etmək üçün təhlillərin aparılması vacibdir. Həmin təhlillər aşağıdakı parametrlər üzrə aparılır:
Məhsul bazarın tələbinə cavab verirmi?
Məhsulun qiyməti rəqiblərin qiymətinə nisbətdə hansı səviyyədədir?
Müəssisədə innovasiya, yeni texnika və texnologiyadan istifadə olunurmu?
Mövcud avadanlıqların durumu hansı səviyyədədir?
Müəssisədə səmərəli planlaşdırma mövcuddurmu?
Ölkədə material ehtiyatı kifayət qədərdirmi?
Əmək kollektivi, onun əmək qabiliyyəti, bacarığı, təcrübəsi, səriştəsi, sosial vəziyyəti hansı səviyyədədir?
Rəqiblərin bazara və müəssisələrə yeniliklər reaksiyası nə səviyyədədir və s.
Strateji təhlillərin SWOT və GETS formaları geniş yayılmışdır.
SWOT və GETS təhlilləri strateji araşdırma prosesində, strateji planların tərtib edilməsi zamanı aparılan təhlil üsüllarıdır. Bu cür təhlil üsulları müəssisənin strateji fəaliyyətində ona təsir edən amillərin müəyyən olunması və ətraf mühitə uyğunlaşması ilə əlaqədardır.
SWOT təhlil üsulu həm daxili, həm də xarici mühit amillərini öyrənir, onların müsbət və mənfi təsirlərini müəyyən edir. SWOT təhlilinin adı 4 sözün baş hərflərindən ibarətdir. Strenght (güclü), weakness (zəif), oppotunities (imkanlar), threats (təhlükələr). Bu təhlil metodu adından göründüyü kimi aşağıdakı suallara cavab verir:
Biz öz güclərimizdən necə istifadə etməliyik?
Bizim zəif tərəflərimiz hansılardır və onları necə inkişaf etdirməliyik?
Ətraf mühitdəki imkanlardan necə bəhrələnmək lazımdır?
Baş verə biləcək təhlükələri necə dəf etməliyik?
Bu suallara cavab verməklə təşkilat özünün daxili imkanlarını araşdırır, müəyyən edir, onları fəaliyyət prosesində səmərəli istifadəyə yönəldir. Bu üsulla müəssisə zəif həlqələri aşkar edir. Onları rəqiblərin həmlələrindən qoruyur, inkişaf etdirmək üçün yollar axtarır. Bundan başqa ətrafda olan imkanları dəyərləndirir, onların cəlb edilməsi və istifadə edilməsi yollarını axtarır. Daha sonra riskləri müəyyən edir, hesablayır, onlardan azad olmaq haqqında düşünür.